“Görüş yerini dəyişmək olmaz”. Bəli, biz doğrudan da görüş yerini dəyişmirik. Görüş yeri nə qədər dəyişilsə belə… “Dəyirman”ın yerində “Landmark” olsa belə, “Xlebzavod”un varlığını gənclər xatırlamasa belə görüş yerləri dəyişilməzdir. Kulis.Az adı adı görüş yeri kimi istifadə olunsa da özü mövcud olmayan məkanların siyahısını təqdim edir.
“Dəyirman”
İndiki “Domsoveti”n arxasındakı hündür mərtəbəli “Landmark” binası olan yerdir. Hamı işlədir, hamı hansı ünvan olduğunu bilir, ancaq çox az adamlar burda dəyirman olduğunu xatırlayır.
“Xlebzavod”
Yasamal rayonunda yerləşən məşhur “Favorit” marketin yerləşdiyi ərazidir. Son illərəcən avtobuslara və marşrut taksilərə müştəri çağıran uşaqlar da bu addan istifadə edirdilər. İndi də insanların leksikonundan çıxmayıb. Hər kəs deyilən yerin hara olduğunu anlayır və oralarda belə bir məkanın olmadığının fərqinə varmır.
“Əzizbəyov heykəli”
Bu ərazini bildirmək üçün bundan daha məşhur ad tapmaq çətindir. Əlini havaya qaldırmış çılğın görünüşlü heykəli heç kim unutmayıb. Hətta o heykələ baxanda adama elə gəlirdi ki, bu qətiyyətli duruşdan keçib heç kəs onu götürə bilməz. Lakin zaman heykəllərdən güclüdür.
“Karl Marks”
İndiki Azadlıq və Ziya Bünyadov prospektlərinin kəsişməsində qoyulan heykələ görə, buranı indi də belə adlandırırlar. Görünür bu ünvanda o heykəlin xatirəsindən daha məşhur bir ünvan yoxdur.
“Olimpin yanı”
Bakıda çox yox bir-iki il yaşayan insan üçün bu ünvanı tanıtmağa ehtiyac yoxdur. Ancaq zamanla unudulmağa məhkumdur.
“Köhnə İnturist”
Əl oyunları sarayı ilə üzbəüz ekzotik görünüşlü bir bina idi. İndi yoxdur. Özü gedib, adı qalıb.
“Köhnə avtovağzal”
Burda bir balaca qarışıqlıq var. Çünki yaxın tarixdə Bakı sakinləri və şəhərimizin qonaqları üç avtovağzal tanıyıblar. Hayat Regenc otelinin yanında, “20 Yanvar”da, keçmiş “Motodrom” meydanında... Ancaq “Köhnə avtovağzal” deyəndə daha çox Hayat Regenc otelinin yanındakı balaca məkan yada düşür. Rayon avtovağzalı boyda bir yer idi...
“Gənclik” mehmanxanası
“Gənclik” metrostansiyasının “Ayna Sultanova”ya gedən tərəfə çıxışında yerləşirdi. O istiqamətə gedən bütün marşrutlar, taksilər mehmanxananın qarşısındakı dayanacaqda saxlayırdı. O dayanacaq durur, mehmanxananın adı da qalıb, amma özü yalnız şəkillərdən boy verir.
“Taksimatornı”
Bakıda bir neçə yerdə var. Ən məşhuru Moskva (Tiflis) prospektindəkidir. Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşirdi.
TQDK-nın qabağı
Şübhəsiz ki, xatırladınız. Çünki, Həsən Əliyev prospektində (keçmiş İnqilab) yerləşən yaraşıqlı bina bu yaxınlarda sökülüb. O qədər rahat yerdəydi, baxanda sanardın, qarşısına görüş təyin etmək üçün tikilib.
“Ramstore”
İndiki Heydər Əliyev və Babək prospektlərinin başlandığı yerdir. Adını çəkdinmi, təkcə taksi sürücüləri deyil bütün bakılılar tanıyır.
“Kosmos” mağazası
Sovetin ən məşhur yadigarlarından idi. İndiki Heydər Əliyev prospektində yerləşirdi. O vaxt bu cür mağazaların sayı çox olmadığına görə, təkcə şəhərdə yox, bütün respublikada məşhurlaşmışdı.