Ramiz Rövşən: “Səməd Vurğundan sonrakı ən populyar şairimiz....” SÖHBƏT

Ramiz Rövşən: “Səməd Vurğundan sonrakı ən populyar şairimiz....”  <span style="color:red;">  SÖHBƏT
22 aprel 2016
# 10:43

Kulis.Az “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadənin Ramiz Rövşənlə söhbətini təqdim edir.

– Bu il mart ayında XX əsr Azərbaycan poeziyasının ən görkəmli simalarından biri Səməd Vurğunun anadan olmasının 110 illiyidir. 50 yaşında dünyasını dəyişən şairin ölümündən 60 il keçir. Çox sular axıb, dünya dəyişib. O, XX əsrin birinci yarısının, Sizsə - ikinci yarısının və artıq həm də XXI əsrin şairisiniz. Bax, bu əsrdən, 2016-cı ildən Səməd Vurğun necə görünür?

Bu gündən baxanda Səməd Vurğunun yaşayıb-yaratdığı dövr, yəni, 1930-cu, 40-cı, 50-ci illər necə görünürsə, onun öz həyatı və yaradıcılığı da eynən o cür görünür. 1930-cu illərin sonlarında çəkilmiş sənədli filmləri, kinoxronikaları yada salın. Bayramlarda, paradlarda hamısı bir ağızdan “ura” qışqıra-qışqıra, əllərində tutduqları bayraqları, şarları, uşaqları başlarının üstündə yellədə-yellədə meydanlardan keçən minlərlə insanın xoşbəxt sifətlərini xatırlayın. Halbuki, o illərdə, demək olar, hər gecə yarısı qara maşınlarda gələn çağırılmamış qonaqlar günahlı, günahsız adamları zorla evlərindən çıxarıb gedər-gəlməzə aparırdılar. Odur ki, adamların çoxu səksəkəli yatırdı. Amma o xoşbəxt gündüzlərlə bu səksəkəli gecələr qətiyyən bir-birinə zidd deyildi. Əksinə, qoşa relslər kimi yan-yana uzanırdı və o dövrün bir çox adamları, o cümlədən də sənətkarları öz ömürlərini bu qoşa relsin üstüylə sürürdülər. Təbii ki, qəza baş verənəcən. Səməd Vurğun Müşfiqdən, Caviddən, Əhməd Cavaddan fərqli olaraq, öz ömrünü qəzasız başa vura bildi. Bunu onun günahı, hətta cinayəti sayanlar da var. Məncə, bu çox səhv və ədalətsiz yanaşmadı. Əslində, o dövrün ən antisovet əsərini nə Müşfiq, nə Cavid, nə də Əhməd Cavad yox, məhz Səməd Vurğun yazmışdı və bu, məşhur “Komsomol poeması”ydı. Təbii ki, o poemanı yazanda Səməd Vurğunun məqsədi bu deyildi, amma alınan nəticə budu. Deyilənə görə, Əhməd Cavadın həbsinə səbəb olan “Göygöl” şeirini inqilabın dəhşətli dağıdıcılıq gücünü göstərən “Komsomol poeması”yla müqayisə etmək olarmı? Əlbəttə yox. Amma Səməd Vurğuna dəymədilər.

Məncə, bunun əsas səbəbi Səməd Vurğunun 1936-cı ildə, Kremldə Stalinin hüzurunda şeir oxumasıydı. Onu elə-belə aradan götürmək olmazdı. Çünki Səməd Vurğun, yəqin ki, Stalinin yadındaydı. Ya da, ən azı bu, Bağırova belə gəlirdi. İkinci səbəb, yəqin ki, şairin böyük şöhrətiydi. Amma mən Mircəfər Bağırovun özünün Səməd Vurğunu bir şair kimi xoşladığını da istisna eləmirəm. Ümumiyyətlə, bir çox tiranlar romantik poeziyanı sevir, hətta yüksək pafoslu patetik şeirlərdən arabir sitat gətirməyi də xoşlayırlar. Bir də ki, hansısa şairi ölməməkdə, hətta öldürülməməkdə günahlandırmaq ayıbdı. O ki qaldı, Səməd Vurğunun böyük şair olub-olmamağı ilə bağlı mübahisələrə... Bircə şeyi deyim ki, “Komsomol poeması”nın qiyməti təkcə onun antisovetliyində deyil, bu əsər Füzulinin “Leyli və Məcnun”undan sonra yazılı ədəbiyyatımızda ən gözəl sevgi poemasıdı. Bu əsərin bir cüt qəhrəmanı Cəlalla Humay isə, milli poeziyamızda Leyliylə Məcnundan sonra ən məşhur bir cüt nakam sevgili obrazıdı. Belə xoşbəxtlik isə, hər böyük şairin bəxtinə düşmür.

– Səməd Vurğun bir şair kimi çox erkən parlayıb. 1933-cü ildə "Komsomol poeması"nı, onun ardınca daha neçə irihəcmli poemalarını, 1937-ci ildə, 31 yaşında "Vaqif" mənzum pyesini yazıb. Artıq o zaman çox məşhur bir şair kimi tanınıb. Bu məşhurluq bəzilərinin dediyinə görə, yalnız dövrünün nəbzini tutduğuna görə idi, yoxsa istedadına görə?

– Məncə, Səməd Vurğunun bir şair kimi məşhurluğunun, populyarlığının əsas səbəbi onun şeirlərinin keyfiyyətində idi. Bizə “şair xalq” deyirlər. Bilmirəm, bu tərifdi ya töhmətdi, amma hər halda, rəsmi çıxışlardan tutmuş, çayxana söhbətlərinəcən, öz danışığında bizim qədər şeir sitatları gətirən ikinci xalq tapmaq çətindi. Səməd Vurğunun poetik istedadı kifayət qədər konseptualıydı və onun şeirlərində sitat gətiriləsi aforizm xarakterli misralar da az deyildi. Onu öz dövrünün başqa istedadlı şairlərindən, hətta Müşfiqdən də fərqləndirən bu idi. Müşfiqi niyə xüsusi qeyd eləyirəm? Bir vaxtlar məni (və elə bilirəm ki, təkcə məni yox) düşündürən bir sual vardı; görəsən, Müşfiq sağ qalsaydı, Səməd Vurğunun o dövrdəki şöhrətinə şərik çıxmazdı ki? Məncə, yox. Müşfiq sağ qalsaydı da, yenə o dövrün ən məşhur şairi, Azərbaycan Sovet poeziyasının bayraqdarı Səməd Vurğun olacaqdı. Böyük alman şairi Novalis poeziyanı təsviri sənətlə musiqi arasındakı “aralıq sənət” adlandırırdı. “Söz musiqi olmağa can atır”. Bu məşhur ifadə yəqin bizim şairlərdən ən çox Müşfiqin şeirlərinə yaraşır. “Yenə o bağ olaydı”, “Küləklər”, “Yaşa, könül”... Bu cür şeirləri adam təkcə başqalarına yox, həm də, ovqatının hansı məqamlarındasa öz-özünə demək, pıçıldamaq, hətta mızıldamaq istəyir. “Tərlansan, göydən enməzsən, Torpaqlarda sürünməzsən, Mən dönsəm də sən dönməzsən, Yaşa könül, yaşa könül!”. Gəncliyimdən bu günəcən, ömrümün ən çətin və sarsıntılı anlarında dəfələrlə öz-özümə dediyim bu misralardan nə qədər güc və təskinlik tapdığımı bir özüm bilirəm. Əslində, Müşfiqin bir lirik sevgi şeirindən olan bu misralar, nədənsə mənə həmişə şair taleyi, bütövlüyü, dönməzliyi haqqında deyilmiş ən təsirli misralar kimi görünüb. Amma içi mən qarışıq bizim “şair xalqın” yaddaşında şairə xitabən deyilmiş ən məşhur misralar Müşfiqin yox, Səməd Vurğunundu. “Şair, hökmdarın hüzurundasan!” və bir də “Şair, nə tez qocaldın sən!”

Xüsusən, repressiyaların tüğyan etdiyi 1937-ci ildə yazılmış “Vaqif” pyesində, Qacarın dilindən səslənən “Şair, hökmdarın hüzurundasan” misrası təkcə o dəhşətli dövr üçün yox, bir çox zamanlar üçün ağrılı olan “şair və hökmdar” münasibətinin bütün dramatizmini qəribə bir yığcamlıqla ifadə edirdi. Ümumiyyətlə, “Vaqif” pyesindəki dialoqların bir çoxu zərb-məsəl gücündəydi və həmin dialoqları bir vaxtlar, az qala, hamı əzbər bilirdi. İndi oxu cu zövqü nisbətən dəyişsə də, amma, hər halda, ənənəvi Azərbaycan oxucusunu poeziyada didaktik-fəlsəfi ümumiləşdirmələr sırf poetik obrazlılıqdan daha çox cəlb edir. Və təsadüfi deyil ki, Səməd Vurğundan sonrakı ən populyar şairimiz Bəxtiyar Vahabzadənin yaradıcılığında fəlsəfi ümumiləşdirmələr, aforistik deyimlər hətta Səməd Vurğundakından da çoxdu.

– Səməd Vurğun şeirimizin ənənəvi şəkillərində, milli vəznimizdə - hecada yazırdı. Gənclik illərində vəzni sərbəst şeirlər də yazıb, amma qısa bir müddət, sonra yenə də hecaya keçib, milli formalara üstünlük verib. Ənənə üstündə köklənməklə, şeirimizə bəs necə yeniliklər gətirib? Və gətirə bilibmi?

– Səməd Vurğunun ədəbiyyata gəldiyi inqilabdan sonrakı illər bütün sovet poeziyasında yeniliklə köhnəliyin mübarizə illəriydi. Əslində, hər iki sözü dırnaq arasında da yazmaq olardı. Yeniliyin carçısı Mayakovski, köhnəliyin nəğməkarı isə, Yesenin sayılırdı. “Uşaqların ölməyinə baxmağı sevirəm mən” deyən Mayakovski ilə, sahibinin aparıb çayda boğduğu küçüklərinin dərdinə dözməyib ölən bədbəxt itə nəğmə qoşan Yesenin, təbii ki, çox fərqli şairləriydi. Səməd Vurğuna həm tərcümeyi-halıyla, həm də ruhən kəndçi balası Yesenin daha doğmaydı. Bu doğmalıq şairin sonralar “ölən şeirlərim” adlandırdığı ilk yazılarının intim, bir az da bədbin ab-havasında daha aydın duyulur. Əsasən fərdi, şəxsi xarakter daşıyan, bir növ, şairin oxucuyla təkbətək dərdləşməsinə oxşayan o yazılarda ictimai məzmun, demək olar ki, yoxuydu. İctimai məzmun Səməd Vurğunun şeirlərinə bir qədər sonra, özü də, sel kimi gəldi. Artıq təklərə yox, milyonlara ünvanlanan bu yüksək pafoslu şeirlər formaca nə qədər fərqlənsələr də, məzmunca Yesenindən daha çox Mayakovskiyə yaxınıydı. Sanki, mikroskopu çevirib teleskop etmişdilər.

Bu çevrilmə təbii baş vermişdimi? Yoxsa o dövrün siyasi ab-havasının təsiriyləmi olmuşdu? Yəqin hər ikisi vardı. Amma Səməd Vurğunun siyasi şeirlərində də şəxsi başlanğıc çox qabarıq idi. Şairin lirik “mən”i heç vaxt “biz” əvəzliyinin arxasında daldalanmırdı. Hətta Stalinin 70 illiyinə həsr etdiyi şeirdə də “andım olan (“andımız olan” yox. - R. Rövşən) o günəşin yaşı yetmişdir” deyirdi. Doğrudu, Səməd Vurğun arabir bu adətini pozurdu. Məsələn, “Zamanın bayraqdarı” poemasını yazanda. Amma bu haqda sonra... O ki qaldı yenilik məsələsinə, Səməd Vurğunun poetik istedadı, təbii ki, ənənə üzərində köklənmişdi və onun şeirlərində oxucu milli poeziyadan, folklordan gələn doğma kodları hiss eləyirdi. Onun populyarlığının bir səbəbi də yəqin bundaydı. Səməd Vurğun danışdığı kimi də yazırdı. Təəssüf ki, ona qədər də, ondan sonra da, lap elə bu gün də bir çox şairlərimizin, hətta istedadlılarının da, bədbəxtliyi danışdığı kimi yazmamaqlarındadı. Amma bu artıq başqa söhbətin mövzusudu.

– Səməd Vurğun şeirində bir mövzu zirvədir, yaradıcılığının ana xəttidir: Vətən - Azərbaycan. Yeni nəsillər gəlir dünyaya, amma "Azərbaycan" şeiri yenə dillərdədir. Bunun sirri nədədir?

– Qəribədi, Sovet İttifaqında millətçilik cinayət sayılsa da, Azərbaycan poeziyasının bayraqdarı Səməd Vurğunun şeirlərində milli ruh, azərbaycançılıq hissi çox güclüydü. Yəqin o vaxt mühacirətdə olan Məmməd Əmin Rəsulzadənin çağdaş ədəbiyyatdan danışanda Səməd Vurğunun yaradıcılığına yüksək qiymət verməsi də bununla bağlıydı. (Baxmayaraq ki, Səməd Vurğunun şeirlərində Müsavatın ünvanına sərt ifadələr də səslənmişdi.) O vaxt Səməd Vurğunun ən dillər əzbəri olan şeiri “Azərbaycan” idi. Bu günəcən milli poeziyamızın ən populyar nümunəsi olan bu şeirin milli ruhumuzun, vətən hissinin, duyğusunun qorunub saxlanmasındakı rolu danılmazdı. Və 1950-ci illərin ikinci yarısında, SSRİ-də bir balaca siyasi yumşaqlıq olan kimi, Azərbaycanda başlayan və sonu ana dilimizin Konstitusiyaya salınmasıyla bitən milli oyanışın beşiyi başında duran yazıçıların birincisi Mirzə İbrahimov idisə, şairlərin birincisi, heç şübhəsiz ki, o vaxt özü artıq Fəxri Xiyabanda yatan Səməd Vurğun idi...

– Şair və zaman. Bu, çox böyük və geniş bir mövzudur. Bu mövzu daxilindəki bütün başqa məsələləri bir kənara qoyub, şairin öz zamanının səddini nə vaxt aşa bilməsi ilə bağlı fikir söyləyəsi olsanız nə deyərdiz Səməd Vurğun haqqında; O, zamanının səddini aşa bilibmi?

–Həzrət Əli “insanlar valideynlərindən çox, öz zəmanələrinə bənzəyirlər” deyirdi. Bu fikir şairlərə də aiddi. Təbii ki, öz zəmanəsiylə döş-döşə gələn, kəsişən, buna görə boynu vurulan, dərisi soyulan şairlər də olub. Səməd Vurğun belə şairlərdən deyildi. O, zamana qarşı yox, zamanın axınıyla gedən şairiydi. Və yaşayıb-yaratdığı o allahsız zəmanənin, o bulanıq axının təsiri onun taleyindən və yaradıcılığından da yan ötməmişdi. Onun öz zəmanəsinin sərhədlərini aşıb keçən, bu gün də öz bədii dəyərini itirməyən gözəl şeirləriylə yanaşı, nə qədər ilhamla yazılsa da, öz dövrünün yalançı ideyalarıyla zədələnmiş, köhnəlmiş, unudulmuş şeirləri də var. Bəlkə də, bir şair kimi bu, onun günahı yox, faciəsidi. Uşaq vaxtı tez-tez eşitdiyim, Səməd Vurğunun adına çıxılan bir məşhur kəlam vardı: “Bizdə partiya kimi sevirsə, xalq da onu sevir”. Bu gün də öz gücünü itirməyən bu ironiyalı kəlama misal olaraq, Səməd Vurğunun öz taleyilə bağlı Vaqif Səmədoğlunun bir vaxtlar mənə danışdığı bir əhvalatı xatırlayıram. Stalinin ölümündən bir az qabaq, 1952-ci ildə SSRİ-də repressiyaların yeni dalğası başlayanda, qələm əhlindən hədəfdə olanların ən birincisi Səməd Vurğun idi. Görünür, Səməd Vurğunun böyük şöhrəti, hər halda, Mircəfər Bağırova rahatlıq vermirmiş. Mətbuatda şairin ünvanına kəskin tənqidlər, ittihamlar səslənirdi. Çoxuna elə gəlirdi ki, bu gün-sabah onu tutacaqlar. Şairin ailəsi də böyük təşviş və narahatçılıq içindəydi. Vaqif danışırdı ki, belə günlərin birində atam səhər tezdən tüfəngini götürdü, mindi maşına, rayona ova getdi. Ov etməkdən də çox, fikrini dağıtmaq üçün. Amma elə o gün, gecə yarısı qayıtdı. Sifəti qapqara qaralmışdı, iynə vursan, qanı çıxmazdı. Sən demə, rayonun mərkəzində maşından düşəndə, həmişə onun üstünə cumub qucaqlayan, öpən camaatın içindən bir nəfər də olsun, qorxusundan ona yaxınlaşıb salam verməyə ürək eləməmişdi. Şair də elə ordaca maşına minib evə qayıtmışdı. Vaqif deyirdi ki, o gecə yarısı atam bizimlə bir kəlmə də kəsmədi. Səssizcə girdi kabinetinə və bir gün sonra, əlində “Zamanın bayraqdarı” poeması, kabinetindən çıxdı. Deməli, kommunist partiyasını tərənnüm edən bu poemanın kökündə partiyaya böyük sevgi yox, şairin keçirtdiyi dəhşətli sarsıntı dururmuş. Maraqlıdı, görəsən, o sarsıntını şair sözə çevirsəydi, nə alınardı? Yəqin bu fikir təkcə mənim yox, rəhmətlik Vaqifin də beynindən dəfələrlə keçmişdi. Və hər ikimizin Səməd Vurğunun bu faciəsindən aldığımız dərs də eyniydi; həmişə özünlə səmimi ol, nə duyursansa, onu yaz. Sevincdisə - sevinci, qəmdisə - qəmi, sarsıntıdısa - sarsıntını.

– Bir ocaq Azərbaycana üç xalq yazıçısı verib: iki xalq şairi və bir xalq yazıçısı - Səməd Vurğun, Yusif Səmədoğlu və Vaqif Səmədoğlu. Biri-birindən fərqli üç sənətkar, üç şəxsiyyət; ata və oğulları. Sizin fikrinizcə, ata - Səməd Vurğunla oğulları - Yusif və Vaqif arasında ziddiyyət varmı? Varsa, nədədir? Və oxşarlıq, daha doğrusu, mənəvi doğmalıq necə, o da varmı?

– Məncə, ədəbiyyatımızda təkrarı olmayan bu məşhur üçlüyün ən maraqlı cəhəti elə bir-biriylə fərqliliyindədi. Təkcə atanın oğullarıyla yox, oğulların da bir-biriylə fərqliliyində. Yusif atasından 13 il, Vaqif 25 il çox yaşasa da, onların hər ikisi Səməd Vurğunun övladları olaraq axıracan “əbədi oğul” statusunda qaldılar. Mənim atam üçün də evimizin əziz qonaqları olan o bir cüt qardaş, hər şeydən əvvəl, Səməd Vurğunun oğullarıydı. Yusiflə Vaqif də bunu bilirdilər və deyəsən, bundan böyük ləzzət alırdılar. Amma bu “oğul” statusu onların hər ikisinin sənətdə müstəqilliyinə, bənzərsizliyinə qətiyyən mane olmadı. Arabir mətbuatda qəribə fikirlərə rast gəlirəm. Guya Səməd Vurğun gənc şairlərin inkişafına mane olur, onları təsir altında saxlayır. Azərbaycan poeziyasında Səməd Vurğundan Vaqif Səmədoğlu qədər fərqlənən ikinci bir şair yoxdu. Bir şair kimi öz doğma balasına mane olmayan Səməd Vurğun başqalarına necə mane ola bilər?!.

– Ümumiyyətlə, indi insan ömrünün orta həddi 70 - 80 il arasıdır. Belə götürəndə, Səməd Vurğun ən azı 20 il daha artıq yaşaya bilərdi. O, yaradıcılığının sonuncu mərhələsində əvvəlki illərdə yazdıqlarından fərqlənən bir neçə şeir yazıb. Bu şeirlərin ovqatı Sizə bir şey deyirmi? Yaşasaydı, Vurğun şeirinin çox fərqli imkanları üzə çıxa bilərdimi?

– Səməd Vurğunun 70 il əvvəl, 50 yaşında xərçəngdən öldüyü hamıya bəllidi. Amma, məncə, onun ölümünü sürətləndirən başqa bir səbəb də vardı. Bu, şairin ölümündən 3 ay əvvəl keçirilən, Xruşşovun öz çıxışında Stalini ifşa etdiyi XX partiya qurultayı idi. Xəstə şairin bundan necə sarsıldığını təsəvvür etmək çətin deyil. Bu sarsıntı yəqin onun 1952-ci ildə duyduğu sarsıntıdan daha dəhşətliydi. Çünki onda şairin öz həyatı təhlükədəydi, amma indi onun bir çox şeirlərinin baş qəhrəmanı olan, bütün ilhamıyla, istedadıyla vəsf etdiyi bir şəxsiyyətin adı, şöhrəti yerlə-yeksan olunurdu. Hətta xəstələnməsəydi də, onun bu sarsıntıdan zədəsiz qurtarması mümkünüydümü? Yenidən, ikinci dəfə “ölən şeirlərim” yazmağa onun əli gələrdimi? Məncə, yox. Ömrünün sonunda “Mən tələsmirəm” kimi dahiyanə şeir yazmasına baxmayaraq, mən o məşhur qurultaydan sonra bir başqa şairimizin - Rəsul Rzanın yaradıcılığında baş verən böyük keyfiyyət dəyişikliyinin Səməd Vurğunun yaradıcılığında da baş verə biləcəyinə az inanıram. Ona görə də, “Səməd Vurğun 20 il daha artıq yaşasaydı, şeirinin fərqli imkanları üzə çıxa bilərdimi?” sualına birmənalı cavab vermək çətindi. Və əgər yaşasaydı, bu, onun xoşbəxtliyi olardımı, yoxsa bədbəxtliyi? Bilmirəm...

-Ramiz, səmimiyyətinə arxayın olub sənə bu sualları verdim. Və cavabların da məni tam qane etdi. Minnətdarlığımı, lütfən, qəbul et.

“Azərbaycan” jurnalı

# 2234 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #