Bir körpənin yuxusunda qarıyır gecə - Yeni Şeirlər

Bir körpənin yuxusunda qarıyır gecə - <span style="color:red;">Yeni Şeirlər
23 iyun 2018
# 16:20

Kulis.az şair Ələddin Əzimlinin yeni şeirlərini təqdim edir.

Üç rəngli Bayraq

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə

Havada

Bir əsim külək yox.

Titrəmir, tərpənmir

ətrafda bir yarpaq belə.

Sükutu əridən

şam da, çıraq da belə.

Əlimdə tutduğum

ağappaq varaq da belə.

Gözüm seçən qədər

yaxın da, uzaq da belə.

Kölgələr elə bil tablo –

düzülüb torpağın üstə.

Dönüb boğazlarda

sanki nəfəs də.

...İçində

qəfildən bir bayraq

çrpınır qanadlanır,

uçurur məni səmaya.

Bir də baxın,

Millətin,

Cümhuriyyətin

ruhundan qopan

üç rəngli bayrağına.

Gör necə qaldırır

Himn oxuyan milyonları –

Azərbaycanı ayağa!..

O əllərə

Bir zamanlar

saçlarında gəzən əl.

İllər ötdü

hər şey soldu,

xəzan oldu,

xəzan əl.

Artıq

nə o saçlar var,

nə də o ilıq əllər.

Məni yaman incidir

“bir zamanlar” –

yəni o illər.

Yerdən, göydən,

o saçlardan, o əllərdən

qəm yağır.

Daha mənə ağı söylə,

nəğmə qoşub oxuma.

İnsaf elə,

girmə daha yuxuma...

Sən və onlar

Sən olmaq,

sənə oxşamaq istəyənlər,

növbə ilə

qapının arxasında

səni gözləyənlər,

sözlərini izləyənlər

Vaxt gələcək

Daşa basacaqlar səni.

Şəklinin yerinə,

divardan asacaqlar səni.

Xatırlamaq həvəsi

Açdım səhəri

sabahin xeyir, dünya!

Sabahın xeyir, qardaş!

Elə sən də

məndən çox uzaqlaşma, təzə dost.

Gəl öyrəşək bir-birimizə

yavaş-yavaş.

Çalış,

əlimdən yapış.

Əl-ələ, gedək çiyin-çiyinə,

ovuc-ovuca.

Meh vursun üzümüzə.

Arxamızca bir iz qoyaq.

Zaman ötəridir,

belə etsək,

bəlkə haçansa xatırlanaq...

Bu səhər

Bir körpənin yuxusunda

qarıyır gecə,

əriyir gecə.

Günəş doğunca.

Süd qoxusu gələr

işığından səhərin.

Atar üstündən yuxunu

adamları

bu dalanın, bu küçənin.

Tanış gələr sənə

sifəti bu yoldan keçənin.

Nə qədər, düşünsən, yorsan,

xatırlasan da dönə - dönə ,

keçmişdə qalan

bu adamı tanımazsan.

heç özün də bilmədən

gözlərin qıyılar,

əlin söykənər çənənə.

Kül olan ocaq

Su suya qovuşar

Kürlə Araztək.

Söz sözə yaraşar

dillə dodaqtək.

Dinlə bu nəğməni,

dinlə sonacan.

Məni tərk edənə,

tək qoyanacan.

Nə vaxtsa

sən duyan, anlayan

ürək susacaq.

Su da alışacaq,

su da yanacaq.

De kimə lazımdır

üzü dan yerinə

kül olan tənha bir ocaq?..

Ürəyim

Ürəyimin

həsrət dolu bir nəğməni

oxumağı gəlir.

Gözlərimin

qırpılmadan bir nəfəsi

sənə baxmağı gəlir.

Dərdlərimin

bu axar suya qoşularaq

axmağı gəlir.

Axa-axa

oxumağı, baxmağı gəlir.

Yetərmi,

bəsdirmi bu deyilənlər?

Qəm üstə köklənib

sənə söylənilənlər?..

Qara buludlar

Sən

nimdaş paltar kimisən.

Solub baxışların,

bozarıb rəngin.

Sonuna az qalır baharın.

Payız gəlməmiş

başının üstündə

yağış qoxuyan

qara buludlar

Sıxlaşaraq qaralır...

Gecə, işıq və günəş

Bu solğun işığın

kiməsədə xeyri yoxdur.

Gecənin bu vaxtı

ağlayan uşağın

günahı bir yana,
pənahı yoxdur.

Bu gecə sir dolu,

qarmaqarışıq.

İşıq axtarıram,

gur işıq.

...Dan yeri qızarır

günəşin ilk şəfəqləri

sancılır bədəninə

torpağın daşın...

Image result for ələddin əzimli

# 1218 dəfə oxunub

Müəllifin son yazıları

# # #