Xan bıçağım, Xaqan bıçağım... Xalq Yazıçısının yazısı

Xan bıçağım, Xaqan bıçağım... Xalq Yazıçısının yazısı
6 may 2014
# 14:15

Kulis.az Xalq Yazıçısı Mövlud Süleymanlının “Xan bıçağım, Xaqan bıçağım yazısını təqdim edir...

- Yox. Sən bilmirsən, bilmirsən əlində tutduğun nədi… Əlindəkini hiss eləmirsən.

Qardaşımın səsidi, əlli, altmış il öncə yaşadığım yaylaq həyatının dərinliklərindən gəlir...

...Çiyinlərimdən yapışıb silkələyir. Mən sümük saplı bıçağın tiyəsindən tutub qardaşımın indicə dərisini soyub on-onbeş metr aralı qantarğadan asdığı qoyun cəmdəyinə baxıram.

- At,- deyir qardaşım,- ürəkli ol. Amma daş kimi atma, bu bıçaqdı, bıçaq, yalama döyül. Bıçaq kimi at!

Sonra bıçağı əlimdən alıb özü atır. Sümük saplı bıçaq qoyun cəmdəyinin sinəsinə saplanır, tiyəsi görünməz olur.

- Bıçaq atmağı öyrənsən,-deyir,-addımların sərrast olacaq, qayım, bərk...addımlarını düz atacaqsan, dərslərini də yaxşı oxuyacaqsan, atı da yaxşı sürəcəksən. Böyüyəndə maşın alacaqsan aa, onda maşını da yaxşı sürəcəksən...Çünki sən bıçağın sancılmağını hələ əlindəykən, yəni atmamış biləcəksən. Bu yaşamağa hazır omaqdı.. Hazır ol.. Bıçağa diri kimi bax...Görürsən?-Bıçağı alıb gözümün qabağına tutur...-Əlinə alan kimi dirilir, tiyəsinə baax, ölür sancılmaqçün....

- Mən ətə bıçaq ata bilmirəm,- belə deyib başımı aşağı salıb susdum.

- Onda alaçığın yanındakı taxtaya at,-bıçağı mənə uzadıb yönünü alaçığa tərəf döndərir.-Əlinlə yox, bütün canınla at. Bıçağın necə gedib batdığını gözünün qabağına gətir. Mahnısını bilirsənmi?

Mən başımı tərpədib:

- Hə,-dedim.

- Mahnını oxuya-oxuya, at...! Ürəkdən oxu, onda sanca biləcəksən.

Sümük saplı bıçağı çiynim bərabərində qaldırıb tiyəsinə baxa-baxa oxudum:

On bıçağım yüz bıçağım

Çox bıçağım, az bıçağım,

Oğlan bıçağım, qız bıçağım,

Yağı gözünəəə!

-Bir də oxu. Çiyinlərini tərpədə-tərpədə oxu! Çiyinlərinə sal səsini!

Mən həmin ahənglə ardını oxudum:

Xan bıçağım, xaqan bıçağım,

Qəbzəsi al-qan bıçağım

Əyri yatağan bıçağım,

Yağı gözünəəə...!

Gözlərimi yumdum ,bıçağın taxtaya doğru getdiyini görürəm... Atdım,bıçaq taxtaya sancılmışdı...

Bu mətn, minilliklər boyu yaşayıb yaşatdığımız uşaqlarımız üçün olan “Bıçaq atma” oyunundandır. Nə yazıqlar ki, indiki yüzilliklərdə demək olar ki, unuduldu. XX yüzilliyin ortalarınacan yaşadırdıq, yaşayırdı...Oyunun böyüklərimizin öyrətdiyi “Əl üstü”, “Əl içi”, “Barmaqarası” “Dişdəmə”, “Ayaqüstü” yönləri vardı. Birinci yön- əlin üstüylə atıb sancmalısan. İkinci yön,- əlin içiylə, üçüncü yön,- dişlərinlə tutub atmalısan, dördüncü, ayağın üstünə qoyub atmalısan... Sonda yuxarıda dediyim mahnını oxuyub, “Yağı gözünə” deyən kimi bıçağı manşır-bəlli yerə sancmalıydıq, manşır yer də daha çox torpaq, üz-üzə durduğumuz dağ,-Böyük təpə olardı,- ora sancmalıydıq.

Amma qardaşım yan-yörəmizin yağı-düşmən olduğunu anlayıbmış, bayram günlərində kəsdiyi qoyunların dərisini soyan kimi birinci bıçağı cəmdəyə sancardı...Mən bunu indi anlayıram...onu da anlayıram ki, bıçaq atmağı yaxşı bacaranlar həmişə hər yerdə birinci olurdular; at sürməkdə də, maşın sürməkdə də, dərs oxumaqda da. Minilliklər boyu yaşayıb minilliklər boyu da uşaqlarımızın tərbiyəsində var olan bu oyunu indi itirdiklərimizin içində arayıb axtarmaqdayam...

“Yerişini, duruşunu bıçaq kimi kəsərli elə”, “Çox gülmə kəsərini itirərsən”, “Bıçaq kimi kəs, amma bıçaq kimi də dinməz ol”, “Bıçaq qurd ağzı bağlayar...” bu kimi deyimlər niyə, nə üçün yaranmışdı? Bu sorunun da bircə cavabı var, düz, doğru, halal, qorxmaz, igid, ağıllı uşaqlar böyütmək üçün...İndi özümüzlə bağlı tarixləri xatırladıqca yaddaşımıza yayılan dad-tam da ona görədir...

İllər keçdi, mən “Bıçaq oyunu”nun yaddaşımda qalan qırıntılarını toplayıb, bərpa edib işlədim, həmişə də oyun bıçaqları yanımda oldu, gizlin, daldey yerlərdə tuşqula ( nişangah- mişen-hədəf) atdım, indi də atıram, bu yaşımda da elə bilirəm bıçaq əlimdən yox, içimdən çıxır. İndi bərpa edib işlədiyim düzgünü,- oyunun sözlərini tam-bütöv şəkildə qulluğunuza təqdim edirəm.

Ey bıçağım! E-hey bıçağım!

Xan bıçağım, bəy bıçağım.

El bıçağım, ev bıçağım,

Əz bıçağım, əy bıçağım

Öy bıçağım, söy bıçağım

Döy bıçağım, dəy bıçağım,

Yağı gözünə!...

Çox bıçağım, az bıçağım,

On bıçağım, yüz bıçağım

Oğlan bıçağım, qız bıçağım,

Əyri bıçağım, düz bıçağım

Əz bıçağım, kəs bıçağım,

Söz bıçağım, səs bıçağım

Yağı gözünə!...

Bıçağım mənnən qurulu,

Binədən, binnən qurulu,

Qəbzəsi qınnan qurulu.

Önündə düşmən qırılı,

Yağı qanıyla durulu.

Tiyəsi haqqa burulu,

Xan bıçağım, xaqan bıçağım,

Əyri, yatağan bıçağım,

Yağı gözünə...

***

Bəs belədirsə niyə yer üzü bizi olduğumuz kimi tanımır və yaxud tanımaq istəmir? Özümüzün niyə özümüzə inamımız yoxdu? Biz bu inamı harda itirmişik? Özümüzə bəslənən bu inam indimizə niyə qalmayıb...Minilliklər, yüzilliklər boyu yaratdıqlarımızı niyə görmürük? Bizi tanımaq istəməyənlər bir yana, bəs özümüz özümüzü niyə tanımırıq? Bəlkə bütün bunlar tərbiyəmizə, böyüməyimizə dəxli olan bu cür şeyləri itirdiyimizə görədir....

Əlbəttə, bu suallar insana həmişə verilir, fərqinə varan oldu-olmadı, bütün həyatı boyu bu sorular ondan bir addım öndədir, ona görə də tam cavab vermək çətindir. Yaşın da elə vaxtıdır ki, nəinki yazılanların, hətta deyilən sözlərin belə, bircə-bircə hesabını aparmaq qalır adama...Yəni, bu dövrlərdə insanın özündən asılı olmayan yır-yığışı başlayır. İndi mən bu yır-yığışda onu anlayıram ki, əslində mənsub olduğum və sevib qanım kimi dərindən tanıdığım bu xalqı yer üzünə dəyərincə, heç olmasa layiq olduğu qədərində tanıdıb anlatmadıq; Bilmədik, gəldiyimiz dünyanın ən dərin qatları haradır... Öz qapımızın səmtini özümüz də itirdik, aça bilmədik ki, içəri girən qapımızdan girsin, bacamızdan yox... Çox vaxt, qapı açanda da yuxarıdan açdıq, başımızın üstündən... gələn yuxarıdan gəldi, çox vaxt ayaq altda yaşamağımız da ona görədir... Xalqın öz sözüdü, “yedəyə getdik”, başımıza gələnləri görsək də, görüb anlasaq da özümüzü o yerə qoymadıq, təhlil aparmadıq, araşdırmaları yazmadıq, tapşırılanları yazdıq, ələ baxdığımız üçün doğrunu gizlətdik. Şəkildən şəkilə düşdük. Yenə XALQIN öz dediyiylə deyək; “hər şeyə oxşayan heç nəyə bənzəməz”

El arası deyimlər, adətlər...

El arasında deyərlər,“Köhlən at başınnan, insan dilinnən bağlanar”, “Çoban gözüylə at al, qoca gözüylə qız...”, “Elini hürküt, ağsagına yapış”, “Qapıdan çıxmayan kosanın yaşı bilinməz”, “İt sözünü quyruğuyla deyər...”, “Xırman ətəyinnən, bostan tağınnan bilinər”, “Dəyirmanda doğulan siçan göy gurultusunnan qorxmaz.” “Dananı dingildədən xayasıdı”, “Mən getdim gəlin görməyə, gəlin getmişdi təzək dərməyə...”

Deyərlər, yuxudan gec duran gəlinin buzovu arxacda qalar”.İş bilməyən,tutamasız adamlar üçün deyərlər, “axşamnan yeriha yeri, saban namıdan geri”....

***

Aranda xırman ayıdı, yaylaqda ağartı ayı... Təzə evə köçərkən, köhnə evin ocağından od götürərlər.

Toy günü qız evi oçağa gözətçi qoyardı ki, oğlan evi ocaqdan köz oğurlamasın...El arası deyərlər: evin bərəkəti ocağındadır.

Deyərlər, hansı ocağın közü dik durdusa o ocağa qonaq gələcək. Deyərlər, gilas ağacının qabığı çıraq kimi yanar. Ona görə də xonça gətirəndə gilas ağacının qabığıyla işıqlandırardılar.

Odla sarılıq xəstəliyini sağaldardılar. Çaxmaq daşını çalıb xəstənin gözü qarşısında tez-tez qığılcım oynadardılar...

Durnalar köç edib elin-obanın üstündən keçəndə aşağıdan uçarlarsa, deyərlər, qış soyuq, sərt keçəcək, hündürdən uçarlarsa qış yumşaq olacaq.

Qışın sərt keçəcəyini arılar da bildirir, yuvalarının ağzını yüngülcə qapayarlarsa qış isti, yumşaq keçər, bərk qapayarlarsa sərt, soyuq keçər,...

Ağaclar, xüsusən çinar ağacı yarpaqlarını başından tökərsə qış soyuq keçməlidir.

Qış sərt gələcəksə o il qoyunların yunu sıxlaşıb qatılaşır. Belə olarsa ağıllı çobanlar qoç vaxtı olsa da sürüyə qoç qatmazlar. Ona görə də belə deyim var, “dölü gecikdir”,yəni elə etmək lazımdır ki, döl ayı-doğum ayı qışa düşməsin, yaz aylarına düşsün... Qış quzusunu böyütmək çətin olur.

Qoyun tələsə-tələsə yeməyə başlayırsa bil ki, çovğun, boran yaxınlaşır.

Ağ daş, qara daş...

Qara, ağır, cingiltili daşları hörgüyə hörməzdilər, el arasında deyərdilər, qara daş yurd daşı deyil, qoysan da yurdda qalmaz...Yerini dəyişəndi. Uşaq vaxtı hərəmizin bir bəlli qara daşımız vardı, manşırlayıb-nişanlamışdıq ki, görək yerini dəyişəcəkmi. Amma görə bilmədik, qara daş yaddaşımıza ilişib eləcə qaldı, yerini dəyişən özümüz olduq. Çox yəqin ki, gözəl şairimiz Musa Yaqub da yaddaşında qaldığına görə deyir:“Bu dünyanın qara daşı göyərməz...”

Əslinə qalanda yarandığımız gündən daş ağlı-qaralı yoldaşımız olub, ona sığınmışıq, Yeri gələndə silah-yaraq kimi işlətmişik. Qobustan qayalıqları, qayaüstü rəsmlər minilliklər boyudur bizim itirib unutduğumuz sözləri söyləməkdədir...Deyərlər, qara daş o qədər sərtdi ki, sərtliyindən üstünə bərk qışqırsan çatdayar. Deyilənə görə, qara daşlar gözə-nəzərə də dözmür...Uğursuz, şərə sevinən,qara fikirli adamlara deyərlər: “üzünə daş yamansın”, gözü götürməz adamlara da: “ gözünə daş”, deyərlər...

Çaxmaq daşı da var, o da hörgü üçün yararlı deyil, bir-birinə vuranda od saçar, qığılcım üçün işlədilər. Böyüklərimiz bizi dağa-daşa göndərərdilər ki, çul daşı yığın, çox təəssüf ki,çul daşının nəyə lazım olduğunu unutmuşam, görünür, o vaxt da bilməmişəm, yoxsa unutmazdım...Onu bilirəm ki, çul daşı boyundan, çəkisindən qat-qat ağır olurdu. Bəzi bölgələrimizdə indi də işlədilən belə ifadələr var: “Çul kimi sərildi...” “Çulunu sudan çıxartdı...”, “Dəvə böyüyər, çulu böyüməz.” “Ağzına çullu dovşan sığışmır...” “Qulun yeri çul altında olar...”

El arasında deyərlər, Babadağının ağ daşlarını suya sal, bu daşların suyu qızdırmalı, titrətməli xəstələrə dərmandı... Bu daşlardan un çuvalına qoyardılar ki, bərəkətli olsun, qıtlıq, aclıq olmasın. Süd sərnicinə (süd qabı) də o daşlardan atardılar, sonra çıxardıb qatıq çalardılar, qabı isti olsun deyə büküb üstündə oxuyardılar.

Qum kimi quyruuul (qıvrıl) yat,

Saman kimi soyruuul (sovrul) yat...

Quraqlıq düşəndə bu daşları bir qab suda saxlayardılar, sonra ayaqyalın, başı açıq oxuyub oynayardılar.

Çax daşım, çaxmaq daşım,

Yağış gətir, yağ daşım...

Yağış aramsız olandasa, ocağa daş qoyub daş dağılana kimi yandırardılar...

Körpüyə, bulağa hörülən daşlar el arasında sınaqlı sayılır, ona görə də toxunmazlar...

Hörmətli alimimiz Zaur Həsənov stolüstü kitabıma çevrilmiş, “Çar skiflər” əsərində yazır: Bizim eradan əvvəl 111 əsrdə Filarx skiflərin həyatından maraqlı bir adəti təsvir edir: “Skiflər yatmazdan əvvəl oxqabını götürür və əgər həmin günləri kədərsiz, uğurlu keçibsə oxqabına ağ daş, uğursuz keçibsə qara daş atırdılar. Hər bir şəxsin ölümündən sonra onun oxqabını boşaldıb daşları sayırdılar: əgər ağ daşlar çoxluq təşkil edirdisə ölən adam xoşbəxt-yaxşı yaşamış sayılırdı. Xoş günümüz ox qabından çıxır, məsəli də burdan yaranmışdır”.

Zaur Həsənovun bu dəyərli əsərini oxuyandan sonra araşdırmalarıma, daha doğrusu, yaddaşıma bir də qayıtdım, daşlarla bağlı inanclarımızı, deyimlərimizi, məsəllərimizi yazıb araya ərsəyə gətirməyi gərəkli saydım.

El arasında “Daşatma” adəti də olub. Elliklə yığışıb kiminsə daşını atardılar. Yəni dediyimiz bu “kimsə” El adı batırandırsa, satqınlıq edib yurd satıbsa, dostunu darda qoyub qaçıbsa, buna görə də Elə - Obaya xətər toxunubsa yığışıb onun “daşını atardılar”... Bu çox ağır cəza idi; dediyim bu “Kimsə” də ona atılan bu daşların altında üzünü döndərib çıxıb gedərdi, bir də qayıtmazdı. Eldən “dışqarı “ olardı. Ona görə də dilimizdə indi də tez-tez işlədilən belə ifadələr var: “mən onun daşını atdım...”, “onun daşı çoxdan atılıb...” “Eldən dışqarı adamdı”.

Son dövrlərə qədər, yəni bizim uşaqlıq çağlarımızda belə bir oyun vardı: beş-on dənə ağlı-qaralı daşları qarşımıza səpələyir, gözlərimizi yumub: “Ağ daş, qara daş, Allah mənə bir yoldaş”...- deyə-deyə ağı-qaradan seçməliydik.

Ağ daşları kim çox seçərdi, oyunu udmuş hesab olunurdu.

“Mənim daşım ağırdı” ifadəsi də var, mənə elə gəlir ki, “ heç kəsin gözü məni götürmür”, “hamı paxıllığımı çəkir” mənalarında işlədilir...Belə də deyirlər, “gəl, daşı ətəyindən tök...” Uşaq vaxtı yağışdan sonra üfüqlərdən asılan göy qurşağına çatmaq üçün ətəyimizə daş doldurub üfüq boyu çox qaçmışıq. Nənələrimiz deyərdi ki, qurşağa çatsanız ətəyinizdəki daşlar qızıl olacaq. Biz də yağışdan sonra: “Nənə qurşağı əlimnən tut”, deyə-deyə şehli yamaclar boyu yorulub “əldən-dildən” düşənəcən qaçardıq.

Bir də deyərdilər, ilin ayın axır çərşənbəsində, yəni çox-çox qədim adıyla desək, İl-Ay gecəsində atlar bir kərə gövşəyirlər, başqa vaxt atlar gövşəməz. Kim ətəyinə daş doldurub atın gövşəməyini görsə daşları qızıl olacaq. Beləcə, gözləyənlər çox oldu, səhəri, ətəyində daş, diri gözlə qarşıladılar, atların gövşəməyini görən olmadı. “Daşı ətəyinnən tök”, “at gövşəməz”, məsəli də güman ki, ona görə yaranıb...

***

Belə deyirlər ki, bir ana qızını köçürdəndə cehiziylə yanaşı cibinə də daş qoydu: “Bax bu daş dinsə, sən də dinərsən”. Gəlin getdi ər evinə, bir müddət dinib danışmadı. Gördülər, gəlin danşmır, elə bildilər laldı, gedib üstünə təzə gəlin gətirdilər. Köhnə gəlin süd asmışdı, özü də çıxıb oturmuşdu taxtın üstündə, cibindəki daşı da ovcunda tutmuşdu. Təzə gəlin gördü süd daşır, dedi:

- Ay lal gəlin, kar gəlin, südün daşdı, düşürsənə.

Köhnə gəlin gözlənilmədən dilləndi:

- Tumanı yəhər qaşında,

Gözü ocaq başında

Durub düşürsənə...

Təzə gəlin ocağı söndürməyə yox, qışqıra-qışqıra həyətə qaçır:

- Muştuluğumu verin, köhnə gəlin danışdı!

Köhnə gəlinin sirri açılır; daşı cibindən çıxardıb tullayırlar...

***

Daşlarla bağlı mənim bu kiçik tədqiqat işimi hər halda rus transkripsiyasıyla yanlış olaraq skif kimi oxunan işquz-oğuzların inancı ilə bir hesab edir, minilliklərdən sonra da Azərbaycan türklərinin həyatında adət-ənənəsində yaşadığı qənaətinə gəldiyimə görə sevindiyimi, qürur duyduğumu bildirirəm...

# 2269 dəfə oxunub

Müəllifin son yazıları

# # #