Xəzəllərin ovcu – Musa Yaqubun YENİ ŞEİRLƏRİ

Xəzəllərin ovcu – <span style="color:red;">Musa Yaqubun YENİ ŞEİRLƏRİ
6 yanvar 2017
# 11:26

Kulis.Az Musa Yaqubun yeni şeirlərini təqdim edir.

Tənhalığın üsyanı

Hər şey qaldı arxada,

Hər şey qaldı geridə,

Neçin könlüm darıxqan,

Tarimardır bu yerdə -

Evdən-eşikdən kənar,

Son tüstüsü buğlanan,

Ürəyim sönük fanar…

Ya bilmirəm soluxmus

bir payız bənövşəsi,

Ya bəlkə tək bulağam,

Üzündə buz şüşəsi –

Bir əl toxunsa əgər

Ya sınar, ya əriyər

Bir də soyuyub gedər

Könlüm uyuyub gedər…

Heyf o etibardan,

Heyf o intizardan -

Solan yaşıllıqların,

Olan yaxşılıqların

Axırı nə?

bir heç nə…

Tutub bu hecnəlikdən

Hara gedim bilmirəm…

Uçdum hansı yuvadan?

Hara yetim bilmirəm,

Harda bitim bilmirəm

Bilmirəm hansı üzü

Tutub üzüm gəlmişəm.

Mənə elə gəldi ki,

Sən məndən incimisən,

Mən səndən incimişəm

Dönüb küsüb gəlmişəm

İndi bildim tənhayam

Gündüzümdə, gecəmdə -

Evdən-eşikdən uzaq…

Mən bir asi yalquzaq

Qurd ulayır içimdə.

Dayan görüm, sən Allah,

Yol yaratsın yaradan!

Səninlə barış üçün

Söz gəzirəm arada…

Bilirəm yalvarışla

Hiylə sözlə xoşun yox

Üstün olmaq həvəsin

Bir haqsız savaşın yox.

Eh, nə qəsdi-qərəzdi?..

Biz küsü saxlamazdıq,

İnciklik havasında

Dilimiz işləməzdi.

Hardan doğub bu duyğu

Hardan gəlib bu sorğu;

Ömrün hansı üzüdü? -

Sən yoxsan bu dünyada

Bu nə umu-küsüdü?..

Sən ki, yoxsan dünyada

Nədir bu giley-güzar

Burda tale sirri var.

O köhnə cığırında

Bəlkə otlar içində

Ömrünün axırında

Əkdiklərin göyərib,

Açıb gülün, çiçəyin

Baxmamışam, keçmişəm

İncik düşüb ürəyin?

Bu həyət sənin idi

Köhnə ocaq yerində

Sönüb qalan kösövlər

Alovlanıb bu səhər…

Amma başqa əl ilə

Amma basqa ocaqda –

Sən qalmısan qıraqda,

Mən qalmışam uzaqda

Görmüsən mən də yoxam

Həmin ocaq başında

İncik-incik yanmısan

Ömrün qara daşında

O qızılı donun da

Evdə qalmışdı hələ.

Bəlkə o keçib ələ

Kimisə geyindirib,

Kimisə isindirib

Bu sənə ayan olub

Ruhunu diksindirib

Məni də diksindirib.

Dayan, sən Allah, dayan,

Könlüm sınıq darıxqan.

Çaxıb çox ildırımlar

Çaylaq daşı od tutub

Məni də yandırıblar.

Göyün tağına baxma,

Bulud qalıb, dan keçib.

Sinə dağıma baxma

Üstündən hicran keçib.

Xoş xəbər ol, xoş çapar,

Dur ayağa, umudum!

Tut qolumdan sən apar:

Gedim, təzədən gedim

Ocağım yanan yerə.

Ürəyim məqam tutub,

Könlüm dayanan yerə.

Qızıl balıqlar kimi,

Çay daşımı tanıyım.

Açın ilkin yolumu,

Öz daşımda bayılım.

Orda cığır saldığım,

Qoşa keçdiyim yerə.

Bütün sevgilərimə,

O and içdiyim yerə.

Ev-eşiyə qarışım,

Öz arxımla danışım.

Mən də köhnə kösövəm,

Ocağımda alışım.

Daha səni tapmaram,

Keçdi qoşa günlərim,

Tək günümlə barışım,

Xatirə günlərimin

Ətəyindən yapışım.

Giley-güzar sarıdan,

Dolub daha siyahım –

Öz günahım, öz ahım –

Gedər qiyamətəcən,

Bütün tənhalıqları,

Çapıb gedər qiyamım!

payız, 2016

Bakı

Image result for xezel

Qış gəlir

Xırdaca budaqlar qırov bağladı,

Hər ağac başına bir cuna düşdü.

Keçdi ildırımdan gümüş dolular

Yerdə xəzəllərin ovcuna düşdü.

Dərənin dibini sel-su xışladı,

Bir keçəl təpəni dolu daşladı.

Qış da ilk dərsinə belə başladı,

Bir yaşıl səltənət çovğuna düşdü.

Qırov çəmənlərdən rəngi ovladı,

Alıb sarmaşığı buz buxovladı.

Külək yumruladı, tufan qovladı

Qışın ilk qəzəbi yulğuna düşdü.

Vaxt vardı kirşəmiz döşdə çapardı,

Yerdəki qarı da göydə qapardı.

Bir az gücüm vardı payız apardı

Qışımız bir ömrü yorğuna düşdü.

7 avqust, 2016

Nabran

Səyirmə

Dağ yeridir, bir az yollar əyridi,

Sərvi gördüm tellərini hörəndə.

Qəfil çıxdı,

dodaqlarım səyridi

Almayanaq sərvi - nazı görəndə.

Dost elində doğma sözüm - səyirmə

“Seyirmani” səyirmə de, əyilmə.

Söz atımı səyirtdim öz xeyrimə,

Xoş rəftarı, xoş avazı görəndə

Qəfil çıxdı, dodaqlarım səyirdi

Almayanaq sərvi - nazı görəndə.

2016

Gürcüstan, Səyirmə

Nəsihət

Xalq sözü elə cür el malıdır ki,

Müdriklər də dözür ən acı sözə

Şair çiy sözü də udmalıdır ki,

O sözü bişirib çıxarsın üzə.

yay, 2016

Buynuz

Qızıl dan kimi

Sən Allah, bu gülü yasa aparma,

Bu gül ləçəyində başqa həyat gör.

Bu qızıl güllərdən mənə qanad hör,

Sən Allah, bu gülü yasa aparma…

Qızıl dan yerindən rəng alıb bu rəng,

Göylərdən nur alıb, günəşdən çələng,

Bu doğulmaq üçün, uçmaq üçündür

Qövsi-quzehləri qucmaq üçündür,

Sən Allah, bu gülü yasa aparma…

Torpaq bitirəni gül eylər gedər,

Torpaq itirəni kül eylər gedər.

Bu ki, mələklərin rəng düzümüdü

Körpənin süd rəngli təbəssümüdü,

Sən Allah, bu gülü yasa aparma…

Torpaq! Qara torpaq, fırçana əhsən

Fırçanın verdiyi bu cana əhsən!

Qırxyarpaq qızılgül İlahinindir,

Vurduğu ilməyə qırçına əhsən!

Yəqin dünya əvvəl hər yeri gülşən,

Yəni qızıl güllü, qızıl bağ olub

Qədirbilməzlərin əlindən düşən

Gedib çöldə bitib bağrı dağ olub.

Tamam başdan-başa heyrətdi, vallah,

Vallah möcüzədir, möcüzə güllər.

Yaz ağzı elə cür tələsibdilər,

Dönüb bənövşəyə, nərgizə güllər.

Bu qırxləçəyi gör, qızılı yarpaq –

Şanapipiklərin başında daraq –

O aşiq bülbüllər hamıdan qabaq

Döşünü güllərə sipər eyləyib

Sən bu qızıl donlu mələklərə bax

Boynunu qızıl gül çəpər eyləyib

Çəpərin qurbanı, a gül yanaqlar,

Belə açılmışdım mən də qabaqlar –

Bu ilahi güllər qırmızı donda

Mənim də sinəmdə bitmişdi onda –

O da ilk məhəbbət alovlarıydı

Ağ güllər təmizlik qırovlarıydı –

Məni apardılar eşq aləminə

Hələ də ordayam dönüb gəlmərəm –

Ölərəm qalaram – sönüb gəlmərəm.

İlk sevgi qızılı şimşək ömrüdü,

Özü çaxıb gedər, şırımı qalar,

İztirab bu eşqin daha kömürüdü –

Qara, qırmızımı, sarımı qalar…

Bizim qaşımızda gül mayası var,

Onunçün gözəllər gülyanaqdılar –

Dan yeri qırmızı.

Qürublar sarı…

Sən allah, bu gülün keyfinə dəymə,

Çevirmə üzünü qüruba sarı

Sən Allah, bu gülü yasa aparma…

yay, payız. 2016

Buynuz

# 1346 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #