Daha şeirlərlə dolur boşluğun – YENİ İMZA

Daha şeirlərlə dolur boşluğun – <span style="color:red;">YENİ İMZA
12 fevral 2018
# 15:24

Kulis.az “Yeni imza” layihəsindən Rəşad Nağı Mustafanın şeirlərini təqdim edir.

Şəkildəki Sprey

Bir də bu standart ayrılıqlar var:

“mənə zəng etmə, nömrəmi sil” kimi.

Bu zaman heç nə hirsini soyutmaz

cırdığın şəkil kimi.

Səni qıcıqlandırar onun sevəndə yox,

ayrılanda uşaqlıq etməyi.

Həə...

bir də ayrılıqla eyni günə düşər

oxuduğun kitabın bitməyi.

Təzədən sevməyə ürəyin gəlməz,

kitab almağa da əlin.

Beləcə boşluq yaranar dolu ürəyində,

Unutmağa çalışarsan hipotalamus səviyyəsində.

Bir gün öz-özünə "deyəsən, onu unutdum" deyərsən,

Elə bu vaxt astman tutar,

Anan spreyi axtarar, sən də cırdığın şəkili...

Günel

Yenə sizin küçəni qarış-qarış gəzmişəm,

Deməli, 13 ağac, 6 işıq dirəyi, bir neçə yiyəsiz it.

Ağaca söykənmişəm, işığa göz dikirəm, itlərlə danışıram.

Səni unutmaq üçün bundan yaxşı şərait?

Küçənizin başında bir məscid də var hələ,

Azanı eşidəndə dilimin altda bir az

zümzümə eləyirəm

Bu sirli çağırışı uşaqların dilinə

tərcümə eləyirəm...

Ax bu yeniyetmələr!!!

Ax bu yeniyetmələr!!!

Məscidin hasarında

“Günel, səni sevirəm”

“Günel, məni bağışla”

“Günel, çox darıxmışam”

qırmızı, ağ yazılar...

Quşlar divardan məktub götürə bilmir axı,

Alın yazılarını bura nahaq yazırlar...

Görəsən, minarədən

özümü yerə atsam,

mənə günah yazılar?

İstəyirəm qışqırım küçənin ortasında:

"Günel, o səni sevir"

"Günel, onu bağışla"

"Günel, o çox darıxıb"

Səni görsəm, qorxuram Günel deyim karıxıb.

Hava da ki çox isti, ürəyim də sıxılır,

Eh bu darıxmaq da ki, yığıb məni boğaza.

Siqaret də qutarıb,

Tərsliyə bax mən çəkən siqaretdən də

satmır küçədəki mağaza.

Məndən 5-6 ağac o tərəfdə bir nəfər

bir ağaca söykənib, işığa gözün dikib,

itlər ilə danışır.

Dərindən nəfəs alır

Deyəsən, o Günel də sizin küçədə qalır...

Başına dönüm

Sən yaxşı adamsan,

yaxşı adamsan,

bircə olmayaydı tez unutmağın,

bircə olmayaydı atıb getməyin,

bircə olmayaydı qayıtmamağın.

Say gör neçə oldu fələk saymamış,

Qatdala o incə barmaqlarını,

Qat ora üzüksüz barmağını da,

"Bircə"lər yığılıb üç oldu, gülüm,

"Bircə"lər yığılıb dağ oldu, gülüm.

Çıxıb getməyinə bir söz demirəm,

Məni unutmağın ağ oldu, gülüm.

Sən yaxşı adamsan,

yaxşı adamsan,

Sən yaxşı adamsan,

başına dönüm

Qiblələr

Doğulduq uşaq olduq, böyüdük adam olduq.

Sonra sevdik, sevəndə elə bildik tam olduq.

Bir az da uşaq olduq.. .

Bir az da avam olduq...

Xoşbəxtlik yuxumuzun şirin yerində gəldi,

Oyana bilmədik ki, bir yerindən qoparaq.

Bir ağır yükümüz var, elə bil, and içmişik,

söz vermişik Allaha, ölüməcən aparaq.

Bu sevgi çox böyüdü,

hərdən mənim gözümdə, hərdən sənin gözündə.

Gör e, ayrılanda da söz tapmadıq deməyə;

Nə biləydik, sən demə,

deyilməmiş bəhanə qalmayıb yer üzündə

Adamlar ayrılığı ürəyinə yük edir,

Sən elə yox olmusan,

verilən təsəllilər yoxluğundan yekədi.

Hələ də müqəddəsik, hələ də müqəddəsik;

İndi ayrılanların qibləsiyik, əzizim.

Bu qədər uzaq olmaq nəyə lazımdı axı?

Biz ki eyni Allahın bəndəsiyik, əzizim.

İstanbula…

Nə fərqi hardasan, elə hər yerdə

adamlar ləng olur, ömür tələsir.

Qayıt gəl, uzaqlıq qəssablar kimi

taleyin ən yaxşı yerindən kəsir.

İstanbul dizimin dibidi mənim,

Rəsmi sənədlərdə ancaq uzaqsan.

Uçur ümidlərim təyyarələrdə,

Bilirəm nə vaxtsa qayıdacaqsan.

Orda hansı səmtə bükülür dizin?

Orda necə axır gözünün yaşı?

Məni unutmaqçün dualar elə,

Allahın evi var hər addımbaşı.

Mən də unudardım, iradəm deyil,

Səni unutmağa ürəyim qıymır.

Bizi bu şəhərlər, küçələr, evlər,

məscidlər ayırır; Tanrı ayırmır.

Daha şeirlərlə dolur boşluğun,

Ölkə sərhədlərin aşır həsrətin.

İndi şeirlərin əzbər bilirəm,

Atillah İlhanın, Nazim Hikmətin.

Görüntünün olası içeriği: 1 kişi, oturuyor, sakal ve iç mekan

# 1630 dəfə oxunub

Müəllifin son yazıları

# # #