Qatar. Pikasso. Latur. 1968. - “Ən yaxşı hekayəmiz”

Qatar. Pikasso. Latur. 1968. - <span style="color:red;">“Ən yaxşı hekayəmiz”
20 avqust 2017
# 21:02

“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında ElçininQatar. Pikasso. Latur. 1968. hekayəsini təqdim edirik.

Sonra Məleykə xanımın əri yenə mənə elə baxdı ki, elə bil həm qorxudurdu məni, həm də yalvarırdı; həm də çox gülünc bir vəziyyətdə idi. Bələdçi arvad dedi ki, ötürənlər aşağı düşsünlər, qatar indicə tərpənəcək. Məleykə xanımın əri arvadının yanağından öpdü, sonra da dedi ki, Moskvaya çatan kimi dərhal telefonla zəng eləsin; həm də tapşırdı ki, yolu necə başa vurduğunu söyləsin. Bunu lap xüsusi dedi, yəni ki, qızım, sənə deyirəm, gəlinim, sən eşit.

Əlbəttə, bu saat mən onu sakitləşdirə bilərdim, deyərdim ki, əzizim, dostum, heç nigaran qalma; arvadına heç nə olmaz yolda, çünki sənin arvadında qətiyyən gözüm yoxdur; baxma ki, bir kupedə ikimizik, yol da uzun – arxayın ol və get arxayın da yat – əgər özün tək yatacaqsansa. Bunları deyərdim, amma demədim – bu da onun baxışları müqabilində mənim tərəfimdən kiçicik bir intiqam idi, çünki Mirzə Cəlil yaxşı deyib ki, dünyada bu nigarançılıqdan da pis şey yoxdur. Qatar tərpənəndə Məleykə xanım pəncərədən ərinə əl elədi, əri də aşağıdan ona əl elədi, amma zalımın gözü elə məndə idi; nə isə, dünyada bu nigarançılıqdan da pis şey yoxdur.

Sonra bələdçi arvad gəlib biletlərimizi aldı, peşəkar nəzərlərlə bir mənə, bir də Məleykə xanıma baxdı, yəni ki, məsələ məlumdur.

Əvvəlcə mən kupedən çıxdım, Məleykə xanım paltarını dəyişdi, sonra o, kupedən çıxdı, mən paltarımı dəyişdim, sonra da kupedə oturub Abşeron gecəsinin qış mənzərəsinə tamaşa eləməyə başladıq, hərçənd elə bir mənzərə yox idi. Bələdçi qadın gəlib bizdən adama bir manat yorğan-döşək pulu aldı və soruşdu ki, çay içəcəyik, ya yox? Ikimiz də dedik ki, içəcəyik. Sonra mən paltomun cibindən «Ədəbiyyat və incəsənət» qəzetinin bugünkü nömrəsini çıxarıb vərəqləməyə başladım. Sənətşünasların Moskvada açılacaq beynəlxalq müşavirəsi barədə də məlumat var idi, mənimlə Məleykə xanımın məruzə edəcəyimiz də yazılmışdı, bircə şəklimiz yox idi: mənimlə Məleykə xanım, fonda da Məleykə xanımın ərinin qorxunc və məlul baxışları.

Məleykə xanım soruşdu ki, deyəsən, satirik yazı oxuyursunuz? Mən də dedim ki, bəli, maraqlı şerdir. Sonra Məleykə xanım dedi ki, çayınızı soyutmayın. Mən də dedim ki, çox sağ olun, içərəm; guya ki, ev sahibəsi idi və məni qonaq edirdi. Mən təyyarəyə minmirəm; ona görə yox ki, təyyarədən qorxuram, ona görə ki, təyyarədən bir ləzzət almıram – hərçənd ömründə təyyarəyə minməmişəm – amma bunu hiss edirəm.

Məleykə xanımın da ürəyi təyyarə götürmür.

Məleykə xanım gülümsəyib dedi ki, bilmirəm, bunu sizə deyiblər, ya yox, amma yaman qaradinməz adamsınız. Dedim ki, siz hələ mənim danışmağımı görməmisiniz. Dedi ki, görməmişəm və təsəvvür də etmirəm, çünki neçə ildir sizinlə bir institutda işləyirik, həmkarıq, amma indiyəcən bütün söhbətimizi lentə yazsaydılar, heç iyirmi metr olmazdı, əksəriyyəti də salam-əleyküm, əleyküm-salam.

