Cəlil Cavanşir: “Mən intiharı təbliğ etmirəm”

Cəlil Cavanşir: “Mən intiharı təbliğ etmirəm”
1 may 2015
# 10:20

Manera.az-ın bu dəfəki həmsöhbəti yazıçı, tərcüməçi Cəlil Cavanşirdir.

- Cəlil bəy, kitab oxumağa çox vaxt sərf edirsiz?

Gündə üç-dörd saat. Nadir hallarda, mütləq bitirməli olduğum kitab olanda 8-10 saat oxuduğum da olur. Çalışıram hər gün oxuyum. Daha doğrusu, əvvəl çalışırdım, indi buna adət etmişəm. Oxumayanda, özümü narahat hiss edirəm.

- Kitab mağazasında işlədiyinizi təsəvvür edin. Beynəlxalq səviyyədə mükafatlandırmaq üçün səlahiyyətli adamlar sizdən oxumaq üçün kitab istəsəydilər, hansılarını məsləhət görərdiniz?

- Həmin andakı ovqatıma bağlıdır. İndiki ovqatda onluğum belədir: 1. Drayzer “Dahi”, 2. Biçer-Stounun “Tom dayının daxması”, 3. Kundera “Ölümsüzlük”, 4. Corc Oruell “Paris və Londonda qara qəpiksiz”, 5. Dostoyevski “Karamazov qardaşları”, 6. Mopassan, bütün hekayələri, 7. Səfər Alışarlı “Maestro”, 8. Kamal Abdulla “Yarımçıq əlyazma”, 9. Şərif Ağayar “Kərpickəsən kişinin dastanı”, 10. Nizami Gəncəvi “Xəmsə”. Bu sadəcə indiki ovqatıma uyğundur. Başqa bir ovqatda Pamukun, Fuentesin, Haynirx Bölün, Hessenin, İsa Hüseynovun, Əkrəm Əylislinin əsərlərini də tövsiyə edə bilərəm. Kitab tövsiyə etməli olsam, ovqatıma uyğun kitablar tövsiyə edərəm.

- “Dinlər, təriqətlər, peyğəmbərlər” kitabınızda yazırsınız ki, mən böyük yazıçımız Axundov kimi bütün dinləri puç və əfsanə hesab edirəm. Bəs Füzuliyə münasibətdə də Axundov kimi düşünürsünüz?

- Din məsələsində Axundovla həmfikirəm. Füzuli məsələsi isə mübahisəlidir və müsahibə mövzusu deyil. Çünki istənilən halda verəcəyim cavab yersiz polemikaya səbəb olacaq. Ən yaxşısı Füzuliyə münasibətimi açıqlamayım. Zamanı gəlincə bu barədə də danışacam.

- “İntihar” şeirinizdəki

…asfalt kirli və bulaşıqdı
bir də qan ləkələri
uçuş bir anlıqdı…

misralarınızda intihar edən qonşu qızına münasibətiniz necədir? Bəlkə, doğrudan da intihara yaxşı bir şey kimi baxmaq lazımdı?

- Mən insanların heç bir seçiminə nifrət etmirəm. İntihar bir seçimdir. Biz dünyaya gəlməyi özümüz seçmirik. Amma bu dünyadan necə getməyi özümüz seçə bilərik. İntiharı şüurlu şəkildə, soyuqqanlılıqla seçənlərə niyə nifrət etməliyik? İnsanın pessimist olmaq, intihar etmək, depressiyaya düşmək kimi çox təbii haqları var. Şeirimdəki obraza münasibətim normaldır, çünki o öz seçimini bu şəkildə edib. İntihar seçimini sadəcə normal qarşılamaq lazımdır. Yəni soyuq başla, aydın düşüncə ilə baxdıqda bir insanın seçimi olduğu üçün, mən normal yanaşmağın tərəfdarıyam. Amma intiharı təbliğ etmirəm.

- …amma yox, sən çıxıb getsən,
mən darıxmayacağam…
mütləq bir nəfər tapıb
ona səndən danışacağam.
Sonra bir gün
unudacağam…

doğrudanmı, darıxmayacağın, unudacağın bir adama şeir həsr etmək olar?


- Adətən darıxmayacağımızı dediyimiz adamlar üçün çox darıxırıq. Amma darıxmadığımız adamlar üçün də şeirlər yaza bilərik. Şeir konkret sevgidən, müsbət emosiyadan yaranmır ki. Nifrətdən və mənfi emosiyalardan, kədərdən də şeir yaranır. İnsan sadəcə sevdikləri üçün darıxmır. Darıxmağın ilkin forması sevdiklərimiz üçün başlasa da, sonradan xronikiləşir. Bir gün ayılırsan ki, həyətdə qarşılaşanda sənə salam verməyən, uzaq ölkələrdən birinə gəlin köçən o sarışın qız üçün darıxırsan. Və ya hər gün siqaret aldığın satıcı qızı marketdə görməyəndə gözlərin onu axtarır.

- Dəyərmi?

- Mənim üçün “Dəyərmi, dəyməzmi” əndişəsi yoxdur. Özüm üçün aşiq olub, özüm üçün darıxıram. Kiminsə üçün darıxanda o adamın buna dəyib, dəyməməsi maraqlı olmur mənə. Şeir bütün ovqatlarda, hər yerdə və hamı üçün yazıla bilər. Hətta cəlladın boğazına keçirdiyi kəndirə də şeir yaza bilərsən.

- “…bir şair çəkilib daxmasına
it kimi darıxırdı…”

Cəlil bəy, itin darıxmağı nədən məlumdur ki? Və əgər doğrudan da it darıxırsa da, niyə şairin darıxmağı ona oxşamalıdır?

- “İt kimi darıxmaq” bizim dilimizə xas söz birləşməsidir, deyimdir. Yəni göydən düşməyib. Frazeoloji birləşmələrin mənasını axtarmadığımız kimi, bu cür söz birləşmələrinin də hərfi mənasına enmək lazım deyil. Yəni burda məsələ itin necə darıxmağı deyil. Təbii ki, mən itin psixoloji vəziyyətini araşdırmamışam. Dilimizdəki birləşməni, çox işlənən bir ifadəni şeirə gətirmişəm. Amma uşaqlıqda həyət itinin necə sağa-sola vurnuxduğunu, gecələr darıxdığından yanıqlı-yanıqlı uladığını görmüşəm. Son vaxtlar bu “İt kimi darıxmaq” ifadəsini ələ salmaq, darıxmaqla, kədərlə məzələnmək dəbə çevrilib.

- Hər kəs “it kimi” darıxa bilirmi?

Xalqımın gözəl insanları darıxmır, kədərlənmir və hər zaman şəndir. Təki belə olsun. Amma darıxmaq, kədərlənmək ən səmimi və təbii hissdir. İcazə verin darıxaq, imkan verin kədərlənək, icazə verin həyatımızı istədiyimiz kimi yaşayaq. Mən hərdən lap fil kimi də darıxıram…

- Cəlil Cavanşir nələri yazmaqla bu həyatda “mükafat”lardan məhrum olub?

- Həyatdan böyük gözləntilərim olmayıb. Ona görə də məhrumiyyətlər boş və mənasız gəlir mənə.

- Bəs indiki yazıçıların nə vaxtsa “klassik” olacaqlarına inanırsız?

- Sözün düzü belə şeylərə vaxt itirmirəm. Həyat o qədər uzun deyil ki, kiminsə klassik olub-olmadığını araşdırım, bu barədə beynimi yorum. Kiminsə “klassik” olacağına zaman qərar verir və verəcək. Məni isə belə şeylər düşündürmür.

- Deyirsiz ki, “şairlər pinti, tənbəl, məişət pozğunudur”. Bəs niyə şairlər bu günə düşdülər? Bəlkə onlar dəbdə olmaq, “pinti, tənbəl, məişət pozğunu” sözlər qoşmaq üçün özlərini bu qəlibə salıblar?

- Məncə bir var şair obrazını oynayanlar, bir də var şairlər. Şairliyin imtiyaz olduğunu düşünənlər var və şairliyi şair kimi yaşayanlar var. Şairlərin pintiliyi, tənbəlliyi ya çox təbiidir, ya da çox iyrənc dərəcədə süni. Bunu süni yaşayanlar özünü hansısa şairə bənzətmək istəyən həvəskarlardır. Belələri çox tez ifşa olunur. Acınacaqlı həyatın qurbanı rolunda oynayan “şairi” səbrlə müşahidə edin. Onun rahat həyata necə həris olduğunu anlayacaqsınız. Sona qədər taleyini yaşayanlar isə əsil şairlərdir.

- Məsələn…

- Pol Verlen, Bukovski, Nazim Hikmət, Vaqif Bayatlı, Aqşin Yenisey…

- Şair nə zaman əsl şairdir?

- Şair praqmatik deyil. Şair ütülü köynəkdə də, qırışmış t-short-də də şairdir. Şair saqqalı da ola bilər, hər gün təraş olunub ətirlənə də. Yəni şair içindən gəldiyi kimi yaşayır. Sizə süni, qurama görünə bilər. Amma inanın ki, “pinti, tənbəl, məişət pozğunu” olmaq üçün heç kəsin ürəyi getmir. İçindən gəldiyi kimi yaşayırsan və bir də görürsən ki, tamam başqa yerə gəlib çıxmısan. Şair qəliblərə, standartlara sığmırsa, cəmiyyətlə dil tapa bilmirsə, onu incitməyin. İmkan verin öz ağrılarını, öz “pozğunluğu”nu yaşasın. Cəmiyyət şairin həyat tərzini yox, yazdıqlarını ciddiyə almalı, yazdıqlarını izləməlidir. Cəmiyyət şairi kostyum, qalstuk, parıldayan ayaqqabıda, tərtəmiz ağ köynəkdə görmək istəyirsə, hansısa qəlibdə şair obrazı yaradırsa yanılır. Şair özünü yaşayanda, içindən gəldiyi kimi yaşayanda şairdir.

- Dəbdə olanlar kimlərdi?

- Pintilər, tənbəllər, məişət pozğunları yox, ziyalılar, aristokratlar, ütülü adamlar və zənginlər dəbdədir. Şairin dəbdə olmaq dərdi olsa pul qazanar, bahalı evlərdə yaşayar, bahalı maşınlar sürər. Çirkin və kirli adamlar heç vaxt dəbdə deyil.

- Ədəbiyyat uğur və uğursuzluqların növbələşməsi prosesidir. Bunu bilə-bilə yazıçılığı niyə seçmisiniz?

- Mənim üçün yaşamaq var. Ardıcıl yazmaq, düşüncələrimi paylaşmaq var. Mənim üçün uğur və uğursuzluq yoxdur. Uğur və ya uğursuzluq nisbi anlayışdır. Kənardan mənim uğurum kimi görünən şeylər məni sevindirmir. Eyni zamanda uğursuzluq hesab olunan şeylər də ruhdan salmır. Hər şeyə rəğmən ədəbiyyat, hər şeyə rəğmən yazmaq! Vəssalam!

Söhbətləşdi: Şəhla Aslan

Manera.az

# 1103 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #