Sərt külək uladı ac yalquzaq tək - ŞEİRLƏR

Sərt külək uladı ac yalquzaq tək - ŞEİRLƏR
12 yanvar 2016
# 16:09

Kulis Faiq Balabəylinin yeni şeirlərini təqdim edir.

Daha yığış gəl, mən də köçürəm

oğlumun, dostumun, qonum-qonşunun
çiyninə qonmuşam, kəndə köçürəm,

gəl, başına bir qara örpək salıb, gəl,

gəl, məni sənin kimi heç kəs ağlamaz...

Anama yazığım gəlir,

dözmək çətindir,

nə namərd oğulam,

xoş gün vermədim

o yazıq arvada.

Əli ürəyinin üstündə dustaq

elə gözlərinə yaş gətirdim, yaş

əlini göy üzü saxlayammadı

dostların, oğulun çiyinlərində

kəndə getməyimlə, yazıq arvadın
tanrıdan başına daş gətirdim, daş

o öz gününə, dərdli qəlbinə

ağlayıb, balasının kəfin-dəfnini

gözünün yaşında qusul edəcək...

sən isə dayanma, gəl məni ağla...

Qızımın “ay ata” deyib susması,
buludun gözünü qırpmağı kimi...

sel-su aparacaq kəndin yolunu

torpaq qurbanını canına alar
sevinər xəzinə tapması kimi

ağı söyləyəcək kənd arvadları -
amma heç kəs məni sən tək ağlamaz

Sinəmə çox düyün çox dağ sıxılıb

yarası qan verən şəhid kimiyəm
hamının barmağı ağzında kilid

gecikmiş nəsihət, öyüd kimiyəm
gəl məni bir ağız tək özün ağla...

***

Arada

kəndimizin

üstündən uçan buluda

oturmaq istəyirəm,

istəyirəm

ayaqlarımı sallayam aşağı

və yelləyəm,

gözlərim kəndimizin

tozlu yollarında doğmalarımı gəzə...

Arada

könlümdən ağrı dolu ayrılıqları

yenidən yaşamaq keçir,

baxmaq istəyirəm

itirdiklərimin əzabına necə dözməyimə,

ürəyi qubarlı,

dodağı papiroslu,

üzü tüklü gəzməyimə,

baxım görüm

necə görünürdüm, görəsən?

Arada

sevincli anlarımı sapanda qoyub

atmaq istəyirəm kəndimizə tərəf

istəyirəm anamın nəvələri –

qardaşlarımın, bacımın balaları

atdığım bir sapand sevincin

havasına qol qaldırsınlar...

Arada

istəyirəm

ayrılığın nədən baş verdiyini

necə yaşandığını,

heç bildinmi,

mənim balam, -

deyənim olsun.

İstəyirəm ki kəndimizin üstü ilə

uçan buludun üstündə oturum,

ayaqlarımı təndirə sallamış kimi

aşağı salıb yelləyəm – qızınam

xırtdanaq kimi qopam təndirin divarından.

Sonra da yağış damlası kimi

çırpam özümü

ayrılıqların baş verdiyi kənd yollarına.

***

Sərt külək uladı ac yalquzaq tək

çatmadım səsinə,

qaldım uzaq, tək

sıyrıldım, qınımdan çıxdım bu gecə
qaynadım, qanımdan axdım bu gecə

O yalquzaq səsin, ulayan səsin
qaçaraq ardınca baxdım bu gecə

Çırpdım dizlərimə, döydüm özümü

əl atdım, gördüm ki, qında pas tutan -

xəncərim korşalıb, deşmir köksümü.

Nəyin həsrətiydi, nə idi ağrım
yarımçıq yaşadım, yarıldı bağrım.

Qoşulub yalquzaq səsinə gecə

küləyin səmtinə səni çağırım?

Əlləri köksündə, ağbirçək anam
hələ də yollardan çəkmir gözünü

asdım asılqandan dərdi kürk kimi
yumruğum sinəmə dəydi gürz kimi

gördün ki, pas atıb qında xəncərim,

tiyəsi korşalıb, deşmir köksümü.

Çocuq taleyi var bu məmləkətin

nə var aldatmağa şirniquş ilə...

üzümüz o qədər üzü yoladır

yollaşa bilərik lap bayquş ilə.

Tiyəsi pas atan xəncər vurduğu
dərinə getməyən yaram su verir
gündüz qaranquşdan gözlədiyimi

qaranlıq gecədə yarasa verir...

# 1195 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #