Onların ilk oxucuları kimlərdir? – SORĞU

Onların ilk oxucuları kimlərdir? – <span style="color:red;">SORĞU
19 yanvar 2017
# 16:55

Əsər yazılır, kitab çap olunur və oxucular onu alıb oxuyur. Bəs o əsərin ilk oxucusu kimdir?

Yazıçılarımızın məşhur əsərlərinin ilk oxucuları kim olub?

Kulis.Az bu barədə sorğu keçirib. Cavabları təqdim edirik.

Image result for əkrəm əylisli

Əkrəm Əylisli

- Biz bir yazı yazanda həmişə bir-birimizə oxuyurduq. Anar, Yusif Səmədoğlu, bəzi hallarda da Elçin, yığışıb təzə yazdıqlarımızı oxuyurduq. Bu cür görüşlər əsasən Anargildə olurdu. “Kür qırağının meşələri” povestimi birinci kim oxuyub, bunu demək bir az qəliz məsələdir, ancaq onu bilirəm ki, əsər haqqında birinci sözü Anar dedi.

Image result for mövlud süleymanlı

Mövlud Süleymanlı

- “Dəyirman”ın ilk oxucusu elə özüm olmuşam. Başqa əsərlərimin də ilk oxucusu özüm oluram. Elə indinin özündə də. Özüm özümü çox oxuyuram. “Dəyirman”ı təzəcə oxumuşam elə. İnandığım, sözünə, fikrinə güvəndiyim adamlar var. Ancaq oxumağa vermirəm. Bəzi yazıçılar var, buna ehtiyac duyurlar, ancaq məndə bu yoxdur. Yazana qədər əsərimi kiməsə danışdığım olub. Sirrimi açmışam, düzü. Sonra yavaş-yavaş onu da tərgitdim.

Image result for çingiz hüseynov

Çingiz Hüseynov

- “Fətəli fəthi”ni heç kimdən xəbərsiz rus dilində yazdım, ilk oxucum da məni bir nasir kimi mükafatlandıran “Drujba narodov” jurnalı oldu: oxudular, bəyəndilər və... rədd elədilər. Yasaq mövzuya toxunmuşdum: çar və Qafqazın işğalı. Təsadüfən Yuri Trifonov “Məhəmməd. Mamed. Məmiş.”i çox bəyənmişdi, yeni əsərim barədə eşidib "Politizdat"da ("Siyasi nəşriyyat") redaktor işləyən xanımından (o zaman nəşriyyatda "Alovlu inqilabçılar" adında yeni - müxalif ruhlu! - şöbə yaradılmışdı) xahiş etdi əsərimlə tanış olsun, könülsüz razılaşdı (Axundovun adı yuxarılarda təsdiq olunmuş siyahıda təbii ki, yox idi). Əsərimi bəyəndi, Axundovun adını siyahıya daxil edə bildik (bu haqda rusdilli "Минувшее - навстречу" ("Mənə sarı addımlayan keçmişim") xatirələrimdə ətraflı yazmışam. Və 1981-ci ildə "Неизбежность" adı ilə (yəni "Qarşısı alınmaz" mənasında) 300 min tirajla çap olundu... Öz ilkin adı ilə, sonra 1983-cü ildə "Sovetski pisatel"də təkrar çıxdı. Bakı əsərimlə maraqlandı və əsərin Azərbaycan dilli orijinalı (tərcümə deyil! Rus dilində 27, Azərbaycanca 42 çap vərəqi!) - böyük çətinliklərlə (milli senzuranın iradları!) - "Yazıçı"da 1986-da çıxdı. Latın əlifbası ilə 2015-cı ildə...

Image result for vaqif nəsib

Vaqif Nəsib

- “Omaroğlunun qayıtması” hekayəmin ilk oxucusu Mövlud Süleymanlı olub. Onda hələ Mövludda paxıllıq hisləri yetişməmişdi. Hekayəni oxuyub bəyənmişdi. Mənə demişdi ki, illərlə belə bir hekayə axtarmışam.

Image result for seyran səxavət

Seyran Səxavət

- “Daş evlər” romanımı ilk dəfə Vaqif Bəhmənli oxumuşdu. Daha doğrusu, özüm oxumuşdum ona. Üç dəfə bizə gəldi-getdi, mən də oxudum. Vaqif Bəhmənli əsər haqqında çox yüksək fikirlər səsləndirdi. “Daş evlər” mənim ilk romanım idi. O vaxt bu roman 50 min tirajla çap olunmuşdu.

Image result for məmməd oruc

Məmməd Oruc

- “Köçürülmə” romanımı ilk oxuyan Vilayət Quliyev oldu. Xoşuna gəlmişdi, roman çap olunandan sonra haqqında iri bir yazı da yazdı. Yazıçılar Birliyinin qurultayında da həmin roman haqqında söhbət açmışdı.

Image result for səfər alışarlı

Səfər Alışarlı

- Yazdıqlarımı kiməsə oxumağa çox nadir hallarda verirəm. Adətən yazılarımı heç kimə oxutmadan mətbuatda çap eləmişəm. “Maestro” romanını akademik dostuma oxumağa vermişdim. O, ədəbiyyatın çox gözəl bilicilərindəndir. Amma iş elə gətirdi ki, biz onunla roman kitab halında çap olunandan sonra görüşüb təəssürat bölüşə bildik. Bu, keçmişin praktikasındandır. İndi çap olunmamış yazılarımı kiminsə oxumasını istəmirəm. Qəribədir ki, indi çap olunmamış əsərlərin belə oxunuşları mənə “Litinstitut”dakı oxunuşlardan çox fərqli görünür. İnstitutda bir qayda olaraq əsərin daşı daş üstdə qalmırdı, amma adama ləzzət eləyirdi müzakirələr. İndi elə deyil, ləzzət eləmir. Ləzzət eləməyənlər haqda çox danışmaq istərdim, heyf, vaxtım yoxdu.

Image result for nəriman əbdülrəhmanlı

Nəriman Əbdürrəhmanlı

- Son bədii yazılarımın hamısı kimi, “Qurban” romanının da ilk oxucusu və rəisi şair dostum Nurhafiz olub. Hətta yazılış prosesində adətən fikirlərimi başqalarıyla bölüşməsəm də romanla bağlı aramızda söhbət olmuşdu. Nurhafiz romanın ilk nüsxələrindən birini qısa müddətə oxudu, fikrini bildirdi. Onda hiss elədim ki, əsasən istəyimə nail olmuşam.

Image result for elçin hüseynbəyli

Elçin Hüseynbəyli

- Mənim “Don Juan” romanımı ilk dəfə Anar müəllim oxumuşdu. Roman üç üslubda yazılmışdı. Publisistika hissəsi, mətn və səyahət. Bunların arasındakı sərhədlərin bilinməsini tövsiyə eləmişdi. Başqa qeydləri də vardı. Mən də tövsiyələri, qeydləri nəzərə aldım. Düşünürəm ki, istənilən yazıçı öz əsərini daha peşəkar yazıçıya etibar eləməlidir. Burda çəkinməli bir şey yoxdur.

Image result for pərviz cəbrayıl

Pərviz Cəbrayıl

- "Yad dildə"nin ilk oxucusu bacım Şəbnəm olub. Yazdıqca ona oxuyurdum. Tamamlanandan sonra isə Ramin Deko. Hər ikisi daha da ruhlandırıb.

Image result for cavid zeynallı leyla romanı

Cavid Zeynallı

- “Günəşi gözləyənlər” 2010-cu ildə çap olunub. İlk oxucusu konkret kim olub, onu deməkdə çətinlik çəkirəm, amma xatırlayıram ki, hələ kitab kimi çap olunmazdan əvvəl romanı Əsəd Cahangirə, Rəşad Məcidə, Qismətə, Mövlud Mövluda, Elvin Bakiroğluna göndərmişdim.

Məsələn, Elvin Bakiroğlu bir gecəyə oxumuşdu, zəng vurub xeyli təsirləndiyini dedi. Sonra xatırlayıram, Əsəd Cahangir gecə zəng vurmuşdu ki, məni xeyli təəccübləndirdin, təbrik edirəm. Kitabın ön sözünü də Əsəd Cahangir yazdı, çap olundu. Daha doğrusu, Əsəd Cahangir romanın adını dəyişdirilməsini təklif etmişdi, razılaşmadım. Əsərin sonluğunu Əsəd müəllimin təklifi ilə dəyişdirdim və mənə çox xoş oldu.

Rəşad Məcidin gecə yazdığı mesajı xatırlayıram. İkicə söz: “Oxudum. Təbriklər”. Sonra elə həmin gün telefonla danışdıq, əsərin uğurlu tərəflərindən danışdı, iradlarını bildirdi. İradları əsasən romandakı vulqarlıqla bağlı idi.

Əjdər Olun, ruhu şad olsun Zəlimxan Yaqubun zənglərini də deməliyəm. Sonra Zəlimxan Yaqub “525-ci qəzet”də kitab haqqında çox isti bir yazı yazdı. Əjdər Ol zəng vuranda demişdi ki, romanını oxuyanda hiss elədim ki, sənin nə isə maddi sıxıntıların, qayğıların var, nə çətinliyin olsa, çəkinmə, zəng vur.

Açığı, xeyli vaxtıdır bu romanın yenidən çap olunması haqqında düşünürəm. Görək, imkan edə bilsəm, bu il də olmasa, gələn il bir şey fikirləşəcəyəm.

# 1223 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #