Nigar Köçərli: “Əsər satılmırsa deməli zəif və maraqsızdır”

Nigar Köçərli: “Əsər satılmırsa deməli zəif və maraqsızdır”
12 sentyabr 2013
# 13:46

"Əli və Nino” kitab mağazalarının sahibi Nigar Köçərli “Pen Klub” verilişində çıxışında yazıçılar haqqında kəskin fikirlər səsləndirib. O, yazıçıların kitablarının satılmamasının günahını özlərində görərək bildirib ki, yaxşı kitab tez satılır. Kulis.Az məsələ ilə bağlı Nigar Köçərli ilə söhbətləşib.

- Siz belə bir fikir işlətmisiz ki, yaxşı kitab tez satılır və bir neçə yazıçının adını çəkmisiz. Sizcə kitabları çox satılmayan müəlliflər zəif yazıçı olduqları üçün belədir, yoxsa başqa bir səbəb var?

- Dünya ədəbiyyatında çoxdan yaranmış bir dilemma var. Yaxşı əsər yaxşı satılırmı? Mənim fikrimcə, bəli. Şekspir, Ceyn Ostin, Tolstoy, Dostoyevski dünya ədəbiyyatının şedevrləridir və artıq neçə əsrdir ki, kitabları da kitab dükanlarında ən azı bestseller yüzlüyünə daxil olur. Mən hesab edirəm ki, oxucunu aldatmaq mümkün deyil.

Məncə, əgər hansısa yazıçının kitabı satılmırsa buna reklam olunmur, dükanda yaxşı yer verilmir, siyasi vəziyyət belədir, oxucu savadsızdır kimi müxtəlif bəhanələr axtarmaq lazım deyil. Əsər satılmırsa deməli zəif və maraqsızdır. Dükanları, oxucuları qınamaq düzgün deyil.

- Əgər Varis, Elxan Elatlı, Ziya Səfərbəyov Şərif Ağayardan və başqalarından daha çox satılırsa belə çıxır ki, Şərif Ağayar və başqaları zəif yazıçılardır?

- Bizim yazıçılarımız öz oxucularını tanımırlar və tanımaq istəmirlər. Əsərlər sanki abstrakt bir bəşəriyyət üçün yazılır, oxucu üçün yox. Elxan Elatlıya gülürlər, yazıçı hesab etmirlər, amma Elatlı öz oxucusunu sevir, ona nə lazım olduğunu dəqiq bilir. Eyni zamanda özünü dahiyanə yazıçı da hesab etmir. Mən ümumən hesab edirəm ki, hər bir oxucu üçün - istər hazırlıqlı, istər mütaliəyə yeni başlayan – kitab yazılmalıdır.

Yaxşı əsər yaxşı satılmalıdır. Amma mən demirəm ki, hər yaxşı satılan əsər yaxşı əsərdir.

Hər hansı bir yazıçının güclü və ya zəif olmasını nə mən, nə siz, nə də yazıçı özü müəyyən etməməlidir. Bunu yalnız və yalnız oxucu bilər. Kitab oxucu üçün yazılır, nəşr olunur, rəyi da oxucu verməlidir. Hər bir yazıçı elə bir kitab yazmalıdır ki, kitab cəmiyyətdə iz buraxsın, müzakirə olunsun, yaxşı satılsın, yazıçıya qazanc gətirsin. Bununla razı olmayan yazıçılar “mən yaxşı yazıçıyam amma kitablarım satılmır, çünkü yaxşı rəfə qoymadınız” deməməlidir. Əgər hansısa yazıçının ilə cəmi 6-7 ədəd kitabı satılırsa, məncə o artıq bu barədə ciddi düşünməlidir.

- Kitab bazarı hansı durumdadır? Yerli yazarların satılması üçün nə etmək lazımdır? Konkret kitab mağazalarının üzərinə düşən vəzifələr nədir və ya daha nə etmək olardı?

- Biz əlimizdən gələni edirik. Bir vətənpərvər insan kimi hesab edirəm ki, Azərbaycan kitab dükanlarında üstünlük Azərbaycan dilində yazılan kitablara verilməlidir. “Əli və Nino”da ən yaxşı yerlər ana dilimizdə yazılan kitablara verilir. Facebook səhifəmizdə, internet dükanımızda daim yeni nəşr olunan kitabları elan edirik. Amma xeyri nədir? Kitabı nə qədər reklam etsən də xeyri yoxdur. Əsas – mətn, mövzu, süjet, səmimiyyətdir. Zəifdirsə, nə qədər reklam etsən də satılmayacaq.

- Sizin adını çəkdiyiniz çəkdiyiniz yazıçılara qarşı münasibət birmənalı deyil. Belə deyək, ciddi yazıçı hesab olunmurlar. O zaman əgər oxucu-yazıçı münasibətlərini kitabın çox satılması kontekstində qurası olsaq sizcə bu gedişlə cəmiyyətin zövqü korlamazmı?

- Siz cəmiyyətin və oxucuların zövqünə görə narahat olmayın. Bu gün Elxan Elatlını oxuyan sabah Aqata Kristini oxuyacaq, sonra isə Jeyms Joysa keçəcək.

- Bizdə Xalid Hüseyni, Paolo Koelyo səviyyəsində yazıçılar yoxdurmu?

- Təəssüflər olsun ki, yox. Veriliş zamanı belə bir fikir səsləndi ki, Xalid Hüseynini Amerika reklam edir ki, çünki o Taliban rejiminə qarşı çıxıb, mən də dərhal təklif etdim ki, Şərif bəy Azərbaycan hakimiyyətinə qarşı çıxsın, o da dünya şöhrəti qazansın.

Paolo Koelyonun əsərlərini bəyənmirəm, amma 1988-ci ildə yazılan “Kimyagər” kitabı hələ də dünya bestseller siyahısındadı və minlərlə insanın həyatlarında müsbət dəyişiklər edib. Bu yazıçı Borxes, Kastanedanın təsiri altında əsərlər yaradır. Və əsası odur ki, bütün əsərləri sonradan ingilis dilinə tərcümə olunur. Yəni Amerika və Avropa kitab bazarlarında yerli yazarların daha yaxşı oxunmasına baxmayaraq Paolo Koelyo hər yerdə birincilik tutur.

Məncə Azərbaycan yazıçıları da bu cür şöhrətə layiqdirlər. Ümid edək ki, nə vaxtsa vəziyyət dəyişəcək.

# 2846 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #