Dəniz düz axşamadək tumarlasın gənc qızı - ŞEİRLƏR

Dəniz düz axşamadək tumarlasın gənc qızı - ŞEİRLƏR
17 may 2016
# 11:50

Kulis.Az Seyid Aynurun yeni şeirlərini təqdim edir.

Geyim ciblərini

Elə bir havada gəl ki,

Donumun qırçın ətəyini yelləyib

töküm yerə sizin bağın almalarını,

tamarzı qoyub “meyvə qurdlarını”.

Elə bir havada gəl ki,

Ağaclar tullasın çətir yarpaqlarını,

islansın yağışda.

iz salmasın ayaqqabılarımız

xəlvət görüşəndə sahildə.

Elə bir havada gəl ki,

Günəşin saçqıranlı saçlarının,

ucunu hörə bilmədiyi

o tez düşən payız gecələrində

ay “Sarı gəlini” yana-yana oxusun.

Elə bir havada gəl ki,

üşüsün əllərim,

geyim ciblərini əlcək kimi,

şərf tək dolayım saçlarımı boynuna

şeir deyək səhərədək.

Elə bir havada gəl ki,

Bələnsin təbiət yaşıllığa

dil açsın çağa təbiət

və sədaqət andı içsin

suyun dibində

bir cüt skalyari.

Elə bir havada gəl ki,

Nəbzimiz sol major vursun,

sol tərəfi ağrıtmadan

taxıb qulağıma balıqqulağıları,

ürəyini dinləyə bilim!.

Qız qarısın

Hər gecə qağayılar boz qayalara qonur,

Hər gecə qağayılar öpür boz qayaları.

Qayaların ağlını alır aşiq dalğalar,

Qayaların tərini silir əliylə günəş.

Günəş isidir suyu soyudur dəli külək ,

Günəş möhkəm sarmaşan aşiqi salamlayır.

Salamlayır sahildə dayananları gəmi,

Salamlayır ev tikən qumda köçkün uşağı.

Uşağı ağladacaq küləyin ev yıxması,

Uşağı dondurmayla kimsə sevindirəcək.

Sevindirəcək eşqdən kürüləyən balıqlar,

Sevindirəcək dənizi insanların sevgisi.

Sevgisi bir dənizdir bəzi adamların,

Sevgisi quru boyda, su qədərdir çoxunun.

Çoxunun var gözündə eynək gündən gizlənir,

Çoxunun artığını yeyəcəkdir ac dəniz.

Dəniz düz axşamadək tumarlasın gənc qızı,

Dəniz lap səhərədək layla desin göylərə.

Göylərə ağ kağızdan təyyarələr uçurur,

Göylərə bir sevgidən şeir oxuyur bir qız.

Qız qarısın dənizə pəncərədən baxaraq,

Qız vursun qırışlara ütü barmaqlarıyla.

Barmaqlarıyla oğlan lal dilində danışır,

Barmaqlarıyla sevir toxunaraq kor qadın.

Qadın dəniz gəzdirir badamı gözlərində,

Qadın qara beşikdə yırğalayır ümidi.

Ümidi dəfn edəcək fırtınada balıqçı,

Ümidi sinəsinə düymələyəcək qadın.

# 987 dəfə oxunub

Müəllifin son yazıları

# # #