Məşhur yazıçının nadir hekayəsi – İlk Dəfə

Məşhur yazıçının nadir hekayəsi – <span style="color:red;">İlk Dəfə
25 mart 2019
# 13:12

Kulis.az edebiyyat.az-a istinadən vaxtı ilə ədəbi mühitdə məşhur olan, ancaq tək-tük mətnlər yazan ədəbiyyat bilicisi, yazıçı Vidadi Məmmədovun nadir hekayələrdən birinin - “Çarpaz bucaqlar arasında” hekayəsinin elektron variantını ilk dəfə təqdim edir.

- Qatı-ı-ıq! Qatı-ı-ıq! Qatıq!!

Mən hər gün səhər bu səslə yuxudan dururam. Yuxunun çəkilməmiş dumanında səsi və birbaşa deyilməmiş sözü eşidirəm. Qatıq! Elə bil ki, yuxum dağılır, məni bürümüş yorğanla bərabər yuxu örtüyünü də kənara atıram, sözü deyildiyi kimi eşidirəm, hisslərim əksinə dəyişir. “I” lar dalanlara soxulur. Evlərin, adamların başı üərindən keçir.

Xəyalımda illəri 20 il arxaya fırlayıram. İllər arxasından, atamın boyatlaşmış səsi gəlir.

- Nöyü-ü-üt! Nöyü-ü-üt!

Gözlərim təqvimə sataşır. 26 dekabr 196… Təqvimdə bir neçə varaq qalıb. Bu varaqlar mənə son nəfəsini yaşayan adamı xatırladır.

- Eh, il də qocalıb, 26 dekabr. Aha, indi yadıma düşür. Bu gün Sara ilə görüşüm var.

Onunla tanışlığımız çox qəribədir. İlk dəfə tanış olanda, mənə elə gəlmişdi ki, qadınlarda axtardığım nəyisə bu qızda tapmışam. Düşünürdüm ki, bu günlər keçər, tanışlığımız pillə-pillə inkişaf edər və nəhayət, axırıncı pillə bizi birləşdirən evə açılar. Axı, illərdən bəri mən qızlarda nəsə axtarırdım. Axtardığım nədir, deyə bilmərəm. Vəfamı, sədaqətmi, yoxsa bir nəfərə xoşbəxtlik vəd edən məsumluqmu? Bəlkə mən gözlərimin istirahət edə biləcəyi bir gözəllik axtarırdım, deyə bilməzdim. Ancaq Sara haqqında düşüncəm də elə doğulduğu gündə öldü. Çünki bi ilk gündən axırıncı pillədəyik. Mən onun haqqında sadəlövlük etmişdim.

- Ay yazıq mən, gör kimdə nə axtarıram.

Mən ondan tez soyudum. O, bunu açıqca hiss edirdi. Əvvəllər məni itirmək qorxusu onu sıxırdı. Getdikcə bu qorxu da aradan çıxdı. Görüşlərimiz can sıxıcı olurdu.

Lal kinoların qəhrəmanlarına bənzəyirdik… Hər dəfə ayrılanda, ikimizə də elə gəlirdi ki, həmişəlik ayrılırıq. Bir həftə, on gün keçəndən sonra yoxluğumuzu azacıq hiss edirdik. Biz bir-birimizə “məhrəm” olmuşduq, vərdiş etmişdik. Zəngləşib, sakit bir guşədə görüşürdük.

“Ancaq daha belə etməyəcəyəm. Bu gün onunla qurtaracağam. Və görüşəndən sonra çəkiləcəyəm otağıma, monoloq deyəcəyəm: - Əlvida şeypurların gur səsinə! Əlvida Kipr adasına! Əlvida saraya”!

***

Onunla görüşüm saat yeddidədir.

Yeddi. Məni gözləyən Saraya yanaşdım. Üzü həmişəki kimi laqeyd deyildi.

- Salam

- Salam. Gəl, bu axşam bir az gəzək. Sonra bizə gedək.

Təklifdə xəfif yalvarış duydum. Mənə ağzımı açmağa imkan vermədi. Qolumdan yapışdı. O, məni hiss etmirdi. Elə bil, əşyadan, özü üçün fərqi olmayan bir şeydən tutmuşdu. Qolumu çəkmək istədim. Buraxmadı. Mənə qısıldı. Bir-birimizə baxdıq. Mənim sərt nəzərim, onun “səni hiss edirəm” ifadə edən mehriban baxışlarında əriyib mülayimləşdi.

