Quran yazıçılarımıza nə fayda verir? - SORĞU

Quran yazıçılarımıza nə fayda verir? - <span style="color:red;">SORĞU
7 iyul 2017
# 09:00

Bibliya Qərb mədəniyyəti üçün həmişə ədəbi material kimi çıxış edib. Əlbəttə, Şərq poetik nümunələrində də Qurandan təsirlənmələr olub. Bəs görəsən Quran müaasir nəsr əsərləri üçün ədəbi material, ədəbi istinadgah rolu oynaya bilərmi? Və yazarlar bu bəhrələnməni necə ifadə eləyirlər?

Kulis.Az bu barədə yazarlardan münasibət öyrənib. Cavabları təqdim edirik.

Səfər Alışarlı

- Bədii yaradıcılıq üçün çox vacib məsələyə toxunursunuz. Biz bəyənsək də, bəyənməsək də, min illərdir ki, səmavi kitablar mənəviyyat təməlləri olaraq həyatımızda durmaqda davam edir. Ən böyük yaradan Allahdır. Yaradıcı insan onunla müqayisədə sıfırdan bir az yuxarıda görünür. Onun müqəddəs adından bizə təqdim edilən Tövrat, İncil və Quran kitabları ilə yanaşı duracaq heç nəyimiz yoxdur. İncil keyfiyyətləri və əxlaqının bədii nəsrə üzvi transformasiyası baxımından Dostoyevski təkdir. Tolstoy da təxminən oralardadı. Amma Tolstoy öz müasirindən fərqli olaraq insana heç vaxt həşərat kimi baxmır. Rus nəsrində bu səviyyənin üçüncü adını xatırlamaqda çətinlik çəkirəm. Bəlkə də Platonov...

Müsəlman aləmində bələd olduqlarımdan Əl Ərəbi zirvəsi var, amma “bir dəfə göydəki bütün ulduzlarla cinsi əlaqəyə girən” bu düha yazıçı deyil, daha çox alimdir. Bizim orta əsrlər ədəbiyyatı o baxımdan çox zəngin dini ənənələrə və konkret biliklərə söykənirdi. Qəribədir ki, bu biliklər o dövr cəmiyyətlərinin həyat və yaşamını sonradan düzgün məcralara yönəldə bilmədilər. Məsələn, şiəlik dini cərəyan olaraq islamın zirvəsi kimi əsasən Səfəvilər arealını əhatə edirdi, amma nəticə etibarilə areal XVIII əsrdən başlayaraq rus işğalını yaşadı. Sual olunur: nəzəriyyəmi səhvdir, ya imperiyanı yönəldən padşahlar yolu azdılar?

Bizim nəsr hələ də dindən cin dəmirdən qorxan kimi qorxur. Halbuki uğur oradan gələn ilahi ədalətin bədii obrazlar vasitəsilə təcəllasındadır. Yaradıcı şəxs bu ilahi ədalət hissinin ölçülərinə nə qədər möhkəm sahib olarsa, bir o qədər xeyir götürər. Həmin standartlar “Qurani-Kərim”də kifayət qədər aydın və açıq təsbit olunub. Məsələn, o küll həqiqətlərdən biri heç nəyə xətir yalan danışmamaqdır.

“Qurani-Kərim”in hikmətlərindən bütün dünya bəhrələnir, onda təsbit olunmuş ilahi ədalət qanunları bütün qərb dövlətlərinin əxlaq və mənəviyyat reyestridir. Biz bunu öz həyatımızda tam bərqərar etmək üçün ilk növbədə müasir incəsənətimizə, xüsusilə nəsrimizə gətirməyi bacarmalıyıq. Və bunun əksini eybəcər ateist təbliğatında etdiyimiz kimi yox, istedadla, dərin elmi və ruhani biliklərə yiyələnməklə etməliyik.

Nəriman Əbdürrəhmanlı

- Quran nəsr əsərləri üçün ədəbi material, ədəbi istinadgah rolu oynaya bilər, həm də oynayır. Şərq ədəbiyyatında bunun həddən artıq çox nümunələri var. Elə ikisini bu yaxınlarda mən oxumuşam: Çingiz Hüseynovun “Merac” və İskəndər Palanın “Bülbülün qırx şərqisi" romanları. Qurandan ağıllı surətdə bəhrələnməyin nəticəsidir. Belə əsərisə İslama və Qurana dərindən bələd olanlar qələmə ala bilərlər.

Elçin Hüseynbəyli

- Bu sual məni həmişə düşündürüb. İş burasındadır ki, mən də bir çox düşüncə adamı kimi, dini kitabları, dini abidələri mədəniyyətin bir hissəsi saymışam, onları ilkin mədəniyyət nümunəsi kimi dəyərləndirmişəm. Təəssüf ki, biz uzun müddət dindən, kitabdan ayrı düşmüşük, daha çox Bibliya dəyərləri, rus tarixi və mədəniyyətlə böyümüşük. Mən öz ədəbi nəslimi nəzərdə tuturam. Ona görə də bəşəriyyətin bu ilk mədəni hadisəsini öz yaradıcılığımızda əks etdirə bilməmişik, yəni din bizim qanımıza və canımıza tam yerimədiyindən təfəkkürümüzdə bir boşluq yaranıb, amma mən özüm daim çalışmışam ki, öz əsərlərimdə ən azı məişət səviyyəsində də olsa, hansı mədəniyyətə və dinə aid olduğumuzu göstərim. Bəlkə də bəsit izahdır, amma mənimçün belədir.

Etimad Başkeçid

- Quran nəsr əsərləri üçün ədəbi material və istinadgah rolunu həmişə oynayıb, indi də oynamaqdadır. Professor Asif Hacıyevin gözəl bir kitabı var: “Qurani-Kərim rus ədəbiyyatında”. Təkcə bu kitabı gözdən keçirmək kifayətdir ki, böyük rus ədəbiyyatının ən görkəmli simalarının Qurandan nə qədər bəhrələndiyini görəsən. Qurandan təkcə rus ədəbiyyatı bəhrələnmir. Bütün yaradıcılığı “quran motivləri”nə əsaslanan Movlana hazırda ən çox oxunan “şair”dir. Müasir fransız yazıçı, məşhur sənətkar Erik Emmanuel-Şmittin “Müsyö İbrahim və Quran çiçəklər” əsəri göstərir ki, Quran ilham qaynağı və ədəbi material kimi həmişə gündəmdədir. Bunu bir dəfə yazmışdım: biz, nominal olaraq, müsəlman xalqıq, amma ədəbiyyatda Bibliyaya Qurandan daha çox istinad edirik. Bəlkə, bunun xeyirli tərəfləri də var, amma beyinlərdəki eklektizm ədəbiyyatı irəli aparmır.

Fəxri Uğurlu

- Bildiyiniz kimi, Şərqdə nəsr ənənəsi cavandır, gəncdir. Qərbdə isə nəsr ənənəsinin yaşı daha çoxdur. Ümumiyyətlə, Şərqlə Qərbi bölmədən deyə bilərik ki, ədəbiyyatda dini kitablardan bəhrələnmələrin çox qədim tarixi var. Şərqdə də Orta əsrlər dövründə poeziyada Qurana, dini rəvayətlərə, hədislərə istinad olunub. Bir məsələni də vurğulamaq istəyirəm. Qurandakı əhvalatlar, peyğəmbərlər haqqında rəvayətlər İncildə, Tövratda da var. Quranın özü də istinad edib. Quran dini rəvayətləri danışmaqdan çox, onlara istinad eləyir. Əvvəlki dini kitablarda da həmin söhbətlər var idi. Məsələn, Yusif peyğəmbər haqqında Əbdürrəhman Caminin “Yusif və Züleyxa” poeması var. Qərbdə isə bu mövzuda Tomas Mann nəhəng bir roman yazıb. Dini kitablardan ədəbiyyat heç vaxt xali olmayıb. Bir də ki, düşünürəm, belə şeylər sifarişlə olmur. Dini motivlər hansısa yazıçının ideyalarına, yazmaq istədiyi mətnə uyğun gəlsə yəqin ki, istinad edər. Bu barədə proqnoz verməyə çətinlik çəkirəm. Güman edirəm ki, dini rəvayətlərə istinad, dini motivlərdən istifadə etmək qədimlərdə də olub, indi də davam edir.

# 1090 dəfə oxunub

Müəllifin son yazıları

# # #