Çaydanın gözündən ağlayar qadın – ŞEİRLƏR

Çaydanın gözündən ağlayar qadın – ŞEİRLƏR
22 may 2017
# 16:30

Kulis.az Aysel Səfərlinin şeirlərini təqdim edir.

ADAM

Saçımı əliylə darayammadı,

Qismətin buz oldu dodaqda adı.

Sevginin nə yaman acıymış dadı,

Mənə yoxluğunu içirən adam.

Bulud dəsmalıyla sildi gözümü,

Yalvarıb canımda tutdum dözümü.

Etdi həsrətinə təslim özümü,

Məni damla-damla bitirən adam.

Sən hansı obrazdın ömrümdə mənim?

Mən dərdi oynadım gözündə qəmin.

Çəkdi pərdəsini eşqə səhnənin,

Qəlbimi alqışla götürən adam.

Qəlb sevinc daşıyır sınıq səhənglə,

Döyürəm qismətə qırıq külünglə.

Təlxək qriminə dərdimi rənglə,

İçimdən ümidi köçürən adam.

Qismətlə gizlənqaç oynayaq dedin,

Zaman geri saydı, oyuna gəldin.

Gizlətdiyin yerdə tapa bilmədin,

Bizi son oyunda itirən adam.

QADIN...

Otaqda yığılan köynəklər kimi,

Ütüləyib geyər ümidlərini.

İtirər yataqda bəzən yerini,

Gecə kürəyindən ağrayar Qadın.

Qurban verər dərdli doğrularını,

Dəyişməz yarasın sarğılarını.

Alar sevdiyinin ağrılarını,

Gizlicə gözündən oğrayar Qadın.

Yuxusun analıq hissiylə bölər,

İllər saçlarının qarasın silər.

Ən son əl uzadar süfrəyə belə,

Övladı doyarsa bir doyar Qadın.

Tapdansa hüququ əyər içini,

Olmaz istəyinin azad seçimi.

Körpə arzuları bir alma kimi,

Bölüb dilimləyər, hey soyar Qadın.

Qovurub içini yeyər dərdləri,

Solar yaddaşında keçmişin yeri.

Üzündən, gözündən yağan kədəri,

Mətbəxdə soğan tək doğrayar Qadın.

Ruhdakı təkliyin toplanmaz cəmi,

Olmaz həsrətinin, içilməz dəmi.

Qaynayıb dağılan duyğular kimi,

Çaydanın gözündən ağlayar Qadın.

UŞAQLIĞIM

Boylandım

Bu günümün

Dəmir barmaqlıqlı pəncərəsindən.

Əl salladı arzular

Zamanın ötüb-keçən

Qatarının ardından,

Qucaqladım keçmişimi...

Tanıdım onu

Şən səsindən.

Qonaq gəlmişdi usaqlığım

Şirin xatirələrimə...

İllərin həsrətlisi kimi

Öpdüm gülüşümü.

O dönmüşdü

Atamın sevgi dolu.

Güvənli qollarında,

Son qoymuşdu

Anamın təkliyinə,

Hər şey əvvəlki kimi

Möhtəşəm idi yenə.

Qucaqlamışdı gecəni

Ərköyün bir qızın

Şən qəhqəhəsi,

Gözlərində keçmişin

Son fotosu,

Filmin son səsi.

Ayıltdı gözlərimi göz yaşım,

Çəkildi

Dəmir barmaqlıqlı pəncərənin

“Bu gün” pərdəsi.

BİLİRƏM,

Bir də dönməyəcəksən,

Apardın hər şeyimi özünlə!

Öldü ümidim,

Sabahım, saflığım.

Sən getdin deyə

Mən heç böyümədim,

Qoynumda acıları böyütdüm

UŞAQLIĞIM!....

QOVMAĞA ÇALIŞIRLAR...

Girmək istəmədiyim

Bir evin ətrafında,

Dövrə vururam,

Yenə səndən ayrılıb.

Sillə tək açılır üzümə

Tənha ev,

Sənsiz qapı.

Masada borclu yatan

İşıq qəbzlərinin

Küsdürdüyü lampalar,

Soyuqluqdan qırılıb...

O evin divarları

Şığıdıqca üstümə,

Əzirəm

Kürəyini yatağımın.

Mətbəxdəki dolabda

Bir dilim bayat çörəyi

Halsız-halsız yeyirəm,

Həsrətinə batırıb.

Sənin olmayan evdə,

İtib ağzının dadı

Otağımın...

Canımı

İpotek etmişəm sevginə.

Yoxluğunu udduqca,

Həsrətli illərə

Bölə bilmədiyim nəfəsimə,

Ömür faiz artırır,

Geri istəyir hesabı...

Nə qədər ki, sənsizəm,

Gözünə ayna taxan

Baxışlarımda

Bir “sən” ayrılır bədəndən.

Kirayəsi gecikmiş

Ruhumun

Haqqını

Verə bilmədiyimçün

Qovmağa çalışırlar

Səni məndən.

BERMUD ÜÇBUCAĞI

Göz yaşlarım pıçıldayır

Üzüntümü

Yanağıma,

Ayağı tutulmuş,

Sürünən arzular

Artıq kədər yüklü,

Son ümid dayanacağında.

Ahların bağrına basdığı

Ürəyimdən

Nalə düşür dodağıma,

Durmuşam

Bermud üçbucağında...

YAŞMAQDAYAM

Qara gözlü taleyimin

Qara saçlarındakı

Bəyazlara bənzəyir

Həyatımdakı ümidlər...

Ağ-qara tonlarla

Rənglənmiş ömrümün

Qara çalarlarındakı

Ağımtıl izləri

İzləyərək

Həyatı pusmaqdayam.

Küsmüş arzularımı

Ovutmaqda,

Dağılmış ümidlərimi

Toplayıb

Gözlərimdən

Hər gün

Bir-bir asmaqdayam...

Hicablanan duyğularım tək

Dərgahına

Əllərim uzalı,

Qüsllənmiş sevgimlə

Hüzurunda

Yaşmaqdayam.

# 1278 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #