Səhvlərimizin qrammatikası - “Ən yaxşı hekayəmiz”

Səhvlərimizin qrammatikası - “Ən yaxşı hekayəmiz”
2 mart 2016
# 10:43
“Beş ən yaxşı Azərbaycan hekayəsi” sorğusunda 100 hekayənin adı çəkilib. Oxucuların marağını nəzərə alaraq bu hekayələri dərgimizdə yayımlayırıq. Siyahı əsasında Kamal Abdullanın Səhvlərimizin qrammatikası” hekayəsini təqdim edirik.

Eyvazlı bütün diqqətini toplayıb baxandan sonra, nəhayət, başa düşdü ki, bu adam kimdi. Bu, Koroğlu idi!

Bığları burma, qoç Koroğlu bir cıqqılı dağın döşündə əlində tutduğu əyri misri qılıncı buludsuz, əngin göylərə tuşlayıb şəstlə durmuşdu. O biri əlilə də yanında ona qısılıb qalmış, nə edəcəyini bilməyən Qıratın boynunu tumarlayırdı. Qırat tez-tez fınxırırdı. Bu zaman onun iri, ətli dodaqlarının arasından dişləri ağarırdı. Atın dişlərindən biri ağarmırdı, işım-işım işıldayırdı, çünki qızıldan idi. Bu qızıl diş haralardansa təngnəfəs gəlib özünü onların yanına çatdıran bir nərmənazik gün saçağını top kimi sinəsinə qəbul edib elə o dəqiqə üzbəüzə, misri qılıncın tiyəsinə göndərirdi. Bu ikisinin arasında qalmış gün saçağı usanmadan şövqi-bərq ilə parıldayır və bu zaman göz qamaşdırırdı.

Üç gün əvvəl isə, sən təsadüfə bax, Eyvazlının yuxusuna gəlib Babək girmişdi. Bu dəfə o, bir neçə əsr daha qədimə "reys" eləmişdi və belə bir səyahətin baş tutmasına indi özü də təəccüb edirdi.

Əl-üzünü yuyub üzünü qırxandan sonra Eyvazlı mətbəxə keçdi. Səhər yeməyinin hazırlığını gördü. Sabah-sabah dar, amma xudmani mətbəxin bir küncündə (əslində, bu mətbəxin hər bir yanına künc demək olardı) oturub pəncərədən düz gözünə vuran bir sırtıq günəş saçağı ilə başını sağa-sola qaçıraraq yüngülvari "mübarizə" etdi. Sonra fikri yayındı və o, əlindəki isti qəhvə dolu fincandan ləzzətlə qurtum qurtum dalınca aldı. Bu dəfə fikirli idi. Fikirləşirdi, axtarırdı son zamanlar sərasər onun yuxusuna girən bu xalq qəhrəmanları ondan nə istəyir, nə verib ondan alammırlar – heç cür tapammırdı.

Ağıllı fikirlər Eyvazlının beyninə, adətən, səhərə yaxın gəlib girirdi. Bunun səbəbini isə o belə izah edirdi. Gecə yuxusundan sonra beyin dincəlmiş olur, ondandı. Bu sabah da yuxudan ayılıb çarpayıda yerdəmi ala-ala ağlına gələn ilk ağıllı (bir başqa dünyada – ağılsız!) fikir bu oldu ki, Koroğlu onun qəhrəmanı deyil. Əvvəlcə bu əndribani fikir Eyvazlını səksəndirdi. O təlaşa düşdü. Sonra, sadəcə, qanı qaraldı. Beynindən keçdi ki, deyəsən, böyük bir qələtin astanasında artıq gəlib durmuşdur. Başını bulayaraq bu sərsəm fikri qovalamaq istədi. Amma lənətəgəlmiş əndribani fikir eynən mətbəxdə onun üzünə-gözünə qonan o sırtıq, zəhlətökən günəş saçağı kimiydi. Beyninin içində dəcəl keçi kimi bir qırışdan o biri qırışa atdanırdı və öz xoşuna heç hara yox olub getmək istəmirdi. Eyvazlı əlini atıb pəncərənin nazik pərdəsini çəkdi.

Qəhvəsini içib qurtarandan sonra Eyvazlı adəti üzrə fincanı cəld bir hərəkətlə ağzıüstə çevirib nəlbəkinin içinə basdı. Səbirsizliklə gözlədı. Fal açacaqdı. Gördüyü yuxunu hökmən yozmaq lazım idi. “Bugün” ona nə hazırlamışdı?! Qəhvənin lili üzüaşağı fincanın divarlarına çökə-çökə əyri-üyrü xətlər cızıb ona nə isə deməliydi. Bu qəhvə xətləri onu heç zaman aldatmamışdı. Eyvazlı qəhvə xətlərinin ötürdüyü məlumatı dəfən-dəfən sınaqdan keçirmişdi.

Elə təkcə bunu xatırlasaq, bəs edər. Universitet illərinin ilıq xatirəsi… Qəfildən sinif otağının sakit tənhalığında peyda olmuş Mirey Matyeyə oxşayan o naməlum qıza elə o andaca aşiq olub qızı öpəcəyini hətta saat və dəqiqəsinəcən ona xəbər vermələri nəyə desən dəyərdi. Qəhvə xətlərinin bu barədə xəbəri sabah-sabah olmuşdu. Düzdü, öpüş qəhvə xətləri deyən kimi, yəni, dodaqdan dodağa alınmamışdı -- onun dodaqları sürüşə-sürüşə bu naməlum qızın ancaq üzündə gəzə bilmişdi. Zəng vurulmuş, uşaqlar dəstəylə onların bir küncə sığındığı sinif otağına soxulmağa başlamışdılar. Elə bu zaman bir-birinə qaynayıb qarışan tələbələr arasında qız yox olmuşdu və Eyvazlı bir daha o qızı heç harda görməmişdi. Hər nəydisə, belə məqamlar həmən uğursuz öpüşdən sonra yoxa çıxmış o qız kimi unudulan deyildi və indiyənədək o öpüş hərdən hardansa bir canlı kimi zühur edir, pudluq daşlar kimi gəlib onun nazik, o uzaq öpüşün portağal dadını özündə qoruyub saxlayan dodaqlarından asılırdı …

Qəhvə xətlərinin tamamən quruyub öz yerini tutmasını gözləməyə Eyvazlının hövsələsi çatmadı. Eyvazlı fincanı cəld bir hərəkətlə nəlbəkinin içindəcə arxası üstə çevirdi. Başını əyib gözlərini qıyaraq diqqətlə fincanın içinə baxdı. Əyri-üyrü xətlər yuxarıdan aşağı yazılmış Çin heroqliflərinə oxşayırdı. Çin heroqlifləri qara-qura bir mətnə dönüb ona nə isə deməyə çalışırdı. Eyvazlı bu qara-quranı höccələyib oxumağa başladı. Sözləri asanlıqla oxuyur və mənanı anlayırdı. Qrammatikanın olmamağı məsələni qat-qat asanlaşdırırdı.

Fincanın içindəki xətləri oxuduqca Eyvazlı düşünürdü. Yox, yox, yenə də yox! Koroğlu qəhrəman deyil. Belə qəhrəman olmaz. Eynilə, Babəkin nəyi bundan yaxşıdır?! Bir az da dərinə getmək olar. Lap elə Şah İsmayılın özünü götürək. Hm, amma burda bir az ehtiyatlı olmaq gərəkir. Şah məsələsi bir az qəliz məsələdir. Yaxşısı budu, Eyvazlı Şah İsmayılı bu dəstəyə qatmasın. Ağzıgöyçəklər min əfsanə uyduracaq. Yox, niyə ki… amma… orası da var ki, lakin o da inkaredilməzdir ki, bu şəxsiyyətlərin hamısı, Şah İsmayıl başda olmaqla, öz dövrlərinin buzunu qıran, gələcək üçün yolaçan adamlar olublar. Seçilən, fərqlənən adamlar... Nəhəngdirlər, buna şübhə yoxdur. Bir neçə gün əvvəl nəşriyyatın "Qədim ədəbiyyat" şöbəsində işləyən bir həmkarı (adını xatırlamır) "dəlidən doğru xəbər" rejimində yaxşı dedi. O olmasaydı, yəni, Şah İsmayılı nəzərdə tuturdu, biz bu gün necə deyə bilərdik ki, bir xalq kimi bizim də ayağımız 16-cı əsrə dəyib?! Bir tərəfdən baxanda doğru sözdür. Bizim ayağımız böyük tarixin içində hər onilliyə, hər əsrə tappıltıyla dəyməyib axı. Olsa-olsa, yüngülvari, mələklər kimi, üzdən, ahəstə…

Eyvazlının tanıdığı və ünsiyyətdə olduğu bir Ağıllı şeytan vardı. Ağıllı şeytan belə hallarda Eyvazlının qulağına onun ruhunu oxşayan həlim bir səslə pıçıldayırdı ki, azı buna görə bu nəhənglərin qədrini bilmək vacibdir. Eyvazlı Ağıllı şeytanı çox gözəl başa düşürdü.

Amma Ağıllı şeytanla yanaşı bir Dəli şeytan da var idi. Dəli şeytan isə öz zəhlətökən, cır səsilə belə deyirdi: Yox, nərə çəkib qılınc çalan bu adamlar qəhrəman-zad deyillər. Onları qəhrəman eləmək səhvdir. Koroğlu öz padşahına asi olub, dövlətçiliyə qarşı çıxıb. Ən böyük qəhrəmanlığı da, deyəsən, elə Nigarı götürüb qaçırmağı olub…

Dəli şeytanla razılaşmamaq çətin idi. Amma bu zaman Eyvazlıya elə gəlirdi ki, o, kiməsə, nəyəsə xəyanət edir. Bu zaman Eyvazlı əməlli-başlı əzab çəkirdi. Elə bilirdi ki, əynində heç nə yoxdur və o, anadangəlmə, lüt –üryan durub hamının qabağında. Hamı onu beləcənə, lüt bir halda görür, o da öz ayıb yerlərini heç cür eləyib gizlədə bilmir. Qışqıra da bilmir, izah edə də bilmir, əlilə ora-burasını tuta da bilmir. Bundan betər bu dünyada heç nə yox idi, ola bilməzdi.

Adam yanında dinmirdi, xəcalətdən səsini çıxarmırdı, amma təklikdə özü ilə heç cür bacara bilmirdi. Əzab çəkə-çəkə hər şeyi anlayırdı. Anlayırdı ki, Dəli şeytanın dəlilləri poladdan möhkəmdir, amma… Eyvazlının qəlbinin içində yenə də bir səs pıçıldayırdı ki, düzgün deyil belə düşünmək, ələlxüsusus da, belə danışmaq. Nəticəsi ola bilər. Adamı tutarlar, adamı daşqalaq edərlər. Bu anlarda onun kürəyinə soyuq tər gəlirdi. Qəhrəmanlara qiymət verməyi sevsə də, etiraf etmək lazımdır ki, Eyvazlı təbiətcə qorxaq idi. Həmişə Dəli şeytanla “dərdləşəndən” sonra canına beləcənə xof düşərdü. Xüsusilə, Şah İsmayılla bağlı Dəli şeytanın onun beyninə saldığı hərzə-hərzə düşüncələr Eyvazlını çox pərişan edirdi. Başqa bir tərəfdən də sevinirdi ki, duyuq düşüb təpinəni yoxdu. Bilirdi ki, əgər balaca təpinən olsa, "Mürşidi-kamilim!" bağıra-bağıra üzü geriyə, düz 16-cı əsrə qədər hövlnak qaçacaq, ürəyi əsə-əsə özünü sevimli Şahın ayaqları altına atacaq, əvfini yalvaracaqdı.

Eyvazlı səhər yeməyini bu cür pərakəndə düşüncələr içində bitirdi. Əlində tutub ora-bura tərpətdiyi fincanın divarlarında özünə yer eləmiş əyri-üyrü qara qəhvə zolaqları pozuq olsa da, səsli bir xəttə dönüb qulağına onu həyəcanlandıran belə sözlər pıçıldayırdı:

"Təəssüf ki (bir başqa dünyada: nə xoş ki), yuxuda olanlar həyatda baş vermir, həyatda yuxudakının əksi baş verir. Koroğlunu isə, ey Eyvazlı, sən çox da ürəyinə salma. Koroğlu hələ sənə sübut edəcək ki, o, həqiqətən, qəhrəmandır. Bu günün axşamı önəmli bir hadisə baş verəcək və bu hadisə sənin həyatını dəyişəcək. Sən o hadisə ilə təkbətək, üzbəüz qalmalısan. Buna hazır ol."

Əyri-üyrü, hələ tam qurumamış qəhvə xətləri bu xəbəri ona tələsik ötürüb eləcənə də tələsik fincanın divarlarında bir-birinin içinə girərək bir-birinin içində əridilər. Eyvazlının ürəyi sıxıldı.

Qapıdan çıxarkən adəti üzrə divardan asılmış qədim və üstü ləkəli güzgüyə diqqət etdi və beynindən hər dəfəki kimi yenə də eyni nimdaş sual keçdi: "Dünən bu güzgüdə gördüyüm sifət bugünkü sifətdi, ya yox?!" (Bu sual bütün başqa dünyalarda eyni cür səslənirdi).

Günəşli bir gün idi. Küçə boyu irili-balacalı evlər gah bir-birinə tərəf əyilib bir-birinin içində əriyir, gah da qəddi-qamətlərini düzəldir, tovuz quşları kimi cilvələnirdi. Gün adamın təpəsini deşir, tər boynundan ayağına qədər şırhaşır su kimi axıb gedirdi. Kölgə axtarıb altina düşmək Eyvazlının ağlından keçmədi. Çünki ağlından keçsəydi belə bunun faydası olmayacaqdı. Gün işığı var idi, binalar var idi, onların əyilib-düzəlməkləri var idi, amma onların kölgəsi yox idi. Gün başına vura-vura, tərini tökə-tökə Eyvazlı beləcənə yol gedirdi, amma hara üz tutub getdiyini o an unutduğundan hansı küçədən hansı küçəyə keçməyi vecinə belə deyildi. Gedə-gedə gözünün qabağına hərdən Koroğlunun, hərdən də Şah İsmayılın məktəb dərsliklərindəki şəkilləri gəlirdi. Bu zaman gözlərini bərk-bərk yumurdu. Amma bu halında da o, yolunu gözləri açıqmış kimi inamla gedirdi.

Yol özü onu gətirib çalışdığı nəşriyyat binasının qapısı ağzına çıxardı. Ağır, hündür taxta qapını təkcə əli ilə deyil, az qala qapıya yapışdırdığı çəlimsiz bədəninin olan-olmaz ağırlığı ilə yavaş-yavaş aralayıb özünü birtəhər içəri saldı.

Geniş, mərmər pilləkəndən canına yayılan sərinlik Eyvazlının huşunu bir anın içində yerinə qaytardı. Eyvazlı pillələri qalxa-qalxa keyflə düşündü ki, bu gün çərşənbədir və onun görməli olduğu bir iş yoxdur… amma yox! Lənət şeytana və onun bütün köməkçilərinə! Mərmər pilləkənin bir qırıq yeri vardı, ora ayağını qoyan kimi, ayağı az qala büdrəyən kimi yadına düşdü. Allahın bəlası düşdü yadına. Günorta zamanı Eyvazlının yanına şeirlər kitabının plana salınmasıyla bağlı şeirləri özündən, özü şeirlərindən betər, son dərəcə idbar və özündən müştəbeh bir şair gələcək. Məşəqqətmi? Məşəqqət!.. Adamla görüşün qaçılmazlığı bir anın içində onun qanını qaraltdı. Şairi görməyə Eyvazlının gözü yox idi, ondan zindeyi-zəhləsi gedirdi. Amma onun barəsində düşündüyü həqiqəti üzünə deyə bilmirdi. Dili gəlmirdi. Az qala utanırdı. Bəlkə də, kim bilir, qorxurdu… Ürəyində şairə ad da qoymuşdu: "Vampir!" Öz-özünü isə Dəli şeytanın təkidilə inandırmışdı ki, şair, həqiqətən, vampirdir və bu vampir hər görüşdə gizlin-gizlin, ləzzətlə onun qanını sourur…

…Vampir üzbəüz kresloya özü boyda sual kimi yayxanıb oturanda Eyvazlı bu dəfə də ona hansı cavabı verəcəyini qəti şəkildə müəyyənləşdirməmişdi. Daha doğrusu, hansı cavabı verəcəyini bilirdi, o cavabı Dəli şeytan onun üçün elə havadaca gözlərinin qabağında "şparqalka" kimi yazdı. Eyvazlı bunu oxuya biləcəyindən əmin idi, amma Eyvazlı bu oxuyacağı cavabı nə cür ifadə edəcəyini bilmirdi. İş beləcənə yavaş-yavaş müşkülə dönürdü. Elə bu zaman, məhz söhbətə başlamazdan əvvəl, nə oldu, nə olmadı, Eyvazlının gözləri önündən vaqeə kimi biixtiyar bunlar keçdi…

Harri Potterin sehirbazlar dünyasında bir küçə var, o, Eyvazlı bu küçədədir. Küçə sehirbazlarla doludur. Küçənin sağında, solunda əcayib malların dolu olduğu vitrinli mağazalar da sehirli idilər. Bu mağazalardakı müxtəlif malların – dəftərlərin, kitabların, məktəbli çantalarının, köynək və şalvarların, eynək və şapkaların adam kimi dilləri vardı və onlar dil açıb müştərilərlə danışırdılar. Sehirli mağazalarda sehirbazlar alış-veriş edirdilər. Onlar hərdən müştəriyə belə deyirdilər: "Mənə inanmırsan, malın özündən soruş…" Müştəri də bundan sonra malın özüylə danışmağa başlayırdı. Sehirbazlarla yanaşı bu küçə ilə mutantlar gəzişirdi. Cürbəcür, bir-birinin qarışığı olan heyvanlar başqa bir dünyadakı (Eyvazlının tanıdığı dünyadakı) adamlar kimi dal ayaqları üstündə gedib-gəlirdilər. Burda xoruz başlı ayı da var idi, ayı başlı xoruz da var idi, eynəkli qartal da var idi, şir baslı qoyun da var idi, bir sözlə, burda kim yox idi?! Hələ baxıb tanımadığı nə qədər məxluqat var idi burda. Qorxuluydumu? Qorxuluydu! Eyvazlını elə bir vəhmə bürüdü ki, daha bu küçədə qalmağa dözəmmədi, gözlərini bərk-bərk sıxıb özünü hövlnak qaytarıb gətirdi yenə də öz iş otağına, Vampir şairin yanına saldı.

…Və indi onun qarşısında ayaqlarını bir-birinin üstünə sallayıb oturmuş bu vampir Harri Potterin küçəsindəki xortumu uzun, qoltuğunda qalın kitab aparan sallaqdodaq filə oxşayır. Orada fil iki ayağı üstündə yeriyir və gözləri alışıb-yanırdı, yəqin, belə hallarda o da vampir kimi öz fil beynində qafiyə axtarırdı. Eyvazlı düşündü: fil qafiyəsi görən nə boyda olar?!

Ətrafa nəzər salıb öz otağına qayıtdığına əmin olan Eyvazlı rahat bir nəfəs alaraq bığaltı gülümsədi. (Niyə bığaltı? Eyvazlının axı bığları yox idi. Amma yox, bir başqa dünyada, lap elə Harri Potterin sehirli küçəsinin uzanıb getdiyi dünyada Eyvazlı əlini bığına çəkmişdi, ona elə gəlmişdi ki, yuxudadı, ayılmaq üçün bığını dartmışdı, orada onun bığları var idi…).

…Beləliklə, Eyvazlı rahat nəfəs alıb dodaqucu gülümsədi. Həqiqətən də, ən böyük biclik, çox doğru deyiblər ki, düzlükdü. O niyə axı bu boyda dərdi öz çiynində çəkməlidir?! Olmaz ki, sözünü birdəfəlik desin və hər şey də bununla qurtarsın, getsin…

Vampirin ağaran dişləri, əlbəttə ki, əsl ucubiz vampir dişləri idi. Bu dişlər çox asanlıqla və çox rahat bir şəkildə adamın boğazına sancılıb qanını soura bilər. Eyvazlı birdən çox aşikar şəkildə boynunun iki bir-birinə yaxın nöqtəsinin arı sancmış kimi gizildədiyini hiss elədi. Beynindən guppultuyla bunlar keçməyə başladı. Sən, Eyvazlı bu Vampirə heç nə sübut edə bilmirsən, bilməyəcəksən, özünü öldürsən də, partlasan da bu mümkün olmayacaq, çünki siz ayrı-ayrı Azərbacan dillərində danışırsınız. Bəlkə də siz ayrı-ayrı dünyalardasınız. Sənə elə gələcək ki, dünyaların birində işə gəlməyinə gəlmisən və əynində köynəyin, şalvarın var, bu dünya üçün bu təbiidir. Amma hansı döngədənsə keçəndə sən qəflətən başqa bir dünyaya düşmüsən və orda sənə baxıb səni lüt görürlər. Bəlkə də sən evdən çıxanda səhvən başqa bir dünyanın -- lütgəzənlər dünyasının qanunlarına görə şalvarını geyinməmisən. Bu sənin yadından çıxmayıb, sən sadəcə dünyaları dəyişik salmısan, buna görə də indi içində partlaya-partlaya qalmısan. Heç nə də edə bilmirsən…

Vampir isə həmişəki laübali, guya çoxbilmiş tərzilə, dodaqlarının ucundakı istehzalı təbəssümü ilə son dərəcə yalançı bir səbr və ədəb-ərkanla üzbəüzündə oturub sənə mərhəmətlə baxır. Onun hər şeydən, Eyvazlının beynindən keçən hər şeydən xəbəri var. Eyvazlı birdən başa düşdü. Vampirin məqsədi aydından aydın imiş -- onu hövsələdən çıxarıb açıq söhbətə çəkmək…

-- Mən sizinlə açıq danışacağam. – Eyvazlı daha dözmədi, qəti qərara gəlmiş adamlar kimi hətta ayağa qalxıb sözünə başladı. Eyvazlının səsində qəribə bir inam hiss olundu. -- Kim nə deyib sizə bilmirəm, amma mən düşündüyümü deyəcəm. Riyakarlıq edə bilmirəm. Mən belə düşünürəm… Bu şeirlər… bunlar şeir deyil… Vallah, şeir deyil, billah, şeir deyil. – Eyvazlı "uf" deyib pauza verdi və təzədən yerinə oturdu, barmaqlarını bir-birinə sıxıb şaqqıldatmağa başladı. Aydın idi ki, o, belə bir "qəhrəmanlığa" hazır deyildi, ona görə də birdən-birə dediklərinə peşman oldu, növbəti dəfə "uf" eləyib narahat şəkildə yerində qurcuxdu. Eyvazlı üçün başqasını utandırmaqdan daha pis heç nə ola bilməzdi.

Əlbəttə, Eyvazlı gərək pauza verməyəydi. Elə bil, özünün də ürəyinə dammışdı ki, balaca bir pauza versə, Vampir daha onun sözünü sonadək dinləməyəcək, hökmən sözünü kəsəcək. Onu əməlli-başlı, necə deyərlər, alıb gedəcək. Kaş belə olmayaydı. Eyvazlı ümidlə dərindən köks ötürdü, yerindəcə qısılıb qaldı. Ona elə gəldi ki, bir neçə an yox, bir neçə il keçdi. Vampirin cır səsi Eyvazlının yadına Dəli Şeytanı saldı.

-- Sən davam elə, özünü darıxdırma. Mən səni diqqətlə dinləyirəm… – Vampirin dodaqları amansız və istehzalı bir təbəssümün ağırlığından əyildi. Adam bu dəfə öz idbar təbəssümünü heç gizlətməyə də çalışmadı, əmin oldu ki, onun təbəssümü Eyvazlının "yeddi qatından keçdi", yalnız bundan sonra ayaqlarının hansınısa hansınınsa üstündən götürüb (Eyvazlının bir diqqəti onun ayaqlarında qalmışdı, amma ayaqlar bir-birinə meynə tingləri kimi qaynayıb qarışdığından bunu dəqiq ayırd edə bilmədi) haracan gəldi, deyəsən, lap elə otağın ortasınacan uzatdı. Kresloda şirin-şirin qurcuxub yerini uzun bir söhbət üçün rahladı. Eyvazlı seytnota (çaşqın bir hala) düşdü.

Əlbəttə ki, Eyvazlı təkcə bu dünyada deyil, mövcud olan bütün sonsuz dünyalarda da qorxaq idi. Sözünü bir su içimində dəyişmədimi, dəyişdi. Naçar bir halda, gözlərində və səsində yalvarışla Vampirə dedi:

-- Yox, yox, məni düzgün başa düşün. Mənim şeir zövqüm elə də yaxşı deyil. Əsla. Əsla sizin şeirlərinizə mənim siz deyən elə bir… iradım, sözüm yoxdur. Məni düzgün anlamadınız… Şeirlərinizin… özünəməxsus tərzi var. Hm… Siz bir bizim şöbə müdiri ilə danışsanız… məncə, daha doğrusu bu olar...

Nəşriyyatın poeziya şöbəsinin müdiri Göymirzəli ilanla yola getməyi bacaran bir köhnə ədəbiyyat adamı idi. Lazım gəlsə, şeir yazan əjdəha ilə də dil tapardı, hamını da razı salardı. Göymirzəli nə zamansa hətta bir xalq şairinə belə demişdi:

-- Vallah, halal olsun. Billah, halal olsun. Sən istəmisən ki, bir axmaq şeir yazasan, sən də onu yazmısan. Əhsənül-əhsən. Elə bilirsən asandı?

-- Əlbəttə, asan deyil… – Xalq şairi Göymirzəliyə minnətdarlıqla baxandan sonra əlində hazır tutduğu dəsmalla tərli, daz başını silə-silə nə danışdığını, necə tələyə düşdüyünü isti-isti ağlına belə gətirmədən əlüstü cavab vermişdi…

İki göz istəyirdi, Eyvazlının biçarə halına tamaşa eləsin.

-- Deməli, sən deyəcəyini dedin, qurtardın?!– Vampir boğazını yüngülcə arıtlayıb süni bir razılıqla və qətiyyən tələsmədən incə-incə, yağlı-yağlı danışaraq səsinin şirin yerinə saldı. Gözləri bir an sonra alacağı ləzzətdən ulduz göydə axan kimi axıb getdi.

Eyvazlı hiss elədi ki, haman xalq şairi kimi tora düşməkdədir, soyuq tər yenə də başladı bunun boynundan köynəyinin içiylə kürəklərinə qədər axmağa. Dodaqaltı öz-özünə nə isə mızıldadı. Vampir onun mızıltısını təsdiqləyici cavab kimi qəbul elədi.

-- Deməli, qurtardın… İndi də sən zəhmət çək, mənə qulaq as. – Vampirin səsi bir anın içində dəyişib codlaşdı, hətta bu səs Eyvazlıya bir qədər vahiməli gəldi.

Vampir xeyli qətiyyətli və ciddi bir şəkildə, nəhayət ki, bu gənc hərifə əməlli-başlı dərs vermək qərarına gəlmişdi. "Çox dözdüm mən sənin cəfəngiyyatına… Sirlərin açılma zamanıdır. Eybi yox, zərbə ağır olacaq, amma dözümün çatsa, anlayacaqsan… Bizi də bir adam əvvəl-axır anlamalıdı, ya yox?!"

Eyvazlının balaca otağındakı səsli divar saatını hamı bəzək kimi qəbul edirdi, çünki saatın kəfkiri divardan asıldığı vaxtdan indiyənə qədər eləcənə donub qalmışdı. Birdən-birə bu kəfkir öz-özünə hərəkətə gəlmədimi, gəldi. Eyvazlı diksindi və mat-məəttəl qaldı.

-- Mən sənin yaşında, balası… -- Vampir heç nəyə fikir vermədən danışmağa başladı, -- ulduzdan ulduza uçurdum. Gəlib sizin bu camış iyi verən üfunətli dünyanıza düşəndə, daha doğrusu, ilişəndə, – bu yerdə Vampir üz-gözünü nifrətlə büzüşdürdü. – İlk əvvəl başa düşmədüm ki, bu qədər sonsuz ulduz arasında iki üstəgəl ikinin dörd elədiyi belə bir dünyada necə oldu ki, qalası oldum. Səhv etdim. Çox böyük səhv etdim. Sonra, çox sonra bu səhvimin səbəbini anladım. Amma gec idi. Bilirsənmi, səbəb nə oldu? Bu dünyanın havasında hər şey bir-birinə qarışmışdı, hər şey bir-birinə oxşayırdı. Adamlardan tutmuş ağaclara, daşlara qədər hər şey. Onlar hamısı bir-birilə qafiyəydilər. – Vampir neştərini daha dərindən batırmaq istədi. -- Hər şeyin bu dünyada qafiyəsi vardı. İndi də var. Sənin də qafiyən var. Sevgilin, dostun, ürək qızdırdığın birisi yoxdu ki, deyim, bax, sənin qafiyən budu. Sənin qafiyən bilirsən, nədi? Amma inciməyəsən. Sənin qafiyən… bir atdı. At. Sən ata çox oxşayırsan… Nə isə… Bu bir başqa mövzudu. Deyəcəyəm. Deməsəm, ölləm. Bu dünyanın havasında qafiyələr oynaşır. Mən hər şeyin mahiyyətindəki qafiyələri deyirəm. Mən onları görürdüm. Mənim səhvim məni bura salan səhv cümlənin naçar mübtədası qədər əlacsız idi. Altından indiyənə qədər çıxa bilmirəm. Mənim səhvlərimin qrammatıkasını yazmaq olar, balası… Sənsə mənə nə deyirsən?! Sən Allah, qoy görüm nə deyirsən?! Sənsə mənə deyirsən, qulaq qafiyəsi belə gəldi, kök qafiyəsi belə getdi, misranın içində o söz yerində deyil, bu söz artıqdır… Mahiyyətin qafiyəsindən danış sən, övladi-kəbir, mahiyyətin qafiyəsindən…

Bunları birnəfəsə vulkan kimi püskürəndən sonra Vampir dili ilə dodaqlarını yaladı və susdu. Ortalığa namünasib bir sükut çökdü, amma uzun sürmədi. Sükutu Vampirin özü pozdu. Qarşısında bir günahkar kimi, məzlum və yazıq-yazıq oturmuş Eyvazlını ("Allah, mənim günahım nədi?”) bu dəfə açıq-aşkar şəfqətlə süzdü. Gözlənilmədən iztirab dolu ahənglə, öz-özü ilə danışırmış kimi dediklərinə belə bir əlavə etdi:

-- Sənin nə günahın?! Sənin ki bir günahın yoxdur… Bilirsən, mənə qəribə gələn nədir? Niyə bizi tərk elədilər?! Sual budu. Yoxsa ki… Olum, ya ölüm… Cəfəngiyyat!

Axşama yaxın Eyvazlı suyu süzülmüş bir halda iş yerini tərk etdi. Yenə küçələri, döngələri bir-birinə qarışdıra-qarışdıra, ordan vurub burdan çıxaraq, burdan vurub ordan çıxaraq sanki dövrələmə, dairələr cıza-cıza yuxarı məhəllədəki evinə tərəf istiqamət aldı. Yol gedə-gedə o belə düşünürdü: "Vampirin dedikləriylə bu sabahkı qəhvə falı arasında, görəsən, bir oxşarlıq varmı?! Qəhvə falı axı başqa şey demişdi. Onun dediyi axşam baş verməliydi. Bu gün axşamüstü mənim həyatımda çox mühüm bir hadisə olmalıdı... Bəs niyə heç nə baş vermir?!

Eyvazlının dodaqlarına acı bir təbəssüm qondu.

Axşam yavaş-yavaş, hüznlə düşürdü. Dar dalanla əyri diki qalxıb birmərtəbəli, ikimərtəbəli böyüklü-balacalı evlərin bir-birinə qısıldığı küçəyə dönən zaman gözünün qarşısında belə bir mənzərə canlandı. Yaşadığı evin qapısı ağzına bir at gətirib bağlamışdılar. Ətrafda bircə tanış adam belə gözə dəymirdi. Axşamın bu vaxtında ora-bura Harri Potterin küçəsində olan kimi mutantlar gəzişirdi. Adam-fillər, kenquru-balıqlar, şir-ceyranlar, dovşan-qarğalar bir-birilə min illərin mehribanı kimi söhbət edirdilər… Bilmədi, niyə, amma bu adi, heç bir qarışığı olmayan atı evinin qabağında görəndə Eyvazlının ürəyində bayaqdan bəri özünə yer eləmiş gərginlik əriməyə başladı.

At uzun boynunu ona tərəf çevirib məhrəm-məhrəm, ürəkdən fınxırdı. Fınxıran zaman atın dişləri ağardı. Eyvazlının diqqətini çəkdi ki, bu atın ağzında bir diş qızıldandır. Atı tanımazdımı, o saat tanıdı. Qırat idi. Bu dəfə sevincdən, ya həyəcandan Eyvazlının damarında qanı coşdu, ürəyi əsim-əsim əsməyə başladı. Ondan çıxmayan iş -- cuşa gəlib sağ əlini kəmərinə atmaq istədi, amma yadına saldı ki, qılınc adına bir şey orda yoxdur.

Eləcənə ürəyi əsə-əsə atın yanından əlini onun belinə ehmalca sürtərək (bir başqa dünyada şappıltıyla vuraraq) keçib evin qapısına toxunmazdan əvvəl başını qaldırdı, ikinci mərtəbədəki həmişəqaranlıq pəncərəyə nəzər saldı. Bu, qonaq otağının pəncərəsi idi və qonaq otağına ayda-ildə bir dəfə girən olmazdı. Eyvazlı bu gün də qonaq gözləmirdi.

Pəncərədən işıq gəlməməli idi…

Pəncərədən işıq gəlirdi.

C.Məmmədquluzadə "Poçt qutusu"

Y.Səmədoğlu "Bayatı-Şiraz"

Ə.Əylisli "Ürək yaman şeydir"

C.Məmmədquluzadə "Usta Zeynal"

Y.Səmədoğlu "Astana"

Ə.Haqverdiyev "Bomba"

Anar "Gürcü familiyası"

A.Məsud "Sərçələr"

M.F.Axundov "Aldanmış kəvakib"

S.S.Axundov "Qaraca qız"

Ə.Haqverdiyev "Mirzə Səfər"

Ə.Əylisli "Nənəmin tütün kisəsi"

V.Nəsib "Omaroğlunun qayıtması"

Şahmar "Köynək"

Qan Turalı "Şaxtababanın qətli"

Anar "Asılqanda işləyən qadının söhbəti"

A. Məsud "Dovşanın ölümü"

C. Məmmədquluzadə "Qurbanəli bəy"

Ş. Ağayar "Şeqlov üsulu"

İ. Hüseynov "Bir az romantika"

Ə.Məmmədxanlı "Buz heykəl"

Anar “Mən, sən, o və telefon”

Ə.Haqverdiyev “Çeşmək”

E.Əlləzoğlu “Doğum”

Y.Səmədoğlunun İncə dərəsində yaz çağı

Yaşar Tabut

Əbdürrəhim bəy Haqverdiyev Şeyx Şəban

Elçin Parisdə avtomobil qəzası

# 1793 dəfə oxunub

Müəllifin son yazıları

# # #