Qubada “Multikulturalizm” jurnalının təqdimatı keçirilib

Qubada “Multikulturalizm” jurnalının təqdimatı keçirilib
20 iyul 2016
# 12:36

İyulun 16-da Qubanın Mədəniyyət Mərkəzində “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı keçirilib.

Tədbirdə “Ay işığı” ədəbi məclisinin, o cümlədən həmin regionda fəaliyyət göstərən ədəbi məclislərin rəhbərliyi və üzvləri, “Multikulturalizm” jurnalının redaksiya heyəti, Azərbaycan Yaradıcılıq Fondunun nümayəndələri iştirak ediblər.

Tədbiri Qubada fəaliyyət göstərən “Ay işığı” ədəbi məclisinin rəhbəri, şair Ramiz Qusarçaylı açıb. O, bu ilin Azərbaycan prezidentinin sərəncamı ilə “Multikulturalizm ili” elan edildiyini xatırladıb və qeyd edib ki, jurnal prezidentinin sərəncamı ilə nəzərdə tutulan tədbirlər planı çərçivəsində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Yaradıcılıq Fondunun birgə səyi nəticəsində işıq üzü görüb. Ramiz Qusarçaylı multikulturalizmin Azərbaycan xalqının mədəniyyətində, başqa xalqlara münasibətində əsrlər boyu davam edib gələn bir anlayış olduğunu söyləyib.

Daha sonra çıxış edən “Multikulturalizm” jurnalının baş redaktoru Fəxri Uğurlu qeyd edib ki, jurnalın nəşr olunmasında məqsəd Azərbaycanda əsrlərdən bəri formalaşmış tolerantlıq ənənələrini təbliğ etmək, ölkəmizdə hökm sürən multikultural mühitə töhfə verməkdir. Fəxri Uğurlu bildirib ki, “Multikulturalizm” jurnalı öz fəaliyyətini Azərbaycan Prezidentinin müvafiq sərəncamlarında vurğulanmış dəyərlərin qorunub təbliğ olunması istiqamətində qurur.

Tədbirin sonunda ədəbi məclis üzləri tədbir iştirakçılarına öz şeirlərini oxuyublar.

# 1265 dəfə oxunub

Müəllifin son yazıları

# # #