Mən bozluğuma salıb deyə bilərdim ki, əzizim Məleykə xanım, tıq-tıq xanım, şıq-şıq xanım, axı, mənim sizinlə nə söhbətim; biz söhbətləşsək də söhbətimiz tutmaz, boş və mənasız olar, çünki mən sizi adicə meşşan hesab edirəm, hərçənd əskik bir işinizi görməmişəm, amma mən belə hiss edirəm; biz elə yad adamlarıq ki, şükür iyirmi metrlik maqnitofon lentinə. Əlbəttə, bunları deyə bilərdim, amma demədim, çünki bunları demək də elə bir söhbət idi, mən isə, Məleykə xanımla söhbət etmək ehtiyacından yüz faiz azad idim, necə ki, Safura xanımla söhbət etmək ehtiyacından, necə ki, Səmədlə söhbət etmək ehtiyacından, necə ki, Məliklə, Sənubərlə, Kərimlə, əmioğlu Bəylərlə, xalaqızı Mədinəylə, day nə bilim kimlə, kimlə, kimlə söhbət etmək ehtiyacından.

İnsanı başa düşəcək yeganə adam – o özüdür.

Məleykə xanım gözlərini pəncərəyə zillədi və dedi ki, özünüz bilən yaxşıdır, amma bu cür qaradinməzlik də bir şey deyil. Mən cavab vermədim və özüm özümlə zarafat elədim ki, sakit ol, əzizim, əsəbiləşmə. Bələdçi qadın gəlib soruşdu ki, yenə çay içəcəksiniz? Dedik ki, yox, içməyəcəyik. O da üzr istədi ki, daha gəlib bizi narahat eləməyəcək, sonra da gizli iş görən adam kimi, ehmallıca kupenin qapısını örtüb getdi. Məleykə xanım gözünü zülmət pəncərəyə dikdi, mən də «Ədəbiyyat və incəsənət» qəzetinə. Məleykə xanım pəncərədə öz fikirlərinə baxırdı, çünki bu zülmətdə başqa bir şey görünməzdi, hərçənd məncə Adəm və Həvvadan bəri ən şəffaf bir şey varsa, o da Məleykə xanımın və Məleykə xanımların fikri və düşüncəsidir: bu tərəfdən baxanda o tərəfi görünür, çünki ortada heç nə yoxdur.

Məleykə xanımlar çoxdur.

Məleykə xanım gözlərini pəncərədən çəkməyib fikirli-fikirli dedi ki, görünür, qatarda sərnişinlərin bir-birini sorğu-suala tutması səbəbsiz deyil: görünür, pəncərənin bu eyni zülməti, bu aramsız hərəkət, təkərlərin bu çıqqaçuku insanlarda bir ünsiyyət ehtiyacı doğurur; görünür, yol insanları tənhalığa aparır, insanlar isə bu tənhalıqdan qaçırlar.

Sonra Məleykə xanım mənə baxdı.

Əlbəttə, mən yenə də danışmaya bilərdim, çünki bu yol – pəncərənin bu eyni zülməti, aramsız hərəkət, təkərlərin bu əbədiymiş kimi çıqqaçuku məni hansı mücərrəd bir tənhalığa isə aparmırdı, aparsaydı da, mən bu tənhalıqdan qaçmazdım. Mən tənhalıqdan qorxmuram. Mən belə fikirləşirəm: tənhalıq – təkbətəklikdir, insanın özü ilə özü arasındakı təkbətəklik; mən bu təkbətəklikdən zövq alıram, çünki mənim ən yaxşı müsahibim mən özüməm; çünki özümdən başqa heç kim məni başa düşməz, necə ki, mən başqalarını özləri kimi başa düşə bilmirəm; tənhalıq deyilən anlayış insan ömrünün tələbatıdır – bunu dərk etmədikdə faciə baş verir, dərk etdikdə isə hər şey öz qaydasına düşür.

Bax, elə Məleykə xanım. Bizim hisslərimizdə, həyəcanlarımızda, düşüncələrimizdə nə yaxınlıq ola bilər – heç nə – biz yadıq. Ümumiyyətlə, hansı mənadasa hamı bir-birinə yaddır və bu yadlığa öyrəşmək lazımdır. Bu, mənim əqidəmdir ki, başqası ilə söhbətdə heç zaman dərinə getmək lazım deyil, hissləri, həyəcanları başqalarının yanında çılpaqlaşdırmaq lazım deyil, çünki bunun əhəmiyyəti yoxdur, üzdə olmasa da, daxilən sənə gülə bilərlər, ələ sala bilərlər, inanmaya bilərlər – bu hisslər, həyəcanlar, yalnız sənin özünə mənsubdur, onlar həqiqətdə yalnız sənin özün üçün doğmadır.

Bütün bunlara görə də mən Məleykə xanıma cavab verməyə bilərdim, amma onun mənə baxan gözlərində bir istehza hiss etdim, daha doğrusu, bu, istehza deyildi, Məleykə xanım bu baxışlarla elə bil mənim halıma acıyırdı. Bu cür baxışları birinci dəfə deyildi ki, öz üzərimdə hiss edirdim. Nə vaxtsa Səməd də beləcə baxmışdı mənə, nə vaxtsa Bəylər də beləcə baxmışdı mənə, haçansa Nəcibə də, Həsən də, Osman da beləcə baxmışdılar mənə – çox adam. Bu cür baxışlar bir an, cəmi bircə an məni daxilən sarsıdırdı və məndə, bir növ, intiqam hissi oyadırdı, amma mən bu sarsıntının doğurduğu hissin də üstündən ötüb keçirdim, çünki bilirdim – kifayət edər.

Amma indi, necə oldusa, mən həmişəki kimi bu sarsıntının da, bu hissin də üstündən ötüb keçə bilmədim. Heç özüm də bilmirəm niyə bütün həyatım boyu başıma gələn ən qəribə və indiyəcən heç kimə danışmadığım bir hadisəni Məleykə xanıma danışdım. Bəlkə də ona görə danışdım ki, iyirmi metrlik maqnitofon lentinin uzunluğuna heyrət etsin.

Məleykə xanıma dedim ki, Pikassonun «Kasıbların süfrəsi» qrafikası yadınızdadırmı?

Məleykə xanım dedi ki, bəli, yadımdadır, «mavi dövrün» bəhrəsidir: kişi ilə qadın yeməkxananın bir küncündə oturublar, qarşılarında içi boş boşqab, bir tikə çörək, iki stəkan və bir şüşə var; kişi sol əlini qadının çiyninə qoyub, sağ əlini onun qoluna söykəyib; ayrı-ayrı səmtə baxırlar, fikirlidirlər. Sonra Məleykə xanım mənə elə baxdı, yəni ki, indi gördünüzmü «Kasıbların süfrəsi» yadımdadır, ya yox? Mən bu təkəbbürlü baxışları cavabsız qoydum və dedim ki, yaxşı hafizəniz var, tamamilə doğrudur, mən həmin əsəri nəzərdə tuturam.

Bir gün – sentyabr təzəcə girmişdi – evdə köhnə kağız-kuğuzlarımı sahmana salırdım. Bu köhnə kağızlar arasında «Kasıbların süfrəsi»nin nə vaxtsa aldığım bir reproduksiyası gözümə dəydi. Çoxdan idi bu şəkli görmürdüm, bir az baxıb şəkli yazı masamın siyirtməsinə qoydum.

O gün xeyli işim var idi və gecə bərk yorğun idim və yuxum gəlirdi, amma yerimə girən kimi «Kasıbların süfrəsi» birdən-birə gözlərimin qabağına gəldi. Bir az bu şəkil barədə fikirləşdim, sonra fikirləri başımdan eləyib yatmaq istədim, amma yata bilmədim, bu şəkil gözlərimin qabağından getmirdi. Gözlərimi yumurdum, açırdım, yerimdə yüz dəfə o tərəf-bu tərəfə çevrilirdimsə də, «Kasıbların süfrəsi»ndəki kişi ilə qadın bir an belə məndən əl çəkmirdi. Durub əl-üzümü yudum, eyvana çıxıb bir az təmiz hava aldım, fəqət hamısı əbəs idi, bu iki obraz məni tək buraxmırdı; o gecə bircə dəqiqə belə yuxuya gedə bilmədim. Mənim əzablı günlərim də həmin gecədən başladı.

Oturub işləyəndə də, şəhərə çıxıb gəzişəndə də, kinoya baxanda da, musiqiyə qulaq asanda da – hər yerdə və daima bu iki fiqur gözlərimin qarşısından getmirdi, onların baxışları hər an məni təqib edirdi. Mənə elə gəlirdi ki, onlar bir yerdə oturmuşlarsa da, bu an daxilən bir-birilərindən ayrıdırlar; onlar bir-birilərini sevirdilər, fəqət qarşılarındakı bu süfrə bu sevgini darmadağın edir; vaxtiylə ən yaxın, ən istəkli adamlar idilər, indi isə, hər şeyə olduğu kimi, bir-birilərinə də biganədirlər. Əgər yeməkxananın başqa bir küncündə oturmuş harın bir alverçi bu dəqiqə bu qadına gözü ilə işarə edərsə, o neçə frankdan ötrüsə qalxıb onunla gedər, özü də hissiz, həyəcansız – biganə; kişi isə, qadın getdikdən sonra, ancaq onu edə bilər ki, tanışı qarsona yalvarsın, qarson yenə də ona nisyə ucuz çaxır versin və o içib keflənsin, sonra da başını mizin üstünə qoyub sərxoş-sərxoş ağlasın.

Mən yemək yeyə bilmirdim, mənə elə gəlirdi ki, hər tikəni udduqca, hər qurtumu içdikcə, bu iki insana xəyanət edirəm, çünki mənim üçün onlar artıq bir surət deyil, varlıq idi; mən hər hərəkətimdə – ya bazarlıq edəndə, ya taksiyə minəndə, ya başqa bir iş görəndə – cinayət hiss edirdim və bu hiss, müdhiş hiss vəziyyəti o yerə gətirib çıxartmışdı ki, artıq adam kimi yaşamaq mümkün deyildi. Bu cür davam edə bilməzdi, nə isə olmalı idi. Bu «nə isə»ni fikirləşdikcə dəhşət məni bürüyürdü. Məni bir xof basmışdı və bu xof bütün içimi, fikrimi, düşüncəmi uçundururdu.

Həmin gün gecə, yəni sentyabrın iyirmi üçündə yerimdə uzanıb əzab çəkirdim, neçə gündən bəri olduğu kimi, yuxuya gedə bilmirdim, mənə elə gəlirdi ki, bu saat nə isə sehrli bir hadisə baş verəcək, məsəlçün, bu saat tavan ikiyə bölünəcək, göydən böyük bir zənbil enəcək, necə olacaqsa mən durub bu zənbilin içində oturacağam və hara isə gedəcəyəm, əbədi gedəcəyəm; bir boşluğa, bir heçliyə gedəcəyəm, «Kasıbların süfrəsi»nin təqibi qovub aparacaq məni; hiss edirdim ki, bu kişinin və bu qadının bu cür baxışları müqabilində mən əvvəlki tək heç nə olmayıbmış kimi yaşaya bilməyəcəyəm.

Qalxıb mizüstü lampanı yandırdım, saat üçə on dəqiqə qalırdı, vanna otağına gedib yuyundum, öz-özümə ürək-dirək vermək istəyirdim ki, keçib-gedəcək, axır vaxtlar çox işlədiyimə görə əsəblərim gərginləşib, müvəqqəti psixoloji sarsıntıdır, bir azdan hər şey öz qaydasına düşəcək, fəqət bir şey çıxmırdı, görürdüm ki, özüm özümü aldadıram.

Zəng səsi eşitdim, bayır qapısının zəngi idi. Zəng bir də çalındı. Uşaqlar oyanmasın deyə cəld qapıya yaxınlaşıb yavaşca soruşdum ki, kimdir? Çox tanış bir səs cavab verdi ki, mənəm, açın.

Qapını açdım: qarşımda ucaboylu, arıq, qəribə görkəmli bir adam dayanmışdı. Mən onu hardansa tanıyırdım, amma kim olduğunu xatırlaya bilmirdim. Onun başında Çaplinin silindri kimi bir silindr, əynində gödəkcə, boynunda şərf var idi. Nədənsə, mənə elə gəldi ki, bu adam artistdir və elə bil bu hiss, gecə yarısı onun mənim evimə gəlməsini qanunauyğunlaşdırdı.

- Olarmı, müsyö.

- Buyurun, – dedim və onun müraciətində də bir qəribəlik hiss etdim, fəqət bu qəribəlik nədə idi – bilmirdim.

İş otağımın işığını yandırdım və onunla birlikdə otağa girdim. Ona yer göstərdim, oturdu və mən qəflətən, bu adamın kim olduğunu tanıdım. Məni soyuq tər basdı: bu adam «Kasıbların süfrəsi»ndəki kişi idi.

Gözlərimi ona zilləmişdimsə də, heç nə barədə fikirləşmirdim, heç nə düşünmürdüm, çünki fikirləşmək, düşünmək bacarığında deyildim. O, qeyri-adi dərəcədə uzun barmaqlı, qupquru – sümük və dəri – əlini mənə uzatdı:

- Biz bir-birimizi tanısaq da, şəxsən tanış deyilik. Mənim adım Etyen Rasnyordur, müsyö.

Ovcumdakı bu əl məni özümə gətirdi: bu, şeytan əli deyildi, bu, insan əli idi və bu əlin sahibi möcüzələr aləmindən gələ bilməzdi; bu qupquru əldə bir insan hərarəti, insan iztirabı, həyəcanı duydum və bu duyğu məni nisbətən sakitləşdirdi. O, silindri başından çıxartdı, sonra qupquru almacıqlarını ovuşdurub sinədən gələn kal bir səslə dedi:

- Müsyö, mən üzr istəyirəm ki, gecə vaxtı sizin istirahətinizi pozdum, amma bu saat elə bir vəziyyətdəyəm... – O, uzun barmaqlarını sındıra-sındıra çox çətinliklə danışırdı, hiss olunurdu ki, həyəcanlıdır. – Bilirsinizmi, müsyö, Tereza əbədi olaraq məndən ayrılır... O bunu demir, bəlkə də heç bilmir, lakin mən hiss edirəm, müsyö, bütün dəhşəti ilə hiss edirəm...

Onun sözünü kəsmədim, mənim üçün aydın idi ki, Tereza yeməkxanada onunla birlikdə əyləşmiş qadının adıdır.

Hər şeyi sizə ardıcıl söyləyim. Biz, yəni mənimlə Tereza müsyö Pikasso ilə

Medrano sirkində tanış olmuşuq. Mən canbazam, daha doğrusu, canbaz idim... – O sol əlini qaldırıb nifrətlə qoluna baxdı. – Lənətə gəlmiş bu qolum sındı, canbazlığım da bununla qurtarıb getdi. Siz mənim bu əyri qolumu görməmisiniz, müsyö Pikasso bu qolumu Terezanın çiyninə qoyub. – Etyen Rasnyor keçən günləri xatırlayırmış kimi gülümsündü, sonra gözlərini qoluna zilləyib bir neçə an susdu.

Mən bu görüşün reallığına artıq qətiyyən şübhə etmirdim, bu, xəstə bir təfəkkürün şairanə uydurması deyildi, bizim bu görüşümüz yuxu da deyildi, mənim qarşımda canlı insan oturmuşdu – cənab Rasnyor. Onun varlığı bir gerçəklik idi ki, necə ki, dünyada mən var idim, necə ki, indi bu saat biz sizinlə qatarda gedirik. Etyen Rasnyor barmaqlarını sındırırdı. Mən hiss edirdim ki, o, daxili iztirablar keçirir və bu iztirab onu danışmağa qoymur. Bu sıxıntılı sükutu pozmaq üçün soruşdum ki, Azərbaycan dilini haradan bilir.

O, təəccüblə mənə baxıb dedi ki, mən fransız dilindən başqa bir dil bilmirəm.

- Necə başqa dil bilmirsiniz? Məgər siz indi azərbaycanca danışmırsınız?

- Mən fransızca danışıram, müsyö.

- Bəs... mən nə dildə danışıram?

- Siz də fransızca danışırsınız, müsyö, əlbəttə.

Onun təəccübü yalançı təəccüb deyildi və mən hiss etdim ki, onun sözləri də həqiqətdir: biz hərəmiz öz dilimizlə danışırdıq, fəqət mən onu azərbaycanca eşidirdim, o isə məni fransızca eşidirdi və bizim yanımızda ilahi bir tərcüməçi də yox idi; bu, ilahi bir qüvvə deyil, bizim müvəqqəti ünsiyyətimiz üçün yaranmış bir labüdlük idi.

İndi neçənci ildir, cənab Rasnyor?

O, yenə də təəccüblə mənə baxdı:

- 1904-cü ilin sentyabrıdır, müsyö.

- Və biz Parisdəyik, elə deyilmi?

- Əlbəttə, elədir, müsyö!

Etyen Rasnyor üçün 1904-cü ilin sentyabrı idi və biz gecə yarısı Parisdə oturub söhbət edirik; mənim üçün isə aydın məsələdir ki, 1968-ci ilin sentyabrı idi, biz Bakıda, mənim otağımda oturub söhbət edirdik və bütün bunlar qanunauyğun bir gerçəklik idi, çünki daxili bir ehtiyac, daxili bir tələbat bizi görüşdürmüşdü. Etyen Rasnyor çox çətinliklə danışmağa başladı:

- Müsyö, gecə vaxtı istirahətinizi pozduğuma görə, bəlkə də qəzəblənirsiniz, lakin... lakin mənim başqa əlacım yox idi... Mənim üçün Terezasız həyat yoxdur, müsyö... Mən onsuz yaşaya bilmərəm, o isə məndən ayrılır, qeyri-iradi ayrılır... O hələlik cismən mənimlə olsa da, mənən uzaqlaşır, tamam... Bizim güzəranımız onu məndən ayırır, müsyö. Ancaq, xahiş edirəm, məni düzgün başa düşəsiniz və Tereza barədə pis fikirdə olmayasınız. O bezib, başa düşürsünüzmü, artıq hər şeyə biganə olub, onda həvəs ölüb, ölüb, ya da ölməkdədir. O özü də özündən ayrılır, özü özünə xəyanət edir, özü bilmədən edir, müsyö... Mənim bu sınıq qolum...

Etyen Rasnyora qulaq asırdım, fəqət mənə elə gəlirdi ki, bütün bunların hamısını əvvəldən də bilirəm və mən bu əzablı günlər ərzində Etyen Rasnyora əl tutmaq, müvəqqəti də olsa iztirablarını azaltmaq üçün, məhz bu görüşü gözləmişəm; ürəyimə dammış həmin «nə isə»də heç bir müdhişlik yox idi, «nə isə» bizim bu görüşümüz idi.

- Mən hiss edirəm ki, bütün bunlar müvəqqətidir... Əgər on gün, on beş gün biz insan kimi yaşaya bilsək, daha həmişə Tereza ilə birgə olacağıq, lap acından ölsək də... Bu, böhrandır, müsyö, müvəqqəti böhran, lakin bu müvəqqəti böhran əbədi olaraq bizi bir-birimizdən ayıra bilər. Tereza da daha əbədi olaraq Tereza olmaz, müsyö, bu ondan asılı deyil...

Bizim evdəki televizorumuz çox köhnə idi: «Temp-2». Köhnə idi deyəndə, indi də elə həmin televizordur. Yoldaşımla birlikdə bir az pul düzəltmişdik ki, nəhayət, bu televizoru dəyişək, daha uşaqlar futbola baxmaqdan ötrü qonşulara qaçmasın. «Elektron-2» almaq istəyirdik. «Elektron-2» dörd yüz neçə manatadır. Pul mənim yazı masamın siyirtməsində idi. Qalxıb pulun hamısını götürdüm və dinməzcə Etyen Rasnyora uzatdım. O yenə də çox çətinliklə dedi:

- Mən məğrur adamam, müsyö... Siz hələ məni yaxından tanımırsınız. Müsyö Pikasso çox gəncdir, onun cəmi iyirmi üç yaşı var, Ispaniyadan yenicə gəlib... O bizim dostumuzdur, lakin lap dərindən tanımır bizi... Mən məğrur adamam, müsyö, ancaq mən bu pulları sizdən götürəcəyəm, özü də borc kimi götürəcəyəm. Mən bunu Tereza üçün edirəm, Terezanın öz-özünə xəyanət etməməsi üçün. Siz mənə bir dilənçi kimi baxmayın, müsyö. Bu mənim borcumdur. O, pulları cibinə qoydu. Mən ona manat vermişdim, o isə, şübhəsiz ki, cibinə frank qoydu. Sonra ayağa qalxdı. Silindri başına qoydu. Heç bir söz demədən qupquru əli ilə əlimi sıxdı, bir dost kimi sıxdı və cəld addımlarla otaqdan çıxdı. Etyen Rasnyorun ardınca bayır qapısını bağladım və otağa qayıtdım.

Bəlkə Etyen Rasnyor, doğrudan da, məğrur adamdır və bu pulları məndən qəbul etmək onun üçün ən əzablı bir iş idi. Əgər bu cürdürsə, eşq olsun Etyen Rasnyora, o, başqa insan üçün öz məğrurluğunu belə qurban verir – hər adam buna qadir deyil. Bəlkə Etyen Rasnyor utandığı üçün belə deyirdi, o, məğrur deyil, bu pulları alıb cibinə qoyarkən sevinc içində idi, bəlkə ürəyində mənim sadəlövhlüyümə gülürdü də – insanları tanımaq olmur. Əgər həqiqət beləydisə də, mən təəssüflənmirdim, çünki mən «Kasıbların süfrəsi»nə baxdığım gündən özüm də bilmədən bu görüşün həsrətində idim və hərgah Etyen Rasnyor bu gecə mənim otağıma gəlməsəydi, bəlkə mən də öz əvvəlki «mən»imdən əbədi uzaqlaşacaqdım; öz iradəmin gücünə, öz həyat eşqimin gücünə həftələrdən, aylardan, lap illərdən sonra, «Kasıbların süfrəsi»ni başımdan çıxaracaqdım, rahatlaşacaqdım və bununla da özüm özümə xəyanət edəcəkdim.

Qeyri-iradi mizə yaxınlaşıb «Kasıbların süfrəsi»ni götürdüm və baxdım və... elə bil ürəyim dayandı. Etyen Rasnyor ilə Tereza dünyanın ən xoşbəxt adamıydı: qucaqlaşmışdılar. Gülürdülər, bir-birini sevirdilər və həmişə də sevəcəkdilər: qarşılarındakı süfrə elə bol idi ki, nə desən, varıydı – toyuqdan tutmuş əla şəraba kimi.

Pikassonun bu rəsmi yalnız məndədir, mənim köhnə reproduksiyamdan başqa heç kimdə belə bir şəkil yoxdur. Bütün başqa köçürtmələrdə «Kasıbların süfrəsi» əslində olduğu kimidir. Mənim köçürtməm isə bir nüsxədir. Əslində bu, Pikassonun rəsmi deyil. Bu rəsmi bizim – mənim və Etyen Rasnyorun – gecə görüşü yaratmışdı.

Mən bu hadisəni heç kimə danışmamışam, çünki bunun əhəmiyyəti yoxdur; çünki heç kim buna inanmaz; çünki insanın ən böyük sirdaşı, ən yaxşı müsahibi, insanın hiss-həyəcanları üçün ən doğma adam özüdür. Mən bu hadisəni öz yoldaşıma belə danışmamışam. «Elektron-2»nin pulunun necə olması barədə bir əhvalat quraşdırıb demişəm və o inanıb. Ən yaxın insanlar belə yalana daha tez inanırlar, çünki əslində özlərindən asılı olmayaraq onlar yaddırlar.

İndi görürsünüzmü iyirmi metrlik maqnitofon lenti bir o qədər də az deyil. Əlbəttə, Məleykə xanım, siz də indi ürəyinizdə mənə inanmırsınız, bəlkə də məni lap xəstə hesab edirsiniz, amma mən o köçürtməni özümlə götürsəydim, sizə göstərərdim və siz də buna inanardınız. Mən sizə söz verirəm ki, Bakıya qayıdandan sonra bir dəfə həmin köçürtməni sizə göstərəcəyəm, hərçənd indiyə qədər heç kimə göstərməmişəm.

Məleykə xanım güclə pıçıldadı:

- Mən sizə inanıram.

Məleykə xanım bu sözləri çox qəribə tələffüz etdi və mən yalnız indi hiss etdim ki, Məleykə xanım özündə deyil, elə bil daxili bir sarsıntı içindədir və elə bil bu sarsıntı onun bütün bədənini uçundururdu. Bu, yalnız mənim danışdığım hekayətin təsiri deyildi.

- Mən sizə inanıram. Göstərməsəniz də inanıram. Siz... siz Laturun «Müqəddəs Sebastyan üçün ağlayan müqəddəs Irina» əsərini xatırlayırsınız, elə deyilmi? Mən əvvəlcədən nə isə tükürpədici bir şey hiss edirəmmiş kimi dedim ki, bəli, xatırlayıram.

Mən, doğurdan da, Laturun çəkdiyi bu şəkli xatırlayırdım: gecənin qaranlığı içində bir məşəltək yanan şam işığında köksünə ox sancılmış müqəddəs Sebastyanın cəsədi qarşısında ağlayan dörd qadın fiquru.

- Siz xatırlayırsınızmı... xatırlayırsınızmı Sebastyan necə də narahat yerə sərilmişdi... Onun vəziyyəti necə də qeyri-təbii idi... Bu qeyri-təbiilik necə də əzablı idi... Bu əzablı ölümü xatırlayırsınızmı?.. Indi... məndəki köçürtmədə belə deyil... Mən... mən... Sebastyanın köksündəki oxu çıxartmışam. Budur. Məleykə xanım həyəcandan titrəyən əllərilə tələsik yol çantasını açdı və təxminən qarışyarımlıq bir ox çıxartdı. Bu, kiçik olsa da, həqiqi ox idi. Bu, həqiqətən, müqəddəs Sebastyanın köksündən çıxarılmış ox idi – bunu bütün varlığımla hiss etdim.

Mən də sizin kimi əzab çəkirdim, bu şəklin köçürtməsinə baxandan sonra sizin kimi özümə yer tapa bilmirdim. Mən... mən dəhşət içində idim. Sebastyanın narahat bədəni, onun bu cür qeyri-təbii ölümü bircə an belə gözlərimin qabağından çəkilmirdi. Bir gecə mən... yerimdən qalxıb heç özüm də bilmədim ki, necə oldu əlimi həmin köçürtməyə atdım və Sebastyanın köksündəki oxu çəkib çıxartdım... Indi məndəki şəkildə Sebastyan o cür narahat deyil, bədəni də əzab içində qovrulmur, köksündəki oxun yeri də qalmayıb... Mən bu əhvalatı indiyəcən heç kimə danışmamışam. Bu oxu da həmişə özümdə gəzdirirəm. Qorxuram yoldaşım görər, mən isə onu başa sala bilmərəm. Bu oxu tullaya da bilmirəm, mənə elə gəlir ki, əgər oxu tullasam nə isə ən ali, ən ülvi bir şeyə xəyanət edərəm... Məleykə xanım oxu çantaya qoydu və havasızlıqdan darıxırmış kimi qalxıb kupedən çıxdı.

Mən özümü çox sakit hiss edirdim, ürəyim də döyünmürdü, gözlərim də qaralmırdı, məni soyuq tər də basmırdı, fəqət mənim beynim çatlayırdı, beynim az qalırdı dağılsın.

Nə üçün mən öz həyat yoldaşıma yalan quraşdırıb deyirəm? Mən sadəcə olaraq hər şeyi ona danışa bilərdim və o da, sadəcə olaraq, hər şeyi başa düşə bilərdi. Bəlkə mənim bu söhbətim onun üçün də, Məleykə xanım kimi, doğma olardı, bəlkə onun da başına elə bir iş gəlib ki, heç kimə danışmır, mənə də danışmır, elə bilir ki, onsuz da, heç kim inanmayacaq?

Nə üçün Məleykə xanım bu oxu həmişə özüylə gəzdirir, nə üçün qorxur ki, əri görər və o, ərini başa sala bilməz. Bəlkə onun ərinin başına daha qəribə bir iş gəlib və o da indiyə qədər bunu heç kimə danışmayıb?

Günlər, aylar, illər keçəcək. Məleykə xanım bu balaca oxu özüylə gəzdirməkdən bezəcək, tullayacaq bu oxu zibil yeşiyinə, xəyanət edəcək Məleykə xanım, çünki o, bu oxu heç kimə göstərə bilmir. Nə üçün? Nə üçün bizə elə gəlir ki, ən yaxşı müsahibimiz, ən yaxın, doğma adamımız özümüzük?

Sonra Məleykə xanım kupeyə girdi. Bir azdan mən yerimə qalxıb bu sualları başımdan elədim və yatdım.

Dekabr, 1968.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun İncə dərəsində yaz çağı

Yaşar Tabut

Əbdürrəhim bəy Haqverdiyev Şeyx Şəban

Elçin Parisdə avtomobil qəzası

Kamal Abdulla Səhvlərimizin qrammatikası

Şərif Ağayar "Şəkil"

# 8017 dəfə oxunub

Müəllifin son yazıları

# # #