Laçın təbiətinin Məcnunu – Hüseyn Kürdoğlu

Laçın təbiətinin Məcnunu – Hüseyn Kürdoğlu
27 fevral 2017
# 13:03

Kulis.az jurnalist Nemət Bəxtiyarın “Şair Hüseyn Kürdoğlunun poeziyasında təbiət” məqaləsini təqdim edir.

Hüseyn Kürdoğlu Laçın rayonunun ən səfalı guşələrindən olan Əhmədli kəndində anadan olmuşdur. Hüseynin uşaqlıq həyatı ecazkar dağ təbiətinin qoynunda keçmişdir. Doğma kəndinin əfsanəvi gözəllikləri, zərif saz havaları, özünün tütəkdə çaldığı yanıqlı el havaları balaca Hüseynin həssas qəlbində dərin izlər buraxmışdır. Məktəbdə oxuyan vaxtlarda uşaqlıq həyatı haqqında belə demişdir:

Ələsgəri, Vaqifi,

Oxuyub zövq alardım,

Özüm də mahnı qoşub,

Tütəyimdə çalardım.

Dağların, yaylaqların, çayların, şəlalənin, buz bulaqların bizi əhatə edən aləmin qədrin biləsən, onu sevəsən ki, ondan da ilham ala biləsən. Onda rahat nəfəs alarsan, onda dinc, rahat yaşaya bilərsən, yazıb-yarada bilərsən.

Elə bil göylərin yeddi qatından,

Şığıyıb enirsən çaya, şəlalə!

Öpüşür suların qəhqəhələri,

Çağır bu dağları toya, şəlalə!

Bir xeyir xəbərə sanki qaçırsan,

Qayanın çiynində qanad açırsan,

Gündüzlər günəşə inci qaçırsan,

Gecələr ulduza, aya, şəlalə!

Hay-haray salırsan vəcdə gələrək,

Demirsen qaya da dincəlsin gərək,

Şıltaq nəvəsini sevən baba tək,

Yorulmur, incimir qaya, şəlalə!

Xoşbəxtsən, həmdəmin, sirdaşın olsam,

Sazımı sənintək ilhamla çalsam,

Yüz illər dayanıb seyrinə dalsam,

İnanma gözlərim doya, şəlalə!

Image result for Hüseyn kürdoğlu

Yaxşı yadımdadır, 1970-ci il idi. “Laçın” qəzetində ayda bir dəfə şeir həvəskarları, gənc yazarlar toplaşardılar. “İşıqlı üfüqlər” ədəbi yaradıcılıq məclisinə, “şivərək”, nazik boy-buxunlu, çatmaqaşlı, əsl dağ adamlarına məxsus saf təbəssümlü bir nəfər qonaq gəlmişdi. Həmişəki kimi, şair Tapdıq Nəcib yenə gəncləri başına toplamışdı. Bu dəfə görüşə Hüseyn Kürdoğlu gəlmişdi. Tapdıq Nəcib qonaq, həmyerlimizin həyat yaradıcılığı haqqında məlumat verdi, bizləri tanış etdi. Gənclər təzə şeirləri, bədii yazılarını oxudular. Hüseyn müəllim təzə yazdığı, yeni şeirlərini də oxudu. Tanışlığımız onda yarandı. Söhbət zamanı, şeirlərini oxuyanda yenə gur saçları sanki onu fikirdən yayındırmağa çalışırdı. O, yemə əli ilə barmaqlarının arasına topladığı saçlarının ona mane olmasını aradan qaldırmağa çalışırdı. Ara-sıra saçlarına dən düşmüşdü Hüseyn müəllimin. Laçın dağlarının zirvəsində yığılıb qalan bəyaz qar sanki Hüseyn müəllimin saçlarına köçməyə hazırlaşırdı...

Bizim eldə, obada belə bir söz vardı. Hərdən onu belə də deyərdilər – kasıb, kasıb uşağa da kasıb, kasıb nəyi də olmasa, övladdan varlı olar – deyiblər. Həsən atanın, Fizzə ananın xoşbəxt bir ailəsi vardı. Bu ailədə Hüseyn, Seyfi, Sehrayə, Alışan, Sürayyə, Urşan, Şirindil dünyaya göz açmışdılar.

Hüseyn uşaq vaxtında “zirəng” olmuşdu. Hamıdan böyük idi. Əhmədli kəndi ecazkar dağ təbiətinin qoynunda keçən həyatı fəsillərin əfsanəvi gözəlliklərindən biganə qala bilməzdi. Hər bir fərdi yaşayış evinin həyətindən, torpağın dərin qatından 40-dan çox təbii su mənbəyi, buz bulaqlar fəvvarə vuraraq yerin üst qatına çıxmışdı. Hər bir evin həyətində bir təbii, müalicə əhəmiyyətli bulaq qaynayardı. Yaxınlıqdan Minkənd çayı axırdı. Min bir dərdlərin dərmanı, təbii müalicə əhəmiyyətli İstisu burada insanlara şəfa verirdi. Sanki hər bir dərədə, Abadxeyir dərəsində 40 bulaq, su mənbəyi, hər bir bulağın bir xəstəliyə dərmanı idi. Yay fəslində qonaqlı-qaralı olardı bu yerlər.

Hüseyn tələbəlik vaxtlarında, ilk günlərdən universitetdə özünü nümunəvi, əxlaqi keyfiyyətlərinə görə dərin hörmət qazanmağa başlamışdı. Yazdığı şeirləri, əziz müəllimi, şair Səməd Vurğunu maraqlandırmağa sövq edir. Xoşuna gəldiyi üçün ona “Kürdoğlu” təxəllüsü ilə yazmağı məsləhət görür. Bir çox şeirləri dövrü mətbuatda işıq üzü görməyə başlayır. Bir sıra şeirləri almanaxlarda ardıcıl çap olunur, bəyənildiyi üçün şeirləri haqqında müsbət rəylər yazılır.

Salonun qapısı açılır bu an,

Sanki dağ zirvəli bir dağ görünür,

Talıstan cüssəli sadə bir insan,

Dalğalı saçları dümağ görünür.

İlk dəfə görürəm, dostlar, bu axşam,

Elin şair oğlu Səməd Vurğunu,

Mən bu xatirəni yaşadacağam,

Könül rübabında ömrüm uzunu.

Belə ki, Hüseyn Kürdoğlu ikinci kursda oxuyanda şeir-sənət aləminə ilk qədəm qoyanda, ilk uğurlu yol diləyən məhz əziz müəllimi, sevdiyi bir insan Səməd Vurğunun “İlk yaradıcılıq dövrü” adlı diplom işinin də, sağlığında elmi rəhbəri məhz Səməd Vurğun özü olmuşdur. “Hüseyn Kürdoğlu ömrünün sonuna kimi klassik şair Səməd Vurğunu vəsf etdi və onun poeziya məktəbinin görkəmli nümayəndəsi oldu” (Qəzənfər Paşayev).

Azərbaycan Dövlət Radio və Televiziya Komitəsində redaktor kimi əmək fəaliyyətinə başlamışdı. Həmin ildə o, müasir həyatımızın bir sıra aktual məsələlərinə həsr etmiş maraqlı oçerklər yazmağa başlamışdır.

Hüseyn Kürdoğlu 1960-cı ildə Azərbaycan SSR Elmlər Akademiyasının Yaxın və Orta Şərq Xalqları İnstitutunda elmi işçi kimi əmək fəaliyyətini davam etdirməyə başlamışdır.

Nəhayət, yuxusuz gecələr, gərgin axtarışlar öz bəhrəsini verir. 1966-cı ildə Hüseyn Kürdoğlu “Abdulla Qoranın poeziyası” mövzusunda dissertasiya müdafiə edir və ona filologiya elmlər namizədi, alimlik dərəcəsi verilir.

Əsər 1969-cu ildə Elmlər Akademiyasının nəşriyyatı tərəfindən monoqrafiya şəklində çapdan çıxmışdır.

Image result for Hüseyn kürdoğlu

İşıqlı dağı, Calbayır, Üç qardaş, Əlyetməz yaylaqları şair Hüseyn Kürdoğlunun ilham pərisi idi. Elə ona görə də Laçın rayon qəzetində müntəzəm çap olunan “İşıqlı üfüqlər” ədəbi yaradıcılıq məclisi də onun təşəbbüsü ilə belə adlanmışdır.

Dağların hər dərəsində, bərəsində, keçidlərinə, ormanlarında bir buz bulaq qarşına çıxır. Qarşına çıxan hər bulaqdan su içməsən ürəyində nisgil qalardı ki, görəsən, o bulaqdan su içdimmi? Əgər su içmədən keçərsənsə bulaq səndən küsər. Odur ki, gizlicə o yana-bu yana baxırsan. Dizlərini yerə qoymasan, bulağa baş əyməsən, onu öpməsən, hər bir bulağdan su içməsən, dadmasan, tamı başqa olduğunu hiss etməzsən. Onda adama başqa ləzzət verir, ürəyinin yanğısını söndürür.

Payını saxladın əziz qonağa,

Qarlı quzeylərin buzu səndədir?!

Şair qədəminə qurban kəsilən,

Boğazı qumrovlu quzu səndədir.

Atım şaha qalxır üzü yuxarı,

Qarşıda Köz suyu axır-baxır,

Karvan buludların dilsiz axarı,

Şır-şır bulaqların sazı səndədir.

Hər kəs sularından doyunca içsə,

Qocalmaz ömrünün yüz ili keçsə,

Kürdoğlu dünyada vaxtsız da köçsə,

Bu dağlar durunca sözü səndədir.

Şair sadə sözlərlə vəsf edilən bu misralarda təbiətin təsvirində, onun təbiətə vurğun olmasından, təbiəti sevməsindən, ondan zövq, ilham almasından açıq aydın dilə gətirmişdir. Bəzən fikirlərimizin daha da qüvvəli olması üçün belə ifadələrdən istifadə edirik. Göylərin yeddinci qatından enən, torpağın yeddinci qatından çıxan sözlərdən, kəlmələrdən çox vaxtlarda istifadə edirik. Bəlkə də torpağın yeddinci qatından torpağın üstünə çıxmağa can atan saf incilər, damlalar xeyli məsafələr qət edərək, yol açaraq bizə qədər gəlib çatırlar. Arxlar yaranır, daha sonra genişlənərək, özünə güc toplayaraq bulaq suları çayların əmələ gəlməsinə, qüvvəli olmasına daha da daşqın, coşqun olmasına səbəb olur.

Dəlidağdan Arazacan yol gedər,

Min şaxəli, min budaqlı Həkəri,

Vəcdə gəlir ağ günündən ellərin,

Vadiləri bağça bağlı Həkəri.

Heç görmədim sakit olub kiriyə,

Ağ ləpələr oxşar köçən sürüyə,

Çox bürünər bəyaz duman bürüyə,

Körpüləri hilal tağlı Həkəri.

Фото0880 copy.jpg görüntüleniyor

Karvan çəkər dumanların içindən,

Çəmənlərin, ormanların içindən,

Axıb keçər dastanların içindən,

Tarixlərdə səs-soraqlı Həkəri.

Səslənəndə sal qaşları xışmalar,

Yarğanları qılıncıyla aşmalar,

Harayında bayatılar, qoşmalar,

Şair könlü söz bulaqlı Həkəri.

Qıjovlarda sədəf düzər saçına,

Ayı-günü qatar dalğa köçünə,

Kuzəsindən şərbət verər Laçına,

Gül fəslində gül yanaqlı Həkəri.

Nur çiləyər min arzuya, diləyə,

Dalğaları bənzər xallı lələyə,

Gedər Aran torpağına köməyə,

At səyirdən bizim dağlı Həkəri.

Sadə, ədalətli, ürəyi yumşaq olan bu cür sadə insanlar bu cür ömür yaşayırlar. Eldə, obada, cəmiyyətdə böyük hörmət və nüfuz qazanıblar, insanların qəlbində yuva salmaq üçün Ulu tanrı həmin şəxslərə məhəbbət və ilham vermişdir. Onun tutduğu bu yolda, o, həmişə xeyirxahlıq, kamillik, mənəvi yetkinlik zivəsinə çatırlar. Gənclik illərindən Laçına, onun dağ kəndlərinə, el-obasına, təbiətinə bağlı olması, pillə-pillə, addım-addım zirvələri fəth etməsi elmdə, yaradıcılığında da özünü büruzə vermişdi. Yaranan, əldə olunan nailiyyətlər məhz bununla bağlıdır.

Anamsan, dizinə baş qoydum yenə,

Şir qüvvəsi tapdı dizim, ay Laçın,

Sənin bu qıjovlu gur çaylarında,

Qızıl balıqlar tək üzüm, ay Laçın.

Coşum Dəlidağın boranı kimi,

Şeh səpim Qırxqızın dumanı kimi,

Məcnun bulağının mərcanı kimi,

Şeirimi yaxana düzüm, ay Laçın.

Hansı bir çeşmənin gözünü gördüm,

Orda bir gözəlin üzünü gördüm,

Bağrımın daş olan gözünü gördüm,

Silinməz qoynundan izim, ay Laçın.

Gəlmişəm qolumu boynuna salım,

Şirin vüsalından min ilham alım,

Verdiyin qanadla uçsun xəyalım,

Qartallı göyləri gəzim, ay Laçın.

Hoçaz qayasından hüsnünə baxdım,

Güney qarı kimi əridim, axdım,

Ulduzlar tacıdır, qayalar taxtım,

Hara dolansam da özüm, ay Laçın.

Ulu dağlarının gözəl gəlini,

Öyrədir könlümə eşqin dilini,

Verdiyin rübabın çaldım telini,

Axdı çeşmə kimi sözüm, ay Laçın.

Фото0887 copy.JPG görüntüleniyor

Hüseyn Kürdoğlunun ilham mənbəyi təbiət idi. Ona görə yaranan hər bir şeir böyük məna, məzmun bəxş edir. Təhlil edirsən, düşünürsən həyati hadisələr, təbiətdə baş verən maraqlı məqamlar yada düşür, gözlərinin qarşısında canlanır. Üç, beş, bəzən də, on misrada yazılan şeirin, əsərin girişi, baş verən hadisələrin ardıcıllığı, ideyası, məqsədi, sonluğu oxucunu qane edir.

Gədikdən bir payız dumanı keçir,

Xəzan soyundurub ormanı keçir,

Bir an sakit olun, çaylar, çeşmələr,

Dağ üstdən dumanlar karvanı keçir.

Gün doğdu, tərk etdi duman bu dağı,

Nə xoşbəxt yaratmış zaman bu dağı,

El yolu dolanıb çiynindən aşır,

Heç vaxt aşa bilməz hicran bu dağı,

Gönlüm Dəlidağın divanəsidir,

Şeirim bu yerlərin əfsanəsidir,

Pərvanə çırağın aşiqidirsə,

Qartal da zirvələr pərvanəsidir.

Geyindi, bəzəndi, sonalandı yar,

Döndü bir kəkliyə, xınalandı yar,

Mənim vətənimdir, mənim torpağım,

Leylisi, Şirini can alan diyar.

Bir olsaq yolumuz dumana düşməz,

Novbahar eşqimiz xəzana düşməz,

Ağ gülə bənzəyən əlin dəyməsə,

Gönlüm xanimanı sahmana düşməz.

Hüseyn Kürdoğlunun əsərlərinin yaranması, ərsəyə gəlməsi, onun uzun müddət yuxusuz gecələrinin, geniş düşüncəsinin, ağlın, zəkasının, vətənə, insanlara olan sevgisini, məhəbbətini, təbiətə bağlı olmasını nəticəsidir. Şairin təbiətin gözəlliyini tərənnüm edən çox sayda şeirləri yaranmışdı. Belə gözəlliklərin tərənnüm olunmasının mərkəzində insanlara qarşı olan istək, məhəbbət də öz yerini müəyyən etmişdir. Ölçüsü müəyyən olunmayan təbiəti sevməsi, ona bağlılığı, məhəbbəti, sevgisi, arzusu, ilham mənbəyi olması şairlik zivəsinə qədər də gətirib çıxarmışdır. Bir o qədər coşqun, daşqın istəyini, məhəbbətin içində qovrulub, yanan, sevən şair Hüseyn Kürdoğlu heç olmasa özünə bir gün müəyyən edə bilmişdi. Gözəlliyin içinə qərq olan şair, axır ki, istəyinə, seçiminə, məqsədinə çata bilmişdi. Ömür-gün yoldaşı Fəridə xanımla birlikdə həyat yollarında qoşa addımlaması onu daha da təkminləşdirdi, yaş isə yavaş-yavaş öz işini görürüdü, ağsaqqallığa məcbur etdi. Sevgi, məhəbbət aləmində, qayğılar da bir yandan üst-üstə cəm olmağa başladı. Həyat yoldaşıma, üç övladıma qarşı olan sevgisi, məhəbbəti daha da artdı, yeni-yeni şeirlərin, mövzuların yaranmağa sövq etdi.

1992-ci ildə Qarabağ hadisələri hər bir sahədə bizləri imtahana çəkdi. Vətən də bizləri köçkün elədi. Ağrılarımız, həsrətli günlərimiz birə beş artdı. Doğulub, boya-başa çatdığımız el-obadan didərgin saldı bizləri. İndi o yerlərə baxa-baxa qalmışıq. Onda güvəndiyim vüqarlı, əzəmətli dağlar kimi, uca hesab etdiyim Hüseyn müəllimlə görüşdüm. Bulud kimi dolmuşdu, kövrəlmişdi. Mənə təskinlik verdi, dözümlü olmağı “öyrətdi”. Mətbuatda işləməyə istiqamət verdi. Çap olunan ilk qəzetin nömrəsində Hüseyn müəllimin xeyir-duasını vermişdik. “Laçın həsrəti” şeirini də çap etmişdik. Çox xoşuna gəlmişdi. Məsləhətlərini verdi. Mənə Azərbaycan dilinin orfoqrafiyası və qrammatikası kitabını bağışladı. Dedi ki, yazılarında danışıq, ləhcə sözlərindən çox istifadə edirsən. Sözlərin yazılış formasından istifadə edirsən.

Hüseyn Kürdoğlu Azərbaycan ədəbiyyatı tarixində öz dəsti-xəttini həkk edən şəxsiyyətlərdən biri olmuşdur. Uzun müddət, ömrünü sonunadək Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunda çalışmışdır. Onun həyatı, yaradıcılığı, elmi axtarışları, tərcümələri tədqiqat mövzusu, möhkəm təməli olan araşdırmaları, ədəbiyyat tarixçiliyi ilə nəzəriyyə bir-birini tamamladığı üçün daha mükəmməl, uzunömürlü əsərlər meydana çıxara bilər. Ədəbiyyatşünaslıq elmimiz bu istiqamətdə düşünüb-daşınmalı, onun adına layiq addımlar atılmalıdır.

# 2604 dəfə oxunub

Müəllifin son yazıları

# # #