Fədakarlığın poeziya həddi – Nigar An yazır...

Fədakarlığın poeziya həddi – <span style="color:red;">Nigar An yazır...
25 may 2017
# 15:30

Kulis.az Nigar Anın “Müsbət Aqşin dərəcəsi və ya Evrənsəl şeir çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi kimi” məqaləsini təqdim edir.

Müasir Azərbaycan poeziyasında bəşəri şeirin müəlliflərindən olan Aqşin Evrən yaradıcılığı istər şeirlərinin mövzu, problematikası, istərsə də bədii sözün qüdrətini əks etdirmək baxımından fərqini ortaya qoyur. Şairin ilk və tək kitabı olan “Mənfi sənsiz dərəcə” kitabı tamamilə fərdin sevgisizliyə, ədalətsizliyə, qəddarlığa qucaq açan cəmiyyətə yadlaşmasına həsr olunub.

“Evrən” təxəllüsü Aqşinin şeirlərinin lakonik təhlili təsiri bağışlayır. Qarışqa yuvalarını, uşaq oyuncaqlarını, atasının cəbhədə qalan barmaqlarını, açılmayan güllələri, partlamayan mərmiləri, insanı anladan şairin yaradıcılığının ana xəttini yazmaqla tükənə bilməyən və daim yeni axtarışlar, yeni ifadə vasitələri tələb edən ölməz mövzu - sevgi təşkil edir.

“Az sözlə böyük mətləbi ifadə etmək” və “növbəti misranı ifadə etmək xatirinə “boş misra” işlətməmək” şeirlərini ən yaxşı xarakterizə edən ifadələrdir. Bədii təsvir və ifadə vasitələrindən səxavətlə istifadə Evrənin bir misrasına da gözdən yayınmağa imkan vermir.

***

Hərdən onun toxunduğu yerlər qopar bədənindən,

hissə-hissə yoxa çıxarsan hərdən.

Hərdən “qayıt, ölürəm” kimi oxunar

ona yazdığın bircə “salam, necəsən?

Nümunə kimi verdiyimiz bənddə “salam, necəsən?”in “qayıt, ölürəm” kimi oxunması Aqşin Evrən poeziyasını şərtləndirən ünlü təşbehlərdəndir.

***

Hərdən boynunu üşüdər onun aldığı şərf də,

barmaqların əllərindən sır-sıratək sallanar.

Boş küçədə öskürər xatirələr astaca,

Cədvəllərdə yazılar: “Mənfi sənsiz dərəcə”

bəndində doğma itkisi qədər ağır olan “şərfin boyunu üşütməsi”, “xatirələrin öskürməsi” kimi metaforalar, “barmaqların sırsıraya bənzədilməsi” təşbehi şairin yaradıcılığının möhürüdür. Və ya “Gün var qəsrə bərabər” şeirində...

***

Elə bu sabah öyrəndim ki,

pis hərəkətimiz zamanı atamız bizə şillə vurmur,

Doğru gələcək üçün üzümüzdə əl çalır –

“şillənin üzdə əl çalınmasına bənzədilməsi” kimi möhtəşəm misraları Aqşinin nə qədər novator olduğunu, standart qafiyəpərdazlıqdan, klassik təşbeh və metaforalardan, müqəyyəd epitetlərdən uzaq olduğunu göstərir.

Aqşin Evrən şeirində fabula ilə süjet daim vəhdətdədir, lakin bəzi istisna şeirlərdə fabula süjet tərəfindən tərəfindən həll edilmir. Passiv tərəf mövqeyində möhkəmdir – ortaya məsələ qoyulur, lakin məsələnin həlli ya çətin, ya da mümkünsüzdür. Sözügedən hadisələr əksər vaxt keçmişdə baş verən və dəyişdirilməsi çətin olan yaşantılardan ibarətdir. Buna ən yaxşı nümunə kimi “Bənazir Bhutto ölməmişdi” şeirini göstərmək olar. Müəllifin gerçək yaşantısının ifadəsi olan bu şeirdə fabula var, sujet isə yox. Uzaq keçmişdə ailəsinin dağılmasının yaşatdığı travma və yoxluğun əzabının poetik təsvirini verən şair çıxış yolu görmür, heç axtarmır da, həzin-həzin əzabını yaşamağı üstün tutur.

***

“Üç keçi” nağılı “üçbaşlı əjdaha”ya çevrildi ailəmiz dağılanda.

Gecə məni “Bayu-bayu” ilə yatırıb,

səhər anamın yoxluğu ilə oyatdılar.

Anasının narıncı koftasını iyləyib yatan bu uşağı

birdən “narıncı inqilablar”ın qucağına atdılar.

***

Sən gedəndən sonra qapımızı açan olmadı deyə

o xəstə “bobik” də ağzını açıb bir kəlmə hürmədi

İtin “bir ağız hürmə”sini “bir kəlmə hürmək” kimi təqdim etmək qeyri-ənənəvi bədii təsvir tapıntısıdır. Şeirin canı da məhz bu dəhşətli misradadır.

Bildiyimiz kimi, müasir Azərbaycan şeirində süjetli lirika nümunəsi azdır. Aqşin Evrənin “Telefonda deyilməyən sözlər” şeirini sujetli lirikaya misal çəkmək olar. Lakin əksərən süjetsiz lirik bədii nümunələrin toplusu olan “Mənfi sənsiz dərəcə” kitabı bütövlükdə humanizm aşılayan nəsnələrin faydalı xronikası təsiri bağışlayır. Şairin “Bütün dünya insanlarına” müraciət etdiyi şeir humanist qələmini oxucuya tanıdan ən yaxşı nümunədir.

***

Dağıtmayın evləri,
orda qarışqa yuvaları olur...

***

Bir az asta danışın,
qonşu uşaqları qorxutmasın evinizdəki dava-dalaş.

***

Qağayılara yem atın, dəyməsinlər balıqlara.

Image result for Mənfi sənsiz dərəcə

***

Dağıtmayın ailələri,
orda uşaq oyuncaqları olur...

Şeirdə körpənin yıxılıb-durmağını namaz qılmağa bərabər tutması Aqşin Evrən yaradıcılığına xas daha bir fövqəladə təşbehdir.

Görkəmli Azərbaycan dramaturqu, ədəbiyyat tariximizi bir çox “ilk”lərlə zənginləşdirən böyük adam Mirzə Fətəli Axundov “Kritika” adlı risaləsində şeirin forma və məzmun fərqi haqqında bu dəyərli fikirləri qələmə alıb: İki şey şeirin əsas şərtlərindəndir: məzmun gözəlliyi və ifadə gözəlliyi. Məzmun gözəlliyi olub, ifadə gözəlliyinə malik olmayan nəzm (Mollayi Ruminin məsnəvisi kimi) məqbul nəzmdir, amma şeiriyyatında nöqsan vardır. İfadə gözəlliyinə malik olub, məzmun gözəlliyindən məhrum olan mənzumə tehranlı Qaaninin şeirləri kimi zəif və kəsalət artırıcı nəzmdir, amma yenə şeir növündəndir, yenə də hünərdir. Həm məzmun gözəlliyinə, həm də ifadə gözəlliyinə malik olan nəzm (Firdovsinin “Şahnamə”si, Nizaminin “Xəmsə”si və Hafizin “Divan”ı kimi) nəşə artırıcı və həyəcanlandırıcı olub, hər kəs tərəfindən bəyənilir”.

Sərbəst şeir adının ifadə etdiyi qədər tam sərbəstliyin, xaosun cövlan etdiyi vəzn demək deyildir. Bir şeir üçün vacib sayılan forma və xüsusiyyətlər - ritm, ahəng, qafiyə, misralararası fasilə sərbəst vəzn üçün də vacibdir. Lakin sərbəst şeirin digərlərindən əsas fərqi bu qayda-qanunların bir məcburiyyət kimi deyil, yeri, zamanı gəldiyində rahatlıqla işlədilməsidir ki, Aqşin Evrən yaradıcılığında bu axıcılığın şahidi olmamaq mümkün deyil, onun şeirlərində məzmun və forma vəhdətini aydın görə bilirik.

Aqşin Evrənin şeirlərində müraciət etdiyi üç əsas obraz “ata, sevgili, dünya insanı”, ən çox ağrı hissi duyulan şeirləri “Moskva göz yaşlarına inanmır”, “Çörək qırağı qadın”, “Unutmağın resepti”, “Unudulmuş bahar madriqalı”, “Müqəddəs Varfolomey gecəsi”, “5 saniyə daha çox”, “Keçmişin lazımsız xatirələri” və s. dir.

***

Tarix üşüməyi qucaqlaşmaqçün,

Sevginisə bir ömür uzaqlaşmaqçün yaradıb.

***

“Ayrılıq” haqqında deyilmiş ən gözəl söz ayrılmamaqdır.

***

Çörək qırağı qadın,

Bu şiddətli ağrıların bir asta-asta öldürməyi var,

bir də gecə yarısı yuxudan oyatmağı.

Səndən heç nə istəmirəm... bircə

Ayaqlarına qayıtmağı öyrət, qayıtmağı...

Evrən yaradıcılığı tamamilə pessimizmlə də yüklənməmişdir. “Taxta ev, kamin və rus romanları”, “Bir qucaqlıq canın var”, “Qorxma, mən səninləyəm” şeirlərində gələcəyə ümidli, bütün çirkinliklərə rəğmən əsas olanın məhz yaşamaq olduğunu hesab edən şairin duyğuları əks olunub:

***

Ən gözəl yağış,

sevinc göz yaşlarıdır, utanma, bir az ağla.

Mən sənə şeir yox ee, yaşamaq göndərirəm,

Aç məsum qollarını, yaşamağı qucaqla...

Ümidli, hətta inamlı olsa, artıq doğmalaşdığı, dostu, ailəsi olan hüznü misralarını bir an belə tərk etmir.

“Dünya yaşıl olanda” şeiri ilə isə Aqşin dünyəvi sevginin düsturunu yazıb.

***

Bütün əlifbalarda “X,O,Ş,B,Ə,X,T,L,İ,K” kimidir hərflərin düzülüşü:

Biz də bu hərflərdən yapışıb yellənirik

Nə müharibə var,

nə göz yaşı, nə də qəm

Astaca pıçıldayıram sənə:

Əzizim, dodağını gətir söz deyirəm.

Öpməyi söz deməklə əvəzləmək və ya sözü qulağa yox, dodağa demək istər səthi, ilkin, istərsə də sətraltı mənası ilə ancaq bədiiliyə xidmət edir.

Aqşin Evrən humanizminə “gedən”i heç vaxt qınamamaq, şikayətlənməmək, əsəbləşməmək, heç olmayıbmış kimi anidən yox olan ananı, sevgilini unutmaq istəməmək kimi” incə ruhlu misraları haqq qazandırır. Neqativliklərlə yüklənməyib misralar, daim “sevgi, sülh, yaşamaq” deyə hayqırır, və gənc aydın kimi insanlığı hər bir güllənin bir körpə gülüşünü öldürdüyünə inandırmaq istəyir, buna görə də bütün partlamayan mərmilərlə dostdur.

***

Ayaqsız birini görəndə axsadım ki, tək qalmasın.

***

Gözlərini itirən birinə gül qoxlatdım,

İnandırdım ki, gül baxmaq üçün yox, iyləmək üçündür.

***

Qulağı eşitməyən qonşu Əvəz dayıya

Gülümsəyən uşaq şəkilləri göstərdim.

Axı uşaqların şəkilləri gülüşləri eşitmək üçündür.

***

Bütün güllələrə qucaq açdım, ata,

Partlamayan mərmiləri tapıb hamısına təşəkkür elədim

Misra daha çox informasiya vermə xarakterlidirsə, o, artıq misralıqdan çıxır və cümləyə çevrilir. İnformasiya xarakterli cümləni misraya çevirmək isə hər qələmin işi deyil. “Konfutsi belə buyurdu”, “Lena gülləbaranı”, “Dünya yaşıl olanda” və s. şeirlərində Aqşinin “bədii – misralaşmış informasiyalar”ına rast gəlirik. Başqa sözlə, onun əksər şeirlərini “intellektual poeziya nümunələri” adlandıra bilərik.

“Dünyanın ən müqəddəs rəqəmləri pampers nömrələridir” deyən şair adi məişət detalına, “şeirə gəlməz, misra olmaz” deyə düşündüyümüz, sözlərə, ifadələrə belə belə poetik don geyindirərək misraya çevirə bilir.

Atası onu atıb getsə, humanist qələmi daha az ağrıyardı, kaş ki barmaqları cəbhədə atasını atıb getməyəydi. Anası kaş ki qocalmayaydı, ondan imtina etsə də olar. Qoy sevgilisi qədirbilməz, xəyanətkar, sevgisiz və nankor çıxsın, amma əsas odur, corabını qalın etsin, xəstələnməsin, əynini qalın geyinsin:

***

Sən öz corabını qalın et əsas,

Qalanı düzələr, vallah düzələr,

Gün gələr, gün gələr, Allah düzələr.

***

Səni narahat edirsə

xəstələnib üşüməyim,

əynini qalın geyin ki,

xəstələnib üşüməyim.

Fədakarlığın bu həddi artıq poeziyadır. Bu cür ideallaşdırma, ayrılandan sonra belə sevgili üçün hər şeyin yaxşı olmasını istəmək kimi humanist, sentimental yanaşmaya adətən folklor nümunələrimiz olan dastanlarımızda rast gəlmək olur. Ancaq Evrən şeiri klassik dastan sentimentallığından uzaq romantizmlə bəzək-düzək verilmiş realizm nümunələridir. Onu hətta hisslərin aşkar qəddarlığına görə bəzən naturalist də adlandırmaq olar.

“Aqşinin evrənsəl şeirləri varlıq sevgisi və heçlik ağrısının misralara bürünmüş halıdır və çağdaş Azərbaycan ədəbiyyatı nə qədər şanslıdır – bir bilsə...”

# 2370 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #