Azadlıq gözəl qadındır – Balayar Sadiqin şeirləri

Azadlıq gözəl qadındır – <span style="color:red;">Balayar Sadiqin şeirləri
1 mart 2019
# 16:12

Bu gün tanınmış şair Balayar Sadiqin doğum gündür. Kulis.az bu münasibətlə şairi təbrik edir və onun bir neçə şirini oxucuların diqqətinə çatdırır.

Narıncı rəngli söhbət

Gəl,
həqiqət haqqında
narıncı bir
söhbət edək...

Mən onun rəngindən,
ucalığından
söz açım,
Sən
enindən,
uzunundan danış...

Sonra
bir usta çağıraq,
dediyin ölçüdə
bir ev tiksin...

Qapısına
bu sözləri yazaq:
«Lütfən, arzuları
ayağınızdan çıxarın,
döşəməyə
həqiqət xalçası sərilib»

Köhnə yol qeydləri

Bir kilo
söhbət etdim
yolun kənarındakı ağacla.
Budaqlar
sırtıq uşaq kimi
zəhləmi tökdü...

Gördüm narahatlıqla
başını bulayır
ağacın dibindəki daş -
qaşlarını çatmış halda.

Heyrətimdən
üç metr kəsdim,
kəfənim olsun deyə...

Sən demə,
ömür sadəcə
həqiqəti axtarmaq
cəhdi deyilmiş...

Ümid
köhnə yoldur,
əgər inanmırsan
üstündəki
ayaq izlərindən soruş

Təcavüzün rəsmi

Azadlıq
gözəl qadındır.
Hamı onu sevər,
o isə
könül verməz heç kimə…


Ürəyinin qapısında
duran adamların
üzündə
yalan çiçəkləyib.

Bizim kəndin kişiləri
hər gecə
öz azadlığını
qucaqlayıb yatır.
Azadlıq ətri gəlir
kəndimizin gecələrindən…

Yeri gəlmişkən deyim;
Dövlətlər
işğal olunmuş gözəllikdir…
Bayraqlar
təcavüzə uğramış gözəlliyin
səssiz harayı.
Bax,
səmanın üzündəki
cırmaq izləri
himn misralarıdır…

Belə deyilsə,
bəs
Azadlıq sözünə qonmuş
göyərçinləri
kim uçurtdu?!

Mütaliə

Qadın ayaqları
dünyanın
ilk əlifbasıdır.

Hərflərin üsyanıdır
Adəmlə Həvvanın
alın yazısı…

Kişi və Qadın
iki qədim
əlyazmadır.

Biri
başdan oxunur,
biri yarıdan…

Mən atamın
mütaliəsiyəm…

Balıqçı həyatı

Tənhalıq səhrasında
balıq tutmaqla
məşğulam…

Ağlımı keçirmişəm
tilovun ucuna…

Üzündəki təbəssüm
balıq kimi çırpınır…

Sən
balıqçı olmağıma
şübhə edirdin…

Daha
çıx get…
balıqları ürkütmə,
səhranın
yuxusu islanar…

Sənsizlik romanı

Sənsizlik açdı qapını…
boş otaqda
divarların
nə dediyini eşitmədim.

Pəncərədən
misra-misra
seyr etdim
otaqdakı sənsizliyi.

Dilimdəki sözlər
utandığından
atdı özünü
sənsizliyin ayağı altına…

Ürəyimi götürüb
barmaqlarımın ucunda
keçdim sənsizliyin yanından…

Qonşu otaqda
güzgüdən
sətir-sətir
boylanırdı sənsizliyin…

İndi
Bircə onu bilirəm ki,
bütün güzgülər
sənsizlik romanıdır.

Cıdır düzündən reportaj

İsa bulağında
əl-üzünü yuyur
unudulmuş xatirələr…

Cıdır düzünə səpələnmiş
mərmi qəlpələridir
«Koroğlu» uvertürasının
çiliklənmiş notları.

Hər şey
həqiqət rəngində, hər şey…
Xarı bülbülün ləçəkləri
Tanrıya yetməyən
imdad məktublarıdır.

Həqiqətin dili
xəcalətdən
topuq çalır burda.

Şeytan qəhqəhəsidir
Şuşa qalasında
qalanmış
gavur ocağının tüstüsü…

Bax,
Şuşa məscidinin divarlarındakı
güllə yaraları sızlayır hələ də…

Bəs sənin itkin düşmüş
vicdanından
«Qırmızı xaç»
məktub gətirirmi heç,
Məryəmin oğlu?!

Son məktub

İçimdə bitən
bu ağac
sənə yazdığım
son məktubdur,
ümidim…

Bir budağı
qonşu həyətinə
əyilib bu ağacın…

Hər gecə
yuxuma girir
qonşunun
əlindəki balta…

Külqabı

Qadınlar külqabıdır…
Sönmüş ehtirasların
məzarıdır külqabılar.

Daha bir
bənzətmə axtarmağa
halım yox…

Məncə
analar gül qabıdır…

Bəs sən
nə fikirdəsən, oğlum?

Roman mövsümü

Ayrılıq kimi soyuq bir hava…
Uzaqda bir ev var,
həyətində bir ağac,
ağacın dibində bir beşik…

Evin üstündən
bir bulud keçir,
ağacın yarpaqları üşüyür…

Beşiyə sarı
bir ilan sürünür...
Dünyanın
olar-olmazı görünür…

Evin gözləri kor,
ağacın dili lal,
beşik dünyadan xəbərsiz…

Beləcə
yaşayır içimdə
səssiz-səmirsiz.

Bir ev,
həyətində bir ağac,
ağacın dibində bir beşik…

Dörd sualın cavabı

Gördünmü heç
sükutun
köynəyini cırıb,
necə kişnəyir çöllər?

Soruşdunmu,
gecələr niyə
qaraltıya hürür
ağaclar?

Daşların
yaddaş damarını tutub,
ürək döyüntülərini
saydınmı heç?

Bu suallar
palçıqlı kənd yoludur.
Ayaqqabından
uğursuz abituriyent
əhvalı boylanır.

Unutma,
dörd sualın
cavabıdır həqiqət,
bu suallar olmasa da…

Image result for balayar sadiq

# 3326 dəfə oxunub

Müəllifin son yazıları

# # #