Məhəmməd peyğəmbər post insan idi – Əsəd Cahangir yazır

Məhəmməd peyğəmbər post insan idi – <span style="color:red;">Əsəd Cahangir yazır
3 fevral 2016
# 15:37

Kulis tənqidçi Əsəd Cahangirin “Allah sizə rəhmət eləsin, dirilər” məqaləsini təqdim edir.

Düzünü deyim ki, postinsanla bağlı ideyanın belə rezonans doğuracağına inanmırdım. Texnogen eranın adamları kimi dünyanın ən uzaq küncündə baş verən hadisədən anındaca xəbər tuturuq. Bütün günü internetlə uğraşırıq. Odur ki, müsahibəmə reaksiya ilə bağlı ağlıma ilk gələn bu oldu - doğrudanmı, post insan ifadəsini bu adamlar ilk dəfəymiş eşidirmişlər? Bəs, onda illər boyudur ki, internetdə oturub nə iş görürlər, nə oxuyurlar? Axı, bu barədə irihəcmli monoqrafiyalardan tutmuş məqalələrə qədər saysız-hesabsız ədəbiyyat mövcuddur, elmi, bədii, fəlsəfi ədəbiyyat, romanlar yazılır, filmlər çəkilir.

Sterlinq: "Sxizmatritsa" (1985)

Habermas: "İnsan təbiətinin gələcəyi" (2002)

Fukuyama: "Bizim postinsan gələcəyimiz. Biotexnoloji inqilabın nəticələri." (2004)

Lukyanov: "Nanotexnologiya və onun sivilizasiyanın taleyindəki rolu"

Xen: "İnsan təbiətinin kamilləşdirilməsinin nəzəriyyə və praktikası" (2006)

Yudin: "İnsan, onun təbiəti və gələcəyi" (2004)

Qled: "İnsanın gələcək təkamülü. İyirmi birinci əsrin yevgenikası" (2005)

Hofman "Yeni insan - post insan" (2010)

Dugin "Post insan və post insanlıq" (2011)

Maslov "Post insana tarixi fəlsəfi müqəddimə" (2013)

Və sair və sair.

Bunlar dəryadan bir damladır...

Postinsanın kökü Allahdan gəlir. Çünki bu ideyada insanın məhdud insani çərçivələri dağıdıb ilahi keyfiyyətlər qazanmaq cəhdi var. Bu mənada post insanı mən xristianlıqdakı allah-insan ideyasının, hürufilikdəki ənəlhəqqin müasir dövrdəki analoqu sayıram. Məsələn, İsa əleyhissəlam özü elə postinsan idi. İnsanın qeyri-insani imkanlarını nümayiş etdirirdi: ölü diriltmək, su üstündə yerimək, kor gözə işıq vermək, xəstəliyi sağaltmaq, ölməzlik... Məhəmməd əleyhissəlam da post insan idi. Sadəcə olaraq islam bunu allaha yaxınlıq kimi dəyərləndirirdi. İslamın sufi praktikası da insanın latent ruhi imkanlarını açmaqla eyni işi görürdü. Yəni, insan allaha yaxın olmaq istəyirdi. Bistami, Mənsur Həllac, Söhrəverdi, Nəimi, Nəsimi və digərləri post insanın qaranquşları idi. Sadəcə dünyaya vaxtından tez gəlmişdilər. Onlar peyğəmbərdən fərqli olaraq, bunu açıq dedilər. Çünki Peyğəmbər qədər böyük deyildilər, sirri saxlamağa mənəvi gücləri çatmır, bəzən də özləri barədə mübaliğəli fikirlərə düşürdülər.

Müasir dövrdə postr insan ideyasının carçısı Nitsşe idi. O, xristianlığı tənqid etsə də, mahiyyətcə təsdiq edirdi - onun fövqəlinsan, supermen ideyası elə post insan demək idi. Sadəcə, İsanın mərhəmət metodikasını qəbul etmirdi.


Bu gün insan ağlı və elmi o qədər inkişaf edib ki, artıq ayrı-ayrı seçilmişlər yox, ümumən insanlıq texnoloji, elmi, tibbi və sair yollarla (nanotexnologiya, gen mühəndisliyi və s. ) post insan həddinə çatır. Yəni, məsələ, elmiləşir və kütləviləşir. Hər şey elmiləşdiyi və kütləviləşdiyi kimi. Necə deyərlər, sirri-nihan aləmə faş olur. Sadəcə, metod fərqlidir. Klassik dövrdə ruhi-psixoloji, bu gün isə elmi-texnoloji metoddan istifadə edirlər. Mənim post insanla bağlı dediyimin mahiyyətində bu durur. Və mən bu ideyanın müsbət tərəfləri ilə yanaşı zərərli tərəflərinin də olacağını bilirəm. Çünki, heç bir qazanc itkisiz olmur. Nə birmənalı yaxşıdır ki? Məsələ, ən sadə desək, bunlardan ibarətdir. Burda kimi təhqir edən nə var ki? Bəzi rəyləri oxuyanda elə bildim ki, orta əsrlərdəyəm və indicə dərimi soyacaqlar.

Mən post insanı ədəbi-bədii metod deyil, yeni fəlsəfə və yeni düşüncə üsulu, yeni yaşam tərzi sayıram. Heç kəsi də məhz bu anlayış çevrəsində zorla yazmağa vadar edən yoxdur. Seçim hər kəsin fərdi işidir. Ədəbiyyat azad fəaliyyət sahəsidir. Amma bizə də məhz belə düşnmə deməyə heç kəsin ixtiyarı yoxdur. On beş il qabaq postmodernizmdən yazanda da eyni vəziyyətlə üzləşdim. İndi hamı postmodernsit olub, mən geri zəkalı. İnanıram ki 15 ildən sonra da eyni vəziyyət təkrarlanacaq. Əlbəttə, o vaxtacan yaşamağa ömür vəfa etsə.

Digər tərəfdən isə, biz istəsək də, istəməsək də, post insan erasının içindəyik. Məsələn, sən bu gün ha özünü dart, de ki, mən internetdən istifadə etmirəm. Etmirsən, etmə, kim səni buna məcbur edir ki? Mən Novruzəli ilə bağlı fikrilərimdə də bunu demək istəyirdim. Yəni, dünya insanının yerlə-göylə əlləşdiyi bir vaxtda biz hələ də poçt qutusundan çıxmaq istəmirik. Burda nə o hekayəni, nə də onun müəllifini aşağılayan bir şey yoxdur. Hərçənd ki, Cəlil Məmmədquluzadəni dahi yazıçı da saymıram. Burda da Cəlil Məmmədquluzadəni aşağılayan bir şey görmürəm. Siz dahi sayın. Kim bu haqqı sizin əlinizdən alır ki? Cəlil Məmmədquluzadə öz vaxtında sözünü deyib. Heç nə əbədi deyil. Bu gün artıq onun düşüncəsi milli bədii fikri irəlilətməyə yox, buxovlamağa xidmət edir. Məncə, o, öz enerjisini verib, danılmaz xidmətini göstərib və ədəbiyyat tarixindəki missiyasını bitirib. Bu gün onun yazdıqları və düşüncəsi ilə heç yerə gedib çıxmaq olmaz. Və mən onun yaradıcılığının mütləq önəmini inkar etməklə daha çox onun düşüncəsini davam etdirirəm, nəinki ona kor-koranə sitayiş edənlər. Çünki o da vaxtilə inkarçılıq mövqeyində durmuşdu.

Bir də fakt var: onun düşüncə tərzində dirilmə yoxdur, ancaq fəna, ölüm, tənəzzül var. Yüz bəzək də vursaq, bu belədir. Və bunu pərdələmək yox, etiraf edib bu düşüncədən çıxmaq daha ağıllı və optimal yoldur. Son onillər ədəbiyyat ancaq Cəlil Məmmədquluzadə düşüncəsindən çıxdığı yerdə irəliləyib. Son yarım əsrdə ədəbiyyatımızın ən böyük uğuru olan "İdeal" romanı da mahiyyətcə post insan ideyası ilə bağlıdır. Çünki Cəlil Məmmədquluzadənin ölüm yox, Nəsiminin ölməzlik ideyası ilə bağlıdır.

Kim ölmək istəyirsə, qoy ölsün. Bizim onlara deməyə bircə sözümüz ola bilər: Allah sizə rəhmət eləsin, dirilər.

Литература

1. См.: Хабермас Ю. Будущее человеческой природы. На пути к либеральной евгенике? //Весь Мир. - М. – 2002; Хабермас Ю. Вера и знание //Весь Мир. - М. – 2002; Фукуяма Ф. Наше постчеловеческое будущее. Последствия биотехнологической революции. – М.: ООО “Издательство ACT”: ОАО “ЛЮКС”, 2004. – 349.

2. См.: В.С. Лукьянец В.С. Нанотехнологии и их роль в судьбе цивилизации// http:// www.transhumanism-russia.ru.

3. См.: Хен Ю.В. Теория и практика усовершенствования человеческой "породы"// Вопр. Филос. – 2006. №4).

4. Фукуяма Ф. Наше постчеловеческое будущее. Последствия биотехнологической революции. – М.: ООО “Издательство ACT”: ОАО “ЛЮКС”, 2004.

5. Фукуяма Ф. Наше постчеловеческое будущее. Последствия биотехнологической революции. – М.: ООО “Издательство ACT”: ОАО “ЛЮКС”, 2004.

6. См.: Сноу Ч.П. "Две культуры. Сборник публицистических статей". -М., - "Прогресс". - 1973.

7. Юдин Б.Г. О человеке, его природе и будущем.// Вопр.философии.–2004.–№ 2.

8. Бодрийяр Ж. Прозрачность зла. – М.: Добросвет. – 2000.

9. См. http:// www.transhumanism-russia/ru. content/6/93#posthuman.

10. См: http:// www.transhumanism-russia.ru.

11. Kurzweil R. The Age of Spiritual Machines. - Penguin (Non-Classics). - 1999.

12. Глэд Дж. Будущая эволюция человека: Евгеника двадцать первого века. - М., -2005. -176 с.

# 1094 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #