Dillər Universitetində Natiq Rəsulzadə ilə görüş keçirilib

Dillər Universitetində Natiq Rəsulzadə ilə görüş keçirilib
4 mart 2014
# 17:44

Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) tanınmış yazıçı, kinodramaturq, Azərbaycan PEN-klubunun vitse-prezidenti, Əməkdar İncəsənət Xadimi, “Şöhrət” ordenli, bir sıra ədəbi mükafatların laureatı Natiq Rəsulzadənin yaradıcılıq gecəsi keçirilib. AzərTAc-ın xəbərinə görə tədbirdə universitetin elmi işlər üzrə prorektor, professor Dünyamin Yunusov ADU-da tanınmış mədəniyyət və incəsənət xadimləri ilə görüşlərin təşkilinin ənənə halını aldığını, universitetdə mütəmadi olaraq Çingiz Abdullayev, Elçin Əfəndiyev kimi tanınmış yazıçıların, ziyalıların iştirakı ilə maraqlı görüşlər keçirildiyini bildirib. D. Yunusov belə tədbirlərin tələbələrin təlim-tərbiyəsində, dünyagörüşlərinin püxtələşməsində əhəmiyyətini qeyd edib.

Prorektor Natiq Rəsulzadənin əsərlərinin təkcə Azərbaycanda deyil, eləcə də dünyanın müxtəlif ölkələrində geniş yayıldığını, bir sıra dillərə tərcümə olunduğunu diqqətə çatdırıb. D. Yunusov tanınmış yazıçı ilə görüşdən məmnunluğunu bildirib, ədibə yaradıcı fəaliyyətində uğurlar arzulayıb.
Sonra Natiq Rəsulzadənin həyat və yaradıcılığı haqqında videoçarx nümayiş olunub.

Tələbələr rus və fransız dillərində yazıçının “Gömrükçü” romanından bir parça söyləyib, “Sehrbaz” əsəri əsasında səhnəciklər göstəriblər.

Tədbirdə çıxış edən Natiq Rəsulzadə M. Qorki adına Ədəbiyyat İnstitutunda təhsil aldığı illəri, Azərbaycanın siyasi rəhbəri, ulu öndər Heydər Əliyevin Moskvaya səfərləri zamanı burada təhsil alan azərbaycanlı tələbələrlə görüşlərini xatırlayıb bildirmişdir ki, Ümummilli Lider hər görüşdə azərbaycanlı gənclərin nüfuzlu ali məktəbləri bitirdikdən sonra Vətənə qayıtmalarının vacibliyini vurğulayır, onların yüksək ixtisaslı mütəxəssislər kimi Azərbaycana lazım olduqlarını söyləyirdi.

N. Rəsulzadə gənclərlə ünsiyyət qurmaqda bu cür görüşlərin əhəmiyyətini qeyd edib, tələbələrin suallarını cavablandırıb.

Sonda müəllif imzalanmış kitablarını tədbir iştirakçılarına hədiyyə edib.

AzərTAc

# 1830 dəfə oxunub

Müəllifin son yazıları

# # #