"Toy gecəsi ərimin yox, sənin mehmanın olacam” HEKAYƏ

"Toy gecəsi ərimin yox, sənin mehmanın olacam” HEKAYƏ
28 fevral 2014
# 12:09

Kulis.Az Mübariz Cəfərlinin “Trio” hekayəsini təqdim edir.

Gəncəli Əbu Bəkr ibn - Xosrov əl Ustadın rus dilində çapdan çıxan “Munisnamə” kitabının (XII əsr) 268-ci səhifəsindəki rəvayəti qısaca yadınıza salıram və yığcamlıqdan yarana biləcək bəsitliyə görə qabaqcadan üzr istəyirəm.

“Deyirlər cavan bir oğlan gözəl bir qıza aşiq olur və atasına elçi göndərib dəbdəbə ilə qızı evinə gəlin gətirir. Toy gecəsi qız oğlandan soruşur:

“De, ömürlük sənə sadiq qalıb evinin xanımı olmağımı diləyirsən, ya bu gecə ehtirasını söndürüb sabah mənim boşanmaq tələbimə tabe olmaq fikrindəsən?”

“İstəyirəm sən heç vaxt məndən ayrılmayasan,” - oğlan cavab verir. “Onda qulaq as, - qız sözə başlayır - Əvvəllər bir cavan məni istəyirdi. Qapı-bacamızdan əl çəkmirdi, bir dəfə necə oldusa təklikdə başımın üstünü aldı. Biabırçılıqdan qurtulmaq üçün and içdim ki, burax gedim, tale bizi bir-birimizə qismət eləməsə, toy gecəsi mən öz ərimin yox, sənin mehmanın olacam. İndi izn ver, andıma əməl eləyim. Sonrasa ömrüm boyu sənə sadiq qalaram. Əgər mənə yaxınlaşsan, mən günü sabah səndən ayrılıb həmişəlik onun yanına gedəcəm.”

Arvadının etirafını eşidən ər başa düşür ki, onsuz yaşaya bilməyəcək və qısqanclığını boğub deyir: “Get andına əməl elə.”

Qız elə gəlinlik libasında evdən çıxır. Amma yolda bir quldurun əlinə keçir. Quldur qızı görəndə gözlərinə inanmayıb: “Gecə vaxtı bu bər-bəzəkdə hara gedirsən? - soruşur - Kim buraxıb səni bayıra?” Qız başına gələnləri quldura danışır. “Əgər halalca ərin belə alicənabdırsa, mən ondan geri qalmaram, - deyib quldur qızı getmək istədiyi evin doqqazınacan ötürür. Qız qapını döyür, ev sahibi sevdiyini görüb çaşqın-çaşqın xəbər alır: “Hardan gəlirsən gecə vaxtı, bura necə gəlib çıxmısan?” Qız yenə başına gələnləri nəql eləyir. Ev sahibi onu dinləyib: “Əgər quldur da alicənablıq eləyib sənə toxunmayıbsa, - deyir, - bu gündən sən mənim bacımsan.” Və qızı öz halalca ərinin yanına aparır. Sonra müəllif soruşur ki, bu cavanlardan hansı daha alicənabdı: qızın əri, quldur, yoxsa qızı ərinə qaytaran...

Valeh bu rəvayəti söyləyib öz ehtimallarını sadalayanda mən “ Munisnamə”ni oxumamışdım, onunsa kitabdakıları səhifəsinəcən yadda saxlamağına söz ola bilməzdi və deyəsən özü də bundan ləzzət aldığından tez-tez təkrarlayırdı: “Filan kitabın filan səhifəsində yazılıb...”

Boynuma alıram, neçə dəfə sınamışdım dediklərini, evə gələn kimi adını çəkdiyi kitabı, yaxud jurnalı açıb baxmışdım, cümləsinə söz ola bilməzdi. Neçə əsərin adını ilk dəfə ondan eşidəndən sonra həvəslənib oxumuşdum. Ona görə hərdənbir qılığına girib çayxanaya aparırdım. Sən deyən çay içən olmasa da çayxanabazdı. Həmişə də qabağa düşüb çayın pulunu verərdi. Əsl incəsənət bilicisiydi, bircə Sokratsayağı yazıb-pozmaqla arası yoxdu.

“Munisnamə”dən misal gətirəndə keçən ilin yayı idi, dəniz kənarındakı çayxanada əyləşmişdik, yox, lənət şeytana, keçən il nədi, iki-üç ilin söhbətidi, sonra o çayxananı dəniz yuyub apardı.

O, oturub-oturub yayın istisində buraxdığı və qulluq eləyə bilmədiyi uzun, pırtdaşıq, çal saqqalını qaşıya-qaşıya soruşdu:

- Hə, görəsən kimdi ən alicənab kişi?

Çiyinlərimi çəkdim, azarım danışmaqdan çox onu dinləməkdi.

Alicənab kişinin kimliyini tapmaq çətindi, bunun məsələyə dəxli də yoxdu. Kor-kor, gör-gördü, söhbət qadın hiyləgərliyindən gedir. Yəni, burda iki ehtimal var. Birincisi, kişilərin üçü də kişilikdən düşübmüş. Ancaq bu az ağlabatandı, çünki təşəbbüs qadın tərəfindən göstərilib. İkinci ehtimal gəlinin bakirə olmamasıdı. O vaxtlar buna ciddi fikir verirdilər. Əslində gəlin ərini barmağına dolayıb. Arvad yıxan evi fələk də qura bilməz.

Ya Valehi əməlli-başlı qızışdırmaqdan ötrü, ya da ovaxt evlənmək həvəsinə düşdüyümdən – qonşunun qızına evlənmək istəyirdim, o qızı maşın vurdu – zənənlərin tərəfini saxladım:

- Guya kişilər aydan arı, sudan durudu? Belə baxanda bütün yazılanlardan istənilən nəticəyə gəlmək olar. Məsələn, hamıya məlum məşhur bir nağıl. Dülgər, dərzi və həkim başqa vilayətə gedirlər. Meşənin qalın yerində qaranlıq onları haqlayır. Şərtləşirlər ki, növbə ilə biri keşik çəksin, ikisi yatsın. İlk oyaq qalan dülgər olur. Yuxu onu haqlamasın deyə, bekarçılıqdanmı - əsl səbəbini sonra deyəcəm – ağacdan gözəl bir qadın düzəldir. Dərzi keşik çəkəndə görür ki, közərən ağacın alovunda bir kölgə titrəyir. Baxır ki, qadındı, özü də ağacdan. Əlqərəz, dərzi qadına paltar tikir, həkimin oyaq qalmaq vədəsi yetişəndəsə qadına can verib dirildir.

Səhər mübahisələri düşür ki, qadın kimindi. Nağılda bunun cavabı verilir – qadın həkimindi. Çünki ağaca o can verib, can hər şeydən irəlidi. Elədi? Bu də sənə kişi sadəlövhlüyü...

- Kişilərin bura nə dəxli?

- Qadın dülgərə düşmür, çünki gecə oyaq qalanda ehtirası başına vurub, ağacdan qadın yaratmaqla birtəhər yanğısını azaldıb. Düz adamdısa, məsələn, hansısa heyvanın əksini niyə yaratmayıb? Həkimə də düşmür, çünki dülgər qadından başqa hansı canlı fiquru yaratsaydı, həkim özünü əziyyətə salıb ona can verməzdi, - zarafata saldım. – Bəlkə də can verən kimi qadının məsələsini həll eləyib...

Valeh borclu qalmadı:

- Yox, qıy-qışqırığa dülgərlə dərzi oyanardı, - dedi. – Yaxşı, onda qadın dərziyə düşür, hə?

- Elədi. Heç olmasa qadını geyindirib, abıra salıb. Sən də yapışmısan ki, qadınlar hiyləgərdi, mən nə bilim nədi...

- Başa düşmədin məni, - saqqalını tumarlayıb üzümə baxdı. – Bilmirəm sən arvadları tanımaya-tanımaya necə yazırsan. Onlar kişilərdən tamam fərqli məxluqatdı. Fərqli məxluqatın bir yerdə yaşamaq vərdişinə, məcburiyyətinə mat qalıram. Axı az-çox sənətlə məşğul olanların hamısı bu fərqi duyur. Əsərlərində nə qədər gözəl qadın obrazları yaradırlarsa, ətraflarındakı qadınlardan bir o qədər uzaqlaşırlar. Fərhad getdi qayaları yarmağa. Başladı heykəltəraşlıqla, sənətlə məşğul olmağa. Sənətin dərinliklərinə vardıqca Şirindən uzaqlaşırdı. Sənəti sevgilisindən çox istəyirdi. İnan mənə, bir gün Şirin gəlib özünü Fərhada təslim eləmək istəsəydi, Fərhad gördüyü işdən ayrılıb Şirinə gözucu da baxmazdı. Ya da uzaqbaşı deyərdi ki, sən dədənin goru mane olma. Bütün dəyərli əsərlərin özülündə qadın dayansa da əslində sənətkar üçün sənətlə qadın tərs mütənasibdi. İnan mənə, neçə ildi evliyəm, qoca kişiyəm day. Sənə nə var, subay-salıq adamsan, bir həcəmətindi, bir boğazın...

Bir il qabaq Valeh öldü. Gecə yatdı və bir də oyanmadı.

Üç gün öncə təsadüfən köhnə tanışıma rast gəldim. Mən İnşaat institutunda oxuyanda o, “ hüquq”da təhsil alırdı. İndi müstəntiqdi, əməllicə vəzifəsi-zadı var. Yaman da istiqanlıdı, güclə, zor-xoş məni evinə apardı, yaxşı süfrə açdırdı, tanış olduğumuz günləri xatırladıq. Mitinq vaxtlarını... Səhərdən-axşamacan “Topxanada iş gedir, Bakıda nümayiş gedir,” qışqırmaqdan səsimiz batmışdı.

Qəfilcə - bir- iki qədəh içməsəydim yadıma da düşməzdi – dedim ki, sizin binada mənim bir tanışım olurdu. Kitabxanada işləyirdi, möhkəm kitab oxuyandı. Ev-eşikdın iraq, keçən il rəhmətə getdi. Bədbəxtin oğlu gecə yatdı, səhər durmadı. Özü də sən deyən yaşlı-zad deyildi. Mənzilini tanımıram, amma bu binada yaşayırdı.

- Sən Valehi deyirsən, - müstəntiq dilləndi. – Elə bizim blokda olurdu, - ətrafa göz gəzdirib pıçıltıya keçdi. – Arvadı gəzəyənin birisi idi. Elə ərinin sağlığında da oynaşları düz mənzilinəcən gəlirdi. Valeh öləndə şübhələnmişdim arvadından. Rəhmətlik basdırılmamış atasını kənara çəkib açdım məsələni ki, qoy ekspertə göndərək, yarsınlar meyiti, bəlkə yazığı öldürüblər, zəhərləyib eləyiblər. Qoca karıxmış halda bir xeyli yazıq-yazıq üzümə baxdı. Dedim, yəqin başını itirdiyindən eşitdiklərini anlamayıb. Nəhayət, köksünü ötürüb ağır-ağır dilləndi:

- Heç nə lazım deyil, olan olub, keçən keçib...

# 23840 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #