Evimin içində yuva tikmisiz... - ŞEİRLƏR

Evimin içində yuva tikmisiz... - <span style="color:red;">ŞEİRLƏR
4 avqust 2015
# 10:02

Kulis Aybəniz Əliyarın şeirlərini təqdim edir.

Xoş gəldin

Mənim otağıma xoş gəldin, adam,

Sənə lazım deyil axı bu qadın.

Xətrinə dəyməsin, bir söz soruşum,

Getməyə-qalmağa yermi tapmadın?

Ha yandan azmısan yolunu bura,

Mənim ünvanımı kim verdi sənə?

Yüz ildir gələnim-gedənim yoxdur,

Sən niyə gəlmisən, cavab versənə?

Söz də isitməyir ürəyi bəzən,

Nə deyim, gəl otur sözə qonaq ol.

Mənim otağımın qış mövsümüdür,

Sən get eşikdəki yaza qonaq ol.

Mənim otağıma xoş gəldin, adam,

Belə məlul-məlul baxma üzümə.

Tozdur gözlərimin pəncərəsi də,

Gözünün işığı düşməz gözümə.

Burax göz yaşımla yuyunum bir az,

Hələ yatağım da yığılmayıb, bax.

Mənim bu halıma gülməyə gələr,

Mənim qəm evimə gec gələn qonaq.

Payız düşər

Üstümüzdən bulud keçər, yel əsər,

Qəlbimizin simlərinə toxunar.

Gözlər gülməz ürəyimiz gülməsə,

Ürəyimiz gözümüzdən oxunar.

İllər min cür naxışlayar yolları,

İzimizdən izlər keçər gizlicə.

Bizi bizdən haraylayan illəri,

Gözümüzdən axıdarıq hər gecə.

Ömür bitər, biz də xoşbəxt olunca,

Bəd günləri nəqş eyləyər saçında.

Bir yarımçıq ümid qaçar dalınca,

Yarısını tapa bilməz içində.

Həsrətinlə bişib artıq bu ürək,

Pay verərsən ayrılığa canından.

Bahar qalar arxamızda, neyləyək?

Payız düşər, mən keçəndə yanından.

Mən hələ bir belə dərd görməmişdim...

Bir rəngsiz mövsümün içinə düşdüm,

Alıbdır üstümü sərt rüzgar yaman.

Mən hələ bir belə dərd görməmişdim,

Çəkirəm qismətin dolaylarından.

Qəm tozu ələndi ömrün üstünə,

Leysanlar yağsa da, yuyub qutarmaz.

Dərdə bulaşıram hər sabah yenə,

Dərd mənə toy tutur hər axşam bir az.

Qara saçlarıma qar ələnibdir,

Çinarlar boyunca tənhalığım var.

Görən əlinləmi kilidlənibdir,

Məni yollarına çıxaran yollar?

Kəpənək qanadlı çiçək öpüşü,

Bülbülü sehrində saxlasa nə qəm...

Elə ağırlaşıb gözümün yaşı,

Dartıb bir kənarda tökə bilmirəm.

Qəmi ovuc-ovuc kim verdi bizə?

Cavan ömrümüzü hayıf bilmədi.

Kədərdə, sitəmdə bədxərc idisə,

Sevinci verməyə əli gəlmədi.

Bir rəngsiz mövsümün içinə düşdüm,

Payız çəkdi aldı əlvan şalımı.

Mən hələ bir belə dərd görməmişdim,

Nətərəm, necəyəm, sorma halımı.

Ucalıqdan deyilmiş

Ya insan yox, ya inam yox insana,

Yox olmaq da ucalıqdan deyilmiş.

Eşq nə lazım hissləri tox insana,

Tox olmaq da ucalıqdan deyilmiş.

Sözdən qaçdım, ayrılığın doğuldu,

Sözü sevdim, eşq içimdə dağ oldu,

Sevdamız da üzümüzə ağ oldu,

Ağ olmaq da ucalıqdan deyilmiş.

Məndən soruş ürəyimin yaşını,

Gün ovutmaz bu dağların qışını,

Zaman-zaman bulud aldı başını,

Dağ olmaq da ucalıqdan deyilmiş.

Deyənmi var, şair xoşbəxt biriydi,-

Şeir masam əsl sevda yeriydi,

İnsan gördüm ölümüylə diriydi,

Sağ olmaq da ucalıqdan deyilmiş.

Aybənizəm, qəm yediyim çox oldu,

Qazancım söz, çəkdiklərim ah oldu.

Beynim yenə ürəyimə şah oldu,

Şah olmaq da ucalıqdan deyilmiş.

Qarışqa yuvası

Dolub qarışqayla evim-otağım,

Bahar çoxdan gəlib, siz gecikmisiz.

Kim sizə bir belə ixtiyar verib,

Evimin içində yuva tikmisiz?

Bu nə haray-həşir, eyib deyilmi?

Yenə çağrılmamış qonaq olmusuz.

Qanad çıxarmısız kəpənək kimi,

Bəlkə gəlin gedir bir qarışqa-qız?

Bəlkə sevgi kimi yoxdu yeriniz,

Beləmi bildirir hicran özünü?

Yenə at oynadır sürüləriniz,

Pəncərəm uzunu, pərdəm uzunu.

Yatmışam sizi də verib yuxuya,

Bu gecə ovcuma dolmusuz nədən?

Bir eşqi-pünhanı sevmişəm deyə,

Əlim bala batıb bəlkə bilmədən?...

Bir kiçik ümmanıq...

Bir ağac min yaşıl yarpaq deməkdir,

Bir insan min duyğu ağacı kimi.

Arı öpəcəkdir, quş öpəcəkdir,

Sözlə yarpaqlayan sətirlərimi.

Bir dəniz suların milyon üzüdür,

Bir insan gözünün yaşında bəlli.

İnsan var eləcə dərd dənizidir,

İnsan var eləcə ruha təsəlli.

Bir daş dilimizdir, bir daş qəlbimiz,

Bir daş yolumuzda bitən sevdadır.

Çəkmişik çarmıxa, seyr edirik biz,

Gözlər qarmaqdadır, can tilovdadır.

Bir ovuc torpağıq, bir sıxma nəfəs,

Bir kiçik ümmanıq, bir dolu ürək.

Baxır nə istəyir bu bədən-qəfəs....

Baxır ruhumuzdan nə cücərəcək....

Kəpənək vüsaldır

Könüldən başlayır misra yağışı,

Yağmura susamış səhradır vərəq.

Bu qədər payızı, bu qədər qışı,

Qəlbinlə isidib sevəsən gərək.

Kəpənək vüsaldır yaz havasında,

Qonduqca sevinər bir ovuc içi.

Şair dünyasının astanasında,

Qələmmi gözətçi, sözmü gözətçi?

Hər insan həyatı bir təzə nağıl,

Tale vərəqlənir kitab halında.

Söz şair yaradır, şair söz doğur,

Şair qurban gedir sözün yolunda.

Bir üzdə bir çiçək ümid güləndə,

Onu şair duyub oxuya bilir.

Təkcə insan ölmür şair öləndə,

Bir ürək dolusu şeiriyyət ölür.

Sözdür gəlişində doğan hər səhər,

Sözdür gedişində ölən hər axşam.

Adi insan idim dünənə qədər,

Bu gün güc-qüdrəti sözdən almışam.

Ayrılığın üzü

Ayrılığın üzü sərtdir,

Ürək qübar, hisslər talan.

Həsrət çəkmək özgə dərddir,

Xəyal etmək bir cür yalan.

Nə əzablar bitər, canım,

Nə ovunar bu arzular.

Yuxuların gerçəyində,

Ümidlərin uçrumu var.

Pərvanələr qəm odunda,

Ölümündə günəş batır.

Arıların qanadında,

Bal qoxulu sevgi yatır.

Yenə də sevirsən

Ayrılıq içində batmışam nədən?

Bir acı təsəlli bürüyür məni.

Tanrının gözündən düşmüşəmmi mən,

Tale hara gəldi sürüyür məni?

Qurutdu gözümü payız yelləri,

Əsdi həyatıma bir dəli rüzgar.

İndi taleyimin körpə əlləri,

Yenə buz bağlayıb, eh, kimə nə var.

Nə qədər gizlənim özüm-özümdən?

Qaçmağa, getməyə yer tapammıram.

Bir eşqin qiyamı baxır gözümdən,

Görəsən yenə də mən günahkaram?

Taleyin sərt üzü düşdükcə yada,

Can verir bir eşqə sızlayan yaram.

Tanrım yenə məni bağışlasa da,

Mən özüm-özümü bağışlamaram.

Arzularım

Bu qəlb üçün haqqdır yaşam,

Bu qəlb nahaqq götürməyib.

Özümə sadiq olmuşam,

Mənim məni itirməyib.

Ürək qəmlə çırpılaraq,

Gəlib çıxdı bu minvala.

Ağıl tutdu əldə çıraq,

Gözlər çəkdi doğru yola.

Duyğu-duyğu çələng hördüm,

İlhamımın cizgisində.

Bu dünyanı aydın gördüm,

Hisslərimin güzgüsündə.

Ağ vərəqlər vurğun mənə,

Qələm ömrüm, sevgi varım.

Pəncərəmi döydü yenə,

Günəş donlu arzularım.

Salam

Salam, ey Tanrımın qulu,

Günahlardan uzaq adam.

Bu eşq də Tanrı eşqidir,

Amma bizə yasaq, adam.

Nə baxırsan göy üzünə,

Əlində, ovcunda dua?

Gözlərində lal bir həsrət,

Dodağında min bir sual...

Bir ümid yeri yoxdu yox,

Ağrı verir bunu bilmək.

Mənə sevmək günah olub,

Sənə günahdır sevilmək.

Salam, ey Tanrımın qulu,

Günahlardan uzaq adam.

Bu eşq də Tanrı eşqidir,

Amma bizə yasaq, adam.

Yarat məni

Tanrım, sökülən taxtımı,

Tikməyimə kömək eylə.

Verdiyin yük çox ağırdır,

Çəkməyimə kömək eylə.

Kaman aldı ürəyimi,

Yaman aldı ürəyimi.

Kədər adlı bələyimi,

Bükməyimə kömək eylə.

Bulud-bulud qaralt məni,

Yağış-yağış arat məni.

Şimşək kimi yarat məni,

Çaxmağıma kömək eylə.

Qaldır ərzinə quşları,

Haqqına quldu başları.

Ətəyimdən bu daşları

Tökməyimə kömək eylə.

Aybəniz Əliyarın <b style="color:red">şeirləri </b>

/525.az/

# 1176 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #