İşıqlı, alovlu, ağrılı... – Əkrəm Əylislinin məqaləsi

İşıqlı, alovlu, ağrılı... – <span style="color:red;">Əkrəm Əylislinin məqaləsi
6 dekabr 2017
# 09:00

Bu gün tanınmış yazıçı Əkrəm Əylislinin 80 yaşı tamam olur. Kulis.az bu münasibətlə yazıçını təbrik edir, onun qısa avtobioqrafiyasını və “İşıqlı, alovlu, ağrılı...” məqaləsini oxucuların diqqətinə çatdırır.

Qısa bioqrafik məlumat

1937-ci il 6 dekabr tarixdə Ordubad rayonunun Əylis kəndində anadan olub.

Orta təhsilini kənd məktəbində, ali təhsilini Moskvada A.M.Qorki adına

Ədəbiyyat institutunda alıb.

Əmək fəaliyyətinə 1962-ci ildə başlayan Ə.Əylisli “Gənclik” nəşriyyatının, “Mozalan” satirik kino-jurnalının, Respublika Dövlət Kinematoqrafiya Komitəsinin və “Azərbaycan” jurnalının baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi, “Yazıçı” nəşriyyatının direktoru vəzifələrində çalışıb.

İlk kitabı 1963-cü ildə nəşr edilib . “Dağlara çən düşəndə”, “Atalar və atasızlar”, “Adamlar və ağaclar”, “Kür qırağının meşələri”, Dəhnə”, “Ağ dərə”, “Yas yerindən reportaj”, “İşığını əsirgəmə”, “Söyüdlərin sarı işığı”, “Gilənar çiçəyinə dediklərim”, “Güllü paltar mövsümü”, “Əylisdən Əylisəcən”, “Yəmən”, “Ətirşah Masan” və s. populyar povest və hekayələrin, bir sıra publisistik və ədəbi-nəzəri məqalələrin müəllifidir.

“Mənim nəğməkar bibim”, “Quşu uçan budaqlar”, “Bir cüt bədmüşk ağacı”, “Bağdada putyovka var”, “Vəzifə”, “Ata mülkü”, “Yastı təpə”, “Yazığam, sevmə məni”, “Qiymətli qafiyələr”, “Şeytan tələsi” və s. pyesləri Bakı, Sumqayıt, Gəncə, Naxçıvan, İrəvan, Dərbənd, Şəki, Ağdam teatrlarında səhnəyə qoyulub.

1965-ci ildən başlayaraq bədii tərcümə sahəsində ardıcıl fəaliyyət göstərən

Ə. Əylisli Turgenevin, Çexovun, Korolenkonun, Paustovskinin, Şukşinin,

Aytmatovun, Henrix Böllün, Salman Ruşdinin, Malik Həddadin, Qabriel Markesin bir sıra əsərlərini, holland, macar, Ukrayna ədəbiyyatından bəzi nümunələri dilimizə çevrilib.

Müxtəlif povest və hekayələri 30-dan çox dilə tərcümə olunan Ə. Əylislinin rus, ingilis, alman, ispan, italyan, fin, çex, slovak, macar, polyak, bolqar, Ukrayna, latış, eston, özbək, qazax və türkmən dillərində ayrıca kitabları nəşr edilib.

Hekayə, məqalə və müsahibələri ABŞ, İngiltərə, Rusiya, Almaniya, İtaliya, Çexiya, Slovakiya, Finlyandiya və Latviyanın bir sıra sanballı qəzet və jurnallarında dərc olunub.

SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin, Azərbaycan Yazıçılar İttifaqı Rəyasət heyətinin üzvü olub. “Azərbaycan”, “Ulduz”, “Drujba narodov” jurnallarının redaksiya heyətində uzun müddət fəaliyyət göstərib.

Çox sayda yerli və beynəlxalq ədəbi mükafatın laureatıdır.

ABŞ, İngiltərə və Rusiyanın bir qrup tanınmış elm və sənət adamları tərəfindən 2014-cü ilin Nobel Sülh mükafatına təqdim edilib.

3-cü çağırış Parlament seçkilərində Milli Məclisə üzv seçilib.

Ədəbiyyat sahəsindəki müstəsna xidmətlərinə görə “İstiqlal”, “Şöhrət”, “Şərəf nişanı” ordenləri və medallarla təltif edilib.

Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Polşanın Poznan şəhərinin fəxri vətəndaşıdır.

İşıqlı, alovlu, ağrılı...

Məqalə latış dilində nəşr edilmiş (Riqa, “Liesma”, 1977) “Azərbaycan sovet poeziyası antologiyası” üçün yazılmışdır

I

Azərbaycan şeirinin sovet dövrü.

Minillik yaddaşı olan bir sənətin son əlli beş ili... Həm də, necə yaddaş: Xaqani, Nizami, Füzuli, Vaqif, Sabir yaddaşı.

Azərbaycanda şair adı daşıyan neçə-neçə kənd var, şəhər var. Bakının mərkəzində az qala hər küçədə bir böyük şairin heykəli ucalır. Ancaq heykəl daha çox qaliblərə yaraşır, elə deyilmi? Şairlərsə döyüşdə qanı axan sıravi əsgərə daha çox oxşayırlar. Və bu döyüş heç vaxt qurtarmır... Nə üçün döyüşdüyünü bilsəydi, şair, bəlkə də, qalib gələrdi. Ancaq nə üçün döyüşdüyünü o, heç vaxt bilmir:

Var bir dərdim ki, min dərmandan artıqdır mənə,

Qoy məni dərdimlə, dərman eyləmə var, ey həkim...

Füzuli

Poeziyanın nə əvvəli olub, nə axırı olacaq. Poeziya qələbə marşı ilə bu dünyanın küçələrindən heç vaxt keçməyəcək, çünki qələbənin də sonu olur... O, bizi qanadları üstünə alacaq, bizdən xəbərsiz aparacaq - bizdən uzaq və bizə yaxın bir məkana; insan olduğumuz yerə, gözəl olduğumuz məmləkətə; ağrı duyduğumuz, dad bildiyimiz, ölüsü dirisindən, rəngi rəngindən seçilən bir ölkəyə... Və “Yalnız şeir yolunda yanıb kül olanlardan dünyamızda şeirlər qalacaq” (A. Fet).

...Azərbaycan xalqının poetik yaddaşında, tarixi XI-XII əsrlərlə bağlı “Dədə Qorqud” dastanı var; sözləri qığılcımdır elə bil - bu torpağı haçansa qapış-qapış tapdayan at dırnaqlarından qopan qığılcım... Dastanda at dırnaqlarının ağrısı da var. Bir də rəng – al-qırmızı: bizim babaların qanı axan ehtirası, qanı sızan sevgisi, qana bulaşmış azadlıq arzusu, sülh istəyi... Alova, ağrıya, rəngə çevrilən sözün poetik söz olduğunu o ulu babalar, görən, bilirdilərmi? Və görən, ədəbiyyat lüğətlərində “poetik söz” ifadəsi necə izah olunur?...

Image result for füzuli

Odu, ağrısı, rəngi olan ölməz şeir nümunələrinə bizim sonralar yaranan dastanlarda da rast gəlmək olur. “Koroğlu”, “Yanıq Kərəm”, “Qaçaq Nəbi”... Bütün xalqlarda olduğu kimi, bizdə də beşik poeziyası, məişət, toy-mərasim poeziyası var. Bizdə “Bayatı” deyilən qısa şeir forması isə, mən bilən, yalnız türkdilli xalqların bir qisminin poeziya xəzinəsinə daxildir: çastuşka deyil, rübaidən də tamamilə fərqlidir - dörd sətirli, yeddi hecalı bütöv şeirdir. Əsasən məhəbbətdən, sədaqətdən danışır.

Əzizim, baxtı yarım,

Kölnümün taxtı yarım.

Üzündə göz yeri var -

Sənə kim baxdı, yarım?

Hərdən zəmanə ilə də işi olur:

Ey zamana, zamana

Oxu qoydun kamana.

Eşşəklər arpa yeyir,

At həsrətdir samana.

Azərbaycan Dövlət Nəşriyyatının 1958-ci ildə buraxdığı “Bayatılar” kitabında üç min yeddi yüz əlli beş (3755) sayda belə şeir nümunəsi toplanmışdır və hələ toplanmayanları da xalqın yaddaşında, şübhəsiz ki, var.

Azərbaycanlıların poetik yaddaşında bir də saysız-hesabsız xalq mahnıları var və bu mahnıların çoxunun mətni əsl poeziya nümunəsidir. Poeziya “insan üçün heç nə ilə əvəz olunmayan təbii tələbatdır” - deyəndə yəqin Şelli məhz belə poeziyanı nəzərdə tutmuşdur, çünki insan təbiətinin, insan xarakterinin rəngarəng poetik mənzərələri, insanın intim hissləri şeir yaradıclığının bəlkə heç bir növündə özünü bu qədər qabarıq şəkildə göstərməmişdir. Bir əsr bundan qabaq (1875-ci ildə) Lev Tolostoyun Fetə göndərdiyi “Qafqaz nəğmələri” də yəqin ki, belə nəğmələrdən imiş və Tolostoya şeirlə yazdığı minnətdarlıq məktubunda Fet bu nəğmələrə verdiyi qiymətdə, əlbəttə, səhv etməmişdi:

Qafqaz şeirləri - ruhuma yaxın -

Canlı varlığında bu şeirlərin

Əsl poeziyanın al qanı axır.

Poeziyanın bu kövrək və zərif formasının haçan yarandığını, necə yarandığını bilən yoxdur. Ancaq azərbaycanlılar yaxşı bilir ki, “varlığında əsl poeziyanın al qanı axan” bu nəğmələr təkcə dildə, dodaqda deyil, həm də sazın-tarın simlərində yaranmışdır... Tarın neçə yaşı olduğunu bilmirəm. Ancaq bilirəm ki, haçansa iyirmi dörd yaşlı bir şair bu qədim musiqi alətinin öz ömrünü bitirdiyini zənn eləyib:

Kəs səsini, ötmə dedim, ötmə dedim, ötmə, tar!

İstəməyir proletar səndə çalınsın qatar!

(S.Rüstəm)

Və təxminən bir o qədər yaşı olan başqa bir şair isə, o vaxt, bunun tam əksini düşünüb:

Oxu tar oxu tar...

Səni kim unudar?..

(M.Müşfiq)

Ancaq bu barədə hələ tezdir.

Bu söhbət sonraya qalsın.

On doqquzuncu əsrin axırları və iyirminci əsrin əvvəlləri Azərbaycanda maarifçilik ideyalarının ən sürətlə yayıldığı bir dövr idi. Bu vaxtacan həmin ideyalar, əsasən “şərq üsulu” ilə, didaktik şəkildə təbliğ edilmişdi və bu təbliğatın Q.Zakir, A.Bakıxanov, S.Şirvani və başqa görkəmli şair nümayəndələri vardı. 1880-ci ildə çar hökuməti Zaqafqaziya Qori müəllimlər seminariyası yanında Azərbaycan şöbəsi açılması barədə fərman verir və həmin seminariya çox keçməmiş Azərbaycan ziyalılarının Avropa təfəkkür tərzinə daha yaxın olan yeni dəstəsini yetişdirir: N.Nərimanov, Ü.Hacıbəyov, C.Məmmədquluzadə...

Image result for mirzə cəlil

Qori seminariyasını bitirən C.Məmmədquluzadənin şəxsi təşəbbüsü və böyük səyi nəticəsində, 1906-cı ildə “Şərqin yatmış millətlərini qəflət yuxusundan oyatmağı” özünün “birinci işi”, “birinci vəzifəsi” hesab edən “Molla Nəsrəddin” jurnalının ilk nömrəsi çapdan çıxır və cəmisi bir neçə il ərzində bu jurnalın səhifələrində Azərbaycan şeirinin tamamilə yeni bir qolu - böyük Sabir yetişir - elə bir şair ki, onun şeirlərinin heç olmasa bir neçəsini əzbərdən bilməyən azərbaycanlı indi çətin tapılar.

Ağladıqca kişi qeyrətsiz olur,

Necə ki, ağladı İran oldu...-

deyən Sabir hər hansı bir məmləkətin taleyinin bu məmləkətdə yetişən əsl kişilərdən asılı olduğunu belə sadə və aydın bir şəkildə nəzmə çəkən ilk Azərbaycan şairi idi.

Əvvəlcə verilər sizə hüriyyəti-əfkar,

Yəni danışıb, fikrinizi eyləyin izhar,

Vəqta ki, danışdız, vuzəra oldu xəbərdar,

Mütləq görəcəklər ki, çibişdanə zərər var.

Hər fənn ilə olsa, qovacaqlar sizi naçar.

Yox, yox, buna tovlanmayın, allahı sevərsiz.

Osmanlılar, aldanmayın, allahı sevərsiz.

Image result for sabir mirzə

Maarifçiliyin konkret, işgüzar, avropasayağı ayıq formasını yaratmağa cəhd edənlər iyirminci əsrin əvvəllərində Azərbaycanda məktəblər, kitabxanalar, yeni-yeni teatrlar açırdılar. Şifahi xalq poeziyasının nümunələrindən məktəblilər üçün dərs kitabları yaradıldı. Bu dövrdə Sabirlə yanaşı, Abbas Səhhət də vardı. Azərbaycan uşaq poeziyasının qədir-qiyməti indi də özündə qalan ən gözəl nümunələrini yaradan Abbas Səhhət həm də Krılovdan, Puşkindən, Lermantovdan tərcümələr eləyirdi və məhz Abbas Səhhətin böyük zəhmətinin sayəsində rus şairlərinin bir çox şeirləri bu gün Azərbaycan xalqının öz mənəvi sərvətinə çevrilmişdir.

Və özünün sovet dövrünə qədəm qoyanda Azərbaycan poeziyasının şeirləri dillər əzbəri - Cavidi, Hadisi də vardı.

II

Bizim ali məktəblər üçün hazırlanmış dərs kitabında Azərbaycan sovet ədəbiyyatı dörd fəslə bölünür. İlk dövr (1917-1930-cu illər) “Azərbaycan sovet ədəbiyyatının təşəkkül dövrü” hesab edilir. İndiki Azərbaycan Yazıçılar İttifaqının ilk təşkilat forması - “Zəhmətkeş ədib və şairlər İttifaqı” (1922) və ətrafına əsasən cavan şairləri toplayan “Qızıl qələmlər İttifaqı” (1927) həmin dövrdə yaranmışdır.

Bu dövr Azərbaycan sovet ədəbiyyatının bəlkə ona görə “təşəkkül dövrü” adlanır ki, bu vaxtacan yazılan əsərlərdə sovet ədəbiyyatının öz üslubu, öz təhkiyəsi, öz dəst-xətti hələ tam müəyyən edilməmişdi. Sovet hakimiyyətinin Azərbaycana gəlişini şeirlə salamlayan M.S.Ordubadi, A.Şaiq, Ə.Nəzmi, C.Cabbarlı və başqaları yeni dövrün yetişdirdiyi şairlər deyildilər, onlar bu vaxtacan da çap olunmuşdular, müəyyən ədəbi təcrübə sahibi idilər. Onların, məsələn: “Səd şükür ki, bahar oldu, ötüb fəsli-zimistan” kimi (Ordubadi) misraları məzmunca yeni dövrün nə qədər ürəyincə olsa da, formaca köhnə idi. Əsl sovet şeirinin bayraqdarları olacaq S.Rüstəmin, S.Vurğunun, R.Rzanın, M.Rahimin də bir sıra şeirləri 30-cu illərəcən çap olunmuşdu, amma bu şairlərin yaradcılığını “Azərbaycan sovet ədəbiyyatı tarixi” kitabının 1930-40-cı illəri əhatə edən ikinci fəslinə - “Azərbaycan sovet ədəbiyyatının yüksəliş dövrü”nə aid etməkdə və bu yüksəlişi məhz həmin şairlərin adı ilə bağlamaqda dərslik müəllifləri səhv etmədilər. Çünki Azərbaycan sovet şeirinin təhkiyəsi, dəsti-xətti və onun döyüşkən, qalib ruhu məhz bu illərdə müəyyən edilmişdi:

Image result for səməd vurğun

Proletar şairi biz ona deyirik ki,

Yazsın hər günə aid avazlı şüar və marş,

Durma, şair, vəzifən iştə budur, durma, arş!

(S.Rüstəm, 1930)

Odur ki, mən

Siniflər döyüşündən törənən

Bir əsgər kimi,

Şeirlərimi şüarlara döndərirəm.

(S.Vurğun, 1931)

Bu şeirlər dövrü mətbuatda dərc edilirdi, kitablarda çıxırdı. Otuzuncu illərin lap əvvəllərində Azərbaycan yazıçılar təşkilatının öz qəzeti hələ yox idi. “Ədəbiyyat qəzetəsi” adlı bu qəzet 1934-cü ildən nəşrə başladı, beləliklə də yeni şeirin meydanı daha da genişləndi və onun nəzəri əsaslarını şərh etmək üçün yeni imkanlar yarandı. Qəzetin ilk nömrəsindəcə dərc edilən məqalədən görünür ki, o dövrün “əsas problemi” - “yazıçıların əskidən ayrılması” problemi idi. Keçmişlə, köhnəliklə mübarizənin atəş xəttində” dayanan “Ədəbiyyat qəzetəsi” müxtəlif vaxtlarda, müxtəlif imzalarla dərc etdiyi məqalələrdə yazıçılar qarşısında yeni-yeni vəzifələr qoyurdu və yazıçılar bu vəzifələrə can-başla cavab verməyə çalışırdılar;

Bu gün deyir:

Pambıq ver

Zərbəçi dəzgahlara!

...Şair göyləri gəzər

Dərdlərin sorağında.

Dərdlər uzaqda deyil,

Onlar göz qabağında:

Kənd susuzdur, kəndə su!

Axmasın qoy gendə su!

(Rəsul Rza)

Image result for rəsul rza

30-cu illərdə yazılan şeirlərin əsas mövzusu - yeni sosialist quruluşunun nailiyyətlərini bədii söz ilə təsdiq etməkdən ibarət idi. Bu dövrdə çap olunan şeirlər həcm, üslub, poetik enerji cəhətdən müxtəlif olsalar da, ahəng, musiqi etibarilə bir-birinə çox yaxın idilər və bu musiqi öz minillik tarixi boyunca, Azərbaycan şeirində müşahidə olunan ilk marş musiqisi idi:

Qorxub çəkinmədik ölümdən, qandan,

Çıxdıq illər boyu çox imtahandan.

Sən ey şübhələrdə boğulan insan!

Hücuma tanklarla keçir komsomol,

Bir-iki, bir-iki, bir-iki, sol, sol!

(Süleyman Rüstəm)

Hey!

Hey!

Addımlarını möhkəm at!

Və qat-qat

çoxalt -

Kəndimizə

işıq verən

Elektrik tokunu!

(S.Vurğun)

Ön cərgədə - S.Rüstəm, M.Müşfiq, S.Vurğun, R.Rza... Hətta Hüseyn Cavid və Əhməd Cavad kimi köhnə şairlər də arabir bu səpkidə şeir yazmağa çalışırdılar, ancaq onların misralarında yeni şeir o qədər də inamla səslənmirdi. Hazırda Azərbaycan ədəbiyyatında heç bir mövqeyi olmayan bir qrup təqlidçi şairlərin tez-tez çap edilən şeirləri isə aşkar qondarma idi, süni notlarla dolu idi, ancaq əsas orkestr güclü idi, kifayət qədər güclü idi və bu orkestr dövrün qələbə marşını şeirin misraları ilə böyük inamla çalırdı:

Image result for süleyman rüstəm

İstəməyir səni bizim yeni həyat, dinlə, tar!

Get şahların, get xanların məzarında inlə, tar!

Sosializmin təranəsi əsla tarda çalınmaz!

Tarda vermək olmaz bizim zavodların səsini!

Xalq şairi Süleyman Rüstəmin bu şeirinin üzərində ona görə dayanmaq lazım gəlir ki, bu şeir həmin dövrün poetik əhval-ruhiyyəsini açmaq üçün olduqca səciyyəvidir və bu ovqatı duymadan Azərbaycan sovet poeziyasının böyük bir dövrünü real təsəvvür eləmək mümkün deyildir. Ona görə ki, bu şeirdə tar - təkcə tar deyildi, rəmz idi - köhnəliyin, keçmişin rəmzi. Keçmiş, köhnəlik isə kədər deməkdi, ələm deməkdi.

Sözlərim durmadan kəsir və biçir,

Bir pulemyot misalıdır ağzım...

(S.Rüstəm)

“Kəsilib-biçilən” keçmiş idi, köhnəlik idi. “Pulemyot – ağzından” açılan o atəş isə kədərə, ələmə tuşlanmışdı. Və bu döyüşdə S.Rüstəm tək deyildi:

Bəzi şeir yazan “nəzik” adamlar,

Onlara xoş gəldi nədənsə aşıq,

Səssiz üfüqlərdə sönən hər işıq.

(Səməd Vurğun)

30-cu illərin əvvəllərində “keçmiş” sözü “kədər” sözünün artıq sinonimi idi, ayrı heç nə deyildi və kədərin yer üzündən silinməsini zaman şairlərin dili ilə tələb edirdi. Buna görə də S.Rüstəm, S.Vurğun, R.Rza və başqalarının o illər az qala hər gün çap edilən bu cür şeirləri ilə yanaşı, o dövrün mətbuatında, H.Cavid, Ə.Cavad, H.Sanılı kimi şairlərin etiraf şeirlərinə də tez-tez rast gəlmək olurdu, çünki bu şairlərin kədərli şeirləri artıq vardı, onlar çap olunmuşdu, yayılmışdı, onları danmaq mümkün deyildi. Əlac yalnız etirafa qalırdı və keçmişlə, köhnəliklə hər cür əlaqəni üzdüklərini bu şairlər öz yeni şeirlərində vaxtaşırı etiraf etməli olurdular. Və bu proses təkcə Azərbaycanda gedən ötəri, təsadüfü proses deyildi. Şeirin ahəngini dövr çox yerlərdə dəyişmişdi.

Ehey, rusiyalılar!

Göylərə top atanlar,

Dünyanı, oyadanlar,

Vurun bərk vurun

təbilləri!

(S.Yesenin)

Kimi, kimi, hər halda Yesenini səmimi olmamaqda təqsirləndirmək, yəqin ki, ədalətsizlik olardı. Amma burası da var ki, hər hansı bir fikir, niyyət, ya arzu bir məxəzdən gələndə, bir fərdə mənsub olanda - fikirdir, niyyətdir, arzudur. Ümumun - çoxluğun fikri, arzusu, niyyəti isə nə fikirdir, nə arzudur. O - mütləq həqiqətdir! Bu baxımdan, o dövrün marş musiqili şeirinin ilhamlı misralarında süni not, süni nəfəs axtarmaq əbəs olardı, çünki o marş da, o ilham da mütləq həqiqət idi və hətta Puşkin özü də “...dünya - aləm çaşdı, fəqət sən çaşmadın zərrə qədər” - deyəndə peyğəmbəri demişdi, şairi deməmişdi.

...Pionerlər cərgə-cərgə düzülüb, oxuya-oxuya küçələrdən keçirdilər. Kolcakı, Denikini tamamilə məhv eləmiş qalib Qızıl Ordunun ayaq səslərini qapını-pəncərəni bərk-bərk bağlayanlar da eşidirdi... Traktorlar tarlalara bayraqla çıxırdı, zavodların, elektrik stansiyalarının, hətta kluba, teatra, məktəb binasına çevrilmiş köhnə məscid və kilsələrin üstündə də al-qırmızı bayraqlar yellənirdi... İlk sovet təyyarəsi tezliklə göyə qalxacaqdı... Amma yeni quruluşun tam qələbəsi üçün bütün bunlar hələ az idi. Öz tam qələbəsini quruluş “yeni dünyagörüşlü” insan yaratmaqda görürdü. İnsan isə öz keçmişindən asanlıqla ayrılmaq istəmirdi və məsələnin bütün məğzi də elə burasında idi.

Yüksəliş dövrünün şeiri kədərə düşmən idi, çünki onun vəzifəsi kədərsiz insan yaratmaq idi. Bir də kədərlənmək üçün əslində heç vaxt da yox idi. Vaxt sözün hərfi, fiziki mənasında yox idi - yeni dünyanı qurmaq üçün insan ömrünün hər anı, hər dəqiqəsi lazım idi və təsadüfi deyil ki, kədər və keçmiş əleyhinə yazılan şeirlərin lap böyründəcə eyni əşyadan, eyni leksik materialdan zəhmət mövzusunda da çoxlu şeirlər yaranırdı:

Oxucu! Mən yazım, sən eşit, tanı,

Tanı ki, şeirimin bu qəhrəmanı-

Bu günün yavrusu, bu əsrin qızı...

Küçədə rast gələn hər əxlaqsızı

Mən Yesenin kimi, şeirə salmadım;

Ömrümdə onlardan ilham almadım.

(S.Vurğun, 1933)

Buradan göründüyü kimi, sonralar sovet poeziyasının əsas qəhrəmanı olacaq pambıqçı, traktorçu, neftçi və s. 30-cu illərin əvvəllərində, ədəbiyyatın əsas qəhrəmanı olmaq barədə öz tam hüququnu, tam səlahiyyətini hələ almamışdı. Hələ bu qəhrəmanı oxucuya təqdim eləmək, tanıtdırmaq lazım gəlirdi. “Bu günün yavrusu, bu əsrin qızı” - söhbət pambıqçı qızdan gedirdi... Sonralar Səməd Vurğunun bu mövzudaca yazılmış “Bəsti”, “Muğan” və s. poemaları çap olundu. Ancaq o dövr artıq başqa dövr idi. Daha həmin qəhrəmanı oxucuya tanıtdırmağa, təqdim eləməyə ehtiyac qalmamışdı. Keçmişlə, kədərlə döyüş hələ qurtarmasa da, əvvəlki tələsmək və əsəbilik şeirdə o qədər də hiss olunmurdu, çünki yeni insan artıq yaranmışdı - indi bizim hər gün eşitdiyimiz, bizə son dərəcə adi görünən iki kəlmə söz: sovet adamı...

Bütün bunlardan əlavə, bəlkə, 30-cu illər Azərbaycan sovet poeziyasının bir də ona görə yüksəlmiş dövrü hesab olunur ki, bu dövr ümumiyyətlə qızğın dövr idi: gediş-gəliş, gündəlik əlaqələr, dekadalar, təntənəli yığıncaqlar... Tərcümələr edilirdi, dərsliklər tərtib olunurdu. Və bu torpağın öz övladı böyük Nizaminin ibrətamiz kəlamlarını da azərbaycanlılar tarixində ilk dəfə doğma Azərbaycan dilində oxumağa başlayırdılar:

Ən doğru sözlər ki, oyadır maraq,

Tarixdən onları bir-bir alaraq,

Düzdüm dastanıma, əsər yaratdım.

...Hansı bir pərdədə doğru söz gördüm,

O sözün telini şeirimlə hördüm...

Deməli, əsəblər sakitləşdi... Yeni insan yetişmişdi: kolxozlar qurulmuşdu. Staxanov hərəkatının ilk məhsulları mədənlərdən, zavodlardan bol-bol ölkənin anbarlarına daşınırdı və ilk sovet təyyarələri artıq göyün üzündə idilər.

Və ...1938-ci ildə çıxan şeir kitablarına baxanda, o dövrün qəzetlərini vərəqləyəndə, açığını deyim ki, bir müddət mən gözlərimə inana bilmədim. “Gül”, “bülbül”, “uca dağlar”, “yaşıl düzlər”, “xumar baxışlar” - ənənəvi şərq şeirinin ən üzdə olan əlamətləri... Və hələ bu harasıdır ki, muzeyə göndərilmiş köhnə dünyanın sanki arxivindən tapılıb-çıxmış köhnə, lap köhnə şeir formasının təzə nəşri, təzədən doğuluşu: qoşma - məmələr haqda:

Image result for məmməd rahim

İki atlı gəlir, cüt, qoşa-qoşa,

Biri xan oğludur, birisi paşa.

Arası meydandır, dəymir baş-başa-

Baxır bir-birinə yan məmələrin...

(M.Rahim, 1938)

Mənasına-mündəricəsinə görə, bu misralar da, yəqin ki, sonralar görkəmli ədəbiyyatşünas kimi tanınan professor M.Rəflinin öz şairlik dövründə (30-cu illərin əvvəllərində) yazdığı hansı şeirdənsə qopub, o illərin az qala yeganə fəlsəfəsinə çevrilmiş – “Nəşədir yaşamaq, nəşədir həyat” motivlərinin yeni şəraitdə davamı idi. Onda bəs bu yeni şəraitin özü nə deməkdi?. Dəmir addımlarla irəliləyən ötən illərin zəhmətli-qayğılı, marşlı-yürüşlü günlərindən, aylarından sonra, bəlkə dövr bir azca da əylənmək istəyirdi, gülüb məzələnmək istəyirdi?.. Məzələnmək, bəlkə, əylənmək üçün deyildi, nəyisə unutmaqdan ötrü idi?.. Və bəlkə, bu şeirin müəllifi üçün, arxadakı 1937-ci il də daxil olmaqla, ötüb-keçən illərin heç biri saydan-hesabdan deyildi; bəlkə şeirin bu köhnə formasına qayıtmaqla, özünün hansı ənənəyəsə sadiq qaldığını müəllif prinsipial pozisiyadan cəsarətlə nümayiş etdirmək fikrində idi?.. Bəlkə, şeir özü yürüşdə-çarpışmada yorulmuşdu - dayanıb nəfəs dərmək istəyirdi?... Amma yox... Daha o çarpışmaya, görünür, ehtiyac qalmamışdı, çünki mübahisəyə yekun vurulmuşdu... Qaliblər müəyyən edilmişdi. Və əsəblər... Əsəblər sakitləşmişdi:

Ana, qoy başımı qoyum dizinə,

Yenə uşaqlığım yadıma düşdü...

(S.Rüstəm,1938)

Qara gözlüm, pəncərədən çəkilmə,

Güllər görər, bülbül duyar, ah çəkər...

(S.Vurğun, 1938)

Gəl qələm götürüb, qoşa saz tutaq,

Süsənlər, sünbüllər, güllər bizimdir...

(S.Vurğun 1938)

Bütün bu misraların tamam başqa ruhda, başqa ahəngdə və əhval-ruhiyyədə olduğunu görməkdən ötrü Azərbaycan dilini mükəmməl bilmək yəqin ki, çox da vacib deyil. Axırıncı iki misra isə qızğın mübahisələrdən, çarpışmalardan sonrakı yeni şəraitdə poeziyanın keçmişə, köhnəliyə qarşı mübarizə proqramında ciddi dəyişiklər meydana çıxdığını göstərir. Şairlərin bu dəyişikliklər dövründəki əhval-ruhiyyəsi isə R.Razinin aşağıdakı misallarında gözəl ifadə edilmişdir:

Şəfəq söndü, pəncərəmdən lalə günəş axdı gəldi.

Ömür güldü, könül dedi: qızılgülün baxtı gəldi.

Tərlan qəlbim, nə yatmısan, qanadlanmaq vaxtı gəldi.

Bu dövrdə şeir öz vahid cəbhəsini, vahid ideya platformasını artıq yaratmışdı. On-on beş illik məhsuldar yaradıcılıqlarına Lenin ordeni kimi yüksək qiymət verilmiş S.Vurğun, S.Rüstəm, və R.Rzanın şeir, poema və mənzum dramlarının oxucu, tamaşaçı auditoriyası gün-gündən genişlənirdi və eyni vaxtda da, bu ənənələr üzərində Azərbaycan sovet poeziyasının ikinci nəsli yetişdirdi: O.Sarıvəlli, N.Rəfibəyli, Ə.Cəmil, Z.Xəlil, M.Dilbazi və başqaları.

Azərbaycan sovet poeziyasının üçüncü nəsli müharibənin axırlarında meydana gəldi. Bu dövrdə şeir ədəbiyyatı özünün bir sıra xrestomatik əsərlərini artıq yaratmışdı. S.Vurğunun “Vaqif” mənzum dramı müvəffəqiyyətlə tamaşaya qoyulmuşdu. S.Rüstəmin “Qaçaq Nəbi”si də bu janrın uğurlu əsərlərindən sayılırdı. R.Rzanın “Lenin”, M. Rahimin “Leninqrad göylərində” poemaları da çoxdan bəri ədəbi mühitin diqqət mərkəzində idi. Həm də şeir, müharibə dövründə, haradasa bir qədər kövrəlmişdi, həzinləşmişdi. Və deməli, bu ilıq, isti havanın da şairlərin üçüncü nəslinin yaradıcılığına təsiri olmamış deyildi.

Binələri çadır-çadır,

Çox gəzmişəm özüm, dağlar.

İlhamını sizdən aldı

Mənim sazım-sözüm, dağlar.

(S.Vurğun, 1942)

Vətənə, torpağa, doğma yurda, doğma ocağa bağlılıq motivləri o illər O.Sarıvəllinin şeirlərində də tez-tez səslənirdi; S.Rüstəmin ikiyə bölünmüş Azərbaycanın böyük milli müsibətindən bəhs eləyən, məşhur “Cənub silsiləsi” müharibədən sonrakı ədəbiyyatın əlamətdar hadisələrindən idi. Və R.Rzanın “Bəxtiyar”, Ə.Cəmilin “Can nənə, bir nağıl de...” kimi şeirlərinin həzin, ahəngdar səsi də hələ qulaqlardan getməmişdi... Doğma yurdu, doğma ocağı tərənnüm eləyən poeziya xalqın xoşuna gəlmişdi, ürəyincə olmuşdu və ədəbiyyata yenicə təşrif gətirənlərin yəqin ki, bundan da xəbəri vardı:

Daddımsa aləmin hər nemətini,

Dilbər guşələrdə ötdüsə ömrüm -

Dünyanın ən böyük səadətini

Bu boylu çinarın altında gördüm.

Image result for adil babayev

Şeiriyyət, sənətkarlıq baxımından bu misralar, olsa-olsa, bir cavan şairin ilk qələm təcrübəsi kimi az-çox maraq doğura bilərdi, ancaq dövrün məşhur şairi, görünür, gənc şairin şeirini təkcə bu baxımdan oxumamışdı. 1945-ci ildə, Adil Babayeva həsr elədiyi şeirində yuxarıdakı misraları epiqraf gətirən Səməd Vurğun:

O səcdə qıldığın çinar kölgəsi

Mənim də şeirimin qibləgahıdır, -

deməklə, şeir müəllifinin ədəbiyyata məhz belə bir mövzu ilə gəlməyini təqdir və təsdiq eləməyi, yəqin ki, özünə borc bilmişdi... Və bu mövzunun ötəri olmadığını az sonra zaman da təsdiq elədi.

Azərbaycan sovet poeziyasının üçüncü nəslinin yaradıcılığında bu mövzu şeirin nəinki marağına-mənasına, həm də onun başlıca əşyasına, əsas materialına çevrilirdi. Ədəbiyyata Adil Babayevlə bir vaxtda gəlmiş Bəxtiyar Vahabzadənin, Hüseyn Hüseynzadənin, İslam Səfərlinin şeir və poemalarında vətənə, torpağa, doğma yurda, doğma ocağa bağlılıq motivlərinin geniş mənzərəsi meydana çıxdı. Və bu geniş meydanda az sonra Səməd Vurğun məktəbinin Qabil İmamverdiyev, Məmməd İbrahimov, Xəlil Rza, Cabir Novruz, Əliağa Kürçaylı, Nəriman Həsənzadə, Tofiq Bayram, Famil Mehdi və s. yeni nümayəndələri yetişdi.

III

...Sonra Mikayıl Müşfiq də yenə şairlər arasındaydı. Əllinci illərin axırları idi və indi o illəri xatırlayanda, nədənsə, mənə elə gəlir ki, bir uzun səfərdən sonra bu dünyaya bir də qayıdanda o, birbaş universitetə, həm də birbaş filologiya fakültəsinə gəlmişdi.

Yaşı iyirmi doqquz idi - eşitmişdik. Şəkilini hələ görməmişdik, amma bilirdik ki, yaraşıqlıdır, kişisifətlidir - bunu bilməyə nə vardı ki? Şeirindən - şairliyindən isə o tanışlığın əvvəlində, biz hələ az şey bilirdik. Amma yox, düz demədim – “Oxu tar” az şey deyildi.

Image result for mikayıl müşfiq

O günlər bütün universitet elə bil bircə bu şeyrlə nəfəs alırdı: dərslər onun müzakirəsinə çevirilmişdi, tənəffüslərdə də ayrı söhbət yox idi.Və bəlkə buna görə də, indi, o günləri yada salanda mənə bir yandan da elə gəlir ki, o uzun, o naməlum səfərdən bizim universitetə qayıdanda Müşfiq özü ilə bir qəribə tar da gətirmişdi və o tar haradasa sirli-sirli çalındıqca adamın canına, nədənsə, qorxu, vahimə düşürdü:

Oxu tar, oxu tar,

Səni kim unudar?...

Başqa fakültələri bilmirəm, humanitar sahələrdə oxuyan tələbələrin əksəriyyətinin Müşfiqə münasibəti sonralar da dəyişmədi. “Alovlu şair” adını hələ sağlığında qazanmış Müşfiq Azərbaycan şairlərinin cərgəsinə öz sönməz temperamenti, əyilməz vüqarı və dönməz könlü-ürəyi ilə yenidən qoşuldu.

Tərlansan, göydən enməzsən,

Torpaqlarda sürünməzsən,

Mən dönsəm də, sən dönməzsən,

Yaşa könül, yaşa könül!

Azərbaycan poeziyasının Müşfiq həsrəti qurtardı. Eyni vaxtda Hüseyn Cavid, Əhməd Cavad və başqaları da o uzaq səfərdən geri döndülər, ancaq onlar elə bil gecikmişdilər, uzaqda olan zaman, sanki bizdən, dünyamızdan, şeirin gündəlik qayğılarından daha da uzaqlaşmışdılar. Və qocalmışdılar, yaman qocalmışdılar. Hər halda yeni nəslin ruhuna daha çox Müşfiq yaxın idi. Və təsadüfi deyil ki, Azərbaycan poeziyasının məhsuldar illərindən olan 60-cı illərin ilk yaxşı şairlərindən biri - Əli Kərimin yaradıcılığı haradasa müəyyən dərəcədə, Müşfiqdən qidalanandı - əvvəl səs cəhətdən, “alov” cəhətdən, sonra şeirin şən və xəfif musiqi dili ilə:

Tar səsinin dalınca,

Mən xəyala dalınca -

Duyuram bahar da var,

Payız da var, yaz da var.

...Könlümdə duyğuların

Rəngbərəng,

Aydın, qəşəng

Qövsü-qüzehi vardır.

Sonra daha dərindən – qələmə alınan faktın bədii mahiyyətini asanlıqla aça biləcək ən güclü, ən iti sözlərin seçilməyi cəhətindən:

Mən elə sürətin təşnəsiyəm ki,

Çatsın xəyalımın üfüqlərinə.

Bir göz qırpımında yetirsin məni

Həm ən yüksəkliyə,

Həm də dərinə.

Mənim istədiyim o sürət olsa,

Xəyalla idrakı bir yerə qatar.

Sürünməz yorğunluq bürkülərində

Bürokrat təyyarə,

Bürokrat qatar.

Amma təəccüblü deyil ki, ən “Müşfiq ruhlu” şeirlərinin özündə də Əli Kərim tam orijinal şair olaraq qala bilirdi, çünki eyni sözlər özü də müxtəlif poetik kontekstlərdə tamamilə yeni məna kəsb eləyir, bütövlüyün, təkrarolunmazlığın yeni söz mühitini, səs mənzərəsini yaradır. Söz həqiqi şairlərin nəfəsində hər dəfə qızındıqca, təzələnir, yenidən doğulur və “...məzmunun, gözəlliyin vətəni, sığınacaq yeri olan dil sənətkarın ürəyindən keçənləri - sanki onun özündən də xəbərsiz - fikrin, hissin, ahəngin təbii dünyasına qovuşdurur” (Pasternak).

Image result for əli kərim

Əli Kərim lap ilk şeirlərindəcə öz oxucu auditoriyasını tapan xoşbəxt şairlərdən idi. Bu xoşbəxtlik az sonra Fikrət Qocanın da payına düşdü. Yaradıcılığının ən təravətli dövrlərində Fikrət Qocanın bəzi şeirlərini mübahisəli hesab eləyənlər də axtarsan, tapılardı, ancaq əsas mübahisə Fikrətdən sonra gələnlərin ətrafında başlandı.

Bütün sovet ədəbiyyatında olduğu kimi, Azərbaycan ədəbiyyatında da 60-cı illər poeziyasının öz yeri, öz şairləri və öz söz mühiti, səs mənzərəsi vardır...

O illərdə Mixail Svetlov Bella Axmadulinanın ilk şeir kitabı barədəki nəşriyyat rəyində yazırdı: “Müəllifin ilk kitabını, bir qayda olaraq, onun sənət aləmindəki ilk addımı hesab etmək düzgün deyil, çünki ilk kitab bəzi hallarda kamil sənətkar qələminin məhsulu da ola bilir”.

60-cı illərdə Bakı nəşriyyatlarında buraxılan təzə imzalı kitablardan hər hansı birinin Bella Axmadulinanın ilk kitabı səviyyəsində olduğunu iddia etmədən, bu kitabların ən yaxşılarında kamil sənətkar qələminə məxsus şeirlər olduğunu söyləmək bizim məqalənin obyektivliyinə heç bir xələl gətirməzdi, çünki poetik sözün yeni mənalarını yaradıb, onun çoxsahəli tərcümeyi-halını, qüvvə və imkanlarını məharətlə nümayiş etdirə bilmiş o şeirlər bugünkü ədəbi prosesdə də öz əsaslı müsbət rolunu oynamaqdadır.

Image result for ələkbər salahzadə

Ələkbər Salahzadənin “Beş yarpaq” adlı ilk kitabı:

Sarı inəyin

Səhər-səhər buğlu südündən keçib,

İlıq, isti baxışları yan-yörəmdən

doğrayıb, biçib,

Kəndimizə bağlandığım cığırları qırıb-qaçıb,

yüyürmüşəm şəhərə.

Bu böyük şəhərə Ələkbər, əlbəttə, şair olmaq üçün “yüyürməmişdi”. Oxumağa gəlmişdi. Universitetdə oxuyurdu, ancaq eyni dərslərin özünü də hamı eyni cür oxumur:

Altıca il bundan əvvəl

altmış üçmüş,

altmış üç

Altıca il bundan əvvəl

südqarışıq bir uşaqdım.

...Quzu əllərim vardı -

yumruqlana bilməzdilər.

Razı əllərim vardı -

yaraqlana bilməzdilər...

Şairin başqa-başqa vaxtlarda yazdığı bu iki şeir arasındakı üzvi əlaqənin sübuta-dəlilə ehtiyacı yoxdur.

Bəs bu misralar necə:

Ovcumdayam, ovcumda,

ovcum içindəyəm tamam.

...Açılıram, yıxılıram, sıxılıram,

Yıxılanda

yıxılıram ovcumda.

Qəzəbimdən əriyib tökülmüşəm

Ürəyimin sərt heykəli -

yumruqlarıma...

Bu misralar da, göründüyü kimi, əvvəlki iki şeirdən gətirdiyim misralarla lap asanca qovuşur. Və nəinki qovuşur, sadəcə, əriyib, həmin misralara qarışır- şeir şeiri tamamlayır. Şeir şeiri davam elətdirir. Və beləcə, axıracan - sonuncu sözə, sonuncu misrayacan... Harmoniya və Bütövlük adlı iki allahın insana eyni gündə, eyni saatda sorğusuz-sualsız həvalə elədiyi şairilik yükünü, şairlik məsuliyyətini söz-söz, şeir-şeir aparıb, son mənzilə çatdıranacan... Allahlar-allahı təbiətin, görünür, məsləhəti belədir: axı hər ağac da sonacan yalnız öz meyvəsini yetirə bilir...

Poeziyanın bu yeganə və çətin yolunda olduğuna, Ə.Salahzadə özünün indiyəcən nəşr olunmuş iki kitabı ilə bizim şeirsevənləri inandıra bilib. Ələkbərin hər iki kitabındakı şeirləri yan-yana düzüb, bütöv bir əsər kimi oxumaq mümkündür, çünki bu şeirlərlə Ələkbər öz tərcümeyi-halını yaradır. Bu, həm haçansa – “Sarı inəyin səhər-səhər buğlu südündən keçib” şəhərə yürüyən “südqarışıq bir uşağın”, həm də şəhərdə yenidən doğulub, yaxşını pisdən, doğrunu yalandan, mənəvi diriliyi, mənəvi ölülükdən seçməyə başlayan şairin bu çətin prosesdə keçirdiyi şübhəli, tərəddüdlü, ağır və ağrılı düşüncələrinin tərcümeyi-halıdır. Bir də, səsli-küylü böyük şəhərdən baxanda hardasa nağıl kimi işaran bir aləmin ümid dolu həsrəti: “Bir kənd nağılı”, “İşıq nağılı”, “Balaca şaxtaçının çıraq nağılı”, “İzlərin nağılı”, “Duman nağılı” - bir kitabda neçə-neçə “nağıl” sərlövhəli şeir. Bir də nəğmə-nağılın kiçik bacısı, şeir bacısı... “Nəğmə” sözü də 60-cı illərin şeirlərində çox işlənən sözlərdən idi:

Kimin xatirindədir

nəğmə qırğını ili?

Nəğmələri öldürürdülər...

Image result for ramiz rövşən

Lorkaya həsr edilmiş bu şeirin müəllifi Ramiz Rövşən də 60-cı illərin poeziyalı günlərinin birində öz ilk kitabı ilə dünyaya gələnlərdən idi. Ramizin cəmisi iyirmi şeirdən ibarət balaca kitabçası əllərdə, ciblərdə gəzirdi. Və o “Filfak” deyilən yerdə, bu dünyanın şeir dəliləri yenə bir-birlərinin qulağına, yəqin ki, şeir pıçıldayırdılar:

Kimin xatirindədir

Nəğmə qırğını ili?!

Təzə not vərəqlərinə sarındı

Nəğmələrin köhnə yaraları -

qaysaq-qaysaq, yanıq-yanıq...

Biz insanıq.

Biz insanıq -

Bağrımıza basmışıq sınıq gitaraları;

torpaq ətri qoxuyuruq...

Nəğmə qırğınında ölən

nəğmələri oxuyuruq.

60-cı illərin mübahisəli, münaqişəli münbit şəraitində Vaqif Vəkilovun - təklikdən-tənhalıqdan - ürəyində danışmağa vərdiş eləmiş düşünən bir insanın illər boyu öz-özünə dediklərinin iddiasız-təmənnasız maqnitofon yazısına bənzəyən iki şeir kitabı çap olundu. Nadanların bol-bol tənqidindən öz şəxsi rahatlığını itirməyə tez-tez məruz qalan İsa İsmayılzadə qəlbindəki şair narahatlığını heç vaxt itirmədi... Bu dövr Azərbaycan sovet şeirinin mənəvi maraq dairəsini genişləndirirdi, yalançı ənənəçilik və uydurma ədəbiyyatpərdazlıq sxemlərini müəyyən dərəcədə laxlatdı, sıxışdırdı; bu illərdə nəzmçilikdən şeirə, şüarçılıqdan, didaktik tövsiyəçilikdən - konkret poetik duyğuların yeni ifadə vasitələrinin axtarışına, kəşfinə doğru əsaslı addımlar atıldı.

Üstəgəl 50-ci illərin Səməd Vurğunu

Üstəgəl Rəsul Rzanın son şeirləri...

Və minillik yaddaşı olan bir sənətin əlli beş illik keşməkeşli təcrübəsinə bir cavan şairin misraları ilə yekun vurmaq görəsən yerinə düşürmü:

Torpaq. Soyuq məzar. Beş arşın kəfən...

Üç kəlmə - çiynində ağır dağdısa,

Yüksək idealın, böyük fəlsəfən

Həyatda birtəhər yaşamaqdısa,

Ev, uşaq yüküsə çiyninin yükü,

İnadın keçmirsə dəmirdən-daşdan,

Bu yolun yoxuşu fil dizi bükür, -

Adam ol, adam ol, çəkil bu başdan!

Qoy məni yandırsın bu od, bu ocaq,

Bu sənət yolunda bir son döyüş var,

Bu gün olmasa da, sabah olacaq!...

(Ağamalı Sadiq)

Üstəgəl İnam!

IV

Və nəhayət, qısaca bir anket:

Adı - Poeziya.

Təvəllüdü - Qədim.

Vəzifəsi - İnsanın ən doğruçu, ən səmimi duyğularını zaman-zaman qeydə alıb, insan üçün yaşatmaq.

Xaricdə olubmu? - Olub.

Həbsdə olubmu? - Olub.

Hansı dillərdə danışa bilir? - Bir çox dildə.

...O cümlədən, latış dilində.

Oktyabr, 1976.

# 2593 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #