Hansı yazıçının Nobel almamasına təəssüf edirsiz? – SORĞU

Hansı yazıçının Nobel almamasına təəssüf edirsiz? – SORĞU
30 iyun 2016
# 14:30

Bu yaxında Nobel almayan yazıçılardan ibarət siyahı vermişdik. Siyahıda Tolstoyla yanaşı, XX əsr ədəbiyyatının elə böyük yazıçılarının adı vardı ki, bəlkə də Nobel onlara yox, onların adı Nobelə şərəf gətirərdi. Bəs görəsən bizim qələm adamları necə düşünür? Kulis.az “Hansı yazıçının Nobel almamasına təəssüf edirsiz?” sorğusunu təqdim edir.

Səfər Alışarlı: Bizim cəmiyyətdə “ədəbiyyat” adına iş görən ayrı-ayrı qurumların, eləcə də yazarların kütləvi Nobel aludəliyi məni üzür. Nobel almaq istəyən yazıçı yəqin ki, heç zaman onu almayacaq. Azərbaycanın özünün ali ədəbi mükafatı var – Dövlət mükafatı. Nədənsə heç kim bu barədə danışmaq istəmir. Mən hansısa yazıçının Nobel mükafatı almamasına təəssüflənmirəm. Azərbaycan yazıçısı Danabaş kəndinin əzəli-əbədi dərdlərini vicdanla yazıb mükafat yerinə öz xalqından təpik almalıdı.

Vilayət Hacıyev: Frans Kafka. Bu çox deyilib. Amma mən də təkrar etməyə borcluyam. Kafka ən azı orijinallığına görə buna layiq idi.

Nəriman Əbdülrəhmanlı: Belə yazıçılar çoxdur. Məsələn, Lev Tolstoyun, Xorxe Luis Borxesin, Tomas Vulfun, Ahmet Hamdi Tanpınarın, Andrey Platonovun, Tomas Bernhardın, Otar Çiladzenin, Antonio Tabukkinin, Çingiz Aytmatovun, Umberto Ekonun... Nobel mükafatçıları arasında olmaması fikrimcə, mükafatı verənlərin üzqarasıdır. Əvəzində mükafatçılar arasından bir yığın yəhudi mənşəli zəif yazıçıları süpürüb atmaq lazım gələrdi.

Pərviz Cəbrayıl: Tolstoy, Çexov, Platonov, Nazim Hikmət, Orxan Vəli Kanık, Çingiz Aytmatov, Cerom Devid Selincer, Qurban Səid, yaxud Yusif Vəzir Çəmənzəminli, ayrı müəlliflərdisə, hər ikisi. Bizimkilərdən isə Salam Sarvanın almasını istərdim.

İlqar Fəhmi: Milorad Paviç. Həmişə istəmişəm onu da o cərgədə görüm. Və məncə sırf siyasi səbəblərdən Paviçi Nobelə yaxın buraxmayıblar. Slavyan əsilli olduğu üçün. Məncə Milan Kunderaya da eyni səbəbə görə mükafat vermirlər. Bir də Yukio Misimanın namizəd olub, amma Nobel almaması məndə təəssüf doğurur. Onun yazı poetikası nobelçilərin çoxundan qat-qat üstündür.

Etimad Başkeçid: Cek Londonun. Bu sənətkarın yaradıcılığının miqyası Nobel Komitəsinin toplam təfəkkür ölçülərindən çox böyükdür.

Səlim Babullaoğlu: Xüsusi təəssüf və ya təqdir hissim yoxdur bu məsələ ilə bağlı... Düzü, bütün təqdirlər və təəssüflər Nobel mükafatını "bütləşdirmə"yə xidmətdən başqa bir şey deyil, halbuki hamımız yaxşı bilirik, XX dünya xalqları ədəbiyyatları tarixində xeyli sayda yazıçılar olub ki, əsərləri Nobel almış yazıçıların əsərindən qat-qat təsirlidir... Yaxud iki "nobelçi" olub ki, onların bir gücdə olmadıqları o saat sezllib... Məgər Hemiqueylə Hesseni bir sıraya qoymaq olarmı? Belə...

İradə Musayeva: “Nobel mükafatı” ifadəsinin səslənişi özü də sanki yanında adı çəkiləcək imzaya xüsusi dəyər, məna verir. Biz bəzən fikrimizi əsaslandırmaq istəyəndə bu “Nobelçi” möhüründən məntiqin təsdiqi kimi istifadə edirik. Amma elə Norveç akademiyasının da dediyi kimi bu ad kimə verilirsə də söz-söhbət olur, kimlərəsə verilmirsə də... Həqiqətdə isə adamın, fərqi yoxdur, oxucunun, ya ədəbiyyat adamının da ürəyində özünün “şərəfləndirdiyi” bir qeyri-rəsmi “Nobelçisi” olur. Mənim “Nobelçim” Kafkadır, L.Tolstoydur, Borxesdir… Siyahını artıra da bilərəm, amma Coysa verməzdim. Ona görə yox ki, “Uliss” çox çətin və məşəqqətli bir əzaba çevrilib oxucu üçün, ona görə ki, bu əsərlə 100 ildir ədəbiyyatın kələfini dolaşdırıb. Həyat xaosdur. Ədəbiyyat isə bu xaosu müəyyən sistemlilik, nizam əsasında şəkilləndirib, obrazlılaşdırıb əks etdirmək, təfəkkür və həyata baxışımızda onun portretini yaratmaqdır. Coys bunu tərsinə çevirdi. Ədəbiyyatın süjetlərini dağıtdı, həyatın simasını həyatın özünə qaytardı… Ədəbiyyat gərəksiz kimi göründü…

Etibar Əliyev: Ceyms Coys, Marsel Prust, Frans Kafka, Xorxe Borxes, Luis Araqon.

Fərid Hüseyn: Yazıçılardan Tolstoy, Çexov, Aytmatov, şairlərdənsə Nazim Hikmətin almasını istəyərdim. Ancaq bu təəssüf hələ də yəqin gözü mükafatlarda olanların təəssüfdür. Onlar hər biri ötülməz istedadları ilə hər gün öz ömürlərini artırırlar. İstedad qəribə iksirdir... İlahi içirdirsə...

Qismət: İlk ağlıma gələnləri deyirəm: Coys, Nabokov və Borxes. Nabokov üçün Brodski Nobel komitəsinə məktub yazsa da, mükafatı verməyiblər. Borxesi də bir xal fərqi ilə, şəxsən mənim üçün ikinci dərəcəli yazıçı olan Soljenitsınə uduzdurublar. Coysu isə şərh etməyə ehtiyac yoxdur. Bu üç nəhəng bütün mükafatlardan yuxarıdadır.

# 974 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #