Axan sulara sevdalandım – Ayişədən İKİ ŞEİR

Axan sulara sevdalandım – Ayişədən İKİ ŞEİR
1 iyun 2016
# 13:15

Kulis.Az Ayişə Nəbinin şeirlərini təqdim edir.

Bəy külək

Bəy külək, külək bəy...

küləyə bəy dedim, bəyoğlu dedim

heç çaşmadı, duruxmadı, diksinmədi.

dayan, qabağına qatma günləri dedim

qovub qaranəfəs, qovub ana bətninə,

axırda qoyacan günsüz sən bizi.

Bəy külək, külək bəy,

sən itirmədinmi adam cildini

çıxıb zamanın içindən.

o dağın başından sən qopmadınmı,

o dağın başını qanatmadınmı?

yoxsa, ayıların qış yuxusundan,

o dərin zağadan qopmusan yoxsa?

tək qoydun ayıları, ağlatdın yuxusunu

ağlayanda ayıların yuxusu tufanlara əl eləyər soyuqlar.

silirsən-süpürürsən könlümün sevincini

sevincimin yerinə bilmədim göz dikmisən.

könül evi sevinc yox,

könül evi ura yerindən külək-nəfəs dənşərir -

hidayətə, külək bəy.

Külək bəy, bəy külək

yoluna qovut qoyaram, xızırım ol, çovğunum ol, gecəm ol

barmağını batır qovuduma, yenidən adəm cildinə dön

cizgi çək taleyimə, səndən soruşum həndəsi taleyimi

bəy külək, tərs avand əsən külək,

tərsi qoy boxçana, avanda dön,

Adəmə dön, Xızıra dön, gecəmə dön

ayıların zağalardakı yuxusunu tək qoy,

sözümə dön, hecama dön.

Sənə bəy dedim, bəyoğlu dedim

ağacları qırıb, quşları qovub,

quşların gözlərini yuvalarında qıyıb

insanları içəri təp demədim ki,

insanları öz içinə təp dedim,

bəy külək, külək bəy.

Evlərin damını dik qoyun, dedim,

bu küləyin bəyliyinə taxt olsun.

günəş də ərinməsin, diksinməsin vərdişinə

quşlar sərilib günəşlənsin

dirəklərə məftil çəkin

qonsun quşlar cikkildəsin küləyə

bəy dediyim külək də bu səslərdə dincəlsin .

Qurd nəfəs

Biz dəniz havasına böyümədik, biz

Dağların qurd nəfəsi qarışmış havasıyla,

meşələrin ahəngiylə böyüdük usanmadıq.

Qayığa bənzəyən çökəklərdə top oynadıq,

Suyuna baş vurmadıq, şərik çıxmadıq qurbağaya.

Ayaq salladıq sulara, buz salxımı olmadıq amma.

Üzündə əks edən işığını ovucladıq çayların.

Mən dənizə baxaraq böyümədim, dənizi böyütmədim

dənizə sevdalanmadım,

nə umacaq sular məndən, nə sular?

Dağları

gecənin zülmətində əjdahaya bənzətdim

başında şaman ruhu dolaşan əjdahaya.

Dəli-dəli daş qoparıb bağrından

üstümə atacaq elə bildim gecələr.

Ancaq ayın aydınlığında

dağların kölgəsi yerə sərilib

ölü kimi qımıldamadığını görəndə toxdadım,

anladım Tanrıdan nişandır dedim,

Şaman ruhu yerə sərib dağın ruhunu dedim

O zaman bilmirdim dağların yeridiyini topa buludlar kimi

bilmirdim Dağın Məhəmmədə tərəf gəldiyini.

Dağ gündüzləri mərdliyim, qürurum,

Gecələr əjdahaya dönüb kabusum olurdu.

Biz

Dağların havası meşələrin ahəngiylə ruhlandıq

Mən dənizə baxaraq böyümədim, dənizi heç böyütmədim,

Dümdüz qum səhraları görmədim .

Axan çayla rəvan oldu ruhum, axan sulara sevdalandım,

Dağları deşən sulara.

Şiş qayalarla yarışdı qürurum

Dağlar məni düşmən bəllədi.

Dənizin üstündəki qaranlığa vahimələnmədim

qorxu nədi ki, onu eşqə döndərdim

Kənd qaranlığının yumşaqlığına, bir az da həya üzünə

Həlimliyinə küsəndim, qoy mənimlə qürurunu duysun

Utancaq havası qarışdı qanıma,

Meşələr dəniz kimi kükrəmədi üzümə, qorxutmadı

Meşələr ahəngiylə oxşadı

zümzüməylə zövqümüzü nazlandırdı.

öyüd verdi meşələr,

dərs keçdi qələm dağlar

# 1846 dəfə oxunub

Müəllifin son yazıları

# # #