Yazıçılar Birliyində Mövlud Süleymanlının 70 illiyi qeyd olunub

Yazıçılar Birliyində Mövlud Süleymanlının 70 illiyi qeyd olunub
19 mart 2013
# 18:00

Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq yazıçısı Mövlud Süleymanlının 70 illik yubileyilə bağlı tədbir keçirilib.

Tədbirdə çıxış edən Xalq şairi Fikrət Qoca Mövlud Süleymanlının layiqli bir ömür yaşadığını, zəngin mənəviyyata, yüksək şəxsiyyətə malik bir qələm sahibi olduğunu bildirib. AYB-nin sədri Xalq yazıçısı Anarın təbriklərini çatdıran Fikrət Qoca Yazıçılar Birliyinin hədiyyəsini ona təqdim edib. Tədbiri idarə etmək üçün söz Xalq şairi Sabir Rüstəmxanlıya verilib: “Mən çox sevinirəm ki, gənclik dostumun 70 yaşa gəlib çatmasının şahid olmuşam. Mövludla biz universitet auditoriyalarında tanış olmuşuq. Mövlud orijinallığı, özünəməxsusluğu ilə o vaxt yaşıdlarından seçilən bir şair idi. Heç ağlıma da gəlməzdi ki, o cür şeirlər yazan adam birdən-birə qopub nəsrə keçə bilər. Amma Mövlud poeziyadan tamamilə uzaqlaşmadı. Onun nəsrlə bərabər bir neçə şeir kitabları da çap olunub. Mövlud Süleymanlı doğrudan da Azərbaycan nəsrində ədəbi hadisə idi. İstedad üslubdan başlayır. Yəni yazıdan və yazının təsirindən onun hansı qələm sahibinə aid olduğunu bilmək olar. Mövludun da nəsrdə özünəməxsus bir üslubu var. O, həm də Azərbaycan nəsrinə doğma ana dilimizi gətirən yazıçılardandır”.

Xalq şairi Zəlimxan Yaqub deyib: “70 illiyinin işığına yığışdığımız Mövlud Süleymanlı xalq üçün, millət üçün çox işlər görüb. Hətta onun ən balaca şeirlər kitabı belə, mənim üçün cild-cild kitablardan dəyərlidir. Çünki onun yazdıqları xalqın taleyidir, tarixidir. Mövlud ədəbiyyatı ədəbiyyata gətirdi. Mənim kitabxanamda Mövludun bütün kitabları var, onlar mənim stolüstü kitablarımdı və o kitabların vərəqlərində mənim göz yaşlarımın izi var. O, xalqı, milləti yaxşı tanıyır. Xalqın mədəniyyətini, mənəviyyatını, tarixini çox gözəl bilir. Mövlud Süleymanlı yaradıcılığı sözün əsli mənasında Azərbaycan xalqının özüdür”.

Yazıçı Səyyad Aran Mövlud Süleymanlının çağdaş Azərbaycan nəsrinin ən görkəmli nümayəndlərindən olduğunu və təkrarsız yaradıcılıq aləmi ilə, fərdi üslubu, dili ilə məhşur 60-cılar nəslini təmsil edən yazıçılar içərisində özünməxsus yer tutduğunu deyib. Onun 70-ci illərdə dərc olunan hekayə və povestlərdən ibarət “Ayın aydınlığında” kitabı yazıçını xalqın, cəmiyyətin problemlərini zamanında görüb əks etdirən dəyərli bir nasir kimi tanıtdığını bildirib: “1979-cu ildə “Dəyirman” əsərinin Yazıçılar Birliyinin həmin bu Natəvan klubundakı müzakirəsi yaxşı yadımdadır. Sovet yazıçısı, sosialist realizimi prinsiplərinə sadiq köhnə yazarlarla bir sıra qabaqcıl yazıçılarımız, o sıradan məhşur 60-cılar nəsli tərəfindən dəstəklənən yenilikçilər arasında kəskin qarşıdurma bütün qabarıqlığı ilə məhz “Dəyirman” əsərinin müzakirəsində üzə çıxdı. Mövlud Süleymanlının nəsri təkcə özünəməxsus yazıçı üslubu, toxunduğu problemlərin dərinliyi və aktuallığı ilə deyil, həm də janr rəngarəngliyi ilə seçilir”.

AYB-nin katibi Arif Əmrahoğlu isə Mövlud Süleymanlının “Dəyirman” əsərinin onun yazıçı mövqeyinin, bütünlüklə qabaqcıl milli düşüncənin rəmzinə, həqiqi sənət əsərlərinin yaşamaq haqqı uğrundakı mübarizəsinin simvoluna çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən digər natiqlər yazıçının şəxsiyyəti və yaradıcılğı haqqında fikirlərini bildiriblər, yubilyarı 70 yaş münasibəti ilə təbrik ediblər.

Sonda çıxış edən Mövlud Süleymanlı, başda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar olmaqla, bütün AYB üzvlərinə, tədbirdə iştirak və çıxış edən dəyərli qonaqlara öz minətdarlığını bildirib, bu tədbirin keçirilməsini onun yaradıcılığına və şəxsiyyətinə verilən yüksək dəyərin təzahürü kimi qiymətləndirib.

# 1902 dəfə oxunub

Müəllifin son yazıları

# # #