Bu vəziyyətə oxşar bir xatirə yadıma düşdü. Uşaqlıqda Sona bibim bizə nağıl danışardı. O, bundan xüsusi zövq alırdı. Yadımdadır, tez-tez soruşardı:

- Ə, yatmamısını ki?

Tez yuxumuzu gizlətməyə çalışardıq:

- Yox, ay Sona bibi, yox.

Yadıma düşən bu xatirə mənə bir yumşaqlıq gətirdi. Saraya baxdım. O, mənim belə mehribanlıqla dolu nəzərimi az görmüşdü. Mən isə elə bil, Saraya yox, xatirələri məndə ömürlük yaşayacaq Sona bibimə baxırdım. Sara soruşdu:

- Hə, niyə mübarək demirsən? Donum necədi?

Onu diqqətlə süzdüm. Təzə paltar geymişdi. Saranın “bir az gəzək” sözləri mənə aydın oldu.

- Əladı. Bu donda univermaq vitrinlərinə yaraşırsan. Bəlkə gedək orda duraq. Hamı görsün.

O, istehzanı hiss etmədi.

- Mənim birdən elə anlarım olur ki, gecə saat birdə özümə gözəl, cazibəli görünürdüm. Onda istəyirəm küçəyə çıxım. Bütün adamları da oyadam. Deyəm ki, baxın mən gözələm. Çünki bilirəm ki, bu görünüşüm, bu gözəlliyim bir də təkrar olunmayacaq.

- Əla fikirdir, Sara. Özü də adamlar sənə baxıb, zövq ala bilərlər. Çəkin nə qədərdir?

- Altmış altı kilo.

Qəribədir. Biz gur izdihamda çətinlik çəkə-çəkə irəliləyirdik. Adamlar iki-iki küçələrə səpələnmişdilər. Dolu küçələrə baxanda, adama elə gəlir ki, şəhər “ev dəftərlərini” küçəyə töküb. Belə anlarda mənim həmişə evdə oturanlara rəhmim gəlir. Düşünürəm ki, onlar qərib bir yerdə darıxırlar.

***

Saranın əlini qolumdan çəkməsi məni düşüncədən ayırdı. Mən ona baxdım. Nəzərləri qarşıda idi. Ala gözlərində kimisə oxşamaq, vəd etmək istəyən ifadə oyandı. İrəlidən, oynadığı kinoya dəfələrlə getdiyimiz aktyor oğlan gəlirdi. Yanında mavi gözlü qız vardı. O, qıza azacıq da olsun, əhəmiyyət vermirdi. Yazıq qız həvəslə nəsə danışırdı. Aktyorun üzündə isə diqqətləri cəlb edən görkəmindən, yerişindən razılıq ifadəsi vardı. O, barmaqları arasında tutduğu filtirli siqareti elə xüsusi əda ilə çəkirdi, mənə elə gəlirdi ki, o hər bir hərəkətini dəfələrlə güzgü qarşısında məşq edib. Qadınların çoxu oğlana baxırdı. Aktyor ona dikilən bir nəzəri belə müşayiətsiz buraxmırdı. Bu vəziyyətləri sözlə ifadə etmək çətin deyildi.

İlk baxışlar təəccüb ifadə edirdi.

“Belə gözəl oğlan olar?”

“Təəssüf mənim yanımda qız, sizin yanınızda oğlan var”.

“Təəssüf”.

Baxışlar qucaqlaşıb ayrılırdı.

Bu an mənim onun yanındakı qıza acığım gəldi.

Aktyor onu laqeyd hərəkətləri, xəyanətkar baxışları ilə təhqir edirdi.

Mənə elə gəldi ki, o mavi gözlü qız zorla aktyorun qolundan sallanıb, ayaqları yerə dəymir. Və nədənsə yadıma “İnterpress-66” foto-müsabiqəsi düşdü. Düşünürdüm ki, bu vəziyyəti çəkib, foto-müsabiqəyə yollayan olsa, hökmən birincilik qazanar. Bu şərtlə ki, iri hərflərlə altında yaza:

“Ölüm yaxşı şeydir”.

Elə baxış var ki, yadları bir-birinə yaxın edir. Deyəsən, Sara ilə aktyorun arasında da elə bir şey oldu.

Nəzərləri elçilik etdi və razılaşdı. Aktyorun da baxışları Saranın üzündə lövbər salmışdı. Arada bir mənə də baxdı və bu baxışdan elə bil, üzümdə beş barmaq şillə yeri qaldı.

Sara özünü itirmişdi. Onların nəzərləri kompasları idi. Tək olsalar bir-birlərinə doğru gedərdilər. Yanımızdan keçəndə, aktyor yanındakı qıza bərkdən dedi:

- Bu gün “Vətənə” kinoya gedək. Orda təzə film göstərilir.

Biz onları keçdik. Sara bir neçə dəfə arxaya çevrildi. Mən özünü itirmiş qızın qolundan tutdum.

- Nə oldu, Sara? Deyəsən, qohumunu gördün? – dedim və özüm-özümə nifrət etdim.

Əvvəlcə istədim Saranı acılayıb, uzaqlaşam:

- Get, qurtardıq.

Sonra fikirləşdim ki, mən bu hadisədən ömrüm boyu əzab çəkərəm. Bir nəfərin adicə baxışı mənim üçün ömrüm boyu əzablı bir xatirəyə çevrilə bilər.

Saraya fikir verdim. O, elə bil, edam olunmağa və yaxud dünyanın boşluğuna gedirdi. Sanki bütün insanlar arxada qalmışdı. Bir anlıq fikirdən sonra Saraya dedim:

- Sara, gəlsənə, “Vətənə” kinoya gedək.

O, mənə baxdı. Rəngi ağarmışdı. Gözlərində taqətsiz təşəkkür görürdüm.

Kinoya həvəslə gedirdik. Hər ikimiz. Mən bu anımda simləri gərilmiş musiqi aləti kimi idim.

Göz yatağa bənzəyir. Mən biradamlıq yataq axtarırdım, Saranın gözləri isə “çoxadamlıq” idi.

Bilet alıb içəri keçdik. Aktyorla Sara bir-birlərini görən kimi, üzləri xoş bir ifadə aldı. Baxışlar salamlaşdı, görüşdü.

Foye geniş və işıqlı idi. Zövqlə geyinmiş gənclər səs-küylə deyib-gülürdülər. Divarlarda kinoaktyorların şəkilləri vardı. Onun da şəkli divarda idi.

Aktyorlarla qarşı-qarşıya oturmuşduq. Sara ilə o çarpaz xətt üzrə bir-birinə baxırdı. Nədənsə nənəmi xatırladım. O da həmişə yana-yana deyərdi ki, “bala, dədəyin ölümü ürəyimə çalın-çarpaz dağ çəkdi”. Birdən-birə hardansa bir həndəsə teoremi yadıma düşdü. Paralel xətlər üçüncü xətlə kəsişəndə, alınan çarpaz bucaqlar bir-birinə bərabərdir. Həndəsəni unudub, mavigözlü qıza baxdım. O da nəsə hiss etmişdi. Mənə ikrahla baxırdı. Yəqin o da fikirləşirdi ki, mən də “İnterpress” üçün əla materialam. Gülməyim tutdu.

Aktyor doğurdan da, gözəl idi. Onun sərt üzündə elə bir məzhunluq, dalğınlıq vardı ki, istər-istəməz baxışlar üçün dayanacaq olurdu. Mən Sara kimi zəif qızları qınamıram. O, hamı ilə salamlaşırmış kimi, gözlərinin təbəssüm dalğasını foyeyə yaymışdı. Hamıya, xüsusən, qadınlara təbəssümlə baxırdı, təmənna ilə baxırdı. Bu açıq sezilirdi. Hamıya xoş gəlmək üçün sərt çəpəki “səni xoşlayıram” deyən ifadə ilə baxırdı. Mən yalnız bu an düşündüm ki, cinayət edən baxışlar da var. Aktyorun bu təmənnalı təbəssümü cavabsız qalır, ikrahla qarşılanıb, ayaqlar altına düşür. O, belə anlarda azca tutulurdu. Elə bil, bir qadının ikrahlı baxışı onun təmənnalı baxışını “həbs” edirdi. Başqa bir qadının “sən hər şeysən” deyən baxışı isə onu açıb buraxırdı.

Aktyor əvvəlki ikrahı unutdu. Mənim ona birdən-birə yazığım gəldi:

“Yazıq, ömrü boyu hamının xoşuna gəlmək üçün xüsusi baxış nə qədər zəhmətdir. O, öz ömrünü yox, başqalarının zövqünü yaşayır”.

Mənim fikirli olmağım Sara üçün ləzzət verirdi. O, xoşbəxt idi. Nəzərləri həbsdən buraxılmış adam şəhərə cuman kimi, aktyora cummuşdu. Aktyor dəniz ləpələri təki dalğalı saçları alnına tökülmüşdü. Sara yerində qurcalandı. Aktyor əlilə saçlarını arxaya sığalladı. Sara rahatlaşdı. Aktyor gülümsündü və ovcunu dodaqlarına yapışdırdı. O, bunu heç kəsə hiss etdirmədən, ehtiyatla etdi. Az qala çığırmaq, söymək istəyən nəzərlə məni süzürdü. Saragil isə bizi unutmuşdular. Unudulmuş adamlar idik.

Vay, dədəm, vay. Bir adam danışsam, məni qınayar, “alçaq” deyər. Dayan, dayan, necə yəni alçaq deyər? Rədd olsun Sara da, aktyor da. Bəlkə mən hissə qapılıb, doğurdan da, özümü alçaldıram.

...Yox, bu alçaqlıq deyil. Biz (o qızla mən) olmasaq, onlar bircə dəqiqədə danışıb, razılaşıb, soyuyacaqlar. Onların belə oğurluq baxışlarından aldıqları zövq ləzzətlidir.

Yenə həndəsə yadıma düşdü. Çarpazlıq. Rasim müəllim həmişə deyirdi: “Bax, uşaqlar, yadınızdan çıxarmayın ki, çarpazlıq üçün üçüncü xətt lazımdır. Çünki paralel xətlər sonsuzluğa qədər gedər, ancaq kəsişməz”.

Bəli, indi mən üçüncü xətt idim. Çarpazlıq və bərabərlik üçün zəruri olan üçüncü xətt.

Aktyorun ehtiraslı baxışları Saranın gözəl biçimli şəffaf ayaqlarında dayandı. Sara da ayaqlarına baxdıı. Aktyorun baxışlarına razılıq verdi.

Aktyorun saçları yenə alnına tökülmüşdü. Sara əsəbiliklə iki dəfə saçlarını arxaya sığalladı. Aktyor onun hərəkətini təkrar etdi. O, əlini sinəsinə sürtüb, stola yayıldı. Sara cəld əllərini bir-birinə keçirdi. Aktyorun nəzərləri mənə sataşdı. Bu baxış mənə uşaq çənəsindən tutmuş əl kimi göründü. Saraya acığım tutdu.

Elə bu an zalda canlanma oldu. Orkestr gəldi. Aktyor əvvəlcə çalğıçılara, sonra isə Saranın bir-birinə sarınmış əlinə baxdı.

Mən Saraya nəzər saldım, o, mənim burada olduğumu unutmuşdu. Bu an özüm-özümə bulaşıq qab kimi görünürdüm. Mavigözlü qıza baxdım. Aman Allah! Mənə tərəf qaçmaq istəyən görkəm almışdı. Ona doğru bir addım getsəydim, zaldakı adamlardan çəkinmədən qollarım arasına atılardı. Adamlara diqqət verdim. Heç kəs heç nə hiss etməmişdi. Yalnız indi özümdən iyrənirdim. Get-gedə əsəbiləşirdim.

“Deməli, belə hissiyyata qapılıb, özümü alçaltmışam”.

Bu dəqiqə dünya belə tökülsə, mən Saranı vermədim. Aktyor da nəsə hiss edib daha biz tərəfə baxmırdı.

İndi mən Saradan ötrü hər şeyə razı olardım.

Birdən səhər məni yuxudan durğuzan səsi xatırladım. Kişi başqa şey satırdı.

- Qeyrəəə-ət! Qeyrə-ə-ət! Qeyrə-ə-ət!

Xəyalımla illəri 20 il arxaya fırlamadım. Atam daha dəhşətli şey sata bilərdi. Əgər bu an dünya bir uşaq şarı kimi ovcuma yerləşsəydi, mən düşünmədən onu yerə çırpıb, parça-parça edərdim.

- Dur gedək.

Dinməzcə ayağa qalxdı. Aktyor biz tərəfə baxmırdı. Mavigözlü qız mənə heyrətlə nəzər saldı. Bir az rəqs edəndən sonra dedim:

- Sara, çıxaq kinodan.

Kinodan çıxdıq. Özümü yorulmuş hiss etdim. Bir qədər gedib, ayrıldıq. Hərəmiz bir səmtə. Müxtəlif qütblərə...

Hazırki əsas şəkil

# 4240 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #