O dünyadan bir içim su – Fikrət Sadığın şeirləri

O dünyadan bir içim su – Fikrət Sadığın şeirləri
16 noyabr 2016
# 15:57

Kulis.Az mərhum şair Fikrət Sadığın şeirlərindən seçmələr təqdim edir.

Yaşadır

(Köhnə qafiyələrlə təzə şeir)

Sənətkarı el yaşatmır,
Sənətkar eli yaşadır.
Fikri aydın olsa əgər
İnsanı əli yaşadır.

Lap dan söküləndə dursun,
Üzünü dan şehi yusun,
Qaşı-gözü qara olsun,
Gözəli teli yaşadır.

Anasına "Ana" deyən,
Sözümüzə nur çiləyən.
Milləti millət eləyən
Öz ana dili yaşadır.

Sənət itməyir batsa da,
İşıqda işıq yatsa da,
Vəli Əlini atsa da,
Vəlini Əli yaşadır.

Göz nəyi görübdür qələm!
Bilirəm mən, bilir aləm!
Qəm üstündə köklənib bəm,
Muğamı zili yaşadır.

"Məğrur ol" öyrədir biri,
O birisi deyir "kiri!"
Diri olmaqçın "ol diri!"
Tarixi ölü yaşadır.

Həyat şirin, həyat acı!
Ellik qardaş, ellik bacı!
Qoy çox olsun bağlayıcı,
"Lakin"i "Vəli" yaşadır.

Ömür barışmaz - haqq-nahaq!
Ümidimiz ana torpaq.
Xeyirxah qaniçənə bax -
Xəstəni zəli yaşadır!

İnsan bu cür axşam-səhər,
Yaşayır guya birtəhər.
Canındadır xeyirlə-şər,
Ömrü ikili yaşadır.

Əlləri qoynunda

İndi, hər çətin iş görülür pulla,
Tale - bir küncdə qalıb,
əlləri qoynunda.

Yaxşının bəxti yaman gətirib.
Əla - bir küncdə qalıb,
əlləri qoynunda.

Eləni elə şişirdiblər ki,
Belə - bir küncdə qalıb,
əlləri qoynunda.

İnsana zülm edən elə insandır
Bəla - bir küncdə qalıb,
əlləri qoynunda.

Allahdan başqa
Allah yoxdur

Dünən olmasa - sabah yoxdur,
Bəyaz yoxdursa - siyah yoxdur.

Bir "gah" yazmasan - bir "gah" yoxdur,
Özü yıxılsa - "cinah" yoxdur.

Zülm qovmasa - pənah yoxdur,
Yerdə hər şey var - bir haqq yoxdur.

İnsan yoxdursa - günah yoxdur,
Allahdan başqa Allah yoxdur.

Əslində

Əslində əslində əslində deyil,
Əsli də heç də bir mislində deyil.

O, miskin, sərgərdan, dünya-xəzinə,
Açarı sehirli "sim-sim"də deyil.

Bu yerdə yaşamaq sadə bir işdir,
Burda hər nə varsa tilsimdə deyil.

Yalanla doğrunun arasındadır,
Yalana doğruya təslim də deyil.

Yarısı qaranlıq, yarısı işıq
Tam kafər, tam bütöv müslim də deyil.

Əsli var, kökü yox, - əsilzadədir,
Bu halın günahı nəslində deyil.

Üzü gün, qəlbi buz, ikili sifət,
Gül açıb, amma gül fəslində deyil.

Hüseyn də dəyişib, Söyün olubdu,
Gülsüm də əvvəlki Gülsüm də deyil.

Bu günün adamı kimi - adamdı,
Dindir gör, heç o da əslində deyil.

İyul-avqust 2010

Şair Qabil

Hanı gülər üzün sənin,

Hanı dəmir sözün sənin.

Şit şairlər çoxalıbdı,

Hanı dadın, duzun sənin.

Dağlarda var izin – sənin.

Dərdi yenən dözüm – sənin.

Şeirin – günəş zərrələri,

Sönməz odun-közün sənin.

Görükməyən hüsn sənin.

Söz ver mənə, izn sənin.

O, “qızılgül satan” – sağdır,

Bu çox sürən hüzn –sənin.

Şairə xas əzm – sənin.

Səndən uca özün – sənin.

Qəddar Vaxtın qarşısında

Qatdanmadı dizin sənin.

2012

Sual-cavab

– Gəldim.

Dünyanı gördüm.

Qəlbimi sardı,

Odlu bir sual.

– Cavabına

O gördüyün dünyadan

Heç nə, tək bir

İçim su al!

2012

# 1095 dəfə oxunub

Müəllifin son yazıları

# # #