Dostları Vaqif Səmədoğlunu belə xatırladılar SORĞU

Dostları Vaqif Səmədoğlunu belə xatırladılar <span style="color:red;">SORĞU
29 yanvar 2015
# 13:00

Kulis.az dünən dünyasını dəyişmiş Xalq Şairi Vaqif Səmədoğlu barədə qələm dostlarının fikirlərini təqdim edir.

Vaqif Cəbrayılzadə:

Vaqif Səmədoğlu haqqında danışmaq mənə çətindir. Yalnız onu deyə bilərəm ki, o Azərbaycan ədəbiyyatına yeni nəfəsə gətirdi, onu dirçəltdi. Vaqif Azərbaycan ədəbiyyatını bir addım qabağa apardı, onu insaniləşdirdi, sevgiləşdirdi. Özünün də dediyi kimi ölümləşdirdi”.

Maqsud İbrahimbəyov:

Eşitdim, çox pis oldum. Vaqif əvəzsiz adam idi. Biz daha çox Yusiflə dost olsaq da onunla da münasibətimiz var idi. Onun yeri hələ çox görünəcək.

Əkrəm Əylisli:

Mənim yaddaşımda Vaqifin bir neçə obrazı var. 60-70-ci illərin Vaqifi, 80-ci illərin axırlarındakı, 90-cı illərin Vaqifi və 2000-ci illərin Vaqifi.

60-ci illərin Vaqifi hər cəhətdən mənə yaxın idi. Dost idi, həmkar idi, sirdaş idi.

80-ci illərin Vaqifində bir inqilabi ehtiras vardı.

90-cı illərin Vaqifi əxlaqi-mənəvi Vaqif olaraq 30-cu illərin Səməd Vurğunu idi...

2000-ci illərin Vaqifi isə məndən ötrü yad bir adam idi. Həm mənəvi, həm də ictimai mövqe baxımından bizi birləşdirən heç nə qalmamışdı.

Ən çox sevdiyim əsəri “Yayda qartopu oyunu” pyesidir. Bu əsər Yusifin “Qətl günü” əsəri ilə hardasa xeyli dərəcədə səsləşir. Hər iki əsər totalitar cəmiyyətdə qorxu altında yaşayan insanların ümidsiz, işıqsız həyatını əks etdirir. Vaqifin ölüm şeirləri hardasa Səməd Vurğunun “Unudulmuş tək məzar” şeirinin notlarına söykənir. Yusif Səmədoğludan və İsi Məlikzadədən sonra Vaqifin ölümü mənim mənsub olduğum ədəbi nəslin ölümə daha da yaxınlaşdığını bir daha hiss etdirdi mənə” .

Etimad Başkeçid:

Vaqif Səmədoğlunun həyatı «təbiət dahilərin övladlarında dincəlir» postulatının nə qədər əsassız olduğunu göstərdi. Ölənə kimi ədəbiyyatla nəfəs aldı, heç vaxt qələminə xilaf çıxmadı. Onun digər sahələrdəki fəaliyyətini tənqid edənlər də vardı, ancaq o, Aristotelin tərif etdiyi insanlardandı: elə müstəsna adamlar var ki, qeyri-adi istedadı etibarilə onları nə mənəvi mühakiməyə cəlb etmək, nə də konstitusiya nəzarətinə götürmək olar.

Vaqif Səmədoğlu ölüm ayağında da təmkinini pozmadı, əl-ayağa düşmədi, şikayətlənmədi. «Özüm gəlim, yoxsa kimisə göndərəcəksən?» - bu qədər rahat idi.

Kənardan böyük görünən insanlar var ki, yaxınlaşan kimi nə qədər cılız, molekul boyda olduğunun fərqinə varsan. Vaqif bəylə bir-iki dəfə şərab içmişdim, dağ kimi idi – yaxından daha böyük görünürdü. Bir mənada rəhmətlik Vaqif İbrahimoğlunu xatırladırdı mənə.

Ustad Sənətkara Allahdan rəhmət diləyirəm!

Qismət:

Tələbəlik illərində Vaqif Səmədoğlunun o qədər şeirini əzbərləmişdim ki. İndi də çoxunu xatırlayıram, arada dilimin altında özüm üçün vird edirəm. Vaqif Səmədoğlu böyük şair, bizim poeziyamızın azsaylı estetlərindən idi. Allah rəhmət etsin, yeri behişt olsun.

Şəhriyar del Gerani:

Vaqif Səmədoğlu bizim cavan nəslin əksəriyyətindən daha gənc, daha koloritli idi. Ara-sıra zəngləşirdik, görüşürdük. Deyirdi, darıxmağımın iki adı var: Anar adı, Şəhriyar adı. Sənə zəng edirəmsə, təsəvvür et nə haldayam, sən mənə gəncliyimi xatırladırsan.

Nə bilim, hələ nə ağlaya bilmişəm bu itkiyə, nə də kövrələ. Böyük bir boşluq... Sonuncu xoş görüşümüzü belə xatırlayıram: hərbi xidmətdə olanda yanıma gəlmişdi, xeyli zarafatlaşdıq. Elə bilirəm ən gənc dostlarımdan biri gedib yanımdan. Ruhu şad olsun...

# 1368 dəfə oxunub

Müəllifin son yazıları

# # #