Sovet dövründə yazıçı və şairlər tez-tez yaradıcılıq ezamiyyətlərinə gedərdilər. Bu tip ezamiyyətlərin təəssüratları onların yazılarında üzə çıxardı. Həmçinin ezamiyyətlər onların yaradıcılıqlarının zənginləşməsinə, dünyagörüşlərinin formalaşmasına, ədəbi əlaqələrin möhkəmlənməsinə yardım edərdi.
Artıq dövr dəyişib. Yaradıcılıq ezamiyyətlərinin adı da, dadı da unudulub. Çağdaş dövrün yazarları isə bu tip ezamiyyətləri lazım gələndə öz maddi hesablarına həyata keçirirlər. "Müzakirə”mizdə yaradıcılıq ezamiyyətlərinin əhəmiyyəti və yoxa çıxması səbəblərini öyrənməyə çalışdıq.
Xalq şairi Fikrət Qocanın sözlərinə görə, vaxtilə yaradıcılıq ezamiyyətləri yazıçı və şairlərin həyatında böyük rol oynayıb. «Mən Çe Gevara haqqında əsərimi Kubaya ezamiyyətdən sonra yazmışam. Məhz həmin ezamiyyətdən doğan təəssüratlarım bu əsərin yazılmasına səbəb oldu. Həmçinin Vyetnamda, Filippində və digər ölkələrdə ezamiyyətdə olmuşam. Getdiyim ölkələrin qəhrəmanları haqqında yazmışam. Mən özüm istəsəydim, həmin əsərləri yazmaq üçün o ölkələrə gedib çıxa bilməzdim. Buna müəyyən maddi imkanlar lazım idi. Sonradan Çe Gevara haqqındakı poemanı «Novıy Mir» jurnalı dərc elədi. Bu, bizim əlaqəmiz idi. Həm də o ezamiyyətlərdən əsərlər yadigar qalıb. Əlaqələr ölkəmizin adına xidmət edirdi. Yazıçılar, şairlər yaradıcılıq ezamiyyətlərinə gedir və bu, onların yaradıcılığına böyük təsir göstərirdi». Xalq şairi bu gün belə ezamiyyətlərin olmamasına təəssüfünü bildirir: «Bu gün artıq belə ezamiyyətlər yoxdur. Bunun üçün maliyyə olmalıdır. Biz bu gün kitabı, jurnalı çətinliklə çap edirik. Düzdür, dövlət pul ayırır, amma daha keyfiyyətli formada çap edə bilmirik. Bu gün ezamiyyətlər olsaydı, gənc yazarların da həyat və yaradıcılığında müsbət rol oynayardı. Biz gənc olanda bu cür ezamiyyətlərdə xeyli püxtələşdik. İndiki gənc yazarların da bu cür ezamiyyətlərə ehtiyacı var».
Yazıçı Natiq Rəsulzadə yaradıcılıq ezamiyyətlərindən dəfələrlə istifadə etdiyini deyir: «Yaradıcılıq ezamiyyətləri sovet dövrünə xas idi. Mən də cavan yazıçı kimi müxtəlif ezamiyyətlərə gedirdim. Hətta bir dəfə yazıçı Maqsud İbrahimbəyovun rəhbərlik etdiyi Sülh Müdafiə Komitəsinin xətti ilə Donetsk şəhərinə getdim. Şaxtaçıların həyatı haqqında roman yazmaq lazım idi. Bu, mərkəzin göstərişi idi. Mən şaxtaya düşdüm, oradakı şaxtaçılarla tanış olub söhbətləşdim. Çox maraqlı ezamiyyət idi. Yaradıcılıq fəaliyyətimdə bu cür ezamiyyətlər çox olub». Yazıçının fikrincə, belə ezamiyyətlər əsasən ölkə rəhbərliyinin incəsənətin bütün sahələrinə təbliğat vasitəsi kimi baxmasından irəli gəlirdi: «Yazıçını ayrı-ayrı kolxoz və ya sovxozlara göndərirdilər ki, oradakı işçilərin həyatından yazsın. Bütün bunlar təbliğat idi. Amma hər şey yazıçının istedadından asılı idi. Yazıçı kimin həyatından yazırsa yazsın, əgər o istedadlıdırsa, yazdığı əsər də hamı üçün maraqlı olacaq». Yazıçının fikrincə, artıq həmin yaradıcılıq ezamiyyətləri təşkil olunmur. Belə ki, həmin ənənələr unudulub: "Çünki bu gün təkcə Azərbaycanda deyil, bütün dünyada senzurasız ədəbiyyat var. Yazarlar istədikləri mövzuda sərbəst yaza bilirlər, mövzu seçimində azaddırlar”. Son 20-30 ildə hansısa yazıçının yaradıcılıq ezamiyyətinə göndərildiyini xatırlamayan N.Rəsulzadə hesab edir ki, əgər yazıçı özü hansısa mövzu ilə maraqlanırsa, onun arxasınca lazım olan ölkəyə getməlidir: "Artıq Yazıçılar Birliyi bu cür ezamiyyətlər təşkil etmir. Ancaq yazarlar özləri yaradıcılıqları üçün harasa gedə bilərlər. Çünki bu cür səfərlər onların inkişafına, dünyagörüşlərinin artmasına kömək edər».
Şair Çingiz Əlioğlunun fikrincə, vaxtilə mövcud olan yaradıcılıq ezamiyyətləri ilə bağlı təcrübə kifayət qədər faydalı olub: «Heç də bütün yazarlar həmin ezamiyyətlərdə yaradıcılıq məsələləri ilə maraqlanmırdılar. Ancaq həmin yaradıcılıq ezamiyyətlərinin əhəmiyyəti olurdu. Dünyanı görmək, gəzmək, müşahidələr aparmaq, başqa xalqların mədəniyyəti, ənənəsi ilə tanışlıq, onların özünəməxsus xüsusiyyətlərini öyrənmək yazıçı və şair üçün faydalı idi. Təbii ki, bu fayda da onun yaradıcılıq işlərində özünü bu və ya digər şəkildə göstərirdi». Bu gün yaradıcılıq ezamiyyətlərinin olmamasını maliyyə çətinlikləri ilə əlaqələndirən yazar son illər hansısa yazıçı və ya şairin yaradıcılıq ezamiyyətinə getdiyini xatırlamır. İndiyə qədər heç bir yaradıcılıq ezamiyyətində olmadığını qeyd edən Ç.Əlioğlunun sözlərinə görə, yetərincə dinamik həyat tərzi keçirdiyindən lazım olan yerlərə öz imkanı çərçivəsində gedib: "Keçmiş Sovet İttifaqının respublikalarında və dünyanın bir çox ölkələrində olmuşam. Xüsusən sovet respublikalarında dostlarım var. Onların dəvətləri ilə gedirdim. Yaradıcılıq ezamiyyətləri ilə bağlı imtiyazlardan isə daha çox yaşlı yazıçılar istifadə edirdi. Mənim heç kəsdən bu barədə xahiş etmək xüsusiyyətim olmadığından öz maliyyə hesabımla səfərlərə gedirdim. Ancaq Yazıçılar Birliyi məni müxtəlif ölkələrdə keçirilən poeziya festivallarına, poeziya konqreslərinə göndərirdi. Başqa ölkələrin yazıçılarının qurultaylarını təbrik etmək üçün ittifaq adından məni göndərirdilər. Həmçinin SSRİ-nin gənc şair və yazıçılarının müxtəlif tədbirlərində iştirak edirdim. Bütün bunlar mənə Mikluxo-Maklay ömrü yaşamağa imkan verib. Mən çox ölkələri gəzirdim, çox yerləri görürdüm, hər yerdə dostlarım vardı. İnsanlarla ünsiyyətcil olduğuma görə münasibət qurmaq mənimçün problem deyildi. Amma sırf yaradıcılıq ezamiyyəti ilə heç vaxt harasa getməmişəm».
Sovet dövründə yaradıcılıq ezamiyyətləri ilə bağlı ənənənin olduğunu deyən şair və tərcüməçi Vaqif Bəhmənli bildirir ki, xüsusilə ölkənin tarixində baş verən hadisələrlə əlaqədar yazarları ezamiyyətə göndərirdilər. Belə ki, kimin hansı mövzunu yazmaq istəyi ilə bağlı arzuları nəzərə alınmırdı: "Ölkədə böyük tikintilər gedirdi. Bununla bağlı tədbirlər həyata keçirilirdi. Xüsusilə Baykal Amur Magistralında həyata keçirilən işlər publisistikanın inkişafına təkan verdi. Bir sıra yazıçı və şairlərimiz BAM-a gedərək oradan publisistik yazılar, şeir və poemalar yazdılar. Yadımdadır, Elçin Hüseynbəyli «13-cü həvari» romanını yazanda biz onu əsərinin qəhrəmanının marşrutu ilə getməsinə yardım etdik. Bu baxımdan yaradıcılıq ezamiyyəti çox vacib məsələdir. Xüsusilə tarixi əsərlərin yazılmasında yaradıcı səfərlərin böyük əhəmiyyəti var”.
Həmçinin sovet dövründə sərbəst yaradıcılıq evlərinin fəaliyyət göstərdiyini bildirən V.Bəhmənli bu tip evlərin Moskva ətrafında, Pribaltika ölkələrində, xüsusən Yurmalada yerləşdiyini xatırlayır: "Yazıçılar həmin evlərə göndərilir və orada təxminən bir ay müddətində yaradıcılıqla məşğul olurdular. Keçmiş Sovet İttifaqında yaşayan yazıçıların demək olar ki, ən məşhurları və istedadlıları həmin yaradıcılıq evlərinə gəlirdilər. Orada yazıçılar arasında təmas yaranırdı”.
Son illər Azərbaycanın dünya ölkələri ilə mədəni əlaqələrinin sıxlaşmasından danışan V.Bəhmənli bildirir ki, hazırda mədəniyyət xadimləri, ədiblər, ədəbiyyatçılar dünyanın müxtəlif ölkələrində keçirilən mədəni tədbirlərdə iştirak edirlər. Belə ki, Almas İldırımın yaradıcılığı ilə bağlı Türkiyədə, Nizami Gəncəvinin 850 illiyi ilə bağlı Moskvada və s. keçirilən tədbirlərdə və yubileylərdə iştirak ediblər. Həmçinin yazarlar müxtəlif kitab sərgilərinə, festivallara və digər mədəni tədbirlərə qatılaraq ədəbi əlaqələrin inkişafına kömək edirlər: "Bu, yazıçılarımızın ədəbi proseslərdə iştirakına böyük təsir edir. Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə yazarlarımız bu tip tədbirlərdə kifayət qədər təmsil olunurlar. Mən yaradıcılıq ezamiyyətlərini və bu cür tədbirləri yüksək qiymətləndirirəm. Bu, sənət adamının yenilənməsi, inkişafı deməkdir. Hər bir səfər sənət adamında ruh yüksəkliyi yaradır. Bu baxımdan yaradıcılıq səfərləri yaradıcı adamlar üçün çox qiymətlidir. Xüsusən tarixi və ya publisistik yazılar yazanlar üçün həmin səfərlər mütləq təşkil olunmalıdır. İndi dünya dəyişib. Biz sovet vaxtının turistləri deyilik. Yeni dünyanın şəklini çəkmək, onu təsvir etmək, müasir meyilləri yazmaq üçün geniş publisistik yazılara ehtiyac var. Bunun üçün də mütləq həmin ünvanlara getmək lazımdır. Azərbaycan insanı Yaponiya, Çin, Hindistan, Avropa ölkələri və digər yerlərdə nə baş verdiyini bilmək istəyir. Azərbaycan oxucusu da bunlardan xəbərdar olmaq istəyir. Bunu isə onlara yalnız Azərbaycanın ədibləri, qələm sahibləri çatdıra bilər”. Yazarın fikrincə, həm Yazıçılar Birliyi, həm dövlət, həm də imkanı olarsa, redaksiyalar yazarları bu tip səfərlərə göndərməlidir: "Bununla belə, öz vətənimizi də unutmamalıyıq. Mənə elə gəlir ki, Azərbaycanı qarış-qarış gəzməyən heç bir ədibi ölkədən kənara buraxmaq olmaz”.
“Kaspi”; Təranə Məhərrəmov