Azərbaycanlı yazıçının beynəlxalq müsabiqədə qalib olan hekayəsi - Mətn

Azərbaycanlı yazıçının beynəlxalq müsabiqədə qalib olan hekayəsi - Mətn
9 sentyabr 2019
# 17:33

Kulis.az il Reyhan Yusifqızının Avrasiya Yazarlar Birliyinin V Beynəlxalq Mahmud Qaşqarlı hekayə müsabiqəsinin Azərbaycan üzrə qalib olmuş hekayəsini ilk dəfə olaraq təqdim edir.

Şah İsmayıl Xətainin 1501-ci ildə Bakını fəth etməsi ilə bağlı tarixi faktlar əsasında

Susuz, qumsal aləmin ortasındakı balaca həyət sanki behiştin bir guşəsi idi. Həyətin küncündə xartut ağacının yanında bağara ilə işləyən quyu vardı. Qamışdan çəkilmiş mərzə dırmaşan üzümlükdən uzadılmış gömgöy meynələr həyət boyu narın qızılı qumun üstünə sərilmişdi. Divarların dibində və səki boyunca əkilmiş qızılgül kollarının rahiyəsini yüngül meh ətrafa yayırdı. Qarşıda həyətuzunu alçaq əncir ağacları düzülmüşdü. Qumsal, qupquru sahədə bu gözəlliyin yaradılması lap möcüzə idi.

Şıx kəndinin yastı damlı daş evlərindən birinin həyəti idi bura.

O, əncir ağaclarının arasından çəkilmiş ipə paltar sərirdi. Qağayı kimi ağ paltarları çırpıb sərə-sərə zümzümə edir, işini zövqlə görürdü. Hörükləri əl-ayağına dolaşmasın deyə belinə - gen tumanının lifəsinə sancmışdı. Əlləri, ayaqları Şirvan kəkliklərinki tək al rəngdə idi. O, sadə çit köynəyinin dəyirmi yaxasında çəhrayı əqiqdən həmayıl olan gözəl bir kənd qızı idi. Küləyin oxşadığı, günəşin qaraltdığı şümal dərisi, yaxasındakı əqiq kimi çəhrayı yanaqları vardı.

Onun mahnısı yoldan keçən dərvişin diqqətini çəkmişdi. Əvvəlcə mərzə dırmaşmış meynələrin arasındakı deşiklərdən sadə geyimli gözələ baxan cavan yolçu hasar boyu hərlənərək cəftəsi vurulmamış taxta qapını tapdı və qapı ağzından heyran-heyran qıza tamaşa etməyə başladı.

− Bismillah, dərviş ağa! Yamanca qorxutdun məni! Bir səsini çıxarsana!

Ev Bibiheybət pirinə aparan yolun üstündə olduğundan çox gəlib-gedən görmüş Şıx qızı özünü itirmədi. Qarşısındakı adam cındırından cin ürkən, saç-saqqalını, qaş-kipriyini qırxan kirli-paslı, bitli-sirkəli başqa dərvişlərə bənzəmirdi. Əyninə dizinə qədər uzanan təmiz, qar kimi ağ köynək, üstündən xirqə geymiş, başına mahuddan çalma papaq qoymuşdu. Uca boyu, işıqlı siması, incə vücudu vardı. Ələvilər haqda çox eşitmiş arif qız yolçunu görən kimi onun ələvi dərviş olduğunu başa düşdü.

Bu yerlərdə dərvişlərə hörmətlə yanaşardılar. Qorxardılar həm də. Amma qız qorxmadı. Odur ki, pirin həyətindəki böyük tut ağaçının kölgəsində toplaşanlara qoşulub zəvvar gözləyən babasını çağırmaqdan vaz keçərək özü onun qarşısına yeriyib xoşgəldin elədi.

− Buyur içəri, ağam.

Dərviş təmiz və səliqəli həyəti gözdən keçirdi.

− Qonağınız çoxmu olur? – o, Bibiheybət pirinə gələn zəvvarları nəzərdə tuturdu.

− Şükür, olur.

− Olsun, olsun!

− Allah ağzından eşitsin, ağzın fal olsun, dərvişim, − zirək qız dil-ağız elədi.

Araya sükut çökdü. Dərvişin ona zillənən baxışlarından sıxılıb utanan qız cəld hörüklərini belindən açdı. Cığalarını sığallayıb soruşdu:

− Nə istəyirsən, dərviş? Pal-paltar...

− Saraylara layiq gözəlin bir xoş baxışı, bir şirin sözü bəsimdir.

Qız sola-sağa yırğalanıb nazlandı. Hörüklərinin ucunu didişdirdi.

− Dərviş ağa, sənin belə sözlər demən yasaqdır...

Dərviş qəhqəhə çəkdi:

− Adın nədir?

− Nəsrin...

– Nəsrin! Demək bu çiçəklərlə adaşsan. − O, səkidəki qızılgülləri göstərdi. – Bir içim su verərsən?

Qız quyunun yanında ətrafı yaş olan sərnicdən su töküb mis parçı ağzına kimi doldurdu. Gətirib dərvişə verdi.

İçdi. Vücuduna sərinlik yayıldı:

− Nə sərin sudur. Həm də şipşirin. Elə bil bulaq suyudur.

− Elədir. Bu quyunu rəhmətlik atam qazıb, suyu dərindən çıxır.

− Atana rəhmət. Sağ ol. Mən Mustafayam. Divanə Mustafa... Evsiz-eşiksiz, könlü viran abdalam mən. Yatağım yaradanımın xəlq etdiyi çöllər, yeməyim ot-ələfdir. − Dərviş təmkinlə, aram-aram danışırdı. − Ələvi qardaşlarımdan ayrı düşdüm.

− Yolun hayanadır?

− Bakı qalasına, Şirvanşahların qış sarayına gedirəm. Nəqiblər nəqibi Seyid Yəhya Bakuvinin qəbrini ziyarət edəcəm, müridləri ilə görüşəcəm.

Dönüb getmək istəyəndə qız onu saxladı:

− Gözlə, sənə çörək gətirim. Səhər təndirdə yapmışam.

Qız qaçıb evə girdi. Dəsmalın arasında çörək qayıdanda dərvişi dalğın gördü. Onun rəngi nədənsə qaralmışdı. Dalıb uzaqlara, səmanın sonsuzluğuna baxırdı. O, çörəyi alıb hasarın dibində çöməldi. Dizlərini qucaqlayıb başını əydi, çənəsini bu dizlərə söykəyib fikrə getdi.

Qız təəccüblə ona baxır, halındakı dəyişikliyin səbəbini anlamağa çalışırdı.

Nəhayət, dərviş öz aləmindən ayrıldı. Başını qaldırıb qarşısındakı qıza baxdı. Çörəkdən bir dişlək alıb ağır-ağır dedi:

− Bu yerlərdə çoxlu qanlar töküləcək, nəfəslər kəsiləcək... Qardaş-qardaşı qıracaq. Övladlar atasız, arvadlar ərsiz qalaçaqlar...

Qız özünü itirdi. Qorxudan dil-dodağı təpidi.

− Ağzından yel alsın, dərviş ağa! Necə dilin gəldi?! Verdiyim çörəyi halal eləmərəm!

− Əstağfürullah! Mən kiməm, nə karəyəm ki küfr eləyim? Mən həqq yolunu axtaran bir ərənəm. Xaliqin dərgahına boylanaraq günah edən bir bəndəyəm.

Heç zaman ayrılmadığı həmayılını boynundan çıxarıb dərvişə uzatdı:

− Qurbanın olum, götür bunu, get buradan! Qada-balanı da özünlə apar!

Dərviş başını buladı:

− Mən ərənlərin gerçəyiyəm. Dünya malında gözüm yox. Özünü gözlə, qız! Qoy Bibiheybət piri yar olsun sizə...

O getdi.

Bircə dəfə dişlədiyi çörəyi oturduğu yerdə qoymuşdu...

***

Bu şəhərdə hasarlı həyətlər yox idi. Bir-birinə sığınan evlər divar-divara tikilmiş, əyri, dar dalanlarla birləşdirilmişdi. Qəbiristanlıq şəhərin lap yanında olsa da, evlərin böyründə də qəbirlər vardı. Sanki ölənlərindən heç ayrılmaq istəmir, yanlarında saxlayırdılar.

Bu dalanlardan biri ilə dulusçu Pirverdi evinə tələsirdi. Yaman fikirli idi.

Dulusçunun bir çətən külfəti vardı. Arvadı, iki oğlu və qızını ac qoymaz, ailəsinə yaxşı baxardı. Sənək, bardaq, kuzə, naxışlı küpə və kasaları, gildən düzəldilmiş şirli qabları o, geniş həyətində, ikimərtəbəli kürələrdə bişirirdi. Aşağı qatda od qalanır, üst gözə qab-qacaq yığılırdı. İki balaca otaq və həyətdəki rəflərə düzdüyü hazır məmulatı hər gün tezdən eşşəyə yükləyib şəhərin girəcəyində, karvansaranın qabağında yerləşən bazara çıxarırdı. Burada onun balaca bir dükanı vardı. Baqqal, papaqçı, bəzzaz, zərgər, xarrat, dəmirçi, xalçaçı və başqa sənətkarlar kimi mallarını dükanın qabağına düzüb müştəri gözləyərdi. Satıb əvəzində buğda, arpa, düyü və başqa mallar alırdı. Həm yaxın kəndlərdən, həm də karvanla uzaq ellərdən gələn tacirlərlə alver eləyirdilər. Limandan Moskva knyazlığına, Həştərxana, Orta Asiyaya, Xəzərin cənub sahillərinə neft, duz, həmçinin müxtəlif mallar daşınırdı.

Pirverdinin dəniz kənarında xırdaca bir evi, əncirli, üzümlü balaca bir bağı da vardı. Yayı külfətini ora köçürər, uşaqlar qızmar günəş altında yetişmiş ağ, qara şanıdan, şirəli əncirdən doyunca yeyərdilər. Xeyransa isə qışa hazırlıq görərdi. Üzümdən mövüc, kişmiş, döşab hazırlayır, günün qabağında yağtikan üstündə əncir qurudub nüskəndə, qaynadıb qurutmaqla şirbədüşəndə, əncir doşabında uşaqların çox sevdiyi ədəvalı zincilfərəc bişirir, tut qurudur, əncir və ağ şanıdan mürəbbə qaynadırdı.

Dulusçu Pirverdinin oğlanları hər gün mollaxanadan evə qayıdar, analarının bişirdiyi yeməkdən yeyib bazara, atalarına köməyə gedərdilər. Mallara baxır, müştəri çağırır, satılan malları tərifləyirdilər. İndi Pirverdi malları uşaqlarına tapşırıb, bir tikə çörək yemək üçün evinə gedirdi.

Əslində o, arvadı Xeyransanı görmək və eşitdiyi xəbərləri ona danışmaq üçün evə tələsirdi. Axşama kimi gözləyə bilməmişdi.

Pirverdi həyətə girəndə arvadı və altı yaşlı qızı qonşusu zərgər Səfiqulunun arvadı Xırdaxanımla birlikdə həyətin ortasındakı qollu-budaqlı, yüzillik püstə ağaçının altında, nimdaş palazın üstündə oturmuşdular. Dolğun bədənli, başına vurduğu dingənin altından qoşa hörükləri az qala topuğuna çatan Xeyransa döyülmüş əti qabağına qoyub xırda tənək yarpaqlarına boğça kimi bükür, sapa düzürdü. Qarşısında bacılığı Xırdaxanım ikibalaq tumanını sərərək bardaş qurub oturmuşdu, əlindəki mis qəlibə keçirdiyi al məxmər araqçına güləbətin düzürdü. O əsl zərgər arvadı kimi qırqızılın içində idi. Danışanda mahir usta əli ilə işlənmiş əlvan minalı, zərif şəbəkəli qırxdüymə sirğalarını tərpədirdi. Dizlərini qucaqlayıb oturmuş qızcığaz arvadların ardı-arası kəsilməyən söhbətlərinə qulaq verir, buyruqlarını yerinə yetiridi.

Pirverdi həyət qapısının arxasında dayanıb qəsdən öskürdü. Arvadlar dikəldilər. Xırdaxanım kəlağayısını burnunun üstünə çəkib həya elədi:

− Mən daha gedim...

O cəld iynə-sap boğçasını yığdı və içəri keçən Pirverdinin böyründən sivişib çıxdı.

Xeyransa düzdüyü dolmaları tələsik qazana salıb ocağın üstünə qoydu. Palazın üstünə çökmüş ərinə altdan-altdan baxırdı. Zəfəranlı-ədvalı, ətirli halvanı yuxanın arasına qoyub ərinə verdi. Pirverdi boğazını arıtladı:

− Zəmanə yaman pisdi, ay Xeyransa...

− Ürəyimi qoparma, a kişi! Yoxsa uşaqlara...

− Uşaqlara bir şey olmayıb. Zəmanəni deyirəm, dünyanın işlərini. Qırılmışlar qoymur bir tikə çörəyimizi rahat yeyək. Ərəbi gedir, monqolu gəlir, monqolu gedir, osmanlısı gəlir, osmanlısı gedir, səfəvisi gəlir!

Xeyransa döşəkçə atıb əri ilə üzbəüz oturdu:

− Kim gəlir ki?

− Deyirlər Ərdəbil tərəfdə bir şeyx oğlu şah peyda olub. Peyğəmbər nəslindəndir, özü də bizim padşahla qanlıdırlar.

− Qanını almağa gəlir? – Həyəcandan Xeyransanın boğazı qurudu.

− Hə.

− Bəs bu camaatın nə günahı? Dili dilimizdən, dini dinimizdən. Yəni bizi qıracaq?!

− Məsələ bir az ayrı cürdü, arvad. O, dində nəsə dəyişiklik eləyib. Bizdən də bunu istəyir.

Xeyransa bir az fikirləşdi:

− Padşahımız bu işə nə deyir?

− Sarayda aləm dəyib bir-birinə. Qoşun ayaq üstədi. Qalanı möhkəmləndirirlər. Hər saatda meydana qasid gəlir, şahın əmrlərini gətirir. Oxşayır ki qoşunyığdı olacaq, dava başlayacaq.

− Allah, məni öldür! − Xeyransa dizinə döydü. − Bizim uşaqlar hələ balacadırlar, a kişi...

− Mən gedəcəm, ay arvad. Elin bu günündə gərək biz də nəsə eləyək, papağımız var başımızda. − O udqunub titrək səslə dedi. − Uşaqlarımdan muğayat olarsan....

***

Qoşun irəliləyirdi.

Qabaqda ələmlər, at quyruğu vurulmuş və üzərində bədirlənmiş ay təsviri olan yaşıl bayraq aparırdılar. Qoşunun önündə ağ at üstündə cavan sərkərdə şəstlə gedir, qızılbaş qazilər arxasınca gəlirdilər. Onların hər biri şeyx oğlu şah yolunda, din-əqidə, məzhəb yolunda, sünni-yezid hesab etdikləri Şirvanşahlardan qisas almaqçün canını verməyə hazır idi. Hicazi dəvələr hökküldəyir, ərəb atları kişnəyir, yeddi boyun öküz qoşulmuş yük və azuqə arabaları cırıldayırdı. Qırx boyun öküz qoşulmuş mancanaq-top arabaları lap arxada gəlirdi.

Qoşun Xəzərin sahilləri ilə irəliləyirdi...

Nələr görməmişdi Xəzər? Ləpədöyəndən, sahillərindəki qum təpələrindən, yerin bağrına sancılmış qayalardan kimlər gəlib keçmişdi? Daha nələrə şahid olacağını hələ bilmir, amma hiss eləyirdi... Səmada közərən günəşin qızılı yol saldığı, par-par yanan sular təlatümə gəlir, ləpədöyənə çırpılıb bəyaz köpüyə çevrilirdi.

Qarşıda üzüm bağları göründü.

Yaz idi. Meynələr puçur-puçur dolub çırtlamış, uzanmışdı. Açıq rəngli təzə yarpaqlar par-par parıldayırdı.

Sərkərdə dayandı. Çevrilib qoşununu seyr etdi. Addım səslərinə qarışmış nizə, qalxan, qılınc cingiltilərini dinlədi. Qarşıdakı ağır döyüşdə görəsən onların neçəsi can qoyacaqdı? Möhkəm Bakı qalasını – Şirvanşahların qüdrətli qış iqamətgahını almağın o qədər də asan olmayacağını bilirdi gənc sərkərdə.

Qoşun yolundan dönə bilməzdi. Yol isə üzümlüyün içindən keçirdi. Neçə ayların əziyyəti ilə əmələ gəlmiş, neçə ailəni yedizdirəcək meynələr tapdaq altda qalıb məhv olmalı idi.

Mustafa meynələrin arasında yerdə oturmuşdu, təzə yarpaqlardan çeynəyib yeyirdi. O qalxıb gənc sərkərdənin önünə keçdi.

− Ey dəli dərviş, heybəndəki nədir?

− Kitablar.

− Nə öyrəndin onlardan?

− Nə öyrəndimsə, elə onlardan öyrəndim.

− Dinin, məzhəbin nədir sənin?

Dərviş başını çevirib ay təsvirli yaşıl bayrağa baxdı:

− Dinimiz də, məzhəbimiz də birdir, ağam. Hu.... Ya Rəhim...hu... ya Rəhman... hu... ya Cabbar... hu... ya Qəhhar...

− Yaxşı, buralarda nə işin var?

− Qala-şəhəri dolaşdım, ağam.

− Nə deyir əhali? Məzhəbimizi qəbul edirlərmi?

− Onlar şeyximizin məzhəbindən baş aça bilmir.

− Deyirlər qala çox möhkəmdir.

− Bəli, ağam. Quş da uçub içəri keçə bilməz...

− Biz yolunu taparıq. Ya Allah.

− Bu dünyada həmişə qaçan da Allah deyib, qovan da. Əfv et, ağam, amma onlar öz məmləkətlərindədir, bizimlə də işləri yoxdur.

− Onlar yeri-göyü yoxdan xəlq eləyən Allahın buyurduğu yolla getməyiblər. Göndərdiyi rəsulun xələflərinə inanmayıblar. Din, məzhəb yolunda çarpışacağıq. Tək olan Allah kimin tərəfindədirsə, o da qalib gələr.

Qoşun dərvişin yanından ötüb üzüm bağlarına girdi. Sel kimi axdı. Bakı qalasına doğru irəlilədi...

Tapdalanıb məhv edilmiş bağların yanında Mustafa kitabları qarşısına töküb vərəqləyir, beynini deşən suallara cavab axtarırdı. Birdən ona elə gəldi ki, mavi suların çırpıldığı qayanın arxasından kimsə baxdı. Hənirti, səs eşitmədi, yalnız hiss elədi. “Kim var orda?” - bağırdı. Kimsə kölgə kimi sürüşüb qayanın o biri tərəfinə keçdi. “Kimsən?” Mustafa dərvişlərə məxsus təmkinini itirib hövlnak yerindən qalxdı, “yoxsa sənsən?” – pıçıldadı. Ö, dəli kimi qayanın yanına qaçdı. Orada heç kim yox idi. Kölgə qarşıdakı qum təpəsinin arxasına sürüşdü. Quma bata-bata ora cumanda onunla gizləqaç oynayan sanki xəyal olub suya girdi. Gecə düşənə qədər Mustafa ora-bura qaçdı. Qışqırdı, çağırdı. Papağı başından düşdü, başmaqları ayağından çıxdı. Gah suya girdi, gah qayaların üstünə dırmaşdı, gah qum təpələrini axtardı. Heç kimi görmədi. Nəhayət, huşunu itirib sahildə arxası üstə yıxıldı...

***

Yeddi gün Bakı qalası mühasirədə saxlandı. Qala çox möhtəşəm və uca idi. Üçqat möhkəm divarla, bir tərəfdən dənizlə, quruda isə geniş və dərin xəndəklə əhatə olunmuşdu. Dairəvi deşikli, uzun mazğallı qüllələri vardı. Dənizə baxan səmtində başı buludlara dəyən qız bəkarətitək alınmaz Qız qalası ucalırdı. Bərk-bərk bağlanmış Qoşa Qala qapısının qabağında, qədim Bakının rəmzi olan öküz və şir həkk olunmuş tağlı darvazanın yan qüllələri altında səpələnmiş qızılbaş qoşunu dönə-dönə hücum etdi. Qədimdən Şirvanşahlar xanədanına sədaqətli olan bakılılar mətanətlə, inadla vuruşurdular. Aralarında qız-gəlinlər də vardı. Onlar istehkamlarının alınmazlığına, böyük silah, müdafiə ləvazimatı və ərzaq ehtiyatına güvənirdilər. Qalın divarların üstündəki mazğallardan oxlar leysan kimi yağırdı.

Arasıkəsilməz hücumlar nəticəsiz qaldı, divarları yarmaq üçün mancanaqlar, divarı aşmaq üçün nərdivanlar da işə yaramadı. Amma şir kimi vuruşan bakılılar mühasirəçilərin şimal tərəfdən, qala bürclərindən birinin altından lağım atmasından xəbərsiz idilər...

Heç kəs bilmirdi ki, həmin vaxt nə şirvanşah, nə də oğlu şəhərdə yox idi. Şəhərin müdafiəsinə şahzadənin mərd arvadı başçılıq edirdi...

Qızılbaşlar lağım atıb şimal bürcünün iri daşını partladanda da bakılılar özlərini itirmədilər, divardakı yarığı çadır keçəsi ilə tutub müdafiəyə davam etdilər.

Qalanın alınmadığını eşidən şeyx oğlu şah böyük qoşun hissəsi ilə köməyə gəldi. Özü qoşunun başına keçib qala ətrafındakı xəndəkləri daşla doldurmağı əmr etdi.

Xəndəklər doldurulub yerlə bərabərləşəndə Səfəvi qoşunları qala üzərinə sel kimi axıb özlərini savaşa atdılar. Ozanlar çaldı, kəranayın cəngi səsi döyüşçüləri ruhlandırdı. Onlar qala divarına dırmaşıb yaşıl ələmi bürcün üstünə taxdılar. Şəhərin bütün qüllə və darvazaları önündə qanlı vuruşlar getdi. Bakılılar təslim olmadılar. Hər dalan, hər döngə, hər ev üçün çarpışdılar.

Şəhər, nəhayət, məğlub oldu. Qılıncların cingiltisi, bağırtılar şəhər alınandan xeyli sonra da hələ kəsilmədi. Qırğının qabağını almaq üçün Bakının yetmiş nəfər mötəbər şəxsi, əllərində Quran, boyunlarında qılınc, kürəklərində kəfən şeyx oğlu şahın hüzuruna gələrək aman istədilər...

***

Gün batmışdı. Dərviş Mustafa qala divarı boyunca səpələnmiş meyitlərin arası ilə ağlaya-ağlaya gedirdi. Onların arasında həm qızılbaş qazilər, həm də şəhər müdafiəçiləri vardı. Hər yerdə quma sancılmış nizələr, qırıq qılınclar görünür, iri-xırda daşlar ayaq altında qalırdı. Xəzri qəzəblə vıyıldayırdı. Qumu meyitlərin üstünə səpələyir, sanki utanc gətirən bu səhnələri ört-basdır eləmək istəyirdi.

Qalanın dibində meyitlər üst-üstə idi. Əyri-qıvrılmış vəziyyətdə yıxılıb qalmışdılar. Bəziləri çox cavandı, on altı-on yeddi yaşı ancaq olardı. Xaliqin xəlq etdiyi, varıdatın əşrəfi olan insan qanla yoğrulmuş palçıqlar içində idi.

“Bu ki zənən xeylağıdır”, - o, bir meyitin yanında ayaq saxladı. Papağın altına yığdığı uzun hörükləri açılıb qumun üstünə sərilmişdi. Kişi paltarında kişilərlə çiyin-çiyinə vuruşurmuş. İncə cizgili üzünün bir tərəfi yox idi, qılıncla çapılmışdı. Qanı quma hoparaq qapqara qaralmışdı. Bu dəhşətli mənzərədən dərvişin bağrı yarıldı. O daldalı çəkiləndə ayağı nəyəsə ilişdi. Çevrilib cüssəli bir kişinin meyiti üstünə yıxıldı. Onun sinəsində dərin yara vardı. Şüşə kimi olmuş gözləri dərvişə baxırdı. Əli də ona tərəf uzanıqlı idi, elə bil dünyadan doymamışdı, nəsə demək, yarımçıq qalmış işlərini tapşırmaq istəyirdi. Dərviş onu tanıdı. Dulusçu idi. Şəhər bazarının girəcəyindəki dükanında onu çaya qonaq eləmişdi. İki oğlu da vardı, atalarına kömək edirdilər. “Görəsən oğlanları sağdırmı?” – acı-acı düşündü.

Diyarlar gəzmiş, dünyanın çox üzünü görmüş dərviş hələ belə qırğın, talan görməmişdi. Başını qaldırıb qaranlıq səmaya baxdı. Onu axtarırdı, Allahı! “Hardasan?!” – xırıltılı səslə dedi, – “Görürsən?!”

Qəflətən qarşısında bir cəngavər peyda oldu. Əynində başlıqlı bürüncək, əlində xəncər vardı. Dərvişi tanıyanda xəncəri yerə atdı. Qiyafətinə yaraşmayan incə səslə zarıdı:

− Dediklərin oldu, dərviş!

− Nəsrin?!

Qız dizi üstə çökdü. Arxaya sürüşən başlığının altından dağınıq saçları göründü. Başını aşağı əyib hönkürdü.

− Dediklərin birər-birər oldu, dərviş! Saraylara layiq dedin – şah sarayına düşdüm, qan töküləcək dedin – qan dəniz oldu... Nədən bildin?! Necə bildin?!

− Bunlar mənə İlahidən gəldi, mələklər pıçıldadı, yavrum. Allaha hər şey agahdı. O hər şeyi görür.

− Bəs hanı?! Hanı O?! Niyə bizə kömək olmadı, − qız inildədi.

− Mən də bilmək istəyirəm. Onu axtarıb tapacam... Soruşacam...

Uzaqdan səslər gəldi. Qızılbaş qazilər öz döyüşçülərinin meyitlərini toplayırdılar. Mustafa qızı yerdən qaldırdı.

− Evimizə getmək istəyirəm, dərvişim. Babamı görmək... – qız yalvardı.

− Bu tərəflərdə nə bir salamat ev, nə də bəni-insan var, nuri-didəm...

***

Xəzərin ağ yelkənli sularında nisgil vardı. Qız qalasının başından özünü atıb ona pənah gətirənlərə, qızıl qumlarının altında yatanlara layla çalırdı sanki. Pak sularına axan göz yaşlarından doymuşdu. Şahidi olduğu qanlı hadisələrə bəzən qəzəblənir, suları kükrəyirdi.

Qumlu sahillərlə iki nəfər gedirdi. Qan qoxuyan bu yerlərdən uzaqlaşırdılar. Gecəyə yaxın bir az da güclənmiş külək onların paltarlarını yelləyir, qumu qızarmış gözlərinə çırpırdı. Son dəfə bir də möhtəşəm Bakı qalasına baxıb yollarına davam etdilər. Onlar haqq-ədalət axtarmağa gedirdilər...

# 4141 dəfə oxunub

Müəllifin son yazıları

# # #