Qorki yüz il əvvəl şou-biznesin istismar etdiyi qızcığazlardan yazırdı – DEBÜT

Qorki yüz il əvvəl şou-biznesin istismar etdiyi qızcığazlardan yazırdı – <span style="color:red;">DEBÜT
18 iyun 2017
# 11:00

Bu gün Maksim Qorkinin anım günüdür. Kulis.az bu münasibətlə dahi yazıçının “Debüt” hekayəsini təqdim edir.

O, səhnəyə çıxmağı və balaca rolunu sənətkarlara xas süni həyəcanla deyil, sadə və aydın şəkildə tamaşaçılara çatdırmağı arzulayırdı. Özü də kütlə onu dinləyərkən düşünəcəkdi:

“Bax, əsl sənət budu! Hər kəsin ruhun necə yaşadığını anlaması üçün onu məhz bu cür təsvir etmək lazımdı”.

Ona, debütanta, kütləni hələ az tanıyan qızcığaza elə gəlirdi ki, toplumun ruhuna yalnız səmimiyyətlə toxuna bilər, - yalnız səmimiyyətlə!

Düşünürdü ki, rolu elə sadəliyi və sadəlövhlüyü ilə öz sözünü deyir. Həqiqi gözəl olan – sadədir və o, tamaşaçını riqqətə gətirmək üçün sadədil və həqiqətə sadiq olmalıdır.

Və qızcığaz onları riqqətə gətirəcəyindən əmindi; içindən gələn bir səs ona deyirdi ki, əhəmiyyətli bir işə qol qoyur, çünki kütləyə ruh və qəlb anlayışlarının, yaşadıqları hər bir şeyin müjdəsini aparmaq mühüm və qiymətlidir, həm də bu, məhz yaxşılığa və xeyirxahlığa inanan kəslər üçün əziyyətli olduğu qədər bir vicdan borcudur.

Debütant qızcığaz bütün bu məramlara inanırdı, çünki cavanıydı.

***

Budur, səhnəyə çıxdı, onu tamaşaçıdan ayıran yalnız səhnədir.

Nəhayət, pərdə yuxarı qalxdı, debütant tamaşaçıyla üz-üzə qaldı, əsməcə bədəni qarışıq dilini də bürüdü.

Yüzlərlə göz ona dikilmişdi, salonda gözləmə mövqeyini tutmuş sükut hökm sürürdü, - o, sanki nəyisə pusurdu; hamı sanki bir arzunun əsiriydi – onları canlandıracaq bir şeylər eşitmək istəyirdi, - və deyəsən, elə bu məqsədlə sükutu əllərinə al bayraq edib, onun hökmünə dalmış və cansızlaşmışdı.

Tamaşaçıya baxmayan debütant qızcığaz öz üzərində yüzlərlə göz hiss edirdi. Bu gözlər sanki onu əlləyir, öyrənir, dişinə çəkirdi və bu buz kimi soyuq toxunuş köksünü qorxudan döyünməyə məcbur edirdi.

Nəhayət, salona nəzər salanda hamının ona maraqla baxdığını gördü. Lakin bu, əyləncəyə susamış insanların soyuq, etinasız marağından savayı bir şey deyildi və kütlənin baxışlarında bundan artıq heç nə yoxuydu; kütləylə ona qəlbin həqiqətlərindən müjdə verən kəs arasında əslində mövcud olmalı o mənəvi bağlar hardasa itib-batmışdı.

Bu həqiqəti dərk etmək dəhşətliydi.

Kütlənin baxışlarısa həmin arada onu, debütant qızcığazı əlləməkdəydi. O qızı ki bu nəzərlərin zınqırovlu ilan gücünə qabil olduğundan xəbərsizdi.

Saniyələr dözülməz uzundu və geridə qalan hər biri özüylə qızcığazın əminliyindən bir hissə qoparıb aparırdı.

Kütləsə gözləyirdi, həmişəki kimi, soyuq, acgöz, öz nökərlərini yeyən Moloxtək (adı İncildə çəkilən semit ilahisi, körpə uşaqlar tonqalda yandırılmaqla ona qurban gətirilirdi – red.). Və bu kütlə onlara sözlə xidmət etməklə özlərini könüllü şəkildə əziyyətə düçar edən kəslərin əsəbləri və qanı bahasına əl çalırdı.

Yüzbaşlı nəhəng heyvan şübhə dolu sükutla bu balaca debütant qızın gərdənini süzür və susqunluğuyla sanki söyləyirdi:

“Görək mənim yorğun əsəblərimi nəylə qıdıqlayacaqsan?”

Və öz qastronom baxışlarıyla qızcığazı yeni sousa şirnikləndirirdi.

Yenilik axtarışlarından doymuş və peşman olmuş kütlə ona təklif edilən yeniliyi hansısa azman gəmiricinin, insan üzərində öz dəhşətli hakimiyyətini dərk edib, ondan əbədi yapışan yırtıcının nəzərləriylə süzürdü. Və insan toplumun gözlərində onun həyata marağının sönük odunu saxlamağa çalışan talaşadan savayı bir şey deyildi.

Artist kimliyindən asılı olmayaraq, əgər dahi deyilsə, kütlənin köləsidir.

Köləlikdə olan insanın kütləyə xidmət etməsindən ağır və məşəqqətli heç nə ola bilməz bu dünyada.

Kütlə ona xidmət edənin şirəsini damla-damla çəkir, həm də bu zaman nə vaxtsa istedadlı olan kölənin öz təravətini, qəlbinin gücünü necə itirdiyini amansızlıqla seyr edir və ucsuz-bucaqsız mədəsiylə hop eləyib udur, hər şeyi udur.

Kütlə çoxlarının qanını içib, elə indi də içir. Durmadan içir və əvvəlkindən zərrə qədər də fərqlənmir, elə həmin mərhəmətsiz, kobud, anında od tutub, eyni asanlıqla sönən kütlədi, soyuq, boz və mənasız, güclü olduğu qədər rəhmsiz, azman olduğu qədər geri zəkalı...

Amma o, həm də yazıqdı – çox yazıqdı, elə bu səbəbdən insanlar özlərini ona qurban verirlər, onu yüksəltməyə cəhd edirlər, nə heyf ki, nəticədə elə onun oyuncağına çevrilirlər, - hə, oyuncağına, çünki hər yeni və mürəkkəb oyuncaq onlar üçün maraqlıdır.

Kütlənin ağır baxışlarından sıxılan, büzüşən, əzilən qızcığaz rolunu həyatdan məhrum edib, onu tez-tələsik bürmələdi və tamaşaçı salonunun darıxan, laqeyd sifətinə tulladı.

***

Qızcığaz qrim otağında kürsüyə çöküb hönkür-hönkür ağladı, köksü ağrıdan darmadağın oldu, özünü onu sprutun (başıayaqlılar sinfindən səkkiz ayağı olan dəniz heyvanı – red.) buynuzlarıtək əlləyən yüzlərlə baxışdan çirklənibmiş, təhqir olunubmuş kimi hiss elədi.

Özünü bax beləcə təhqir olunmuş və alçaldılmış hiss edərək ağlayırdı, tamaşaçı salonusa artıq boşuydu, - hamı getmişdi və heç biri gedərkən onun balaca ürəyini iri bir ağrıyla yüklədiyinin fərqinə varmamışdı.

O, uzun müddət ağladı.

Heyf ki, kütlənin qarşısına yalnız öz gücünə əmin olan və qabağındakını öz gücüylə ram edəcəyinə inanan kəs çıxmalıdır. Əks-halda kütlə insanı məhv edəcək.

Çevirdi: Kifayət Haqverdiyeva

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #