Nuridə Atəşinin sevgilisinin sevgilisinə şeiri: “Heç olmasa bu gecə onunla…”

Nuridə Atəşinin sevgilisinin sevgilisinə şeiri: “Heç olmasa bu gecə onunla…”
4 dekabr 2013
# 09:00

...Antiyaya məktub vəya

(Şərqli və qərbli qadının savaşı)

Bu dünyada o qədər

Sönmüş ocaqlar var ki...

Bir qığılcım, bir işartı

Həsrətilə qovrulurlar.

Nədən yanar bir ocağa üz tutdun?

Ürəyimi parça-parça edən qadın!

Varlığımı atılmışların soyuq zindanına

Zülmkarcasına məhkum edən qadın!

Sən... Sən... Sən, Antiya, sən Varlığımdan, acılarımdan xəbərsiz,

Göz yaşlarımı görmədin.

Onun xoşbəxt olmasını istədim!

Onu sevdiyim üçün səni də sevdim.

Mənzilini tanısam da qapını döymədim

Gəzib-dolaşdığınız yerləri bilsəm də,

Arxanızca düşmədim.

Telefon nömrəni axtarıb

Tapsam da (sən Allah, bağışla),

Səni bir dəfə də olsun narahat etmədim

Onu sevdiyim üçün səni də sevdim.

Qarşını kəsib ağlamadım, yalvarmadım

"Onu burax, geri qaytar!" - deyə.

Qürurumun ayaqlarıma qapandım

Məni zəlil-rüsvay etməsin deyə.

Onu sənə bağışladım.

Vaz keçməzdim

Dünyanı mənə bağışlasaydılar belə.

Ondan gözümü çəkdim.

Çəkməzdim gözlərimi oysaydılar belə

Əlimi ondan üzdüm

Üzməzdim

Əllərimi bu işıqlı dünyadan üzsəydilər də belə.

Ancaq etdim. Onu sevdiyim üçün, səni sevdiyim üçün

Hər gecə tənha yatağımda

Onun əllərini arayıb tapmadıqda

Hönkürtülərimlə divarları titrədərək (Sən onunla, mənsə soyuq divarla sevişirkən)

Tanrıya dualar etdim

Onu qoynunda isidə bilmək üçün.

Ümidsizliyin qaranlıq uçurumlarında

Son nəfəsimdə inlərkən belə

Göylərə əl açdım

Bu haqsız, düşkün,

Əzilmiş, tapdalanmış

Acı qadın dünyasında

Heç olmasa ikimizdən birimiz-

İki sevən qadından yalnız

Sən... Sən.. .sən, Antiya,

Sən, zalım qadın,

Xoşbəxt olasan, deyə.

Əfsus, heç birimiz səadət tapmadıq.

Hər üçümüz ağladıq, Hər üçümüz əzab çəkdik.

Mən-atıldığım üçün.

O, vəfasız olduğundan.

Sən-zəifliyin ucundan.

Bu üçlüyün oyununda

Hər birimiz uduzduq.

Mən-inandığım,

Bir vəfasıza könül verdiyim üçün.

O-məni unudacağını sandığımdan.

Sənsə özünü sevdirəcəyinə

Ümid etdiyindən.

Hər üçümüz uduzduq.

Bu oyunda qalib olmadı.

* * *

Demə, gözəl qadınlar da atılarmış.

Özünə güvənən, sevgilisinə inanan

Qadınlar da atılarmış...

Hər an, hər şeyə hazır olman gərəkmiş...

Güvənmə heç bir erkəyə.

(Çox gec bildim bunu, nə yazıq)

Çətin idi, çox çətin idi mənə.

Amma inanırdım

Hər gün onun dönəcəyinə...

Sənin peşman olacağına...

Və... nəhayət öz səbrimə inanırdım.

Onu sevdiyim üçün

Səni də sevdim.

Sənsə...

Sənsə mənə nifrət etdin Acımadın göz yaşlanma, əzablarıma.

Hər şeyi qadağan etdin ona: Məni aramağı, mənimlə görüşməyi.

Amma məni sevməyi Qadağan edə bilmədin ürəyinə.

***

O isə...

Sənin Herbertin,

Mənim Herbertim

Hey axtardı, hey aradı,

Heç yalnız buraxmadı məni.

Səndən gizli, qəlbinə dəyməsin deyə

Qaçdı, gəldi yanıma.

İş arası, nahar fasiləsi

Bizim görüş vaxtlarımız idi!

Gecələri sabaha qədər

Səni yataqda məsud etsə də

Səhər erkən yanıma qaçdı, gəldi

Mən yataqda ikən.

Bütün gecə əzablar içində

Qıvrılan, əzilən vücuduma

Sənin dodaqlarının

Ətri, qoxusuyla can verdi.

Ruhumun yaralarını

Suçluluq duyğusunun

Göz yaşlarıyla sandı.

Əfv edə bilməmək

Sarğısına qürurumun qanı çıxdıqca

O hey sandı, sandı...

Mənimlə bərabər göz yaşı tökdü.

İncimə, nə olar!

Hirslənmə, acığın tutmasın ona!

Bəlkə də sən məndən də gözəlsən,

Yataqda məndən daha şəhvətli,

Daha cılğın, daha atəşli qadınsan.

Amma o yenə də mənə üz tutur,

Hey gəlirdi.

Ağır idi, inan, çox ağır idi...

Sənin yatağımdan çıxıb

Mənim yatağıma girmək.

Səndən bir neçə dəqiqə sonra

Sənin öpdüyün, oxşadığın,

Sarıldığın bir vücuda sarılmaq, öpmək.

Anlayırsanmı necə çətin idi...

Neyləyim? Sevirdim

Sənin Herbertini,

Mənim Herbertimi.

Sənin dodaq izlərini,

Bəzən sorub qaraltdığın

Yerləri boynunda, sinəsində

Görürdüm, görürdüm...

Hıçqırtılarımı içimdə boğa-boğa

Öpürdüm sənin öpdüyün yerləri.

Mor üstünə mor buraxırdım.

Başqa yerləri yox,

Eyni yerləri öpürdüm,

Eyni nöqtələri,

Görməyəsən... bilməyəsən...

Özününkü olduğunu

Zənn edəsən deyə.

Bir gecə söyləmişdin ona yataqda,

Bilirsənmi, Herbert, necə ağırdır,

Necə böyük əzabdır bir qadına,

Sevdiyin bir erkəyin,

Sənin olan bir erkəyin,

Qollarının arasında

Bir şeyi dəqiq biləsən:

"O indi səni deyil,

başqa qadını düşünür"

Bilirsənmi, necə böyük əzabdır bu.

Bağışla məni, Antiya,

Sənə belə əzab verdiyim ucun.

Yadındamı bir dəfə də,

Ona telefon acmışdım,

(London səfərinizdən sonra

Madridə getmənizdən öncə)

Tam iki həftə idi ki, buraxmırdın onu yanıma.

Aradım... Sən çıxdın telefona.

Alo-dedim

Səsin elə mehriban idi ki... Bir anlıq danışmaq istədim hər seyi,

Hər şeyi sənə,

Yalvarmaq istədim...

Onu geri ver, geri qaytar,

Yaşaya bilmirəm onsuz

Dünyam param-parça,

Ölürəm onsuz

Tez-tələsik üzr istəyib, başqa yerə düşdüyümü söylədim.

Anlamışdın mən olduğumu.

(Nə qədər gizlətsəm də,

Səsimin titrəyişindən)

Bilirdin var olduğumu... Söyləmişdin sonra ona.

Qoymuşduq o yazığı, od ilə su arasında.

Nə səndən, nə məndən keçə bilirdi.

Bilirsənmi,

Bir dəfə gözlərimin içinə nə söylədi? Anla, Nuridə, Onu sevirəm...

Antiyanı! Onu da cox sevirəm..."

Bilirsənmi neylədim, Mən neylədim, Antiya?

Onun göz yaşlarını sənin qələbə çalmış

Ehtiraslarımın ayaqları altında inildəyən

Qürurumun hıçqıran barmaqlarıyla

Silib qurutdum, Sənin yanına göndərdim

"Get, yaşa bu sevgini, Herbert, Mən dözərəm, mən gözlərəm,

Gözləyəcəyəm"- dedim

"Nə zaman ondan doysan,

Sevgin bitsə, qayıt geriyə, gözləyəcəyərn,

Mən səni gözləyəcəyəm"-dedim

Sevincək qaçdı sənin yanına.

Sanki qanad taxmışlar ona...

Antiya,

Mən sənin ucbatından

Nə acılar, nə əzablar çəkdim.

"Eşq acısı insanı gücləndirir"-deyirlər.

Şairlərin çərənləməsi, cəfəngiyyatdır.

Yeməkdən kəsildim, Yataqdan qalxmaz oldum,

Balalarıma nəvazişə

Gücüm, taqətim qalmadı.

Qap-qara, şəvə kimi saçlarıma

Həsrətli aylarda dən düşdü.

Bu yaşımda

Alnımı dərin qırışlar örtdü. Sümüklərim sayılacaq hala gəldi.

O gözəl, sux,

Daşı yaran döşlərim

Boşaldı, sallandı...

Dəfələrlə canıma

Qəsd etmək istədim, inanırsanmı?

Qərib yerdə, qurbət eldə

Bu nə od idi dusdum, Allahım...

Azmı çəkmişdim oz Vətənimdə...

Axı qadınlar insaflı, incə qəlbli olurlar.

Yoxsa bu, alman qadınlarma aid deyil?

Ürəksiz, duyğusuz, aysberq, eqoist, zalım alman qadınları, ah..

Aman, tanrım!

Daşmı gəzdirirdin

Sinəndə sən, Antiya?

* * *

Deyirlər qadınlar iki şeyi

Dəqiq hiss edərlər: Hamilə olduqlarını və erkəklərinin

başqa qadınla sevişdiyini.

Hiss edirdin deyəsən sən də.

Amma məğlub olmaq istəmirdin.

Sən də qüruruna sığınmışdın.

Xatırlayırsanmı?...

Ad günümdən bir həftə öncə

Qaçırdın onu uzaqlara,

Berlindən Yunanıstana-

Krit adasına.

Sevməyi öyrəndiyim Platonun,

Acı çəkməyi öyrəndiyim Sokratın

Vətəninə.

Çünki qorxurdun...

Bilirdin, o gün o mütləq

Qaçıb yanıma gələcək.

Mənə böyük bir qızılgül dəstəsi göndərəcək.

O gün... o gün

Hər saniyə yalnız məni düşündüyü Ağlına da gəlməzdi, deyilmi?

Dünyanın o başından

Məni arayıb tapacağını düşünürdünmü?

Səni dəniz sahilində yalqız buraxıb

Mənə zəng etməkdən ötrü

Otelə qaçdığı üçün bağışla onu!

O bunu etdi.

Ad günümdə kədərlənməməyim üçün,

Göz yaşları axıtmamağım üçün

Yalvarırdı.

Düşünməzdin, deyilmi?

"Məni gözlə", "Sənə dönəcəyəm",

"Sənsiz xoşbəxt ola bilmirəm",

"İcazə ver geri dönüm",-deyə

Telefonda uşaq kimi hıçqırması

Yuxuna da girməzdi, deyilmi?

O gün göz yaşları içində

Ona yalvardım.

O gecə, yalnız o gecə

Səninlə yatmamasını dilədim.

İncimə, Antiya!

Axı ad günüm idi.

Mənim də bir şey

Arzulamağa haqqım var idi.

Yatmadı, deyilmi? Bilmirəm sözünə sadiq qaldımı?

Amma söz verdi mənə O gecə sənə toxunmayacağam.

Ax... Antiya!

Görürsənmi mən nələrə dözmüşəm...

Görürsənmi, onu sevdiyimdən

Səni də sevmişəm?

Savaş uzun...

Məğlubiyyət hər ikimiz

Üçün ölümə bərabər...

Sən də...təpədən dırnağa

Məhəbbətlə silahlanmış

Güclü bir rəqib.

Nəhayət bir gün

"Get, Herbert,

Sən onu sevirsən, get,

Qayıt, onun yanına"

O güclü, qalib Nuridənin yanına!

O atəşli, o şəhvətli

Qafqaz cəngavərinin yanına, -deyə

Silahını yerə qoydun.

Bu addımı atmaq sənə

Hansı gücə başa gəldi, anlayıram.

* * *

Ağır bir döyüşdən qələbəylə çıxan

Yaralı, yorğun sərkərdəyə bənzəsəm də,

Baxa bilmirəm ürəyinin qaldırdığı,

Qürurunun qanına bulaşmış

ağ bayrağına!

İki döyüşçüdən biri mütləq məğlub olur. Bəzən məğlubiyyət də bir qələbədir.

Anlayıram acını.

Göz yaşlarını silmək,

Səni bağrıma basıb təsəlli vermək

Gəlir içimdən.

Üzülmə, əzizim,

Nə etməli, bu həyatdır.

Bu dünyada o qədər

Sönmüş ocaqlar var ki...

O qədər boş yuvalar var ki...

O qədər yalnız ürəklər var ki...

Bağışla, bu qələbəni mənə...

Berlin-Meklenburq 03.11.2000.

# 6624 dəfə oxunub

Müəllifin son yazıları

# # #