Prezident yazıçılara müraciət etdi MƏTN

Prezident yazıçılara müraciət etdi MƏTN
18 iyun 2014
# 16:37

Prezident İlham Əliyev Azərbaycan Yazıçılar Birliyinə müraciət edib.

Kulis.az-ın məlumatına görə, prezident İlham Əliyev müraciətdə bütün Azərbaycan yazıçı, şair və ədəbiyyatşünaslarını Azərbaycan Yazıçılar Birliyinin 80 illik yubileyi münasibətilə səmimi qəlbdən təbrik edib, onlara cansağlığı, xoşbəxtlik və yaradıcılıqlarında uğurlar arzulayıb: “Tarix boyu Azərbaycan xalqı əcdadlarımızdan qalmış ənənəyə sadiq olaraq qələm əhlinə böyük ehtiram bəsləyib, şeiri, sənəti yüksək qiymətləndirib. Yazıçı və şairlərimiz ictimai fikrin formalaşdırılmasında daim həlledici rol oynayan söz sahibi kimi cəmiyyətimizdə böyük nüfuza malikdirlər. Müstəqilliyimizin əldə olunmasında və möhkəmləndirilməsində onların xidmətləri danılmazdır.

Xalqın şüurunda azadlıq hisslərinin yaşadılmasında, daha da dirçəldilməsində yazıçı və şairlərimizin yaradıcılığının gücü ölçüyə gəlməz. Onlar heç kəsin dilinə belə gətirməyə cürət etmədiyi bir vaxtda müstəqillik və azadlıq ideyalarının carçısı olmaqla dərin məhəbbət və rəğbət qazanıblar.

Tariximizin bütün dövrlərində, hətta repressiyaların tüğyan etdiyi zamanda yazıçılarımız öz əsərləri, mətbu orqanları, ictimai fəaliyyətləri və şəxsiyyətləri ilə azərbaycançılıq məfkurəsinin bərqərar olmasında, milli ruhun qorunmasında heç nədən çəkinmədən, əsl vətəndaşlıq mövqeyi tutaraq ən yüksək ideallara sadiq qalmışlar. Azərbaycan dilinin saflığının saxlanılması və inkişafında da yazıçıların rolu təqdirə layiqdir.

Qloballaşma şəraitində Azərbaycan ədəbiyyatı qarşısında duran problemlər olduqca mürəkkəb və genişmiqyaslıdır. Əminəm ki, onların öhdəsindən siz layiqincə gələcəksiniz. İlk növbədə ona görə ki, sizin başlıca amalınız ölkəmizin çiçəklənən, inkişaf edən, firavan, qüdrətli bir dövlətə çevrilməsidir. Ümidvaram ki, müstəqilliyimizi göz bəbəyi kimi qoruyan, özünü vətənin azadlığı və ərazi bütövlüyü naminə fəda etməyə hər an hazır olan, müasir təfəkkür tərzinə malik sağlam əqidəli nəslin yetişdirilməsi daim sizin əsərlərinizin əsas qayəsi olacaq. İnanıram ki, Siz yeni-yeni əsərlərlə oxucularınızı sevindirəcək, Azərbaycan ədəbiyyatının inkişafı naminə səylərinizi əsirgəməyəcəksiniz”.

# 1659 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #