Yatmış vulkan – Mehman Qaraxanoğlu yazır...

Yatmış vulkan – Mehman Qaraxanoğlu yazır...
12 yanvar 2017
# 14:15

Kamal Abdullanın “Sirri-zəmanə”sində yer almış və zəmanənin dürlü-dürlü sirlərini özündə ehtiva edən “Üçrəng pişik balası” oxucunu amansız sorularla üz-üzə qoyur. Necə deyərlər, sakit oturduğu yerdə “danışdırır” oxucunu. Oxucunu sarsıdıb danışdırmayan əsər, əsər deyildir. Yox, yox, biz hekayənin tərbiyəvi əhəmiyyətindən danışmayacağıq. Hər hansı bir əsərin kimisə dəyişəcəyinə də inanmırıq və bu, absurd bir şeydir.

Boş və mənasız əlaqələrin cəngindən qurtulduğumuz gün azad ola bilərik. Özümüz özümüzü azad etməliyik. Hekayənin qəhrəmanı Yasin kimi… Qar da, qarağac da, üçrəng pişik balası da Yasinə azadlıq bəxş edən mistik atributlardır. Bunları özü üçün kəşf edən onun özüdür. Təbii ki, “tül pərdə arxasında” duran Təhkiyəçi də bunları tapmaqda ona “kömək edir”.

Böyük filosof Budda hər cür köməkdən imtina edən adamın azadlığını qəbul edir. Amma şükür ki, bu mətndə qabıqcıqlar məni və Yasini xilas edir. Bəs həyatda? Özümüzə sula verək: Buna çatmışıqmı?! Sizi bilmirəm, mən yox!

Hər bir Tanrı bəndəsinin özünəməxsus xilasolma alətləri olmasa, o, əbədi olaraq kölə olacaqdır. Biz köləyik – dəhşətli əkildə özümüzdən, öz hisslərimizdən asılıyıq. Sadəcə, bunu dilə gətirə bilmirik. Necə dilə gətirək ki, bu dilin ən abırlı sözü “ayıb”dır. Bunu demə, ayıbdır, bunu eləmə, ayıbdır! Ayıbı vulqar lütlənmə kimi qəbul etməyin! Biz “ayıb”lar səltənətindəyik. Ona görə də ən gözəl dostumuz gecədir. Çünki “ayıb”ımızı örtür gecə! Bizim gündüzlə dost olmağımız keçdi daha. “Bu dilin də ən gözəl, ən əxlaqlı sözü “ayıb” sözüdür. Bunlara tanış olmayan, amma çox yaraşan “ayıb” sözü” (“Üçrəng pişik balası”).

Hekayə qəhrəmanı Yasinin müəmmalı eyhamlarına diqqət edin: Birincisi, zəmanəsində hər şey baş-ayaqdır. (Bunu uşaq da bilir!) İkincisi adamın yeddi qatından keçən çox ciddi ittihamdır. Yəni, babalarını düz-əməlli tanımayanlar guya Babəkin, Şah İsmayılın, Koroğlunun nəvələridir. Üçüncüsü ikincidən də betərdir: Guya ən qədim tarix və ən qədim dil də bunlarındır. Və ən ağrılı bir sual: “Niyə hamı bu qədər uzaq, bu qədər yad, bu qədər soyuq və mənasızdır?” Yasini ölümə aparan yol məhz bu sualdadır. Amma Təhkiyəçi tələsmir. İmkan verir ki, qəhrəmanı öz daxilini büsbütün açsın…

Səhvən “Üçrəng pişik balası”nı sevgi hekayəsi kimi yozanlar da tapılır. Burada sevgi yoxdur. Heç nifrət də yoxdur. Əsərin qəhrəmanı qəlbinə dolan nifrətdən bol-bol danışsa da, onu ölümə aparan yol nifrətdən keçmir. Yasini nifrət yox, toplum öldürür. Necə? Bir gün ayılıb görəsən ki, (Xoş o adamların halına ki, heç ayılmırlar!) çevrəndəkilər “Nə kişi kimi kişidirlər, nə də arvad kimi arvad” Onda yaşamağı davam etməyə nə hacət? Sən yaşayırsan, fəqət ipdən asılmış kuklalar kimi. Sən yaşayırsan insanların riyakar təbəssümləri və naşükürlükləri arasında. Çünki bunsuz sən də ötüşə bilmirsən. Bütün ömrün yalançı əlsıxmalar, saxta təbəssümlər, əttökən əhvalpürsanlııqlar arasında keçir. “Nə xəbər var, Məşədi?!” Ruhun şad olsun, ey ulu Sabir! Bizim günümüzə bax. Yəni, Yasinlərin gününə bax. Yox, dayan, sən özünü riyakarcasına Yasinlərin sırasına yaza bilməzsən! Çünki sənin yaddaşında ağac yoxdu, uşaqlıqda o ağacın gövdəsində oyulmuş ayaq yerlərin yoxdu, məhz sənə məxsus olan təkliyin yoxdu və nəhayət, sənə xoşbəxtlik gətirə biləcək üçrəng pişiyin də yoxdu… Və təbii ki, bütün bunların üstünə yağan lopa-lopa qarın da… yoxdu…

Yasin iki adamı simvolizə edir: Həm qəddar toplumun riyakar üzünə uyğunlaşıb ümumiləşdirilmiş tipik bir “üzvünü”, həm də özünü. Özü, o üzvə qarşıdır. Bir, çoxluğa qarşı… O üzv çox amansızdır. Çünki reallığın inikasıdır. “Bir belə həşərat”dan biridir o! Lakin Yasin sonda öz “səhvi”ni düzəldir. Daha dəqiq desək, üçrəng pişik balası onun səhvini düzəldir. Bəs biz?

İdeyalar dahisi

Yazılarımızın birində K.Abdullanı Ə.Haqverdiyevlə bir yerdə ideyalar dahisi adlandırmışdıq! Açığı, bir qədər də ehtiyatlanmışdıq. Səhv eləməkdən qorxmuşduq. Belə qorxular xəbərimiz olmadan axırımıza çıxır… Elə yazıçının öz mətnləri bu qorxunu götürdü bizdən. Biləndə ki, səhvlərimizin qrammatikası deyilən bir simvolik kitab vardır və hər kəsin öz səhvlərindən tərtib olunur bu kitab, onda arxayın olmuşduq. Qoy səhv edək, əsas odur ki, öz kitabımız – öz Səhvlər Kitabımız və onun qrammatikası olacaq. Bunun nəyi pisdir ki? Özünüz baxın, səhvlərindən “əzab çəkən” dünya üçün bu ideya modern deyilmi? Amma nə yazıq ki, dünya hələ əzab çəkmir…

Bəli, müəllifin hər hansı bir əsərini, istər elmi və istər bədii əsəri olsun, götürüb baxsanız, onun ətrafa yetərincə ziqzaqlı vulkanik ideyalar püskürdüyünün şahidi olacaqsınız. Həm də müəllif öz mətnlərini o qədər qatıb qatışdırır ki, bu ideyaları sirli-sehrli tozun, dumanın içərisindən seçib ayırmaq çox çətin olur. Bu zaman bir maraqlı hal da baş verir. “Özünü gözə soxan” ideyalar bir kasa kofenin üzərində rəqs edən parlaq köpükcüklər kimi üzdə olsalar da, mahiyyəti özündələyən əsas ideyalar o parlaqlığın o üzündə, daha dəqiq desək, kasanın gizlinində – dərinliyindədir. Və ya Əndərundadır. Birun həmişə aldadıcı olub! (“Düma ilə Coys arasında”).

Dahi Nizami “Yeddi gözəl”ində yazır ki, sözügedən dastanımı surətpərəstlər və batinçilər üçün bağladım. Hər kəs öz qatındadır. Mistik şifrələrlə dahi sələfinə bağlı olan K.Abdullanın mətnləri də Birin və Əndərundan ibarətdir. Birun – surətpərəstlərin, Əndərun isə batinçilərin ölkəsidir. Təbii, bu iki ölkə arasında Çin səddi yoxdur. Bir canlı ideya digərinə sadələşdirilmiş viza rejimi ilə gedib gələ bilər. Amma məsələ bununla da bitmir, Nizamidən üzübəri dastançılıq gəlişmələri xeyli dəyişərək qəlizləşib, dünya nəsrindəki oyun elementləri çoxalıb, müəllif, ümumiyyətlə, oxucunun qarşısından çəkilib qeyb olub, mətn birbaşa oxucuya hədəflənib və bütün bunlara rəğmən, təhlil strategiyaları da yetərincə zənginləşib. Belə olan təqdirdə K.Abdulla kimi nəhəng bir dünya yazarına bir təhlil bucağından baxmaq yanlışlığa gətirib çıxarar. Və çox zaman da belə olub…

Çılpaq ideyalar rasional, libaslandırılmış ideyalar isə bədii təfəkürün qarderobundadır. Öz qarderobunu nümayiş etdirən müğənni görməmişlik edir. Yazıçı isə bacardığı qədər bunu etməlidir. Nəticədə, bədii mətn doğulur. Bu həm də üslub məsələsidir…

Qayıdaq hekayəyə…

Məgər biz hekayədən çıxmışıq?! Tutaq ki, çıxmışıq. Axı, bizi hekayədən çıxarıb “dağ-daşa” salan da hekayənin özüdür. Demək, K.Abdulla mətnlərinin bir sirri də açılır: Bu mətnlər Oxu və Qavram prosesini ustacasına “durdurub” səni çox uzaqlara çəkib apara bilir. Mətni yarıda qoyub “başqa” şeylər haqqında düşünürsən. Əslində bu “başqalar” da mətnin diktəsi ilə baş verir. Belə iş adamın başına daha çox simfonik musiqiyə qulaq asarkən gəlir. Burada söz olmadığından xəyalında canlanan tablolar kəsik-kəsik, qarışıq, hıçqırıqlı, ağrılı, fəqət mübhəm bir sehrli çubuqla “nizamlanmış” söz şəklində inikas olunur. Bu halı adda-budda yaşasaq da, ilk dəfə onun möhtəşəm acısını “Sehirbazlar dərəsi”ndə gördük. (Sözü hara gəldi atıb, məhsuldarlığı ilə öyünən müəlliflər üçün belə əsərlərin oxusu əsl psixotrapevtik seans rolunu oynaya bilər!) Musiqi səslənir, səslər tut kimi başına tökülür, amma sən donub qalırsan, nə edəcəyini bilmirsən, çünki burada hərəkət mümkünsüzdür, tərpənsən, böyür-başını çevrələyən dopdolu şirəli tutları ayaqlamalı olacaqsan və hiss edirsən ki, bir çarən vardır; çökməlisən, yerə çökməlisən…

Bu haləti bizə yaşadan başlıca səbəb, təbii ki, romandakı susan sözlərin danışan sözlərdən qat-qat çox olması idi. Və ən qəribəsi o idi ki, susqun sözlər özlərindən sonra mətndə doldurulması mümkünsüz olan nəhayətsiz boşluqlar yaratmışdı. Onları necə doldumaq olar?! İstənilən mətnin interpretasiyası məhz bu yerdən başlanır – boşluqlardan! Bu zaman Oxucu (Və ya təhlilçi!) ən zəhmətkeş bir həşərata – arıya çevrilməyin məsudluğunu yaşayır…

Və… qayıdaq hekayəyə. Bəzən insan beyni sanki yumruqla işləyən televizor kimi olur. Ona qəddar zərbələr dəyməyəndə çox zaman işləmir. Və ya işləməsə, ondan yaxşıdır. Yasinə uzun müddət əzab verən hissin adı onunla bir idarədə işləyən Solmazın, Həmidağanın maşınından “elə bil ki”, gizlənə-gizlənə” çıxdığı gün məlum oldu. Zərbə (Yumruq!) öz işini gördü: Bu hissin adı nifrətdir! Təhkiyəçinin ustalığı ondadır ki, nifrətin doğuluşu, inkişafı və artımını məhz həmin hadisə ilə bağlamır. Əgər belə olsaydı, qəhrəman çox bəsit və primitiv görünərdi. Məlum olur ki, buna qədər dünya işlərini ağıllı şəkildə götür-qoy edən Yasin bir kövrək himə bənd imiş, daha dəqiq desək, bircə son bağ – Solmazla olan mərhəmanə əlaqə də qırılandan sonra yaşamağın özü bir əzaba çevriləcəkmiş… Və bu baş verdi…

Təhkiyəçi süjetə müdaxilə etmir və mental bir qəzəblə Solmazın üstünə gedib onu xəyanətdə suçlamır.

Bir maraqlı ədəbi nüansa da toxunmasaq, olmur. Bəzən təhkiyəçinin təsvir etdiyi qəhrəmanları başqa mətnlərində də görürük. Bunu nəyinsə təkrarı kimi qavramaq doğru olmazdı. Yazıçı mətndə gərəkən cəhəti qəhrəmanında verəndən sonra bir növ onu “sərbəst” buraxır. Sonrakı mətnlərdə həmin personajın mətnlə uzlaşan tamam fərqli əlamətləri yazıçıya lazım olduğundan onu yenidən “geri” çağırır. Dünya ədəbiyyatında belə ədəbi fəndgirliklər yeni deyildir. Dahi Folkner bu barədə deyir: “Təqribən ona yaxın kitab yazdıqdan sonra özüm üçün aydınlaşdırdım ki, təhkiyəni lazımi yöndə inkişaf etdirmək üçün mənə xarakterin məhz hansı tərəfi gərəkdir. Ona görə də insanın hansısa xarakter cizgisini bir hekayəm üçün, başqa cizgisini digər hekayəm üçün götürə bilərəm” (“Emili üçün qızılgül”)

K.Abdulla da bu yöndə çağdaş nəsrimizdə yeganə olmaqla, müstəsna sənətkardır. Təkcə Hacı Mir Həsən ağa Səyyah obrazına diqqət yetirsək, yetər. (Hətta Qarağac da bu sıradadır!) Səyyahın görünmədiyi mətn və janr yoxdur! Adıkeçməyən mətnlərdə belə yenə o vardır. Və hər dəfə Səyyah-Sehirbaz fərqli ruh və qiyafədə görünür. Sözügedən hekayədə də Solmaz müəllifə gərəkən ştrixlərlə veriləndən sonra “azad” buraxılır. Təhkiyəçi Solmazın məlum hərəkətini qabıqcığa alınmış modal sözlə təqdim edir. Belə: “Elə bil ki” gizlənə-gizlənə” Kimsə bunu mənasız bir xırdalıq hesab edə bilər. Bəs onda müəllifin cızdığı bu cümləyə onun münasibəti necə olacaq: “Yox, nifrət yox, NİFRƏT!!” Bu tip cümlələr labirintdə (Və ya mətndə!) Ariadna ipi funsiyasını yerinə yetirir…

Fransız boyakarı dahi Qogenin yozumunda pişik balası qayğısız yaşamı, mənəvi əziyyətin olmamasını simvolizə edir. Soyuq qış gecəsində üçrəhg pişik balasını xilas etmək istəyən Yasinin “ağacdan yıxılması ilə canını tapşırması” bir olur. Hədsiz dərəcədə yüklənmiş Canı tapşırmaqla o, pişiyi deyil, məhz özünü xilas edərək yaşamın qayğısız fazasına daxil olur…

Çox məşhur bir fikir vardır: “İlk modernistlər son romantiklər idi” K.Abdulla dil, elm, şeir, dramaturgiya, esseistika və nəsrdə, həqiqətən, son romantikdir. O, romantik görünəni – ağılasığmayanı gerçəkləşdirməkdə həmişə israrlı olub…

Yazıçının hər bir mətni yatmış vulkana bənzəyir. Onlar istənilən vaxt – bu dəqiqə, bugün, bu ay və yüz ildən sonra da oyana bilər. Burada tənqidçi-seysmoloqun rolu sıfıra bərabərdir…

# 1132 dəfə oxunub

Müəllifin son yazıları

# # #