Dədə Şəmşir nəvəsinin “Dönüş”ü-YENİ NƏŞR

Dədə Şəmşir nəvəsinin “Dönüş”ü-<span style="color:red;">YENİ NƏŞR
3 oktyabr 2014
# 15:26

Bütün insan həyatı axtarışdadır…

Əgər insan bilsəydi ki, o, həyatda nəyi axtarır, əgər insan həyatı başa düşsəydi, əgər insan Allahı dərk etsəydi…o, artıq insan olmazdı…

Hər bir insanın öz həyat fəlsəfəsi var. Həmçinin, nə deyirlərsə desinlər, nə öyrədirlərsə öyrətsinlər, necə tərbiyə verirlərsə versinlər-hərənin öz “Quran”ı, öz qanunu, öz yolu var. Sadəcə, hər kəsin həyatı çətinliklərlə, əziyyətlərlə, yekrəng-maraqsız hadisələrlə doludur. Nəyəsə cəhd-baş verənlərin fonunda insanın gerçək ehtirasıdır.

Özlüyündə həyat darıxdırıcı varlıqdı: hərgah insan dərk etməsəydi, onun görünməyənini görmək, səssizliyi duymaq, boşluğu hiss etmək və onda olmayan mənanı tapmaq qabiliyyəti olmasa idi…

Bu sözlərə bu günlərdə əlimə keçən kiçik bir kitabda rast gəldim. Olduqca maraqlı, bir az fəlsəfi, bir az səmimi və bir az da reallıqdan doğan çalarlarla dolu bir kitab. Əslində, burda təəccüblü bir şey bulmadım… Çünki, müəllif özü ədəbi dünyanın zirvəliklərindən meyvə dərib…Dədə Şəmşir nəfəsin duyub… Aliq Nağıoğlunun redaktorluğu ilə çıxan kitabın müəllifi Dədə Şəmşir nəvəsi Nahid Şəmşirdir. 90 səhifəlik kitabda müəllifin hekayələri, novellaları, pritçaları və esseləri yer alıb.

Diqqətimi ən çox çəkən isə pritçalar oldu. Fəlsəfi məzmun daşıyan pritçalar insanı dərin bilgilərə, düşüncələrə aparır. Əslində Nahid Şəmşir bilərəkdən, bir az da bilməyərəkdən yeniliyə imza atıb. Daha doğrusu cəmiyyətə, yaşama, dinə fərqli münasibət sərgiləyib. “Dönüş” adlanan kitabın adı da bir çox məqamlardan xəbər verir. Əslində bu Nahid Şəmşirin ilk kitabı olsa da, ədəbiyyatda hələ bir neçə il öncə öz imzası ilə gündəmə gəlmişdi. Lakin Dədə Şəmşir nəvəsinin bu “DÖNÜŞ”ü tam fərqli üslubda və fərqli çalarlarla dolu oldu. Bu dolu ədəbiyyatımızı yuyacaq, təmizləyəcək və yeni nəfəs verəcəkdir. Bu mənim bir oxucu kimi fikirlərimdi.

Kitabda ən çox diqqətimi çəkən məqam isə din-insan münasibətlərinin keçmiş-bu gün prizmasından yanaşması oldu.

“Qız və İbadətçi” pritçasından…

Bir qız görüşə elə tələsirdi ki, dua edən insanın qarşısından necə keçdiyini bilmədi. İbadət edən qəzəblə onu çağırdı və bərk danladı. Qız utana-utana soruşdu:

- Bəs Siz dua zamanı nə barədə düşünürdünüz?

- Allah haqqında, əlbəttə!-adam cavab verdi.

Qız təəccübləndi:

- Mən sevgilimin yanına elə tələsirdim ki, hətta Sizi görmədim.

Sizsə Allah haqqında düşünərkən, necə mən nalayiqi gördünüz?!

Kiçik bir pritça və bu qədər məna…

# 2077 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #