Orxan Pamukun Əziz Nesinin ölümünə yazdığı ESSE

Orxan Pamukun Əziz Nesinin ölümünə yazdığı <span style="color:red;">ESSE
29 dekabr 2016
# 12:12

Kulis.az Orxan Pamukun “Əziz Nesin ölən gün…” essesini təqdim edir.

Xəbəri – Əziz Nesinin öldüyünü baqqalda dalğın-dalğın qəzetlərə baxarkən gördüm. Fəqət iki saat əvvəl evdə həmin qəzeti oxumuşdum, bu xəbər orda yox idi. Alış-verişimi etdim, əlimdəki plastik torbalarla ofisimə girdim: plastik torbaları divana yox, mətbəxə qoymalı, ciblərimi boşaltmalı, qol saatımı çıxarmalı, faks maşınına göz atmalıydım, amma yerimdə donub qalmışdım. Ağlamağa başladım.

Tez-tez ağlayan deyiləm. Özümə təəccübləndim, əsəblərimin pozuq olduğunu, qəzəbli olduğumu və buna bənzər şeylər düşündüm, amma ağlımda tamam başqa şeylər vardı. Faks maşınındakı kağız bu yazını elə indi yaza biləcəyimi deyirdi. Masaya oturdum.

Əziz Nesini ilk dəfə görəndə səkkiz yaşındaydım. Ankaradakı “Bilgi Kitabevi”ndə kitablarını imzalayırdı. Anam qardaşımla məni həmin kitab evinin olduğu Sakarya prospektinə alış-verişə aparmışdı. Orda bazarın səs-küyündən və erkən düşən payız axşamının qaranlığından uzaqda, arxada bir yerdə, cazibəli və güvənli kitab qoxusu içindəki insanların arasında bir adam kitablarını imzalayırdı. Gələcəkdə mən yazıçı olacaqdım.

Evimizdə onun kitabları oxunardı, mən də oxumağa başladım. Türkiyənin necə bir yer olduğunu, burada yaşayanların necə insanlar olduğunu erkən yaşda həyatdan və qəzetlərdən öyrəndiyim qədər ondan da öyrəndim. Hamımızın həyatında böyük, dərin bir yaraya bənzəyən çatışmazlıq vardı.

Bunun ruhi bir ağrı kimi fərqindəydik, amma uşaqlar kimi ört-basdır etməyə, malalamağa, milli bir qürurla cilalamağa, hətta bilə-bilə seçdiyimiz xüsusiyyət kimi onunla öyünməyə də hazır idik. Kənara atılmışlığımızın, yoxsulluğumuzun və bir-birimizə qarşı qəddarlığa gedib çıxan rəhmsizliyimizin arxasında da bu çatışmazlığın, bir növ xamlığın və qəzəbin olduğunu sezirdik. Həyatın hər detalında, günün hər saatında özünü yadımıza salan bu fağırlıq və qəzəb əvvəlcə bizə “Biz adam olan deyilik” dedizdirir, sonra isə məhəlləmizə amerikanlar misafir gələndə gənclərimizi qonağın girdiyi evin pəncərəsi altına toplayıb İstiqlal Marşı oxutdururdu.

Əziz Nesin kitablarında bu kövrəkliyin və bir gün asanlıqla, hiyləgərcəsinə, kəsə yolla bu kövrəklikdən xilasolma ümidinin hər rəngini, hər simptomunu, hər nəticəsini, hər qəribəliyini bizə böyük zövqlə ifadə edirdi.

Uşaqlıqda onun hekayələrini oxuyanda İstanbulun və bütün Türkiyənin gündəlik həyatındakı kolorit, avtobus qapısının necə açılacağından, ictimai tualetlərin seyrəkliyinə qədər küçə müşahidələrin, tikiş maşınından qarşoka, qazandan ütüyə kimi ev əşyalarının canlılığı, bizi tezcə ələ verən dil və nitq vərdişlərimiz, qaynanalar, təqaüdçülər, uşaqlar, pişiklər, şəhəri şəhər edən bütün o ailələr, həyatlar, dükanlar və dövlət idarələri ən xırda detalına qədər mənim gözümdə dərin bir gerçəklik duyğusu ilə canlanırdı.

Sonrakı illərdə də dönə-dönə qayıdıb yenidən oxuduğum bu hekayələr, ordan-burdan vərəqləyərək, çox vaxt da ən gözlənilməz anda gülərək xatırladığım bu kitablar, hər dəfə məndə Əziz Nesindəki diqqətin və müşahidə gücünün bitib-tükənməz diriliyinə, oynaqlığına, müxtəlifliyinə qibtə hissi yaradırdı.

Image result for aziz nesin

Onun ən böyük uğuru da budur: dünya ədəbiyyatında yaşadığı şəhərin və ölkənin həyatına, insanlarına bütün detalları ilə bu dərəcədə şahidlik edən və bu qədər də rahat oxunan çox az yazıçı var.

Xüsusilə “Demokrat Partiyası”ının hakimiyyətdə olduğu ilk illərdən başlayaraq, 70-ci illərin sonuna qədərki 30 illik dövrün İstanbul və Anadoludakı bütün qəhrəmanları – bütün idarə məmurları, yeni zənginlər, işsizlər, fırıldaqçı siyasətçilər, taksi şoferləri, sosyete qadınları, əsgərlər, hərbi çevriliş istəyənlər, məhkumlar, cinayətkarlar, namus düşmənləri, pavilyon qadınları, kənd muxtarları, futbolçular, ziyalılar, ağalar, şeyxlər, imamlar, xırdavatçılar, dələduzlar, oğrular və ağla gələ biləcək hər peşədən, hər cinsdən, hər xarakterdən insanlar, eynilə bəzi Osmanlı surnamələrində olduğu kimi onun kitablarında öz əksini tapıb.

Heç bir türk yazıçısı bu 30 illik dönəmdəki İstanbul həyatının detallarına Əziz Nesinin göstərdiyi qədər əhatəli və ağıllı diqqət göstərməyib. Əziz Nesinin romandan daha çox qısa hekayə yazması, onu həyatdan birbaşa aldığı materialı böyük bir əhvalatın içinə bütöv şəkildə bağlamaqdan xilas etmiş və beləcə, maraqlandığı, sevərək və ağıllı formada ifadə edə biləcəyi hər şeyi yazıya çevirə bilmişdi.

Kitablarını təzədən oxuyanda, vərəqləyəndə – bunu tez-tez edirəm – ən çox onun gündəlik həyatın hər detalına, hər mövzuya belə tez girə bilməyinə heyrətlənirəm. Bir də bu qədər asan oxuna bilməsinə, hər növdən oxucunun diqqətini çəkəcək maraq ünsürünü daim diri tuta bilməsinə…

Bilirəm ki, bu böyük yaradıcılığın arxasında yazıçılığın təsirlənməkdən çox zəhmətlə, işləməklə bağlı olduğunu başa düşən hamının görəcəyi kimi, bənzərsiz bir yazmaq enerjisi və istəyi var. Əziz Nesin həmişə, hər vəziyyətdə daim yazardı; o, qərara gəlmişdi ki, yaradıcılığının əksər hissəsində mətbəələrin və çap maşınlarının hərəkətinə çatmağa məcbur olsa da, bu, yazılarının dəyərindən vazkeçmək üçün bəhanə deyil.

Bir dəfə birlikdə Fransaya səyahət etmişdik. Bir otelə girdik, yanaşı otaqlara yerləşdik. Üç-dörd dəqiqə sonra, hansısa bəhanə ilə qapısını döydüm, qapını açanda gördüm ki, əlində qələm var. Xatırlayıram ki, qapını açanda qələmi niyə masaya qoymayıb əlində qələmlə qapını açması haqda uzun-uzun düşünmüşdüm. Sonralar köhnə bir köşə yazısında, əski və unudulmuş köşə yazarlarından olan Mahmud Sadiqdən bəhs edən bir cümlənin Əziz Nesinin beyninə necə “mismarlandığını” oxuyacaqdım: “Mahmud Sadiqin əlində qələm altıncı barmaq olmuşdu.” Həmin yazısına belə davam edirdi: “Nə vaxt bu bənzətməni xatırlasam, əlimdəki qələmə baxıram, ürəyim yanır.”

Amma işləmək onun üçün ürək yanğısından çox həyatın qəddarlığına qarşı inada, həyata qarşı qazanılmış bir qələbəyə çevrilmişdi. Ən pis zamanlarda belə onu edilməsi mümkün şeyləri araşdırmağa təşviq edən ümid də, ağıllı düşmənlərini heyran qoyan cəsarət və özünəinam da, düşünürəm ki, öz gücünü tanımaqdan irəli gəlirdi. Daim işləyə bildiyi üçün və bəzi insanların cihazlara, bəzilərinin sevgiyə inandığı kimi o yazıya inandığı üçün, həyatın mənası və məqsədi onun gözündə həmişə par-par parıldadı.

Buna görə də başqalarının qərarsız qaldığı, gördüklərinə inanmadığı, ayrı dostların və ya dəstələrin şahidliyini, yaxud dəstəyinə ehtiyac duyub çaş-baş qaldığı vaxtlarda, o önə çıxıb özünəinamla ilk reaksiyanı verirdi. Düşündüyünü açıq-aydın ifadə etmək imtiyazının ancaq cəsurlara buraxıldığı bir ölkədə Əziz Nesin çox az yazıçıya nəsib olan cəsarətin ləzzətini alırdı.

Özü susanda, başqalarının da susduğunu, ya da səsinin eşidilmədiyini anlayır, cəsarətinin başqalarında haqlı və faydalı bir utanc hissi yaratdığını görürdü. Düşünməklə cəsarətin yavaş-yavaş bir-birinə qarışdırıldığı ölkədə düşüncədən qabaq cəsarəti hərəkətə keçirmək lazım olduğunu anlayır və başqaları deyəndə vecə alınmayan xeyli şeyin o dilləndə bu və ya digər şəkildə aktivləşdiyini bilirdi. Xeyli ictimai dərdin təbii bir təslimçiliklə dövlət tərəfindən həll olunmasını gözləmək kimi, intellektual və siyasi həyatla əlaqədar bütün problemlərin də oxşar şəkildə, elə bil, etibarnamə ilə özü kimi olanlara, bəzən isə təkcə öz boynuna düşdüyünü hiss edirdi. Qısa hekayələrində cəsur yazıçıya daha çox cəsarət təklif edən, ondan daha da irəli getməsini istəyən, onu ölçüsüzcəsinə tərifləyən, amma özü nə ət, nə balıq olan, səsini heç vaxt çıxarmayan vətəndaş tiplərindən xeyli bəhs edib.

Mən də çoxları kimi, onun açıqsözlülüyü və yaradıcı dəlisovluğunun doğurduğu cəsarət, şərəf məsələləri ilə bəzən həyəcanlı şəkildə maraqlansam da, məni ona bağlayan əsas şeyin, bəzən xəstəlik dərəcəsinə çatan marağımın kökündə onun yazıçılığı, yazıçılıq intizamı durur. Hər şeyi yazmaq istəyi! Arxada böyük bir əsər qoymaq ehtirası! Hamının bildiyi, amma bildiyini bilmədiyi həqiqətləri parlaq şəkildə, bir cəhddə deyə bilmək xəyalı… Bütün bunları kitablara, kitab rəflərinə daşımaq zövqü…

Həmişə xəyal etmişəm ki, Əziz Nesinin və onun necə işlədiyini öyrənməkdən zövq aldığım gündəlik məişət vərdişlərinin – gizlətməyin, yığmağın, dosyeləşdirməyin, bir gün karıma gələr deyə qırağa qoymağın, yazıya optimist və faydaçı rakursdan yanaşmağın arxasında bu istəklər durur. O bütün bunları səbrlə, çalışqanlıqla, həvəs və ləzzətlə edərkən, ortalığa modern türk ədəbiyyatında tayı-bərabəri olmayacaq qədər geniş, əhatəli, zəngin və oxunması ləzzət verən əsərlər qoydu. Həmişə qəzəbli və həmişə gülümsəyən əsərlər.

Uyğunlaşdırdı: Qismət /sim-sim/

# 979 dəfə oxunub

Müəllifin son yazıları

# # #