ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə

ADU-da “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda müzakirə
2 dekabr 2017
# 11:50

Dekabrın 1-də Azərbaycan Dillər Universitetində (ADU) “Ədəbiyyatı necə gündəm etmək olar” mövzusunda tanınmış jurnalist və yazıçıların tələbələrlə diskussiyası keçirilib.

Kulis.azın Manera.aza istinadən verdiyi xəbərə görə diskussiyada ADU-nun Tərbiyə işləri üzrə prorektoru vəzifəsini icra edən Sərraf Hüseynov, tanınmış jurnalist, publisist İlham Tumas, şair Qismət Rüstəmov, yazar Mirmehdi Ağaoğlu və Çinarə Ömray iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən təşkilatçı Tural Cəfərli və Tural İsmayılov mövzu ilə əlaqədar qısa məlumat verib və qonaqları auditoriyaya təqdim edib.

Yazıçı Mirmehdi Ağaoğlu son illər telekanallarda ədəbiyyatın təbliğatının olmamasından danışıb. O, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını və yaxşı yazıların sosial şəbəkələrdə müzakirələrə səbəb olduğunu bildirib: “Ədəbiyyat nə qədər çox təbliğ olunarsa, o qədər də gündəm olar. Bu gün ədəbiyyatın çox az müzakirə olunmasının başlanğıcı ötən əsrin 90-cı illərindən başlayıb. Ədəbiyyata həsr olunmuş televiziya proqramlarının mövcudluğu, sözsüz ki, onun müzakirə mövzusu olmasına səbəb olacaq”.

M.Ağaoğlu ədəbiyyatın gündəmə gəlməsi üçün yetərincə mövzunun olduğunu da vurğulayıb.

Yazıçı Çinarə Ömray da həmkarının sözləri ilə razılaşdığını bildirərək, ədəbiyyatın təbliğinin daha çox saytlarda aparıldığını bildirib: “Ədəbiyyat gündəmdə deyil ki, bu gün bu mövzunu müzakirə edirik. Əgər gündəmdə deyilsə, niyə oxucudan çox yazıçı var? Ədəbiyyatın təbliğatı saytlarda aparılır. Amma buna baxmayaraq, oxucular azdır”.

Tanınmış jurnalist, publisist İlham Tumas ədəbiyyatın gündəm olmaması mövzusunun dünyanın müxtəlif ölkələrində müzakirə olunduğunu söyləyib: “Ədəbiyyatı oxucuya məcbur sırımaq olmaz. Zəifdirsə, inkişaf etdirmək lazımdır. Bu gün bu müzakirələr dünyanın müxtəlif ölkələrində aparılır, ən böyük ədəbiyyat yaratmış xalqlarda da var. Əslində ədəbiyyat var, hər şey qaydasındadır. Sadəcə, bir az oxucu qıtlığımız var”.

İlham Tumas akademik Kamal Abdullanın “Gizli Dədə Qorqud” əsərindən sitatlar gətirərək, klassik bir dastandan möhtəşəm bir əsərin yaranmasından bəhs edib: “Həmin əsərdə bizim klassik dastanımız olan “Kitabi-Dədə Qorqud”a Kamal Abdullanın gözü ilə baxırdıq. “Gizli Dədə Qorqud” ilk dəfə işıq üzü görəndə Azərbaycanda böyük bir əks-səda doğurmuşdu. Sözügedən əsərdə bizə qaranlıq qalan sualların cavablarını da tapmaq olur. Klassik dastanımızdan yeni bir əsər yaranırsa, demək ki, ədəbiyyat da var”.

Şair Qismət Rüstəmov ədəbiyyata yeni formatların gətirilməsinin vacibliyindən danışıb: “Bu gün əsərlər də yazılır, kitab təqdimatları da keçirilir, amma problemin ortaya çıxmasına səbəb formatın düzgün qurulmamasıdır. Əsas problemlər də nəşriyyat sistemindədir. Nəşriyyatların heç biri saytlarla, redaksiyalarla əməkdaşlıq etmir. Yeni çap olunmuş kitablar barəsində oxucular məlumatlı olmur. Bu da oxucu qıtlığına gətirib çıxarır”.

# 1024 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #