Yenə payız düşür qollarım üstə - ŞEİRLƏR

Yenə payız düşür qollarım üstə - ŞEİRLƏR
15 dekabr 2015
# 11:16

Kulis Esmira Məhiqızının yeni şeirlərini təqdim edir

***

və mən bilirəm ki, bilmədiklərim

elə istəyirlər biləm onları.

bir-iki gülüş var, dərdlərin altda,

ürəkləri gedir güləm onları.

dilimin ucunda iki kəlmə var,

bilirəm söyləsəm sevinəcəklər.

bir-iki kimsə var, ələnəcəklər,

bir iki gün qalıb, üyünəcəklər.

və mən bilirəm ki, bir yol da durur,

elə istəyir ki, sağından keçim.

bir-iki uzaq var, ha eliyirəm,

keçəndə uzağa yaxından keçim.

hələ içimdəki dağ başındayam,

dağ-dağın üstünə gəlhagəldədi.

gör ha, içimdəki dağ yaşındayam,

gör ha, umudlarım ölhaöldədi.

və nələr bilirəm, və nələr, nələr...

sim-sim barmağımın ucunda bağlı.

bu bədbəxt qızının sevda dediyi,

hörüyündə düyün, saçında bağlı.

və mən bilirəm ki, hamı kimiyəm,

ölüb yaşamıram, gedib gəlmirəm.

hamı nə bilirsə, ondan bilirəm,

və mən bilirəm ki, heç nə bilmirəm.

***

gilavar da əsdi,

xəzri də əsdi...

bir səmum küləyi,

bir sən küləyi,

sonra ayrılığın bir mən küləyi,

sonra yaylıqların bir nəm küləyi...

əsdilər ömrümdən əsib, keçdilər,

kəsdilər ömrümdən kəsib, keçdilər.

mənim küləklərim küləklədilər,

mən uça bilmədim küləklərimlə.

bütün uşaqlığım göylərdə ötdü,

üzümdən-gözümdən ulduzlar öpdü,

məni itənlərin həsrəti ütdü...

bir də göz açdım ki, boşalıb yerlər,

oyyy mən sevdiklərim, məni sevənlər,

harasa uzağa köçüb gediblər -

xəyalım mələklər, sonam mələklər,

mənə xəyallardan əl elədilər,

mən köçə bilmədim mələklərimlə

atamın, nənəmin,

qardaşlarımın...

o gözəl, o qəşəng sevdiklərimin,

sarı şəkilləri payız yarpağı...

oyyy payız çiçəyi, payız yaylığı.

yağış yarpaqlayır, küləklər açır.

xatirə ömrümdə sular göyərir,

o ayna sularda nələr göyərir.

yenə payız düşür qollarım üstə,

hər payız gözümdə şəkillər açır,

mənim ürəklərim dərd düymələyir,

mənim ürəklərim çiçəklər açır.

şəkil ürəklərin çiçəkliyində,

çiçək ürəklərin şəkilliyində,

mən aça bilmirəm ürəklərimlə,

mən aça bilmirəm çiçəklərimlə.

bir səmum küləyi,

bir sən küləyi,

sonra ayrılığın bir mən küləyi...

əsdilər, ömrümdən əsib keçdilər.

***

Şəhriyar del Gerani üçün.

indi bütün qapıların əl yeri soyuq,

olmayanlar olmayacaq çilədi, şair.

harasından baxırsan bax, yaşamaq olmur,

indi bütün ayrılıqlar belədi, şair.

divar-divar, tavan-tavan filmdi gecə,

filmlərin ağlatdığı nəmdi ömür də.

yarıuçuq, yarısökük xaraba üstə,

bayquşların oxusu tək kəmdi ömür də.

kəmdi belə sevdaların su yazıları,

xəyalların qırıq-qırıq suya yağması.

o sularda iç göynədən qu sızıları,

son nəğmənin gözündəki suda axması.

indi bütün uçuşların qanadı yorğun,

göy üzündə köç quşunun göyü qəribdi.

heç bilmirsən ayrılıqlar nəyindi, axı,

heç bilmirsən ayrılığın nəyi qəribdi.

nəyindi ki, çılpaq ağac, tökülən yarpaq,

gəlib-gəlib ürəyini ağrıdır hər gün.

nəyindi ki, uzaqdakı soyuyan ocaq,

umudunu diz çökdürüb, ağladır hər gün.

bilirsənmi, bilirsənmi... heç bilirsənmi,

indi bütün xatirələr qəmlidi, şair.

indi bütün aynaların nəmi özündən,

indi bütün pəncərələr nəmlidi, şair.

# 1436 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #