Cinlər dərəsində toy – Qorxmaz Quliyev yazır...

Cinlər dərəsində toy – Qorxmaz Quliyev yazır...
9 dekabr 2017
# 09:41

Kulis.az professor Qorxmaz Qulıyevın “Cinlər dərəsində toy” hekayəsi ilə bağlı qeydlər məqaləsini təqdim edir

Bu gün bildiklərimizin, təxmini-yarımçıq bildikləimizin, hardansa, kimdənsə eşitdiklərimzin həcmi o qədər artmışdır ki, onları yığıb-yığışdırmaq, düzüb-qoşmaq, nizamlayıb sistemləşdirmək müşkül məsələyə çevrilmişdir. Onu da qeyd etmək lazımdır ki, bildiklərimiz artıqca bilmədiklərimiz də həndəsi silsilədə artır. Bu isə bilgiliklə bilgisizlik arasında aşınma prosesinə təkan verir, onların arasında sərhəd əməlli-başlı pozulur. Sosial şəbəkənin öz informativ dağınıqlığı ilə, hərcmərcliyi ilə həyatımızın ən dərin, ən mərhəm qatlarına sirayət etdiyi şəraitdə bilmədiklərimizi bilirik, bildiklərimizi bilmirik. Yalnız incəsənət/ədəbiyyat dünyamızda hökm sürən bu dağınıqlığı, bu hərcmərcliyi dəf etmək, dünyanın təbiətinə və ona uyğun olaraq insanın iç aləminə - xislətinə xas olan harmoniyanı bərpa etmək iqtidarındadır.

Səfər Kəlbixanlının “Cinlər dərəsində toy” hekayəsi ilk baxışdan binayi-qədimdən dünya ədəbiyyatında mövcud olan, müxtəlif dövrlərdə fərqli kontekstlərdə işıqlandırılmış bir mövzuya – insanın bütün əməllərindən ötrü cəmiyyət qarşısında, tarix qarşısında, ilk növbədə öz vicdanı qarşısında cavabdehliyi məsələsinə toxunur. Həqiqətən də bu problem hekayədə mərkəzi yer tutur. Lakin tədqiqat predmetini tərkib hissələrinə bölüb təhlil etməklə vəzifəsini bitmiş hesab edən təbiət elmlərinin nümayəndələrindən fərqli olaraq yazıçının missiyası dünyanı əvvəlcə problem-problem parçalamaq, sonra bu qəlpə-problemləri bir mərkəzi problem ətrafında birləşdirmək və bütün ziddiyyətlərinə baxmayaraq dünyanın bütövlüyünü təsbit etməklə bağlıdır. S. Kəlbixanlı öz missiyasını dərk edir və oxucuya təqdim etdiyi ədəbi nümunənin çərçivəsində problemi həll etməsə də (əslində problemin sonuclu və mütləq həlli qeyri-mümkündür), mənəvi harmoniyanın insan mövcudluğunun vacib şərti olmasını hekayənin süjet xətti ilə kompozisiyası ilə vurğulayır. Bu baxımdan insanın əməllərindən ötrü cavabdehliyi mövzusu həqiqətən əsərdə bu və ya digər dərəcədə toxunulan bütün digər mövzuları öz ətrafında birləşdirən mərkəzi problemdir. Bu həcmcə kiçik əsərdə bədii bütövlük çərçivəsidə müəllif bilərəkdən yaxud bilməyərəkdən, şüurlu şəkildə yaxud təhtəlşüur səviyyəsində müasir insanlığın üz-üzə gəldiyi problemlərə reaksiya verir.

Hekayə vaxtı ilə C. Coys tərəfindən “Finneqan üçün yas” əsərində sırf söz oyunu prosesində neologizm kimi yaradılmış və humanitar dövriyyəyə daxil edilmiş, lakin qısa zaman kəsiyində əvvəlcə anlayışa, sonralar isə aşıb-daşan yaradıcılıq potensialı humanitar biliyin çərçivəsinə sığmayıb misli görünməmiş vüsət nümayiş etdirib təbiət elmlərinə də yol açmış, postmodernist düşüncə tərzinin əsasını təşkil etməklə yanaşı müasir təbiətşünaslığın ən qabaqcıl sahəsi hesab olunan sinergetikanın da təşəkkülündə mühüm rol oynayıb konsepsiyaya çevrilmiş “xaosmos” əsasında yazılmışdır. “Xaosmos” üç sözün – xaosun (kainatın ilkin durumunun), kosmosun (nizamlnmış xaosun) və osmosun (xaos ilə kosmos arasında əlaqə formasının) birləşməsindən əmələ gəlmiş neologizmdir.

Müxtəlif xalqların mifologiyalarında ilkin zamanda xaosun kosmosa çevrilməsi hadisəsi təsbit olunmuşdur. Lakin müasir elmi sinergetik təsəvvürlər belə bir müddəadan çıxış edirlər ki, heç də xaos birdəfəlik və bütövlüklə kosmosa çevrilməmişdir. Aramsız şəkildə xaos kosmosa, kosmos xaosa çevrilir və dünyanın dinamik tarazlığı da məhz onların bir-birini əvəzləməsinə söykənir: gecəylə gündüz, yazla qış, ölümlə həyat bir-birini dəf edirlər və bu gediş prosesində dünyanın dayanıqlılığı təmin olunur.

Postmodernizmin ortaya qoyduğu bütün yeniliklər kimi xaosmos konsepsiyasına müraciət də fövqəladə kəşf deyil, humanitar fikirdə həmişə mövcud olmuş bir problemin, bir fenomenin vurğulanmasıdır. Lakin hər halda diqqətlə fikir verdikdə məlum olur ki, posmodernist ədəbi nümunələrdə xaosla kosmos, nizamsızlıqla nizam arasında tarazlığın pozulması hallarına təsadüf etmək olar. “Cinlər dərəsində toy” müxtəlif səbəblərə, ilk növbədə mənəvi-əxlaqi dəyərlərin aşınmasına görə bu nizamın pozulmasına və bunun qarşısıalınmaz və geriyədönməz fəsadlara həsr olunmuşdur.

Hekayədə hadisələr iki, paradoksal şəkildə həm paralel, həm də iyerarxik aləmdə - cinlərin və insanların dünyalarında cərəyan edirlər. Bu iki dünya arasında əsərdə xarakteri axıra kimi açıqlanmamış əlaqə mövcuddur. Bu mistisizm bir tərəfdən cinlərin öz təbiəti, digər tərəfdən ümumiyyətlə dünyanın saysız-hesabsız sirlərlə dolu olması ilə bağlıdır; cinlər istədikləri vaxt insanlar dünyasına istədikləri şəxsi öz paralel dünyalarına aparmaq iqtidarındadırlar, lakin insanlar bu iki dünya arasındakı sərhədi (osmosu) dəf edib müstəqil şəkildə, öz iradəsi ilə daxil ola bilmirlər. Hekayədə yalnız Əvəzxanın qara madyanı osmosu dəf edib iki dünya arasında əlaqə yaradır.

Şərti olaraq insanlar dünyasını “xaos”, cinlər dünyasını isə “kosmos” kimi dəyərləndirmək olar. Bəşər övladının qərarlaşdığı dünyanın xaos kimi dəyərləndirilməsinin səbəbi aydındır: mənəvi-əxlaqi dəyərlərin aşınmasına, insanın iç dünyasının sərhədlərini aşaraq təbiətdə ekoloji tarazlığın pozulmasına səbəb olmuşdur. Cinlər dünyasını da yalnız şərti olaraq “kosmos” adlandıırmaq olar, axı burada da harmoniya pozulmuşdur: “Beş yüz il bundan əvvəl Yemənilər tayfasının dəliqanlı bir cini Tacəddinlilərdən birini öldürmüşdür”. Müəllif ya vəlvələdən, ya da zəlzələdən baş vermiş, bu yeganə, təsadüfi cinayətin də son dərəcə ağır fəsadlar doğurmasını və cinlər dünyasında mənəvi harmoniyanın bərpası üçün beş yüz tələb olunduğunu göstərməklə implisit müqayisə ilə ardı-arası kəsilməz cinayətlərə məruz qalan insanlar dünyasının dəhşətli, faktiki olaraq islaholunmaz mənəvi durumda olduğunu nəzər çarpdırır.

İlk baxışdan insanlar dünyasında mənəvi harmoniya hökm sürür, insanlararası münasibətlərdə heç bir ziddiyyət müşahidə olunmur. Lakin cinlər kəndin ən “kamil”, ən təmkinli sakini Əvəzxanın timsalında sübuta yetirirlər ki, insanların mənəvi durumu dərin böhran həddinə çatmışdır: oxucu hekayənin sonunda kənddə öz əxlaqı ilə, öz davranışı ilə, öz xeyirxahlığı ilə seçilən Əvəzxan qatı cinayətkar imiş, dostunu qətlə yetirib, sevgilisinə yiyələnibmiş. Ona elə gəlir ki, uzun illər bundan əvvəl törədilmiş bu cinayətin izi-tozu belə qalmayıb. Lakin insan bütün əməllərindən ötrü cavab verməlidir, az qala öz vicdanı qarşısında. Bu baxımdan cinlərin qurduqları toy-istintaq əslində mistik şəkildə xariciləşmiş vicdan məhkəməsidir. Məhkəmə prosesi kontekstində Əvəzxanın madyanının qara rəngi onun əməllərinin simvoluna çevrilir.

# 1828 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #