Orxan Fikrətoğlundan qısa kinossenari: KÜL

Orxan Fikrətoğlundan qısa kinossenari: KÜL
26 yanvar 2018
# 17:38

Kulis.az Orxan Fikrətoğlunun “Ney” kinossenarisini təqdim edir.

Boş şəhər küçəsi...

Alatoranlıq...

Qara kəlağayılı qarı zivədən qara rəngli paltarlar asır.

Qarı əyilib dəmir ləyəndən qara köynəklə bərabər günəşi də götürür...

Qarı zivədəki paltarları əliylə bir kənara çəkib günəşi əvvəlcə zivədən asır. Sonra nə düşünürsə, paltar tutacaqlarından asılmış günəşi zivədən açıb göydən asır...

Göydən paltar tutacaqlarıyla asılmış günəş...

Titr... "Günəş"...

Ağ-qara kadrlar... Günəşli bir gündür... İri şüşəli vitrin önündə dayanıb ney çalan oğlan... O, neyi şüşə arxasından görünən maneken qız üçün çalır. Maneken qızın üzündə heç bir ifadə yoxdur. Adi vitrin manekenidir. Yol ilə keçənlər neyin yanıqlı naləsinə ayaq saxlayırlar. Bəziləri ney çalan oğlanın asfalt örtük üstündəki papağına pul da atırlar. Bəziləri də qulaqlarını tutub vitrinin önündən sürətlə keçirlər. Neyin səsinə uşaqlar da toplaşıb. Onlar üçün daha çox daldada durub uzaqdan ney çalanı izləyən polisin işə qarışacağı an maraqlıdır. Hələ ki, neyin mehri polisi də susdurub...

Qəfil ney çalan oğlan çalğısını saxlayıb maraqla göyə boylanır. Sanki oğlan orda kiminsə olduğunu bilir. Göydən aşağı bir dəstə gül atılır. Sonra kimsə aramla ney səsinə əl çalır...

Ney çalan oğlan dodaqlarını neydən ayırıb...

Oğlan: "Gün üçün iyirmi dörd saat çox azdır. Gözünü yumub-açırsan, gecə düşür."

Titr... "Günəş tez batır..."

Gecə. Boş, kimsəsiz şəhər küçələri ilə qaçan ney çalan...

O, vitrinin önünə çatıb dayanır.

Maneken qız ifadəsiz baxışlarla bir nöqtəyə baxır.

Ney çalan oğlan nədənsə əsəbidir...

Ney çalan oğlan: "Kim deyib sənə? Yalandı... Səndən savayı heç kəsim yoxdur. Sadəcə, səhər yuxudan pis oyanmışdım. Ürəyim əsirdi. Bura necə gələydim? Üzünə necə baxaydım? Halım yox idi. Bura bax... sən heç biçənək görmüsən? Bax, içim elə uralanmışdı... Boş idim... Başa düşmürəm e, sənə nə olub? Yaxşı, bağışla məni... Vallah, içimdən səs gəlmirdi. Gəlsəydim, sənin də qanını qaraldacaqdım. Yaxşı, sənin üçün səhəri geri qaytarıram."

Ney çalan oğlan kürkünün cibindən neyi çıxarıb çalmağa başlayır...

Boş, kimsəsiz küçənin işıqları bir-bir yanır...

Yaxınlıqdakı evlərin də işıqları get-gedə yanmağa başlayır...

Get-gedə küçədəki adamların sayı da artır... Və gecənin içində qəfil səhər açılır.

Titr yazı... "Səs günəş kimidir..."

Dizi üstünə qoyduğu taxtaya mıx çalan ney çalan... O, çəkici əlinə vura-vura çərpələng düzəldir.

Ney çalanın əlləri qanayıb...

Ney çalan çərpələngin ipini manekenin qoluna bağlayır...

Oğlan çərpələng əlində dükanın içindən eşiyə çıxır.

Oğlan çərpələngi əlindən göyə buraxır.

Göydə süzən çərpələngi görən maneken qızın üzündə gülüş var...

Oğlan dükana girib maneken qızın əyninə qırmızı paltar geyindirir...

Maneken qız utanıb başını aşağı salır...

Gecə... Boş küçə ilə velosipedlə şütüyən ney çalan. O, üç-dörd dəfə vitrinin önündən keçib gedir. Sonra yenə geri qayıdır. Maneken qızın üzündə bir təlaş var. Nəhayət, ney çalan oğlan velosipedini vitrinin önündə əyləyir.

Ney çalan oğlan: "Mən də təkəm. Tök bu daşı ətəyindən. Onsuz da hamımız oyuncağıq... İnanmırsan mənə? Düz sözümdür, vallah. Ancaq səndən ötrü yaşayıram... Sənə köklənmişəm... Gedək sənə günəşi göstərim... Gəl gedək də... Burda nə qədər yaşayacaqsan? Gördüklərin yalandır axı... Mən səni başqa bir günəşin altında yaşadacam. İnanmırsan mənə?.."

Polis maşınının həyəcanlı səsi eşidilir.

Titr... "Başqa bir günəş varmı?"

Qaranlıq... İzdihamlı meydanda insanların arasıyla harasa qaçan ney çalan...

Titr... "Vərdişi az bilmə... Babaların ləpirlərini basa-basa təkrar bir ömür yaşamadıqmı?"

Gecə. Ney çalan əlindəki iri daşla vitrin şüşələrini sındırır. O, qırılmış şüşə qırıntılarının arasından dükana girir. Maneken qızı qucağına götürüb eşiyə çıxır. Ney çalan maneken qızı velosipedinin arxa oturacağına oturdur. Onlar şəhərdən çıxırlar....

Titr..."Sevgi xilasdırmı?"

Boş səhnə... Ney çalan oğlan maneken qızla rəqs edir... Maneken qızın boynundan və əllərindən qırılmış kəndirlər sallanır. Oğlan bu kəsilmiş kəndirlərdən birini dartır... Qəfil səhnənin işıqları yanır...

Kadrda ney çalan oğlanla maneken qız şüşəsi qırıq vitrində dayanıblar. Artıq ney çalan oğlanın da üzündə heç bir ifadə yoxdur... Şüşə qırıqları arasında qırılmış ney də görünür.

Titr... "Haqq gedilən yoldadır..."

Polislər vitrinin önündə dayanıblar... Polis maşınlarının həyəcanlı sirenaları eşidilir. Şüşə kəsikləri arasından işıq gah ney çalan oğlanın, gah da maneken qızın üzünə düşür. Onların üzündə heç bir ifadə yoxdur; ikisi də donuq üzlüdür. Polislərin dəvət etdiyi süpürgəçi şüşə kəsikləri ilə birlikdə ney qırıqlarını da süpürüb zibil qutusuna atır...

Titr... "Başqa günəş yoxdur."

Vitrinin qırıq şüşələri arxasından ney çalan oğlanla maneken qız görünür. Onlar iri şar kimi üflənmiş saxta günəşi əllərində tutublar. Hər ikisi boynundan vitrinin kənarlarına bərkidlimiş qalın kəndirlərlə asılıb. Qəfil üflənmiş günəş göyə doğru uçmaq istəyir. Ney çalan oğlanla maneken qız günəşi yuxarı qalxmağa qoymurlar. Onların ağırlığı və vitrinə bağlı olmaları saxta günəşi aşağı endirir. Göydən aşağı minlərlə ip, kəndir asılıb. Kəndirlərlə yuxarı dırmanmağa çalışan minlərlə insana doğru göydən aşağı bircə əl uzanıb... Və o əldə "ney" görünür...

Titr... "Növbə kimindir?" /”Ədəbiyyat qəzeti”/

# 934 dəfə oxunub

Müəllifin son yazıları

# # #