“Ulduz” məşq dərgisi deyil... POLEMİKA

“Ulduz” məşq dərgisi deyil...   POLEMİKA
12 iyun 2014
# 17:02

“Ulduz” jurnalının son sayı ilə bağlı polemikaya şair Elxan Zal da qoşuldu. Kulis.Az onun qısa yazını təqdim edir.

“Ulduz” jurnalının son saylarının uğuru çoxlarını narahat etdi. Çünki qısqanclıq istedadsızlığın əkiz qardaşıdır.

“Ulduz”un sözügedən sayının eksperti, tanınmış tənqidçi Əsəd Cahangirin jurnalı haqlı olaraq təqdir etməsi çoxlarının xoşuna gəlmədi. Çünki başqasının uğuruna sevinməyi bacarmırıq.

Jurnalda görkəmli şair Cingiz Əlioğlunun şeirlərinin dərc olunması nədənsə etirazla qarşılandı. Nədən? Çünki istedadı adama bağışlamırlar. Zakir Məmməd adlı tanımadığım bir tənqidçi Əsəd Cahangiri Çingiz Əlioğlunun şeirlərini təqdir etməkdə ittiham edir. O, yaşlı adamın şeirlərinin gənclik dərgisində dərcini qeyri-məqbul sayır və fərqində deyil ki, istedad həmişə cavandır, istedad həmişə müdrikdir. İstedadın yaşı olmur. İstedadın zamanı olmur.

Məni bir şey maraqlandırır – məgər, Əsəd Cahangir Cingiz Əlioğlu haqqında yazdığı beş-altı cümlə ilə Amerika açıb ki, bu, Zakir Məmmədi belə təəccübləndirir və hətta hiddətləndirir. Məgər son 50 ilin ən aparıcı modernist şair imzalarından birinin məhz Cingiz Əlioğlu olduğunu özünü şair və tənqidçi sayan Zakir Məmməd bilmir? Məgər o bilmir ki, Cingiz Əlioğlu hələ 30-40 il öncə, cavan yaşlarında SSRİ-də poeziya üzrə ən çox mükafatlar alan, müsabiqələrdə qalib gələn şairlərdən biridir. Bu gün də onun şeirlərində gənclik təravəti də var, intellekt də, Azərbaycan dilinin söz arxivindən qaynaqlanan ən yaxşı xüsusiyyətləri də.

Şübhəsiz ki, o çoxdanın yazarıdır, bütün əsl şairlər kimi dünya qədər qədimdir. Amma onun yazdığı şeirlər gənclərimizin çoxunun şeirlərindən daha gəncdir. “Ulduz” dərgisi də gənclər üçün dərgidir, ədəbiyyata təzə qədəm qoyanlar üçün məşq dərgisi deyil.

# 1834 dəfə oxunub

Müəllifin son yazıları

# # #