Zəlimxan Yaqub: “Ruhumla bədənim mübarizə aparır” - MÜSAHİBƏ

<span style="color:red;">Zəlimxan Yaqub:  “Ruhumla bədənim mübarizə aparır” - <span style="color:red;">MÜSAHİBƏ
21 yanvar 2018
# 10:00

Bu gün Xalq şairi Zəlimxan Yaqubun doğum gündür. Kulis.az bu münasibətlə onun 2014-cü ildə APA-ya verdiyi müsahibəni təqdim edir.

- Zəlimxan müəllim, söhbətə səhhətinizdən başlayaq. Necəsiniz? Həkimlər nə deyir?

- Ruhumla bədənim mübarizə aparır. Gah ruh qalib gəlir, gah bədən. Amma şübhəsiz ki, əsas olan ruhdur. Mənim ruhum diri və durudur. Çünki xalqın, el-obanın, millətin, göyə açılan əllərin duası öz işini görür. Demək nə qədər çətin olsa da, sağlığım yerində deyil. Almaniyada aldığım müalicəni burda da davam etdirirəm. Bu günlərdə yenə Almaniyaya gedəcəyəm, müayinə olunub qayıdacağam vətənə. Yəni mənimlə bağlı narahatlığa da dəyər, rahatlığa da! Elə vaxt lap yaxşı oluram. Məni yaşadan kitablarım, nəvələrim, oğlanlarım, qızlarım, onların diqqəti, sevgisidir.

- Nəvələr gözümə dəymir...

- Atası onları gəzməyə aparıb, yaman darıxıram. Sabah gedib gətirəcəyəm. Nəvə də nəvədir də, şirindən şirin... (Kövrəlir) Bəhlulun öz evi var, Şəhriyar mənimlə qalır. İkisi də hüququ bitirib, şükür Allaha, işləri də yaxşıdır. Övladlarımdan heç vaxt şikayətçi olmamışam, mənim başımı həmişə uca eləyiblər. Bilirsən, övladın layiqli olmağı ata-ana üçün çox böyük xoşbəxtlikdir. Bu mənada həm qızlarım, həm oğlanlarım məndən ötrü canlarını verməyə hazırdırlar. Onlarla fəxr edirəm. Çünki mənim adımın üstünə həmişə yaxşı ad gətiriblər.

- Bir dəfə demişdiniz ki, övladlarım mənim adımdan istifadə etməyi özlərinə rəva bilmirlər...

- Onlar həqiqətən mənim adımdan istifadə etmirlər. Amma adım hər yerdə onların başının üstündədir. Oğlanlarımın hər ikisinə tapşırmışam: harada tanıdığınız şair, jurnalist, müəllim, alim gördünüz, hökmən onu maşına götürün, hara deyir, aparıb düşürdün, onların qulluğunda durun. Sağ olsunlar, onlar da dediyimi edirlər. Buna görə o qədər şair-yazıçı olub ki, mənə minnətdarlıq ediblər. Demişəm, minnətdarlıq lazım deyil, bu, mənim oğlanlarımın borcudur. Çünki onlar kitabın, mütaliənin içində böyüyüblər. Övladlarımın bütün qələm adamlarına hörməti, məhəbbəti var. Onların dilindən bir yazıçı, bir şair haqqında xoşagəlməz söz eşitməzsən. Çünki söz adamı o qədər həssas olur ki, bir sözdən qırıla da bilər, dahiləşə də! Ona görə yazıçıya-şairə hörmət etmək hamının borcudur.

- Tərslikdən yazıçının-şairin hörməti də əvvəlki deyil...

- Vallah, onu deyə bilərəm ki, hər yerdə özümə qarşı hörmət görmüşəm. Çox üzr istəyirəm, bəlkə mətbuat sözü deyil, amma deyəcəyəm: bu gün üç adam mənim əlimdən öpüb. Deyirəm, qoy sənin üzündən öpüm, deyir, yox, sənin əlin öpüləsi əldir, sənin əlini öpməyi özümə şərəf sayıram.

- Elçin Hüseynbəyli bir dəfə demişdi ki, Anarın əlini öpmək ənənəsinin əsasını qoymalıyıq. Onun təklifi yaxşı qarşılanmadı ki, bu, gənclərə yaltaqlıq nümunəsidir...

- Borçalıda əl öpmək ənənəsi hələ də yaşayır. Ağsaqqalların, böyüklərin əlindən öpmək cavana şərəf gətirər. Bu niyə yaltaqlıq olsun ki?

- Siz kimlərin əlindən öpmüsünüz?

- Osman Sarıvəllinin, Hüseyn Arifin əlindən öpmüşəm. Əlini öpdüyüm, hörmətini gətirdiyim qiymətli ağsaqqallar çox olub. Onlar böyük kişi olublar. Əl öpməyi yaltaqlıq bilən adam bədbəxtdir. Xalqın adət-ənənəsi niyə yaltaqlıq olsun?! Sənə qədir-qiymət verən adamların başını uca eləməlisən. Onun biri də əl öpmək ənənəsidir ki, dünən də olub, bu gün də var, sabah da olacaq.

- Bu yerə hansı çətinliklərdən keçib gəlmisiniz?

- Gənclik çətin mübarizə dövrüdür. Gərək o mübarizədən yaxşı keçəsən. Mənim çətin günlərim həddindən artıq çox olub. Bu gün səhhətimdə yaranan problemlər həmin çətinliklərlə bağlıdır. Amma heç vaxt nə övladlarımın, nə də həyat yoldaşımın yanında qürurumu sındırmamışam.

- O çətinliklərdən bir az danışın...

- Məsələn, 30 yaşım var idi, məşhur şair idim, amma yenə gənc şair deyirdilər. Bu özü dərd idi. İstedadlı gəncliyin bir dərdi də budur. Məni o mübarizələr, nadan adamların böhtanı qocaltdı. Çox möhkəm, əzəmətli idim. Amma gördüyüm çətinliklər, nadanlarla, biganələrlə apardığım mübarizələr baha başa gəldi. İki çağırış deputat oldum, bəziləri elə bildi, yağ içində böyrək kimi üzürəm. Amma elə deyildi. Mənim varım gənc şairlərin, millətin varı idi. Həmişə imkansız, köməksiz adamlara əl tutmuşam, kömək olmuşam. Çünki o köməyi özüm görmüşəm. Amma yaman danışanlar, şər atanlar, yalan yazanlar...

Mətbuatda biri yazırdı ki, göydələni var, o biri deyirdi şadlıq evi var. Deyirdim, əgər varsa, o şadlıq evi mənim başıma uçsun. Göydələn tikdirirəmsə, başıma uçsun. O illərdə mənim qürurumdan, vüqarımdan başqa heç nəyim yox idi. Köhnə Yasamaldakı evimiz bu otağın yarısı qədər idi. O evdə dörd uşaq böyütdüm, gözəl kitablar dünyaya gəldi. 30 yaşım vardı, hələ kitabım çıxmamışdı.

- Səhv eləmirəmsə, ilk kitabınız elə 30 yaşınızda çıxıb...

- Bəli. Yazıçılar İttifaqına gedirdim, deyirdilər, get, nəşriyyatdan kağız gətir. Nəşriyyata gedirdim, deyirdilər, get Yazıçılar İttifaqından kağız gətir. Bu onun üstünə atırdı, o, bunun.

- Soruşsam, o get-gələ salan adamlar kimlər idi, ad çəkərsiniz?

- Yox, demərəm. Çünki məndə o tərbiyə yoxdur ki, kimisə alçaldım. Hərənin öz tərcümeyi-halı, həyatı var və ona hörmətlə yanaşmaq lazımdır.

- Deyirlər, Zəlimxan Yaqub istəsəydi, vaxtında özünə, övladlarına böyük biznes qura, imkan yarada bilərdi, eləmədi. O fürsətlərdən istifadə etməyə nə imkan vermədi?

- Ancaq və ancaq içimdəki yaradıcılıq! Yaradıcılıq dedi, sənin bir yolun var, o da kitab yoludur. Mənə yaxşılıqdan, yaxşı yazmaqdan, mütaliədən başqa heç nə kömək eləmir.

- Peşman deyilsiniz?

- Qətiyyən! Heç vaxt peşman olmamışam ki, niyə filan yerdən istifadə eləmədim. Mən istəsəydim, bəlkə Bakının yarısını ala bilərdim. Amma heç vaxt heç kimə demədim ki, mənə filan şeyi elə. Desəydim, edərdilər. Ömrümü maddi şeylərə yox, mənəviyyata sərf elədim. Bəzən deyirlər, niyə istifadə etmədin? Cavab verərəm ki, çox yaxşı istifadə etmişəm: bu mənim varlığımdır, geniş ürəyimdir, işıqlı gözlərimdir, gənclərlə dostluğumdur.

- Kim deyir niyə istifadə etməmisən?

- Çoxları deyib. Elə mənə lap yaxın olan adamlar da deyib. Demişəm, mənə lazım deyil.

- Doğrudanmı, siz məmurlardan imkansız adamların xahişinizi etmisiniz, həmin xahiş o adamların sonralar milyonçu olmağına səbəb olub? Yəni bu deyilənlər həqiqətdir, yoxsa xalq sevdiyi şairin mifini yaradır?

- Elə adamlar çox olub. Elə indi də var, amma demirlər, mənim hesabıma nə qədər desən, kef çəkirlər. Belə şeyləri heç vaxt özümə dərd eləməmişəm. Kimə nə etmişəmsə, halal xoşu olsun.

- O nadan və laqeyd dediyiniz adamlar sizdən nə istəyirdilər?

- Yalan, böhtan yazırdılar. Yazılanlar mənə ağır gəlirdi, amma heç birinə cavab vermirdim. O qədər jurnalistlər mənim haqqımda yalan yazıblar ki. Zəlimxan adlı bir oğlanın maşın qarajı varmış, yazmışdılar ki, Zəlimxan Yaqubun maşın qarajı tapılıb. Belə nadan adamların böhtanı məni qocaltdı. Nə qədər fikir verməməyə çalışsam da, olmurdu, istər-istəməz adama ağır gəlirdi. Mən Heydər Əliyev kimi bir kişi ilə eyni dövrdə yaşamışam. Nə desəydim, onu edərdi. Amma demədim, ona görə də o kişi məni çox istəyirdi.

- Heydər Əliyevlə bir yerdə dəfələrlə səfərlərdə olmusunuz. Xatirələrinizi danışmaq istərdinizmi?

- Xatirələr çoxdur. İki hadisəni danışmaq istəyirəm. Məkkədən gəlirdik, köməkçisi gəldi ki, prezident səni çağırır. İçəri girib gördüm ki, hamısı Azərbaycanın görkəmli adamlarıdır. Söz vaxtına çəkər, yayın elə bu vaxtları idi. Heydər Əliyev, Tahir Salahov, Arif Məlikov və mən söhbət elədik. Dedi, Tahir, indiyə qədər Məkkə mövzusu qadağan olunmuşdu. Siz Məkkə mövzusunda gözəl əsərlər yaratmalısınız. Mənə deyəndə, cavab verdim ki, cənab prezident, mən yazmışam. 25 bəndlik “Məkkədə” şeirini oxudum, kişi dəhşətə gəldi.

Bir dəfə də Çindən gəlirdik, dedilər, prezident gəlir. Bizimlə hal-əhval tutandan sonra dedim, cənab prezident, bu il Osman Sarıvəllinin 90 illik yubileyidir, heç kimin yadına düşmür. Soruşdu ki, ondan bir şey bilirsən? Dedim, cənab prezident, burdan Bakıya qədər ondan şeirlər oxuyaram. Güldü ki, de gəlsin. Üç-dörd şeir oxudum, əlini qaldırdı ki, bəsdir, mən o kişini lap yaxşı tanıyırdım, gözəl kişi idi, sən də onun şeirlərini çox ürəklə oxuyursan. Bakıya gələn kimi sərəncam imzaladı, gecəni mən apardım, prezident özü də iştirak elədi. Belə hadisələr çox olub. Elə yazıçı-şairlər var ki, onların xahişini Heydər Əliyevdən etmişəm, indi özləri də bilmirlər.

- Onların adlarını deməzsiniz...

- Yox, demərəm. Çünki bu, nakişilik, adamı utandırmaq olar. Həmin adamın oğul-uşağı, gəlini, nəvələri var. Belə şeyləri dilə gətirmək lazım deyil.

- İstəyirəm, bir az kitab satmağınızdan danışasınız...

- Universitetin Kitabxanaçılıq fakültəsini bitirəndən sonra məni Gəncəyə göndərirdilər, getmədim. Çünki Bakıda çox böyük arzularım vardı. Bir neçə il işsiz qalandan sonra çox çətinliklə kitab pasajında işə düzəldim. Oturub fikirləşirdim ki, ay Allah, mənim axırım necə olacaq, bir yaxşı iş olsaydı, burdan canımı qurtarardım. Amma bu kitab satmaq mənim həyatımı dəyişdi. Oldum Azərbaycan şairlərinin, dahilərinin dostu. Kitab pasajında tez-tez görüşlər keçirirdim. Deyirdim, Allah, görəsən, mənim də kitabım bu kitabların içində olacaqmı? Gün gəldi, ondan da artıq, ondan da yaxşı oldu. O pasaja çox minnətdaram.

- Azərbaycan ədəbiyyatından sevdiyiniz yazıçılar kimlərdir?

- Dünya ədəbiyyatında da, Azərbaycan ədəbiyyatında da oxunası şeylər çoxdur. Bizim ədəbiyyatdan, məsələn, Mövlud Süleymanlının “Köç” romanını gözümün işığı kimi sevirəm. Mövlud çox qiymətli yazıçıdır, onu diqqətlə oxuyun. İsa Hüseynov dərya idi, onu sağlığında yaxşı tədqiq edə bilmədilər. Mən İlyas Əfəndiyevi çox sevmişəm, çünki onun yaradıcılığında şairlik var.

- Sizin haqqınızda çox yazılıb. Yaradıcılığınızı dərindən tədqiq edən, ürəyinizcə olan yazıları kimlər yazıb?

- Yaşar Qarayev, Xudu Məmmədov, Tofiq Hacıyev, Nizami Cəfərov, Nizaməddin Şəmsizadə, Azər Turan... adını çəkdiyim və çəkmədiyim adamların hamısına minnətdaram. Çünki onlar Zəlimxanın yaradıcılığına, şəxsiyyətinə məhəbbətlə yanaşıblar.

- Gənclərdən kimləri oxuyursunuz?

- Sevdiyim gənclərin hamısını oxuyuram. Adlarını çəkmirəm ki, birdən kimisə unudaram, sonra mənə vicdan əzabı verər. Məsələn, sənin iki romanını oxuyub, özünə zəng vurmuşam, haqqında yazmışam. Hamınıza uğur arzulayıram. Gəncliyə mənim sevgim həmişə olub və arzu edirəm, bizim gördüyümüz çətinliklərin heç birini siz görməyəsiniz.

- Gənclikdə çatışmayan nələr var?

- Çox şey var. Gənclik gərək ağsaqqallara ehtiramla yanaşsın. Cığallıq cavanlığa xas yaxşı şeydir, amma gərək o da həddini aşmasın.

- Sizin də cığallıq edən vaxtlarınız olub?

- Yox, mənim təbiətimdə cığallıq yoxdur. Mən müəllim ailəsində böyümüşəm, həmişə də ağsaqqalların, ziyalıların əhatəsində, onların məclisində olmuşam.

- Və cavanlardan ona görə narazısınız ki, ağsaqqal-ağbirçək yeri bilmirlər...

- Tək o deyil. Dili bilməyib, yazıçılıq-şairlik edən adamlar çoxdur. Hanı sənin Azərbaycan dilin, öz ruhun? Gənclik gərək varlı gəlsin. Naqis olanda, adamın gələcəyi çox pis olur. Düzdür, sonra peşman olanları olur, amma gərək, başdan belə şeyləri eləməsinlər.

- Bəs ağsaqqal dediklərimiz gəncliyə “bic” və “hansısa yuvanın quşu” deyəndə, necə olur? Biz bunu Ramiz Rövşənin və Seyran Səxavətin misalında gördük...

- Şübhəsiz ki, belə şeylərə cavanlar öz münasibətlərini bildirirlər. Gərək yaşlılar da belə sözləri deməsinlər, lazım deyil. Biri bic övladdır, biri əxlaqsızdır, belə şeyləri demək lazım deyil. Hər kəsin öz şəxsiyyəti var. Bilirsən, ədəbiyyatın bir vəzifəsi var: insanı böyütmək, onun yaradıcılığına təkan vermək. “Filankəs bic övladdır” deməklə, ədəbiyyat yaratmaq olmaz. Yaxşı əsəri yazmaq üçün yaxşı işlər görülməlidir. Əlbəttə, mən də razı deyiləm ki, belə ifadələr işlənsin. Ramiz Rövşən çox tərbiyəli, yaxşı adamdır, gözəl şairdir, amma belə şeylər gərək deyilməsin.

- Yeni nə yazırsınız? Yəqin xəstəlik istədiyiniz qədər yaradıcılıqla məşğul olmağa imkan vermir. Yoxsa belə deyil?

- Yazmaq bir az çətinləşib, amma xəstəlik mənimlə bacara bilmir, mən ona üstün gəlirəm. İyunun 20-də yazdığım şeiri sənə oxumaq istəyirəm:

Mən Allahın bəndəsi,

Mən Allahın şairi.

Mən dünənin, keçmişin,

Mən sabahın şairi.

Doldurmuşam bu tası,

Könlüm eşqin butası,

Yetimlərin atası,

Dərdin, ahın şairi.

Ocağımdı, pirimdi,

Birliyimdi, birimdi,

Şah mənim şairimdi,

Mənəm şahın şairi.

Allahı nəzərdə tuturam ki, o mənimlədir, mən də onunlayam. Ona görə, inşallah, yaradıcılığım qaydasında gedəcək. Çünki mənim ürəyimdə həmişə Tanrı işığı olub.

- Hər kəs bir yaşa qədər yaşamaq istəyir. Mən soruşum, siz deməyin, bu nə sualdır - neçə il yaşamaq istəyirsiniz?

- Peyğəmbər 63 yaşında dünyadan getdi, amma işini görüb getdi. Allahın insana verdiyi ömür nə qədərdirsə, o ömrü Allahın və insanların yolunda xərcləməlidir. Mən də ömrümü Allahın və insanların yolunda xərcləmişəm, öləndə bu dünyadan rahat gedəcəyəm. Bilirsən, xoşbəxt adam odur ki, axşam yatır, səhər durmur. Ağrı it əzabıdır, Allah heç kəsə qismət eləməsin!

- Sizi çox yormayım, deyəsən, qonağınız olacaq. Allah ağrılarınızın amanını kəssin...

- Gələcək sizindir. Allah sizə dəyməsin, dostlara, yoldaşlara, cavanlara məndən salam de. Çalışın, canınızı, əhval-ruhiyyənizi yaxşı saxlayın, həmişə mütaliə edin. Kaş oxumağa yenə imkanım olardı...

# 1524 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #