Unutmaq asan olsaydı ... – Amil Bəxtiyardan ŞEİRLƏR

Unutmaq asan olsaydı ... – Amil Bəxtiyardan ŞEİRLƏR
1 noyabr 2017
# 14:57

Hərdən gənc qələm sahibləri mənə öz şeirlərini göndərirlər. Az olur ki, göndərilən yazılarda təzə deyimlə, yeni düşüncəylə qarşılaşasan. Amma, bəzən elə şeirlər olur ki, sənə güvənməyə əl yeri verir, vaz keçə bilmirsən. İçindən təpir ki, bu şeirlərin çapı üçün ağız açmağa dəyər. Yaxında onlardan biri, Aydan Abdullayeva adlı gənc xanımın uğurlu şeirlərini “Kaspi” qəzetinə təqdim etmişdim.

Əlbəttə bir şair kimi bizdən məsləhət umanlardan bizim də bircə umacağımız var – yaxşı yazmaq. Belə gənclərdən biri də bu gün Qubada ali təhsil alan Amil Bəxtiyardır. Ünvanıma göndərdiyi şeirlərini vərə-vürd edəndən sonra belə qənaətə gəldim ki, Amilin də qələmindən ummaq olar. Sadəcə qoşmalarında deməyə çalışdığı özünəməxsus fikirlərinə yeni, işlənməmiş qafiyələri yoldaş etsə, lap gözəl olar. Göndərdiyi şeirlərə arxalanıb onu deyə bilərəm ki, bu oğlanın təbi var, yəni şeir yazmaq üçün canı mayasız deyil, sadəcə onun qəlbini təlatümə gətirən ilham atının başını asan yola döndərməsin, düzə çəkməsin, el diliylə desək gedilməsi gözə duran, çətin olan yola salsın. Şeirlərindən görünür ki, taleyindən danışanda öz halını hər hansı əşyanın əlamətləriylə verməyi bacarır (Fələk taleyimdən xalı toxuyur, Hicranın hanası, cəhrəsiyəm mən.). Bütün şairlər özünü ifadə edir, özünü yazır, sadəcə hər kəs bir rakursdan yanaşır, hər kəs eyni mənzərəni bir cür görür. Amilin qoşmalarında elə misralar var ki, onları oxuyanda deyim tərzinə görə klassik aşıq şeirimizdən kimlərisə xatırlada bilər. İndidən bunu ona irad tutmayaq, inanaq ki, gələcəkdə o həm hecada, həm də şeirimizin başqa janrlarında gözəl nümunələr yaradıb bizim ona olan ümidimizi doğruldacaq. Burada Amil, eləcə də təzə qələm tutan gənclərə bir fikrimi çatdırmaqdan özümü saxlaya bilmirəm – şeir yazmaq ev tikməyə bənzəyir. Evin bünövrəsinə qoyulan daşlar divar qalxdıqca torpağın altda qalıb görünməz olan kimi, gənc qələm sahibi zaman keçdikcə ilk qələm təcrübəsinin üstündə dayanır. Sadəcə yaradıcılığın bu dövrü onun üçün zəruri məşq rolunu oynayır, amma, onun ev bönövrəsi kimi görünməsini istəmir. Amilin də zamanla belə qənaətə gələcəyi ümidiylə

Hörmətlə,

İlham Qəhrəman

Amil Bəxtiyar

Mən

Fələk taleyimdən xalı toxuyur,

Hicranın hanası, cəhrəsiyəm mən.

Çalxala içimdə kədər mayasın

Qüssənin, qəhərin nehrəsiyəm mən.

Olmadım bircə gün əhdini danan,

Göz yaşım, göl oldun, gəlmədi sonan,

Məhəbbət yolunda alışıb yanan

Kərəmin kül olmuş çöhrəsiyəm mən.

Mənimçün nə fərqi məqrib, məşriqin?!

Hər anı zülmətdi sevən aşiqin.

Leyliylə Məcnunun nakam eşqinin,

Vüsalsız doğulan bəhrəsiyəm mən.

Eyləməzdi

Unutmaq bu qədər asan olsaydı,

Məcnun səhralara yol eyləməzdi.

Şadlığı, sevinci silib ürəkdən

Qüssəni, kədəri bol eyləməzdi.

Bəxtimin günəşi eylədi qürub,

Bir daha nur saçmaz daldada durub.

Sevdiyim arı tək qanımı sorub

Vəfalı olsaydı bal eyləməzdi.

Görənlər oxşadar mara zülfünü,

Əsən küləklərlə dara zülfünü,

Amil sevməsəydi, qara zülfünü

Səni ürəyində xal eyləməzdi.

Neyləsin

Görsə camalını inan, utanar

Sənə nəzər salan, pəri, neyləsin?!

Eşq elə bir oddu içdən yandırar

Hərdən alışanda dəri neyləsin?!

Əğyar yalan dedi, məşuq inandı

Aşiq pərvanə tək şəmlərə yandı

Bu dünya əzəldən nahaq məkandı

Gəlib israfilin suru neyləsin?!

Amil bu həsrətdən vədəsiz ölsə,

Allah əfv eyləyib pak bəndə bilsə,

Ruhumda gözlərin bir daha gülsə,

Cənnəti-rizvanda huri neyləsin?!

Yayardı

Sinəm dəlmə-deşik hicran oxundan

Heç üstümə kəsilmədi yay ardı.

Taleyim gah şirin, gah da ki, acı

Heç bilmirəm ya düşməndi ya yardı.

Gülü gül eyləyən bilin su, dandı

Göz yaşımı yanağımda su dandı

Gül vaxtsız solarsa yəqin sudandı

Su damlasın gül qoynuna yayardı.

Amil xəstə dərmanını bul ağa,

Vətənsizlər necə dözsün bu lağa...

Bu yay fəsli gedəmmədim bulağa

Heç olmasa, qismət ola yay ardı.

Qaralar

Qəlbim heç isinməz baharda, yazda

İçimi yayda da boran, qar alar

Fələk əlindəki ağ fırçasıyla

Mən yazıq bədbəxtin bəxtin qaralar.

Dərdimin dərmanı, gülüm, yaxandı,

Fərq etməz sevdiyin quldu, ya xandı,

Fələk talelərə rəngi yaxandı

Mənim taleyimə yaxdı qaralar.

Amil, yek verirsə fayda nə zərdən?!

Yayına bilmədim mən bəd nəzərdən

Salıb saçlarıma vaxtsız nəzər dən

Qayıtsa gəncliyim guya qaralar?!

De

Ey külək, əsəndə yar obasından,

Sevdiyim gözələ məndən salam de.

Dağlartək bürüyüb duman içimi,

Dumandan salam de, çəndən salam de.

Sığalla zülflərin, sonra əs bəri,

Sərin nəfəsindən gəlsin əmbəri,

O məndən ayrılıb gedəndən bəri

Halımdan xəbər ver, gündən salam de.

Amil, boyun bükdün gəlmədi ağan,

Odu günəş kimi bəxtimə doğan,

Vədəsiz, başıma qar kimi yağan

Saçlarıma düşən dəndən salam de.

Dağlar

Neçə ildi həsrət qaldım

Qoynunuzda qara, dağlar.

Göz-göz oldu sizdən ötrü

Sinəm üstə yara, dağlar.

Yaylaqların elsiz qaldı

Məni sonsuz dərdə saldı

Sevincimi məndən aldı

Sizsiz dərdə çara, dağlar.

Çox gözlərik əsən yelin

Dərələrdən axan selin

Yoxdu artıq o cəm elin

Oldu para-para, dağlar.

Amil unutmaz vətəni

Əriyir cismi bədəni

Doğma Laçınımda məni

Qoy çəksinlər dara dağlar.

# 3369 dəfə oxunub

Müəllifin son yazıları

# # #