Tikanlı cığırlar – Qubadlının işğal gününə

Tikanlı cığırlar – Qubadlının işğal gününə
31 avqust 2016
# 11:22

Bu gün Qubadlının işğal günüdür. Kulis.Az Qubadlıdan olan yazıçı Rəşid Bərgüşadlının bu mövzuda yazdığı “Tikanlı cığırlar” essesini təqdim edir.

Müharibə qızışdıqca daha tez-tez yuxuma girir otaqları iç-içə olan evimiz. Dədəm iki-üç ildən bir balaca bir xosmanı qaralayıb qatırdı evin bir ucuna. Qınamıram, böyük külfət idik. Evin aynəbəndindən girib dördüncü otağından – kitabxanadan eşiyə çıxırdıq. Axırıncı otaq gəlin otağıydı – evdə qalan evli qardaşımın yuvası. Beş qardaşın hamısı bu otaqda ata olub, ikinci övladı dünyaya gələndə isə sərçə öz balasını fərləndirən sayaq üzüsulu ocaqdan ayrılırdı. Üçüncü otaq evlənməyə namizədin yataq otağı idi – mənim otağım... Otağımın kəlləsində dünya xəritəsi, çarpayımın yanında nənəmdənqalma gül çeşnili kilim asılmışdı. Kilimi toxuyanın adı üstündəydi – “Dilbər 1936”. Güvə düşməsin deyə vaxtaşırı naftalinlədiyimiz kilimin qoxusu hələ də burnumdadır.

23 il... Bir igidin ömrüdür. İndi ali savadlı inşaatçıyam. Bakıda ürəyim istəyən həyət evim var. İzafa, əhənglə suvanmış otağımın rahatlığını burda tapa bilmirəm. Gecələr yuxum qaçanda o vədə əhəng suvağı eşən barmağımın ucu birdən elə gizildəyir... Gözümü tavana zilləyib kənddəki bacanı axtarıram – aluminium “raskladuşka”nın profilindən olan antennamızı düzəltməyə çıxdığım bacanı. Elə bilirəm ki, tavandan yuxarıda yenə Bərgüşadın şehindən mamır bağlamış sınıq-salxaq azbest şiferli damımızdır, çıxsam, samanlıqda qışa tədarük gördüyümüz alma, üzüm, heyva tapacağam.

Oyrəli yuxuda görürəm ki, cavan erməni ailəsi evimizə yeyəliklənib. Özümdən ad da qoymuşam ona – Qurqen kirvə. Xəritələrimə dəyməyib, amma nənəmin tiftiklənmiş, çeşnisi solmuş kilimini sərib yerə. Bu kilim mənim cehizliyim idi. Arvad-uşağıyla birlikdə bizim qaysı ağacının altında çəkdirdiyi şəkli də asıb kilimin yerindən. Qurqen “deyir” ki, – “Ev-eşiyindən nigaran olma, nə vaxt gəlsən, öz evindir, şəpir-şüpürümü də yığışdırıb gedəcəyəm!”. Amma düşünəndə ki, – “Öz evimdirmi?” – onda iliyim gizildəyir. Nə olsun ki, mən o evdə doğulmuşam? Cəmi-cümlətani 17 il yaşamışam orda. Axı Qurqen də orda doğulub! İndi də oğul-uşaq yeyəsidir, 23 ildir bu evdə yaşayır, divarları suvatdırıb, otaqları əhəngləyib, damın şiferlərini dəyişib... Yenə dədəm sağ olsaydı, onun daha çox haqqı vardı Qurqeni qovmağa. Bəs mənim? Qurqenə, – “Çıx burdan, bura mənim evimdir!” – desəm, qayıdıb deməzmi, – “Ay biqeyrət, indiyədək hansı cəhənnəmdəydin, nə haqla məni öz evimdən qovursan?!”.

“Axı nə var o evdə? Gündüz naxır, axşam axur! Sən o evi istədiyin kimi, evin də səni istəyirmi, elə bilirsən yolunu gözləməkdən yorulub?” – dəli şeytan həmdəmim olanda baxıram ki, yox.., evimi qəribsəmək haqqım var. Ocağın sonbeşiyi idim – ev mənə qalacaqdı. Orda ən dəyərli itiyimi tapacağam – uşaqlığımı. Axı ömrümün 23 ilini harda itirdiyimi ancaq ordan baxsam görə bilərəm. Bir də, o ev mənə dədə-babamdan qalıb, nəvələrimə çatdırmalıyam bu əmanəti. Qurqeni qandırmaq asandır, bəs gözəl evim məni qəbul edəcəkmi? – “Gəlmə, biqeyrət! Rədd ol burdan, bu ev Qurqenindir!” – hayqırmazmı üstümə? Haqqı yoxmu bunu deməyə? Vaxt azaldıqca o vədələr yağış yağanda döşəməsinə qazan-qablama düzməkdən kələyimi kəsən otağım indi doğmalığı qədər həm də “yad”laşan ruhu ilə əzir məni...

Güney Kıbrısda şahidi olmuşdum – yunanlar hər cümə, vaxtilə Girnədə yaşadığı doğma evini indiki sahibindən birgünlük kirayəliyir, yeyib-yatır, sabahı da evi yeyəsinə qaytarır. Kim bilir, bəlkə başımıza bu da gələcək. Kaş evimiz dağılıb yerlə yeksan olaydı, Qurqen-murqen öz nəfəsiylə isitməyəydi evimizin əhəngli divarlarını.

Uşaqlığıma gedən cığırları tikansız, əzabsız elə, ömrü yenidən başlamağa bir möhlət də ver mənə, Xudaya...

26 aprel 2016

# 1106 dəfə oxunub

Müəllifin son yazıları

# # #