“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ

“Qayıqda” – DOQQUZ HEKAYƏDƏN BEŞİNCİSİ
6 aprel 2017
# 12:28

Kulis.Az Tehran Vəliyevin tərcüməsində məşhur Amerika yazıçısı Cerom David Selincerin “Doqquz hekayə” silsiləsindən beşinci hekayəsini - “Qayıqda”nı təqdim edir.

LAYİHƏ: DOQQUZ HEKAYƏ

Qızılı bir payız günü saat dördü təzəcə keçmişdi. Günortadan bəri on beşinci və ya iyirminci dəfə idi ki, aşpaz Sandra mətbəxdə üzü gölə baxan pəncərədən bayıra boylanıb, dodaqlarını gəmirə-gəmirə kənara çəkilirdi. Bu dəfə əsəbi halda önlüyünü açıb, əndazəsiz zorba gövdəsi imkan verdiyi qədər, onu sıxıb təzədən bağladı. Sonra iri mətbəx stoluna yaxınlaşıb, təzəcə qaydaya saldığı zorba gövdəsini missis Snell ilə üzbəüz stula saldı. Missis Snell paltarları təmizləyib ütüləyəndən sonra, avtobus daya- nacağına yollanmazdan əvvəl, adəti üzrə, bir fincan çayını içirdi. Artıq şlyapasını da başına qoymuşdu. Bu qara, ən zərif keçə növündən düzəldilmiş yaraşıqlı şlyapanı o nəinki bütün yayı, həm də sərasər üç il idi ki, istər qızmar istidə, istərsə də başı aşağı paltar ütüləyəndə və ya tozsoran işlədəndə belə başından çıxarmazdı. «Hetti Karnegi» firmasının etiketi hələ də onun astarından pozulub silinməmişdi, düzdür, bir balaca solub öz rəngini itirsə də, cəsarətlə demək olar ki, tamam məğlub olmamışdı.

– Daha bunu özümə dərd eləməyəcəyəm ki? – Sandra beşinci və ya altıncı dəfə idi ki, missis Snelldən çox öz-özünə deyirdi. – Niyə də eləməliyəm axı, elə deyil? Nəyə görə?

– Elədi, düzdür, – missis Snell dedi. – Mən də eləməzdim. Gerçək sözümdü. Əzizim, mənim o çantamı bəri ver görüm.

Üzü təmiz sürtülüb yeyilmiş olan bu nimdaş çanta (onun içindəki etiket də şlyapasındakı etiketdən heç geri qalan deyildi) bufetin üstündə idi. Sandra oturduğu yerdən tərpənmədən əlini uzadıb onu götürdü, stolun o biri tərəfinə, missis Snellə uzatdı. O, çantanı açıb içindən bir qutu «mentollu» siqaret və bir qutu «Sport-klub» kibriti çıxardı.

Siqareti alışdırıb, çayını dodağına yaxınlaşdırdı, amma dərhal qaytarıb nəlbəkinin içinə qoydu.

– Bu çay zəhrimar tez soyumasa, avtobusa gecikəcəm... – Sonra başını qaldırıb, gözlərini divarda par-par parıldayan qazan cərgəsinə zilləmiş Sandranın üzünə baxdı.

– Bəsdir fikir elədin! – Missis Snell əmr etdi. – Fikirləşib neyləyəcəksən? Ya ona deyəcək, ya da deməyəcək. Vəssalam. Bunu özünə dərd eləyib neyləyəcəksən?

– Niyə dərd eləyirəm? – Sandra dedi. – Heç o haqda fikirləşmirəm də. Ancaq bu uşaq məni tamam boğaza yığıb, siçan kimi özünü hara gəldi dürtür. Haçan hara dürtüldüyündən xəbərin də olmur.

O günü lobya təmizləyəndə, bax elə bu stolda, az qaldı əlini tapdalayım. Haçan bu stolun altına giribsə, heç xəbərim də olmayıb.

– Yaxşı, yaxşı. Bundan ötrü dilxor olmağa dəyməz.

– Yox ey, bunun yanında ağzını açıb bircə söz də demək olmur, – Sandra dedi. – Adam az qalır dəli olsun.

– Hələ də bunu içmək olmur, – missis Snell dedi.

– Doğrudan dəhşətdir. Onun yanında bir söz deyə bilməməyini deyirəm.

– Tamam dəli oluram! Allah haqqı. Günün yarısını gicəllənə-gicəllənə qalıram. – Sandra dizlərinin üstündən çörək qırıntılarını çırpırmış kimi əlini üstünə çəkdi, küsəyən uşaq kimi burnunu dartdı. – Hələ bunun dördcə yaşı var!

– Amma sir-sifətdən qəşəng uşaqdır, – Missis Snell dedi.

– Qonur gözləri var.

Sandra yenə burnunu dartdı.

– Burnu lap atasının burnudur, – dedi və fincanı qaldırıb, heç bir çətinlik çəkmədən bir qurtum içdi. – Heç anlaya bilmirəm ki, onlar nə üçün bütün oktyabrı da burada qalmaq istədilər! – fincanı yerə qoyub deyindi.

– Axı indi onlar heç suya yaxın da düşmürlər. Nə arvad, nə kişi, nə də uşaq. Heç o andır qayığa da minmirlər. Bilmirəm o qədər pulu onun nəyinə veriblər.

– Başa düşmürəm sən bu qədər isti çayı necə içirsən. Mən özümünkünü heç dilimə də vura bilmirəm.

Sandra hirslə gözlərini qarşıdakı divara zillədi.

– Məndən olsa, bu saat şəhərə qayıdarıq. Zarafatsız. Bu xarabadan zəndeyi-zəhləm gedir! – Sandra gözlərindəki qəzəb ifadəsini silib, missis Snellin üzünə baxdı. – Sizin üçün elə bir əhəmiyyəti yoxdur. İl boyu burada yaşayan adamsınız.

Tanışlarınız-filan da hamısı buradadır. Ya şəhər olsun, ya bura, sizə fərq eləməz.

– Məni öldürsə də, bunu içəcəm, – missis Snell dedi və elektrik plitəsinin üstündəki divar saatına baxdı.

– Mənim yerimdə olsaydınız, bəs siz neyləyərdiniz? – Sandra birdən soruşdu. – Axı siz neyləyərdiniz? Ancaq düzünü deyin.

Bu elə bir sual oldu ki, missis Snell əyninə dəmir don geyinmiş adam kimi yerində dimdik dikəldi. Əlindəki fincanı bir də qaytarıb nəlbəkiyə qoymalı oldu.

– Mən? – dedi. – Əvvəla, bunu heç vecimə də almazdım. İkincisi də, özümə başqa yerdə...

– Mən də vecimə almıram, – Sandra onun sözünü kəsdi.

– Bilirəm, amma mən hökmən özümə başqa...

Qapı açıldı və evin sahibəsi Bu-Bu Tanenbaum mətbəxə girdi. Bəstəboy, yanbızları oğlan yanbızları kimi düz, arıq, iyirmi beş yaşında bir qız olan bu xanım quru və rəngsiz, dəbə uyğun vurulmamış saçlarını yığıb arxada, həddən ziyadə iri, pələş qulaqlarının dalında gizlətmişdi. Əynində isə dizlərinə qədər qısa cins şalvar, qara sviter, corab və yüngül səndəl vardı. Adının lağlağılığı, özünün çəlimsizliyi, qeyri-qəşəngliyi bir yana, amma diri, oynaq, heç cür yaddan çıxmayan sifət cizgilərinə baxanda, onun da özünə görə müstəsna gözəlliyi vardı. Birbaşa soyuducuya yaxınlaşıb onu açdı. Qıçlarını aralayaraq aşağı çökdü, əlləri ilə dizlərinə dirsəklənib, çox pis fit çala-çala və bu fitin ahənginə uyğun yırğalana-yırğalana soyuducunun içinə boylandı. Sandra ilə missis Snell susmuşdular. Missis Snell yavaşca siqaretini ağzından götürdü.

– Sandra...

– Bəli, mem? – Sandra təşvişlə miss Snellin şlyapasının üstündən ona baxdı.

– Məgər bizdə həftəbecər qalmayıb? Ona aparmaq istəyirdim.

– Hamısını yeyib, – Sandra dili topuq vurmadan dedi. – Dünən axşam yatmazdan qabaq yedi. Elə ikicəciyi qalmışdı.

– Həə... Yaxşı. Stansiyaya gedəndə yenə də alaram. Dedim, bəlkə, bu yolla onu qayıqdan çıxara bildim, – Bu-Bu soyuducunun qapısını örtdü. Üzü gölə baxan pəncərəyə yaxınlaşdı. – Başqa nə lazımdı, deyin alım.

– Təkcə çörək.

– Dəhlizdə stolun üstünə sizin üçün çek qoymuşam, missis Snell. Minnətdaram sizə.

– Çox xoşdur, – missis Snell dedi. – Eşitdim Layonel yenə evdən qaçıb, – astadan güldü.

– Deyəsən, elədir, – Bu-Bu dedi və əllərini arxa ciblərinə soxdu.

– Hər halda, çox uzağa qaça bilməz, – missis Snell yenə də astadan gülərək dedi.

Pəncərədən çəkilmədən Bu-Bu azca yana döndü ki, stol arxasında oturan qadınlara arxasını çevirməmiş olsun.

– Elədir, – deyib, saçlarını qulağının dibinə itələdi. Sonra raport verirmiş kimi, sözünə davam etdi.

– İki yaşından evdən qaçmağa başlayıb. Hələ ki, o qədər də uzağa getməyib. Mən bilən, ən uzağa qaçdığı vaxt – hər halda şəhərdə olanda deyirəm – Mərkəzi parkda Mellə gedib çıxdığı vaxt olub. Evimizdən iki məhəllə aralıya. Ən yaxını isə bizim binanın giriş qapısında gizlənməyi olub. Oradan o yana gedə bilməmişdi. Kişi atasıyla vidalaşmaq istəyirmiş.

Stulda oturan hər iki qadın uğunub özündən getdi.

– Mell Nyu-Yorkda uşaqların konki ilə sürüşdükləri yerdir, –

Sandra həvəslə missis Snellə başa saldı.

– Elə böyüklərin də.

– Aa, – missis Snell içini çəkdi.

– Onda üç yaşı vardı. Keçən il idi, – Bu-Bu şalvarının yan cibindən siqaret və kibrit çıxararaq dedi. O, siqaretini alışdıranacan hər iki qadın gözlərini ondan çəkmədi. – Ay aləm bir-birinə dəymişdi, ha! Bütün polis qüvvələrini ayağa qaldırmalı olduq.

– Onlarmı tapdı? – Missis Snell soruşdu.

– Əlbəttə, onlar! – Sandra həqarətlə dedi. – Bəs nə bilmisiniz?

– Gecə saat on ikinin yarısında tapdılar. Özü də bilirsiniz nə vaxt?

İlahi, düz fevral ayının ortasında. Parkda bircə uşaq da qalmamışdı. Bəlkə də, avara-avara gicbəsər adamlardan başqa. Estradada oturub – gündüzlər orada orkestr çalır – xırda daşları döşəmənin arasıyla o baş-bu başa sürüşdürürmüş. Soyuqdan tam donsa da, sifəti...

– İlahi, özün rəhm elə! – Missis Snell dedi. – Necə olmuşdu ki, ora gedib çıxmışdı? Dediyim odur ki, axı evdən niyə qaçmışdı ki?

Bu-Buağzından qatı bir tüstü həlqəsi buraxdı, o, pəncərənin şüşəsinə dəyib dağıldı və üzüyuxarı qalxdı.

– O gün uşaqlardan biri parkda onu birdən-birə, səbəbsiz-filansız porsuq adlandırıbmış, ona görə. Hər halda biz belə başa düşdük. Düzünü deyə bilmərəm, missis Snell. Özüm də baş açmıram.

– Nə vaxtdan belə olub? – Missis Snell soruşdu.

– Yəni haçandan bu cür evdən qaçmağa başlayıb?

– İki yaş yarımlığından, – Bu-Bu tərcümeyi-hal danışırmış kimi dedi, – qaçıb zirzəmidə gizlənmişdi. Şəhərdə biz çoxmənzilli binada oluruq, onun zirzəmisində camaşırxana var, orada. Naomi adlı bir qız uşağı – onun dostudur – buna deyibmiş ki, onun termosunda soxulcan var. Daha doğrusu, biz onun özündən bundan artıq heç nə öyrənə bilmədik... – Bu-Bu dərindən köks ötürdü və pəncərədən aralandı. Siqaretin xeyli hissəsi öz-özünə yanmışdı. Onun külünü çırpıb qapıya doğru yönəldi. – Bir də cəhd eləyim görüm, – hər iki qadına vida əvəzinə yalnız bunu dedi.

Onlar güldülər.

– Mildred, – hələ də gülüşünü boğa bilməyən Sandra üzünü missis Snellə tutdu, – tələsin, yoxsa avtobusa gecikəcəksiniz.

Bu-Bu dəmir torlu qapını arxasınca çəkdi.

O, üzü yamac aşağı, göləcən uzanan çəmənlikdə dayanmışdı. Axşamüstünün zəif, alçaq günəş şüaları onun kürəyinə düşürdü. İki yüz addım irəlidə oğlu Layonel atasının yelkənli qayığının arxa tərəfində oturmuşdu. Düz bucaq altında körpüyə bağlanmış və yelkənləri salınmış bu qayıq həmin körpünün uzaq başında suda yavaş-yavaş yırğalanırdı. Təqribən əlli fut aralıda suya atılıb qalmış bir su xizəyindən başqa, bütün göldə bir dənə də olsun qayıqda üzən yox idi, yalnız lap uzaqda yelkən buxtasına tərəf bir sərnişin kateri üzürdü. Nədənsə, Bu-Bu Layoneli heç cür aydın seçə bilmirdi. Günəş o qədər qızmar olmasa da, elə parlaq, elə gözqamaşdırıcı idi ki, göldə hər şey, oğlan da, qayıq da suya atılmış taxta parçası kimi, adama ilğımlı, dumanlı görünürdü. Bir-iki dəqiqə keçəndən sonra Bu-Bu gözünü oradan çəkdi. Əlindəki siqareti hərbçilər sayaq çırtmayla kənara tullayıb, körpüyə doğru addımladı.

Oktyabr ayı idi, körpünün döşəmə taxtalarının istisi artıq adamın üzünü qarsımırdı. Bu-Bu«Kentukkili körpə» havasını fitlə çala-çala körpü ilə irəli addımladı. Körpünün ucuna çatanda onun lap qırağında çömbəlib oturdu və oğluna baxdı. Oradan avarı uzatsaydı, ona çatardı. Uşaq başını qaldırmadı.

– Eyy! – Bu-Buçağırdı. – Dost! Dəniz qulduru! Quduz canavar! Mən gəlmişəm.

Hələ də başını yuxarı qaldırmayan Layonel sanki birdən öz dənizçi məharətini nümayiş etdirmək fikrinə düşdü. Yerinə bərkidilməmiş rumpeli axıra kimi sağa çəkdi, sonra dərhal geriyə, özünə tərəf dartdı. Başını yenə də göyərtədən qaldırmadı.

– Bu mənəm, – Bu-Bu dedi, – vitse-admiral Tanenbaum. Qız familiyam Qlassdır. Steriaforları yoxlamağa gəlmişəm.

Bu dəfə dili açıldı.

– Sən admiral deyilsən. Sən qadınsan, – Layonel dedi. O danışanda, adətən, həmişə cümlənin ortasında nəfəsi çatışmırdı, ona görə də vacib sözü daha güclü vurğu ilə, bərkdən demək əvəzinə, əksinə, lap astadan, yavaş deyirdi. Bu-Bu onun səsinə nəinki qulaq asır, həm də, elə bil, gözləri ilə o səsi müşayiət edirdi.

– Bunu kim deyib sənə? Kim deyir ki, mən admiral deyiləm?

Layonel nə dedisə, bu dəfə heç eşidilmədi.

– Kim? – Bu-Butəkrar soruşdu.

– Atam.

Bu-Bu hələ də çömbəltmə oturmuşdu və öz müvazinətini saxlamaq üçün əlini üçbucaq şəklini almış dizlərinin arasından aşağı uzadıb döşəməyə dirədi.

– Sənin atandan heç olmaz, – dedi, – ancaq, mən bilən, ömrümdə ondan böyük goreşən görməmişəm. Onu düz deyir ki, quruda, sahildə olanda mən qadınam, burası doğrudur! Lakin mənim əsil yerim həmişə dəniz olub, dənizdir və dəniz olacaq...

– Yox, sən admiral deyilsən, – Layonel dedi.

– Necə dediniz?

– Sən admiral deyilsən. Sən həmişə qadın olmusan.

Bir anlığa sükut çökdü. Layonel yenə də öz gəmisinin istiqamətini dəyişdi, ikiəlli rumpeldən yapışdı. Əynində xaki rəngli şort və qısaqol, sinəsi şəkilli ağ köynək vardı, o şəkildə dəvəquşu Cerom skripka çalırdı. Dərisi gündən təmiz qaralmış, anasının saçlarına oxşayan saçları təpəsinin ortasında xeyli bozarmışdı.

– Çoxları elə düşünür ki, mən admiral-filan deyiləm, – Bu-Bugözlərini uşaqdan çəkmədən dedi.

– Yalnız bircə buna görə ki, başqaları kimi mən də harada gəldi bu barədə boşboğazlıq eləmirəm, – öz müvazinətini saxlamağa çalışaraq, şalvarının yan cibindən siqaret və kibrit çıxartdı. – Mən heç vaxt öz rütbəmi heç kəslə müzakirə etmək həvəsində olmamışam. Xüsusən də adamla danışanda başını yerdən qaldırmayan körpə oğlan uşaqları ilə. Belə boşboğazlıq üstündə adamı hətta donanmadan qova da bilərlər.

Siqaretini alışdırmadan qəfil ayağa qalxdı, belini dikəldib, sağ əlinin baş barmağı ilə şəhadət barmağını yarımdairə şəklində qatlayıb ağzına apardı. Oyuncaq trubadan çıxan səsə bənzər, nəsə, gəmi siqnalı kimi bir səs çıxartdı. Layonel dərhal başını qaldırdı. Yəqin ki, bunun saxta siqnal olduğunu özü də bilirdi, amma yenə də diksindi, hətta ağzı açıla qaldı. Bu-Bu fasiləsiz, dalbadal üç dəfə nəsə səhər və axşam siqnallarına oxşar fit çaldı. Sonra təntənəli farağat vəziyyəti alıb gölün o biri, uzaq sahilinə rəsmi təzim etdi. Nəhayət, böyük təəssüf hissi ilə yenidən körpünün qırağında çömbəlib oturanda, sifətindəki ifadədən də aydın hiss olunurdu ki, adi adamların və körpə uşaqların anlamadığı bu nəcib mərasim onu həqiqətən dərindən həyəcanlandırmışdı. Bir anlığa fikirli-fikirli xəyalən gölün əngin üfüqlərinə dalandan sonra, sanki qəflətən burada tək olmadığını yadına saldı. Və təmkinlə üzüaşağı, hələ də ağzı açıla qalmış Layonelə tərəf baxdı.

– Bu, məxfi siqnaldır, onu yalnız admirallar eşidə bilər, – siqaretini alışdırdı, uzun və nazik tüstü selini kibrit qutusuna üfürdü. – Əgər bilsələr ki, mən sənin yanında bu siqnaldan ist... – başını buladı və yenidən iti dənizçi baxışlarını üfüqə doğru yönəltdi.

– Bir də çal.

– Olmaz.

– Niyə?

Bu-Bu çiyinlərini dartdı.

– Əvvəla, burada kiçik rütbəli zabitlər çoxdur, – oturuşunu dəyişdi, hindular sayaq, bardaşqurma oturdu. Corablarını yuxarı dartdı. – Bura bax, gör nə deyirəm, – işgüzar səslə dedi. – Əgər sən indi evdən nə üçün qaçdığını mənə danışsan, sənin üçün bütün məxfi siqnalları fitlə çalacam. Oldu?

Layonel dərhal başını aşağı saldı.

– Yox, – dedi.

– Niyə?

– Elə ona görə.

– Nəyə görə?

– Ona görə ki, demək istəmirəm, – Layonel dedi və sərt bir hərəkətlə rumpeli yana çəkdi.

Bu-Bu əlini alnına aparıb sifətinin sağ tərəfini günəşdən qorudu.

– Axı mənə söz vermişdin ki, bir də evdən qaçmayacaqsan, – dedi. – Axı bu barədə danışmışdıq.

Söz vermişdin ki, bir də belə eləməyəcəksən. Söz vermişdin axı.

Layonel nə isə dedi, amma eşidilmədi.

– Nə? – Bu-Bu bir də soruşdu.

– Söz verməmişdim.

– Yox, vermişdin. Vermişdin, özü də lap ciddi söz vermişdin.

Layonel axır ki, əlini rumpeldən çəkdi.

– Əgər sən admiralsansa, – Layonel dedi, – bəs onda sənin donanman hanı?

– Donanmam? Bax bunu yaxşı eləyib soruşursan,

– Bu-Bu dedi və qayığa düşmək istədi.

– Çəkil! – Layonel səsini o qədər də ucaltmadan və başını qaldırmadan əmr etdi. – Bura heç kəs buraxılmır.

– Buraxılmır? – Bu ayağını qayığın burnuna toxundurmuşdu. Dərhal əmrə tabe olub onu geri çəkdi. – Yəni heç kəs buraxılmır?

Yenə bardaş qurma oturdu. – Axı nəyə görə?

Layonelin cavabı qısa və kəsəsinə oldu, amma yenə də aydın eşidilmədi.

– Nə? – Bu-Bu təzədən soruşdu.

– Çünki heç kimə icazə verilmir.

Gözlərini oğlundan çəkə bilməyən Bu-Bu düz bir dəqiqə heç nə deyə bilmədi.

– Çox təəssüf, – axır ki, dilləndi. – Çox istəyərdim ki, sənin gəminə minəm. Çünki sənin üçün bərk darıxmışam. Sənsiz dura bilmirəm. Bütün günü evdə tək-tənha oturmuşam, söhbət eləməyə də bir adam tapmamışam.

Layonel artıq rumpeli o yan-bu yana dartışdırmırdı. Diqqətlə onun taxta dəstəyinin quruluşunu araşdırırdı.

– Sandrayla söhbət eləyəydin, – dedi.

– Sandranın başı işə qarışıb, – Bu-Bu dedi. – Həm də ki, mən Sandrayla yox, səninlə danışmaq istəyirəm. Sənin gəminə minmək, səninlə söhbət eləmək istəyirəm.

– Mənimlə elə oradan da söhbət eləyə bilərsən.

– Nə?

– Elə oradan da söhbət eləyə bilərsən.

– Yox, eləyə bilmərəm. Çox aralısan. Gərək bir az yaxına gələm.

Layonel rumpeli yana dartdı.

– Bura heç kəs minə bilməz.

– Nə?

– Bura heç kəs minə bilməz.

– Yaxşı, di onda de görüm, evdən bu dəfə nəyə görə qaçmısan? –

Bu-Bu nəvazişlə soruşdu. – Özü də mənə söz verəndən sonra?

Lap arxadakı oturacağın böyründə göyərtəyə bir dalğıc eynəyi düşüb qalmışdı. Cavab vermək əvəzinə, Layonel onun başa keçirilən qatmasını sağ ayağının iki barmağına keçirib, topa zərbə vururmuş kimi çox cəld və ustalıqla gölə vızıldatdı. Eynək dərhal batdı.

– Afərin ağlına! – Bu-Bu dedi. – O ki sənin dayının, Uebbin eynəyi idi. Bilirsən necə şad olacaq! – siqareti sinəsinə sümürdü. – Ondan əvvəl isə Seymur dayının olub.

– Nə vecimə.

– Görürəm. Görürəm, vecinə deyil, – Bu-Bu dedi. Barmaqlarının arasındakı siqaret tamam yana əyilmişdi, bir az da keçsə, köynəyinin qolunu yandıracaqdı, qəflətən istini hiss eləyib, onu əlindən suya saldı. Sonra yan cibindən nə isə çıxartdı. Kart qutusu

boyda, yaşıl lentlə sarınmış ağ qutu idi.

– Zəncirli açar dəstidir, – uşağın ona baxdığını duyub dedi. – Atanınkı kimi. Ancaq bundakı açarlar ondan iki dəfə çoxdur. Düz on dənə.

Layonel rumpeli əlindən buraxıb irəli dartındı. Onu göydə tutmaq üçün əllərini qabağa uzatdı.

– Tulla onu, – dedi, – xahiş edirəm.

– Bir dəqiqə səbir elə, əzizim. Gərək bir balaca fikirləşim. Mən də sənin kimi onu gölə atmaq istəyirəm.

Layonel ağzı açıla ona baxırdı. Ağzını yumdu.

– O mənimkidir, axı, – bir qədər qətiyyətlə dedi. Bu-Bu ona tərəf baxa-baxa çiyinlərini dartdı.

– Nə vecimə.

Layonel anasından gözünü çəkmədən dalın-dalın geri çəkildi, əli ilə arxadan rumpeldən yapışdı. Gözlərindəki ifadədən hər şeyi başa düşmüşdü. Bu-Bu bilirdi ki, başa düşəcək.

– Al, – Bu-Bu qutunu ona tulladı. Düz qucağına düşdü.

Layonel əvvəlcə diqqətlə qutuya baxdı, sonra əlinə götürüb bir də ona tamaşa elədi... və onu gölə atdı. Dərhal başını qaldırıb Bu-Buya baxdı: gözləri qəzəblə deyil, yaşla dolmuşdu. Bir az da keçəndən sonra dodaqları üfüqi vəziyyətdə səkkiz şəklini aldı və o, bərkdən hönkürməyə başladı.

Bu-Bu ayağa qalxdı, teatrda oturmaqdan ayaqları keyləşmiş adam kimi, ehmal-ehmal qayığa düşdü. Bir an keçməmiş, sükançı da qucağında, qayığın arxa tərəfində oturmuşdu: onu yırğalayır, boynunun ardından öpür, qulağına dəyərli məsləhətlər pıçıldayırdı:

– Dənizçilər ağlamaz, dost. Heç vaxt ağlamazlar. Yalnız gəmiləri batanda ağlayarlar. Ya da qəzaya uğrayanda, onları sal üstündə sahilə çıxaranda. Ya da içməyə su tapmayanda...

– Sandra... missis Snellə... dedi ki, atam... murdar... yarasanın... biridir...

Bu-Bu bərk diksindi. Uşağı ağuşundan buraxdı, özünə tərəf çevirib, onun alnına tökülmüş saçlarını geriyə tumarladı.

– Elə belə də dedi, hə? – soruşdu.

Layonel var gücü ilə başını yellətdi. Hıçqırtısına ara vermədən, anasına bir az da bərk qısılıb, onun dizləri arasına girdi.

– Neynək, bu hələ o qədər də dəhşətli şey deyil,

– Bu-Bu dedi və dizləri ilə oğlunu sıxaraq, onu bərk-bərk qucaqladı. – Bundan da betər şeylər ola bilər, – nəvazişlə yüngülcə onun qulağını dişlədi. – Heç bilirsən yarasa nə olan şeydir?

Layonel istəmədiyindənmi, yoxsa bunu bilmədiyindənmi, cavab vermədi. Hər halda, içini çəkə-çəkə göz yaşları bir qədər quruyanacan gözlədi. Yalnız bundan sonra Bu-Bunun ilıq boğazına qısılıb, uzada-uzada mızıldandı:

– Bilirəm ki, nəsə, havada uçan şeydir, – dedi.

– Özü də gecələr.

Onu yaxşı-yaxşı süzə bilmək üçün Bu-Bu uşağı yüngülcə kənara itələdi. Sonra birdən əlini sərt bir hərəkətlə arxadan onun şortunun kəmərinə saldı (uşaq hətta qorxdu da), ancaq onu nə vurdu, nə də çimdiklədi, sadəcə olaraq səliqə ilə köynəyinin ətəklərini şalvarının içinə saldı.

– Bilirsən indi neyləyəcəyik? – Dedi. – Buradan birbaşa qəsəbəyə gedəcəyik, bir az həftəbecər, çörək alacağıq, onları elə orada maşının içində oturub yeyəcəyik. Sonra maşını stansiyaya sürüb atanı qarşılayacağıq. Oradan onu götürüb evimizə qayıdacağıq. Məcbur edəcəyik ki, bizi qayıqda gəzdirsin. Yelkənləri gətirməkdə sən də ona kömək eləyərsən. Yaxşımı?

– Yaxşı, – Layonel dedi. Evə qayıdarkən onlar yerimir, ötüşürdülər. Layonel onu ötdü.

Banan balığının asan ovlanan günü-DOQQUZ HEKAYƏNİN BİRİNCİSİ

Topal dovşanın Konnektikut səfəri – DOQQUZ HEKAYƏNİN İKİNCİSİ

Eskimoslarla müharibədən azca qabaq - DOQQUZ HEKAYƏNİN ÜÇÜNCÜSÜ

“Gülən adam” – DOQQUZ HEKAYƏDƏN DÖRDÜNCÜSÜ

# 1279 dəfə oxunub

Müəllifin son yazıları

# # #