10 yaşlı Lalənin hekayəsi: “Yasəmən budağı”

10 yaşlı Lalənin hekayəsi: “Yasəmən budağı”
12 iyul 2018
# 16:15

Kulis.az Almaniyada yaşayan 10 yaşlı Lalə Rəsulzadənin “Yasəmən budağı” hekayəsini təqdim edir.

Babi hər səhər məktəbə "Nizami”dən – metro ilə gedir. Mösü də hər səhər dərsə getmək üçün metrodan istifadə edir. Qonşu binalarda yaşasalar da, təəccüblüdür ki, onların yolları ancaq metroda kəsişir. Nədənsə Babi qızı görəndə yaman həyəcanlanır. Heç özü də bilmir niyə? Həmişə istəyib ki, yaxınlaşıb söhbət etsin, ancaq alınmır, həyəcan onu məğlub edir.

Bu gün bayramdır. Babi axşamdan hazırladığı yasəmən budağını əlində tutub, Mösünü gözləyir. Yox, necə olur-olsun bu gün yaxınlaşıb, onu təbrik edəcək – düşünür.

Hə, budur, Mösü gəldi, yaxınlaşmaq lazımdı, beş dəqiqəyə qatar gələcək.

– Salam, sabahınız xeyir, Mösü, bayramınızı təbrik edirəm.

– Çox sağ ol, səninlə bahəm.

Qonşuyuq, ancaq, mən heç sənin hansı məktəbdə oxuduğunu da bilmirəm – deyə Babi mızıldadı.

– Mən Əhmədliyə gedirəm, məktəbim ordadı – Mösü cavab verdi.

– Mən isə dostumu gözləyirəm – Babi həyəcanla yalandan söylədi.

Qatar fit çalaraq yaxınlaşdı.

– Sağ ol Babi - Mösü dedi və irəliləyib qatara mindi. Qatar şütüyüb tunelə girdi.

Babi donub qalmışdı. Birdən yerə düşüb qalmış yaylığı gördü. Onunku idi. Mösününkü. Yaylığı yerdən qaldıranda əlindəki yasəmənləri xatırladı. Həyəcandan yasəməni Mösüyə verməyi də unutmuşdu.

Növbəti qatara necə atılıb mindiyini bilmədi.

– Mən Əhmədliyə gedirəm, mənim məktəbim oradadır – Mösünün sözlərini qeyri-ixtiyari xatırladı.

Dayanacağa çatanda qatardan necə düşdüyünü də hiss etmədi. Mösünü uzaqdan gördü. Pillələri qalxırdı.

– Mösü! – yüksək səslə onu çağırdı.

Qız bir anlıq dayandı.

Babi yaxınlaşıb əlindəki yaylığı və yasəməni ona uzatdı.

– Bunlar... sənindir... – qırıq-qırıq, həyəcanlı səslə Babi dedi.

– Sağ olun.... ya da, sağ ol – Mösü də eyniylə cavab verdi.

Loteh, Almaniya, 2017

# 2101 dəfə oxunub

Müəllifin son yazıları

# # #