5 yaşlı oğlan ailəsini necə xilas etdi? – HEKAYƏ

5 yaşlı oğlan ailəsini necə xilas etdi? – <span style="color:red;">HEKAYƏ
9 fevral 2017
# 13:14

Kulis.az İlqar Kamilin “Çəngəl-bıçaq” hekayəsini təqdim edir.

İsti yay axşamlarından birində günəş yenə iş vaxtı bitmiş fəhlə kimi dünyanı tərk eləməyə hazırlaşırdı. Mal-qaranın naxırdan qayıdan, toyuq-cücənin hinlərinə, qışqırıq səsləri məhləni başına götürmüş uşaqların evlərinə yığışan ərəfələr idi. Hava qaraldıqca sanki görünməz bir əl göylərdə yolka bəzəyir, səma ağacının budaqlarına işıldaböcəyə bənzəyən xırda-xırda ulduzlar asırdı. Səmayə mal-qaranı yerbəyer eləyəndən sonra yuxarı qalxıb 7 yaşlı qızı Əsmət, 5 yaşlı oğlu Əli ilə köhnə evlərinin sınıq-salxaq pəncərələrindən küçəyə baxır, Kərimin yolunu gözləyirdi. Kərim bu uşaqların atasıydısa, bəs niyə qapı hər açılanda onlar belə tir-tir əsir, xırda ürəklərində gələnin Kərim olmamasını arzulayırdılar? Çox ağrılı mənzərə idi, amma nə etməli, onlar bu əzabı yaşamağa bir növ alışmışdılar.

İçirdi Kərim, eşşək kimi içirdi. İçməyi bir yana qalsın, elə ki içdi, vəssalam, "kişilik" damarı tutur, küçədən-bazardan bir söz, bir bəhanə tapıb yazıq Səmayənin gününü qara eləyirdi. Elə cəmi neçə gün qabaq qonum-qonşu qızı güclə almışdılar heyvərənin əlindən. "Öldürəcəm səni, - deyirdi, – məni kişi saymırsan sən, dədəni məndən üstün tutursan, onlara əyilmisən!" Mətbəxdən götürdüyü bıçaqla həyətin ortasındaca cummuşdu Səmayənin üstünə, yaxşı ki, qonşu Habil dərhal çəpərdən atılmış, çarəsiz qalıb Kərimin sifətinin ortasından möhkəm bir yumruq ilişdirmişdi. Həmən gün Əsmət özündən getmiş atasının başı üstündə nə qədər ağlamışdısa, uşağın gözlərinin şişi hələ də çəkilməmişdi. O gündən Habil əmiyə salam da vermirdi qızcığaz...

Əli, bacısı Əsmətdən fərqli olaraq, olduqca səssiz, içinə qapalı, tərs və qaraqabaq uşaq idi, belə hallarda heç nə deməz, danışmaz, ancaq ya anasına, ya da bacısına sarılıb ağlayardı. Görüb-eşitdiklərini hələ tam anlaya bilməsə də, qorxurdu Əli, çox qorxurdu. Məsələn, keçən dəfə Kərim onu anasının üzünə tüpürməyə məcbur edəndə uşaq sarsıntıdan əməlli-başlı huşunu itirmişdi.

Əslində, yazıq Səmayə Kərimə sevib gəlmişdi. Yazıq deyirəm, ona görə ki, ər evinə gələndən sonra mal-heyvan ardınca qaçmaqdan, dul qadın kimi ailənin bütün yükünü təkbaşına yüklənməkdən yaman günə düşmüşdü qız; nə ala gözlərindəki məşum parıltıdan, nə canındakı şeytanlıqdan əsər-əlamət qalmışdı – Kərim adlı həyat sındırmışdı onu, gəncliyini erkən dəfn etmişdi içinə. Kənd sovetinin bığıburma oğlu Ələmdardan tutmuş doktor Familin Bakıda yaşayan hüquqşünas oğluna kimi, o qədər yerdən istəyəni ola-ola, yəqin ki, hind filmlərinin təsiri ilə eşqi hər şeydən üstün tutmuş, bir az da tərslik eləyən dədəsinin acığına uzun saçını da, ala gözlərini də, göyərçin əllərini də götürüb qoşulub qaçmışdı Kərimlə. Bax, onu hamının yanında gözükölgəli eləyən də elə bu xətası idi; nə birinə gileylənə, nə də dərdini danışa bilirdi, dərhal ağzının üstündən vururdular ki, böyük sözü eşitməyib öz başına iş tutanda, bəs belə olacaqdı də! Hələ bir bığlı, yekəpər bibisi var idi, qızın gözləri dolan kimi, "bala, özü yıxılan ağlamaz!" deyib lap zəhləsini aparırdı. Əlbəttə, qürurunu sındırıb ilk və son dəfə atasına da demişdi dərdini, lakin Qəzənfər kişi də hamı kimi: “necə özbaşına iş tutmuşdunsa, indi də özün başına bir çarə qıl, mən bu yaşımda saqqalımı söydürən deyiləm, bala!” –deyə qışqır-bağır salıb qızı ağzını açdığına peşman eləmişdi...

Görənlər başlarını bulaya-bulaya Səmayəyə çatdırmışdılar ki, bu gün də Kərim içib, kəndin çayxanasında camaata “konsert” verir. Kaş xəbər eləməyəydilər, kaş Kərim elə qəflətən gələ, nə olacaqdısa, qəfil olaydı; indidən olacaqların intizarını çəkmək daha betər əzab verirdi.

Həyətin qapısı açıldı, darvazanın paslanmış nərmədanlarının tükürpədən səsi Əsmətin ayaqlarını əsdirdi. Gələnsə qonşu idi, səhər götürdüyü beli qaytarmağa gətirmişdi. "Ata deyil, anacan, ata deyil!” – deyə Əsmət sevinə-sevinə anasına tərəf qaçıb həyəcandan balaca sinəsində həbs etdiyi nəfəsi çölə buraxdı... Amma haçanacan? Axı, Kərim əvvəl-axır gələcəkdi! Amma yox, bəlkə də, möcüzə baş verəcək və atası evə ayıq başla qayıdacaqdı, ola bilməzdimi?! Bu, əlbəttə ki, Əsmət üçün ən böyük hədiyyə olardı...

İndi bu boyda dünyaya sığmayan sənə o kiçik eviniz belə dar gəlmir, nə qədər ki, uşaqsan... Və bir axşam çox xoşbəxt ola bilirsən, sadəcə buna görə ki, atan evə ayıqbaşına dönüb.

- Bəlkə düz deməmişəm, hə? – Kərim ağzını əyə-əyə onu dövrəyə almış adamları bir-bir nəzərdən keçirib soruşdu, – yoo, düz deməmişəmsə deyün, Kərim, düz demiyibsən!

- Düz deyibsən, Cimi, - kəndin bekar camaatı bir saatdı ortalığa düşmüş bu “meymunun” oyunbazlıqlarından daha çox həzz almaq məqsədi ilə onu şirnikləndirdilər, – bu sözü sənnən başqa heç kim deyə bilməzdi!

- Qız qayıtdı ki, Kril, - o ögüyüb, sonra da lombayla yerə tüpürdü, – sən nastayaşşiy mujiksən!

- Həmin o beş nəfəri də uje şil-küt eləmişdin də, hə? – İt oynadan Seymur öz şakərindən qalmadı.

Kərim sözü onun ağzından qaparaq:

- A kişi, həə, olar heeç, olar zarıyır uje hərəsi bir tərəfdə!

Sahib müəllim qəfil tapılıb bu nanəcibləri acılamasaydı, Kərim Rusiyada keçirdiyi o “əsrarəngiz” günlərindən hələ bir xeyli basıb-bağlayacaq, onların bekarlıqdan sıxılan canlarını qəşəng-qəşəng əyləndirəcəkdi. Amma, nə yaxşı ki, hər kənddə olur Sahib kimiləri, qəfil böyürdən çıxır və səni həqiqətinlə üz-üzə qoyurlar.

Ə, Kərim, - deyə o, toplaşanların dağılışmasını istəyəndən sonra Kərimə təpindi, - ə, arvadun Səmayəyə yazığın gəlsin, ə! Ə, o iki körpənə yazığun gəlsin, ə, bu nə gündü, a kişi, utanmırsan?!

- Ooo, Qabbar Sinq!!! – Kərim sanki hansısa filmin çəkilişindəydi, şəhadət barmağını yelləyə-yelləyə Sahibin üstünə yeridi.

- Ə, zırrama, mal-qaranın yerbəyer olunan vaxtıdı, yazığın gəlmir o qıza? Ə, get bir işin də qulpundan sən yapış axı, yekə kişisən!

Kərim dumanlı başla Sahibin əvəzinə onun böyründə duran Muxtarın üstünə cumdu, Muxtar itdən qaçar kimi tez kənara çəkildi, Kərim üzüqoylu yerə dəydi. Təzədən ayağa qalxıb pis-pis söyüşlər söyə-söyə yenidən hücum çəkdi Muxtara, Muxtar da qayıdıb onu söydü, aləm dəydi bir-birinə, Sahib başını bulaya-bulaya cavanlardan xahiş elədi ki, Kərimi dartıb evinə aparsınlar.

Səmayəgilinsə titrəməkdən dizlərində taqət qalmamışdı. Şordan-qatıqdan güc-bəlayla bir tikə yavanlıq eləyəndən sonra həyəcanlarını yalnız – AzTV-ni göstərən televizorlarının yeknəsək ekranında unutmaq istəsələr də fərli bir şey tapmadıqları üçün televizoru söndürüb lal-mat oturmuşdular. Əsmət əlinə daraq alıb anasının tək-tük dən düşmüş yorğun saçları ilə əlləşir, Əli isə yenə yerə uzanıb iki gün qabaq divanın altına diyirlənmiş 10 qəpiyini götürməyə çalışırdı. Əsmətin ağlamsınaraq verdiyi qəfil sualı otağın qatı sükutuna atəş kimi açıldı:

- Ana, ata niyə belə eliyir axı! Olmaz ki, eləməsin?

Əli uzandığı yerdən geri qanrılaraq:

- Ata bizi sevmir! – donquldandı.

- Hii, Əli, o nə sözdü? – Səmayə diksindi, – Heç elə şey olar ki, ata sizi sevməsin?

- Bəs onda... – Əsmət dilini sürüdü, əlini anasının saçlarından çəkib, - bəs onda niyə saçlarını yolur, səni ağladır? –dedi.

Əli yenə geri qanrıldı:

- Dedim ki, ata bizi sevmir!

Həyətin darvazasının laybalay açılmasıyla az qala sarılıqlarını udacaqdılar - dik atıldılar. Lap elə bil qəfil dəhşətli ildırım çaxdı, (sanki həyətlərinə mina düşdü), onsuz da nigaran olan ürəkləri elə möhkəm titrədi ki. Üçü də ayağa qalxıb təşviş içində canlarını qoymağa yer axtardılar. Səmayə yaylığını bağlaya-bağlaya tez pəncərədən boylandı, budur, iki cavan uşaq Kərimi zorla həyətə salıb dik qayıtdılar, kaş ki, bir az qalaydılar. Kərim boulinq fiquru kimi yellənə-yellənə, qışqıra-qışqıra evə doğru yönəldi:

- Hardadı arrrvadım, məni niyə qarşılamır? Niyə xoş gəldün demirrrr?... Ay Səmayə, ay Səmayə!

Bu dəfə lap çox içmişdi. Ayaq üstə dura bilmirdi. Gözləri qan qoymuşdu. Elə bil Muxtar onu vurmuşdu da, dodağı partlamışdı.

Əsmət, qəlbində bir dünya qorxu, dərhal qaçıb evə girdi. Balaca əllərini qulaqlarına tutub, guya dərs oxuyurmuş kimi gözlərini birinci sinif kitabına zillədi. Əli isə, ümumiyyətlə, gözə dəymirdi. Səmayə tez yüyürüb Kərimi qarşıladı. Qoluna girmək istədi, Kərim üstünə çəmkirdi: “Piyan döyüləm mən, mundar əlivi üstümnən götür, oğraşın qızı!” Səmayə tez geri çəkildi, Kərimə xoş gəlsin deyə, bütün gücünü toplayıb şirin dilini işə saldı:

- Kərim, başına dönüm, qoy bir ayran hazırlayım iç, bəlkə halın bir az düzəlsin.

Kərimə xırda bir təkan lazım imiş elə, əllərini ölçə-ölçə bağırmağa başladı:

- Halım düzəlsin, hə?! Bura gəl, köpəyin qızı, yaxın gəl, bax, dodağımı görüsən, partdıyıb. Səən üstündə bir əclafı öldürəcəkdim! Məə deyir ki, o arvadın Səmayəyə yazığun gəlsin, içə bilmirsən, içmə..., - hıçqırdı, - o, səni hardan tanıyır, Səmayə?! De görüm, xalxın kişisi səən adıvu hardan bilir, nə məsələdi, gizdətmə, de, doğruyacam səni, fayşə!

Səmayə verəcəyi cavabın onsuz da faydasız olacağını bildiyi üçün başını aşağı salıb yazıq-yazıq susdu. Kərim yumruğunu qarşısındakı köhnə masanın üzərinə çırparaq yenidən bağırdı:

- Səmayə, sən kimin arvadısan?

- Kərim, bu necə sualdı, əlbəttə sənin!

- Bəs o alçaq kimdi, Səmayə?!

-...

- Sənnənəm, fayşə, dillən! Onsuz da mən bunu öyrənəcəm!

Səmayə ağlama başladı:

- Ay Kərim, sən Əlinin canı, qurtaraq bu söhbəti, ürəyim bulanır.

Əslində, bu həmin Kərim idi ki, Əlini dünyaya gətirərkən Səmayə qəfil əməliyyata alınanda imkanı olmadığı üçün "yalvarıram, arvadımı xilas elə" - deyə cərrahın qarşısında diz çöküb uşaq kimi ağlamışdı. Zaman çox dəyişdi onu, problemlər yaxasından dartıb get-gedə adamlıqdan çıxardı. Yəni məsələ nə Səmayə, nə də bir başqası idi, Kərimi bu hala salan qalaqlanıb üst-üstə yığılan məlum sosial problemlər idi. Kişi ailəsinə çörəkpulu gətirə bilmirdi, bundan böyük nə dərd olmalıydı ki? Qabaqlar yenə bir köhnə traktoru var idi, onu da satıb-sovurandan sonra elə o çayxana sənin, bu çayxana mənim, veyil-veyil gəzir, tam bir tüfeyli həyatı sürürdü. Bir işdən-gücdən də yox idi ki, cəhənnəm, siqaret pulunu çıxarsın, bütün ailə bir baş sağmal inəyin ümidinə qalmışdı. Kimə deyəydi dərdini, kimdən çıxaraydı acığını, bilmirdi. Başqasına bir söz demək olardı? Vurub öldürərdilər adamı! Ən əmin-aman ünvan elə yazıq Səmayə idi.

Səmayədən doğru-dürüst bir cavab almadığı üçün gicgahını ovxalaya-ovxalaya Əsməti yanına çağırdı:

– Bura gəl, anasının qızı, bura gəl, -dedi, - get kuxnada çəngəl, bıçaq, nə varsa, hamısını gətir bura. Anon bu gecə hər şeyi boynuna alacaq! - O, Əsməti belindən itələdi, – di tez ol!

Qız üzüqoylu yerə yıxıldı, amma tez də ayağa qalxdı; dizi sıyrılmışdı, baxmadı belə. Həyəcanla mətbəxə girdi, şkafları ələk-vələk elədi: bu nədir, ilahi, çəngəl-bıçaq sərvət olub ərşə çəkilmişdi. Əsmətin qonur gözləri parladı, sevincdən köksü qabardı. Qaça-qaça otağa qayıdıb həvəslə: “atacan, çəngəl-bıçağımız qurtarıb!” – dedi.

Kərim hıçqıra-hıçqıra bağırdı:

- Məni ələ salmısan, ay itin qızı?!

- Yoo, atacan, helə niyə deyisən? Valla, düz deyirəm, qurtarıb!

- Ay axmaqqulunun qızı, necə yəni qurtarıb?

- Nə bilim, ata, yoxdu da!

- Rədd ol gözümün qabağınnan, anasıfat!... Oğlum gəlsin. Əli gəlsin yanıma!

Əsmət ağlaya-ağlaya anasının yanına qaçdı, Əli isə yox idi. Həyəcandan heç Səmayə də bunu hiss etməmişdi. Birdən vahimələndi: “Uşaq hardadı, ay Allah?!” Otaqlara baxdı, yox idi. “Əli, Əli, qorxma oğlum, ana qurban, hardasan?” - həyəcanı getdikcə artmağa başladı. Nə qədər axtardılar, xeyri olmadı, Əli, əməlli-başlı yoxa çıxmışdı. Kərim handan-hana, aşa-aşa birtəhər ayağa qalxdı:

- Neyləmisən bu uşağı, hara göndərmisən? – O yenə Səmayəni günahlandırdı.

Başını itirmiş Səmayə güclə cavab verdi:

- Vallah, bayaq burdaydı, sən gələn kimi, yəqin, qorxusundan hardasa gizlənib.

Evi, həyət-bacanı, hər yeri ələk-vələk elədilər, yox, Əli yox idi. Qorxudan əriyib buxarlanmışdı nədi, axı hara qeyb olmuşdu bu uşaq! Taleyindən cana gəlmiş Səmayə, üstəlik də oğlunun itdiyini görüb zar-zar ağlamağa başladı: “Oğluum, haradasan, mənim səssiz balam! Oğluum, ana başına dönsün, çııx, hardasan, ananın ürəyi dayanar, Əlim, gəəl!”

Səs-küyə artıq qonum-qonşu da gəlib yığışmışdı. Əvvəl uşağın itməyinə ciddi yanaşmasalar da, sonra hamı təəccüb içində əl-ələ verib Əlini axtarmağa başladı. Kərim də həyəcandan, demək olar ki, ayılmışdı. Əli isə yox idi ki yox idi.

Əsmət, qardaşı tapılsın deyə, onun gizlənə biləcəyi yerləri axtara-axtara adətən, paylaşa bilmədikləri oyuncaqları da ona bağışlayacağını vəd verirdi:

- Bundan sonra hər şey sənin olacaq, Əli, gombul ayı da, qara maşın da. Lap dəftərlərimi də sənə verəcəm, təki sən çıx çölə, qaqam, ana ağlıyır axı!

Bir xeyli vaxt keçdi. Hər yerdən ümid üzülmüşdü. Artıq nənəsi, babası da, polis əmisi də, naxırçı dayısı da - hər kəs burdaydı, amma neyləyəydilər? Hamı əlini-əlinin üstünə qoyub mat-məəttəl oturmuşdu. Hər tərəfə acı sükut çökmüşdü.

- Necə yəni, axı bu uşaq, gecənin bu vaxtı hara gedə bilər? Bəlkə bilmədiyimiz nəsə var, bəlkə nəyisə gizlədirsiniz? - Sual dolu baxışlar Səmayə ilə Kərimə zillənmişdi.

Polis əmisi Nahidin sualları isə daha dəqiq idi:

- Gəlinbacı, belə hadisə ilk dəfə baş verir?

- Hə, Nahid, Əsi canı, belə uşaq deyildiye Əli, mənsiz heç yana getməzdi.

- Kərim uşağı vurub eləmədi ki, düzünü de, - Nahid, Kərim duymasın deyə, bu dəfə astadan soruşdu.

- Yox, Nahid, yox, vallah, yox! Onun dərdi mənimlədi, Əlini vurmaz heç.

- Dərdi bunnanmış! - Səmayənin çoban qardaşı Gülbala ayağa qalxdı, - Bəs səynən dərdi nədi, nə daş tökmüsən axı başına?

- Yaxşı, indi bunun yeri deyil! - Nahid Gülbalanın üstünə çəmkirdi.

Gülbala dinc durmadı:

- Elə belə-belə deyib bu günə qoymusuz da qızı!

- A kişi, dedim ki, bu söhbətin yeri deyil! – Nahid bir də çığırdı.

Gülbala əlini masaya çırpıb özündən çıxdı:

- Yeri deyilmiş! Bə nəyin yeridi?! Uşaq yoxa çıxıb, day başqa nə olmalıdı ki, buların yeri olsun?!

- Mən də onu deyirəm elə, ay vətəndaş, uşağı tapaq, sora nə qədər istəsən, moizə oxuyarsan!

- A Nahid, uşaq niyə yoxa çıxıb? – O qəzəblə Kərimin üstünə yeriyərək, – bu əclaf içməseydi, uşağın nə azzarı ölmüşdü ki, evdən qaçsın?

Kərim yazıq-yazıq üzünü tutub susdu. Nahid laqeydliklə qardaşına tərəf dönərək:

- Bir yandan baxanda, düz deyir də, Kərim, ə, bu zibili içə bilmirsən, içmə də!

Kərim ağlamsına-ağlamsına and içdi:

- Bax, Quranaqqı deyirəm, Əli tapılsın, bi də içsəm, Allah məə qənim olsun!

Dərhal anası Kifayət arvad böyürdən donquldandı:

- Allah görüm bu arağı çıxardanın tifağın dağıtsın elə!

- Amin!!! - Otaqdakı arvadlar səs-səsə verdilər.

Xorla deyilən “amin” səsi Kifayət arvadı təsirləndirmişdi deyəsən, tez bir qarğış da əlavə elədi:

- Allah yuvalarını başlarına yıxsın! – kələğayısının ucuyla gözünü silərək, – Məəm balamın yuvasın yıxdıqları kimi!

- A Nahid, - deyə Habil söhbətə qoşuldu, - oxumuş adamsan, bilərsən, bə bu dövlət niyə bir tədbir görmür e içkiyə qarşı? Yəni bizim gördüklərimizi dövlət görmür?

Arvadlar Nahidin cavabını gözləyə bilmədilər:

- Başlarına dəysin tədbirləri, - Gülbalanın arvadı Zəmfirə deyindi, - tilvizirdə boy-boy reklam eləməsinlər e heç olmasa!

- Hə dənə, vallah, - qonşu Narifə sözlərini uzadaraq – elə də ballandıra-ballandıra reklam eliyirlər… - dedi, ardınca “qadın ola-ola az qala məəm də içməyim gəlir” demək istədi, deyə bilmədi.

Arvadların ağızlarının qızışdığını görən Nahid təmkinini güclə qoruyub boğula-boğula bir daha bildirdi ki, indi bu söhbətlərin yeri deyil, hal-hazırda ən vacib məsələ budur: Uşaq yoxa çıxıb!

Araya növbəti, daha ağır bir sükut çökmüşdü ki, birdən yan otaqdan cingilti səsi gəldi. Sanki haradasa döşəməyə çəngəl-qaşıq töküldü. Səmayə “can, oğlum!” - deyib bir göz qırpımında səs gələn otağa qaçdı. Cehiz sandığının yanında yerə bir çəngəl düşmüşdü. Təəccübləndi: “Çəngəl burda nə gəzir?” Gözü sandığa sataşdı, bütün vücudunu bürümüş vahimə ilə əlləri əsə-əsə birtəhər sandığın ağzını açdı. Dəhşətdən gözləri bərəldi. “Əliiiiim!” – deyə qışqıra-qışqıra huşdan gedib üzüqoylu sandığın içinə yıxıldı. Evdəkilər hamısı qaçıb Səmayənin harayına gəldilər: bu nədi belə, ay Allah! Gülbala dərhal bacısının belindən yapışıb kənara aşırdı: budur, Əli, sandığın içində qıvrılıb, qorxudan və havasızlıqdan rəngi kağız kimi ağarmışdı. “Vıyy, nənön ölsün, ay bala!” – deyə nənəsi Kifayət əlini üzünə atdı. Kərim hönkürə-hönkürə irəli keçib Əlini qucağına götürdü: “Bağışla məni, oğlum, Allah məə lənət eləsin!!! Qorxma, bax, ata burdadı, Əli, qorxma!”

Səmayə özünə gələr-gəlməz oğluna sarılıb yenidən ağladı:

- Qurban olaram sənə, Əlim!!!

- Verilmiş sadağan varmış, ay Səmayə! – qonşu Narifə əlində su bardağı, köks ötürüb dilləndi.

- Hə, valla, irağ-irağ, nəfəsi də kəsilə bilərdi, - bunu isə bir başqa qonşusu, Jalə əlavə elədi.

Tez Kifayət arvad acıladı Jaləni:

- Ağzınnan yel alsın, ay qız, o nə sözdü!

Yavaş-yavaş gərginlik azaldı, hamı şükr-səna eləyə-eləyə dağılışmağa başladı. Kərim siqaret yandırmışdı. Gülbala ilə Nahid isə hərəsi bir tərəfdə əyləşib arabir tərs-tərs baxışırdılar. Birdən Əsmət, əlində bir ovuc çəngəl-bıçaq, qaça-qaça gəlib atasının qabağında dayandı:

- Ata, bax, mənə inanmırdın, hamısını Əli sandıqda gizlədibmiş!

# 1251 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #