Atamın köynəyin geyib anam təndir salır - HAYKULAR

Atamın köynəyin geyib anam təndir salır - HAYKULAR
12 dekabr 2016
# 12:44

Kulis.az Sərraf Balaxanın “Haykular”ını təqdim edir.

Şəhər haykuları

Qaş qaralır 28-də.

Kirli göyərçin enir

Cəfərin çiynindən ağuşuna.

Rozmarin ətirli bağça.

Fəvvarədə vurnuxur

Xançinarın yarpağı.

Qaldırım. Xəzəl.

Qubernatorun ruhu çıxır

Filarmoniyanın bacalarından.

Adamlar gəlir.

Beşmərtəbələrin başı mansardlanır,

Papaxlanır Bakı.

İnsan sürtülür küçədə,

Bozarır. Bərq vurur,

Üzü gedir suyun şəlalədə.

Kənd haykuları

Çörək. Kişilik.

Atamın köynəyin geyib

Anam təndir salır.

Qış tez gəldi,

Çəkməmdə mürgü döyən,

Anac qurbağanı oyadırıq.

Pişiyimizi azdırırıq.

Süd qazanındakı

Siçanlar boğulur qəhərdən.

Kənd. Zaman ləngiyir.

İndi öldürdüyü daşı da

əqrəbindən asırıq saatımızın.

Günəş gülür,

Pıçıldaşır kollar –

Diş ağardır pambıq qozası.

# 1107 dəfə oxunub

Müəllifin son yazıları

# # #